Parlament növbəti plenar iclasına daha dörd məsələ tövsiyə olunub

Dekabrın 7-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, gündəliyi təqdim edən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov müzakirəyə çıxarılan qanun layihələri bir-biri ilə bağlı olduğunu bildirib. O, gündəliyin birinci məsələsi olan “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edərək hazırda qüvvədə olan “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun əvəzlənməsi üçün hazırlanmış bu yeni qanun layihəsi FATF-ın (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) tövsiyələri əsasında hazırlandığını qeyd edib.

Bildirilib ki, yeni qanun layihəsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi, qarşısının alınması və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə olunma imkanlarını istisna edən şəraitin yaradılması, bu istiqamətdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, habelə dövlətin və cəmiyyətin maraqlarının qorunması məqsədilə effektiv ölkədaxili və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Müzakirələrdə deputatlar Aydın Mirzəzadə, Aqil Abbas və Arzu Nağıyevin sənədlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İkinci məsələ - “Hədəfli maliyyə sanksiyaları haqqında” qanun layihəsi (birinci oxunuş) ilə bağlı çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili terrorçuluğun və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizədə onun iqtisadi kökünün, maliyyə mənbələrinin kəsilməsinin əhəmiyyətindən danışıb. Komitə sədri narkotrafik, terror və kütləvi qırğın silahlarının yayılmasının maliyyə mənbələrinin kəsilməsi istiqamətində beynəlxalq təcrübədən danışıb. Azərbaycanın bu sahədə dayanıqlı bank-maliyyə sisteminə malik olduğunu vurğulayan T.Mirkişili bildirib ki, yeni qanun layihəsi, eyni zamanda ölkəmizin beynəlxalq müstəvidə müvafiq fəaliyyətinin hüquqi çərçivəsinin yaradılmasına xidmət edir.

Bu qanun layihəsi barədə geniş arayış verən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nizami Səfərov qanun layihəsinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) aidiyyəti qətnamələrinə uyğun olaraq, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının (HMS) tətbiqinin hüquqi əsasını və qaydasını müəyyən etdiyi bildirilib. Deputat 13 maddədən ibarət sənəddə hədəfli sanksiyaların tətbiqinə dair bütün məsələlər öz əksini tapdığını diqqətə çatdırıb.

Qanun layihəsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, deputatlar Vüqar Bayramov, Arzu Nağıyev və Elnur Allahverdiyev çıxış edərək sənədlə bağlı fikirlərini bildiriblər, qeydlərini səsləndiriblər.

Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin sektor müdiri Kəmalə Paşayeva və şöbənin baş məsləhətçisi Emin Əzimzadə deputatların qeydlərinə aydınlıq gətirəndən sonra deputatlar qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Üçüncü məsələ ilə bağlı danışan Nizami Səfərov bildirib ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” yeni qanun layihələrinin hazırlanması ilə əlaqədar Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində (birinci oxunuş) məcəllələrə müvafiq dəyişikliklərin edilməsi təklif olunub.

Qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Deputatlar həmçinin, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” yeni qanun layihələrindən irəli gələrək hazırlanmış Mənzil Məcəlləsində, ”Valyuta tənzimi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) də nəzərdən keçirərək Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda deputatlar Elman Məmmədov, Bəxtiyar Sadıqov, Mahir Abbaszadə, Rüfət Quliyev, Anar Məmmədov, İqbal Məmmədov, Ziyad Səmədzadə və digər rəsmi şəxslər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə