Dünya dövlətləri ilə əməkdaşlıq və dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir. Müxtəlif sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın yaranmasına və davamlı olmasına öz təsirini göstərir. Son 19 ildə Cənab İlham Əliyevin apardığı məqsədyönlü müdrik xarici siyasət nəticəsində dünyada Azərbaycanla dostluq, müttəfiqlik münasibətləri quran dövlətlərin sayı artıb. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətinin məntiqi nəticəsidir. Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlər iqtisadi, ticari, enerji, turizm və digər sahələri əhatə edir. Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə görüşü və burada səslənən fikirlər dövlətlərarası münasibətlərin qarşılıqlı inam və etimad əsasında qurulduğunu bir daha göstərir. "Bizim əlaqələrimiz güclənir və yeni imkanlar yaranır", - deyən Cənab Prezident bildirib ki, Tiranada Azərbaycanın səfirlik açırıq və bu da əməkdaşlığımızın vacib bir əlamətidir: "Praktiki nöqteyi-nəzərdən bu, bizə ölkənizdə gedən proseslərlə daha yaxından tanış olmaq imkanı verəcək. Eyni zamanda, bu, bizə ikitərəfli gündəliyimizdə daha da səmərəli olmağa imkan yaradacaq".
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin noyabr ayının 15-də Albaniya Respublikasına səfər etmişdir. Bu səfər Prezident İlham Əliyevin Albaniyaya ilk səfəri idi. Xatırladaq ki, Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Bu münasibətlərin 30-cu ildönümü ilə əlaqədar gələn il Albaniyada "Azərbaycan Həftə"sinin təşkil olunması planlaşdırılır. Bu zaman çərçivəsində Albaniya prezidentləri ölkəmizə 5 işgüzar səfər ediblər. 2022-ci il aprelin 14-də Azərbaycana rəsmi səfər edən Albaniyanın Baş naziri Edi Rama Bakıda olarkən "Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək" – deyə bildirmişdir. Bu vaxtadək Azərbaycan və Albaniya arasında 8 sənəd, o cümlədən 2013-cü il aprelin 8-də Bakıda "Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş" imzalanıb.
ALBANİYA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİB
Prezident İlham Əliyevin Albaniyada rəsmi səfəri zamanı mətbuata bəyanatla çıxışı zamanı "Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız da bizim əlaqələrimizi gücləndirir" - deyərək, Albaniyanın həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu dəstəyin həmişə qarşılıqlı olduğunu bildirib: "Biz İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq öz əzəli torpaqlarımızı işğalçılardan azad etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik". Cənab Prezident çıxışında BMT Təhlükəsizlik Şurasının qətnamələrinə nəzər salaraq bu qətnamələrin 1993-cü ildə qəbul olunduğunu diqqətə çatdırmışdır. Təəssüf ki, bu qətnamələr 27 il ərzində icra edilmədi və beynəlxalq birlik isə buna göz yummaqda davam edirdi: "Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir. Baxmayaraq ki, dəfələrlə Azərbaycan məsələ qaldırmışdır ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilsin, Ermənistan cəzalandırılsın. Çünki Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib", - deyə Prezident bildirib.
"AZƏRBAYCAN QAZI AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNƏ DƏ ÖZ TÖHFƏSİNİ VERİR"
Ölkə başçısı çıxışında ölkələr arasında bir çox məsələlərlə bağlı əməkdaşlığa toxunaraq, iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupunun tezliklə birinci iclasının keçirməli olduğunu, eyni zamanda Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələrinin də ölkələr üçün prioritet təşkil etdiyini bildirib. İqtisadi sahədə Azərbaycan və Albaniya arasında 2016-2017-ci illərdə ticarət əlaqələrində canlanma müşahidə edilib. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin geniş potensiala malik olması baxımından tərəflər bu sahədə əməkdaşlığın inkişafı məqsədilə birgə səyləri artırmağı məqsədəuyğun hesab edirlər. Enerji sahəsində əməkdaşlıq isə iqtisadi əlaqələrimizin əsas istiqamətidir. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edib. Bütün bunlarla yanaşı, Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər. Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır və TAP layihəsi üzrə Hökumətlərarası Saziş 2013-cü ilin fevral ayında Albaniya, İtaliya və Yunanıstan dövlətləri arasında imzalanmış və 2016-cı ilin mart ayından tikinti işləri başlayıb. 2020-ci ilin dekabrın 31-də TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılıb. TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası Albaniyada məşğulluğun artmasına böyük töhfə verib. Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər. Hər iki dövlət Cənub Qaz Dəhlizinin icrasında müstəsna rol oynayıblar. "Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik", – deyə Cənab Prezident bildirib.
Azərbaycan Prezidenti bir çox məsələlərə nəzər salmaqla yanaşı, Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması olduğuna da toxunub. Bildiyimiz kimi, Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rola malikdir. Bu əməkdaşlıq getdikcə daha da möhkəmlənir. "Biz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişik" - deyən Cənab Prezident bildirib ki, Albaniya da NATO-nun üzvü kimi NATO - Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir.
Göründüyü kimi, qarşılıqlı səfərlər dövlətlərarası əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək, dövrün çağırışlarına cavab olaraq müsbət təsirini göstərəcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB