Zəfərin rəmzi Şuşa - ŞƏRH

Azərbaycanın dilbər guşələrindən biri olan Şuşa şəhəri Cənubi Qafqazda yerləşən Dağlıq Qarabağ regionunun ikinci ən böyük şəhəridir. Şəhər 1994-cü ildə Birinci Qarabağ müharibəsinin sona çatmasından bəri Qondarma Dağlıq Qarabağ Respublikasının nəzarətində olmasına baxmayaraq, Şuşa hər zaman Azərbaycanın ayrılmaz bir hissəsi olaraq qəlbimizdə idi. Şuşa dəniz səviyyəsindən 1300–1600 metr yüksəklikdə, separatçıların paytaxt elan etdikləri Xankəndi şəhərindən təxminən 15 kilometr (9.3 mil) uzaqlıqda yerləşir İki şəhəri bir vadi ayırır və dağlıq ərazidə yerləşən, Xankəndi üçün bufer zonası olan Şuşa "bütün Dağlıq Qarabağı nəzarətdə saxlamağa imkan yaradan strateji yüksəklik" olaraq xarakterizə edilmişdir. Strateji şəhər olan Şuşa Azərbaycanın, "əlçatmaz" dağ qalası adlandırılır. Ermənistanın cənubundakı Sünik mərzində yerləşən Gorus şəhəri ilə Xankəndini birləşdirən açar yol – Laçın dəhlizi Şuşadan keçir. Ermənistanı Dağlıq Qarabağa bağlayan digər əsas yol şimaldan, Kəlbəcər rayonundakı Murovdağ silsiləsindən keçir.

Sovet İttifaqı 1991-ci ildə süquta uğradıqdan sonra azərbaycanlılar və ermənilər Qarabağ üzərində nəzarəti saxlamaq üçün mübarizə aparmış və döyüşlər 1992-ci ilin əvvələrində Ermənistan Silahlı Qüvvələrinin iştirakı ilə genişmiqyaslı müharibəyə çevrilmişdir. 8 may 1992-ci il tarixində Ermənistan Silahlı Qüvvələri Şuşa şəhərini işğal etmişdir .

Azərbaycan hakimiyyəti, xalqımız Şuşa və digər işğal altında olan torpaqlarımızın azad olması uğrunda daim sülhü tərəf tutaraq mübarizə aparmışdır. Biz torpaqlarımızın sülh yolu ilə azad olmasının hər zaman tərəfdarı olmuşuq. Prezident İlham Əliyevin bütün siyasi addımları sülhə istiqamətləndirilmişdir. Bütün sülh cəhdlərinə baxmayaraq düşmən müharibə yolunu seçdi.

Tarixi qələbəmizin günü gəlib çatdı, 27 sentyabr 2020-ci il tarixində de-fakto Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən və Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən idarə edilən, lakin de-yure Azərbaycanın bir hissəsi olan Qarabağ bölgəsində döyüşlər başlamışdır. Azərbaycan qüvvələri əvvəlcə müvafiq inzibati mərkəzlərini işğaldan azad edərək Füzuli və Cəbrayıl rayonlarında uğur əldə etmiş, oradan Hadrut qəsəbəsinə doğru irəliləmişdir. Müharibənin ilk günlərindən Şuşa şəhərinin ara-sıra top atəşinə məruz qalması barədə xəbərlər yayılırdı.

Oktyabr ayında Dağlıq Qarabağın cənubunda yerləşən, əvvəllər ermənilərin nəzarətində olan ərazilərin əksəriyyəti üzərində nəzarəti əldə etdikdən sonra Azərbaycan quru qoşunları təmas xəttini keçərək qərbə doğru irəliləməyə başladı. Oktyabr ayının ortalarına qədər Azərbaycan hərbi qüvvələri Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizinə doğru irəlilədi və ermənilərin nəzarətində olan əsas şəhərlərdən hesab edilən Hadrutu azad etdi. Oktyabrın 22-dək Azərbaycan hücumu ilə Laçın şəhərinə və həyati əhəmiyyət kəsb edən dəhlizə 10 kilometr məsafəyə qədər yaxınlaşdı. Laçın dəhlizini itirməklə Ermənistan Dağlıq Qarabağdakı qüvvələrini təchiz etməkdə çətinliklə üzləşə bilərdi. Cavab olaraq və təzyiqi Laçın dəhlizindən uzaqlaşdırmaq üçün erməni qüvvələri çətin keçilən meşə-dağlıq ərazilərdə hərbi qüvvələrdən istifadə edərək əks-hücumlara başladılar və Azərbaycan qoşunlarının əsas təminat yolları boyunca pusqular qurmağa başladılar.

28-30 oktyabr tarixləri arasında Şuşanı düşməndən azad etmək və şəhərin müdafiəsini yarmaq üçün Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri əraziyə yeridildi. Bəzi məlumatlara görə, Azərbaycan XTQ qüvvələrinin 400 hərbçisi 5 gün sıx meşələr və keçilməz yarğanlar arasından irəliləyib, ciddi mühafizə olunan Laçın dəhlizindən keçərək ətraf kəndləri mühasirəyə alıblar. Məlumata görə, xüsusi təyinatlılar şəhərə bir çox istiqamətdən və fərqli hədəflərə yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər.

Azərbaycanın hesablarına görə, həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətində piyada davam etməli idi. Azərbaycan Prezidenti İlham Əliyev daha sonra bunu təkrar vurğulayaraq Azərbaycan əsgərlərinin Şuşa şəhərinə çatmaq üçün yarğanları, meşələri və dağları keçdiklərini qeyd etmişdir. Erməni komandanlığı Azərbaycan qoşunlarına Qırmızı Bazar ətrafında müqavimət göstərməyi hesablamışdı, oradan Şuşakəndə yol gedir, sonra isə həmin yol Şuşaya qalxır. Ermənistan ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın istiqaməti idi. Lakin Azərbaycan ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə misli görünməmiş qərar verir. Şuşaya sıx Qarabağ meşələrindən yeni yol açır. Böyük Tağlar kəndindən meşələrlə Şuşaya, Çanaxçı və Sığnax kəndlərinə doğru 3 gün ərzində 42 kilometr uzunluğunda buldozer və əllə yol açılır. Bununla mühəndis-istehkamçılar ensiz dağ cığırını texnikanın hərəkət edə biləcəyi meşə yoluna çevirdilər. Nəticədə Azərbaycan bölmələri artilleriya qurğularını Çanaxçı ətrafına çəkə bilmişdi. Elə burada da yeni artilleriya dueli başladı. Azərbaycan dağ piyadalarının uğurlu hücumu qəfil pusquya salınmış erməni əsgərlərinin sonuncu müqavimətini də qırdı.

Noyabrın 4-də Ermənistan rəsmiləri döyüşlərin Şuşa yaxınlığında davam etdiyini bildirilmişdir. Azərbaycan qüvvələri Şuşa–Laçın yolununun bir hissəsinin nəzarətini ələ keçirmiş və separatçı rejim sonradan yolu mülki vətəndaşlara bağlamışdır. Azərbaycan hərbçiləri Şuşaya girmək üçün çətin də olsa, qarşı tərəfin ağlına belə gəlməyən sıldırım qayaların olduğu istiqaməti seçdilər, onlar şəhərə qayalıqlara dırmaşmaqla qalxdılar. Erməni ordusu isə bütün gücünü şəhər istiqamətindəki əsas yollara cəmləmişdi. Çünki əsas hücumu bu yollardan gözləyirdi. Lakin Azərbaycan xüsusi təyinatlıları atəş dəstəyi olmadan sıldırım qayalıqlardan qalxdılar və yarğanlardan keçdilər. Müharibənin bu mərhələsində Şuşanın nəhəng dağların əhatəsində - sıldırım qayalar üzərində yerləşməsi səbəbindən müdafiə olunan erməni qüvvələri hələ də taktiki üstünlüyə sahib idilər. Azərbaycan hərbçiləri şəhərə quru yolla yaxınlaşmağa çalışarkən tez-tez artilleriya, raket hücumları və pusqularla üzləşirdilər. Noyabrın 4-ü, axşam saatlarında Azərbaycan ordusunun konvensional piyada qüvvələrinin Şuşanın cənub qayalıqlarının dibindəki Daşaltı kəndinə yaxınlaşan yol uğrunda vuruşduqları barədə xəbərlər gəldi. O günə qədər Azərbaycan tərəfi Şuşanın cənubundakı dağ silsiləsinə və Şuşanı Laçın şəhərinə bağlayan Laçın dəhlizinin əsas hissələrinə nəzarəti təmin etmişdi. Həmçinin Azərbaycan ordusu Ermənistanın Şuşanı əhatə edən müdafiə mövqelərini minaatanlardan atəşə tutmağa başlamışdı. Noyabrın 5-də axşam saatlarında Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin bir qismi əsas yola çatdı və Şuşanın müdafiəsinə kömək etmək istəyən erməni əsgərlərini mühasirəyə ala bildilər. Bu, o demək idi ki, Ermənistandan Şuşaya yardımın gəlməsi artıq mümkün deyildi. Yəni Həkəri çayı üzərindəki əsas körpü də dağıdılmışdı və şəhər ən azı üç əsas istiqamətdən mühasirəyə alınmışdı.

Azərbaycan qüvvələri 7 noyabrda şəhərə daxil olmuşdur. Əlavə olaraq, bir dəstə, Ermənistan tərəfi şəhərə əlavə dəstək göndərməsin deyə, Laçın dəhlizinin qarşısını almış, başqa bir dəstə isə Daşaltını işğaldan azad etdikdən sonra Şuşaya daxil olan qüvvələri atəş dəstəyi ilə təmin etmişdir. Azərbaycanın xüsusi təyinatlıları şəhərə girəndə müdafiə olunan ermənilərlə yaxın məsafədə ağır küçə döyüşlərinə başladılar. Noyabrın 7-də ərazidə hava dumanlı idi. Bu, Azərbaycan tərəfinin havadan kəşfiyyat aparmaq imkanlarını, eləcə də hava zərbə vasitələrindən istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı.

2020-ci il noyabr ayının 8-də Şuşa şəhəri işğaldan azad edildi. Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğaldan azad edib və əslində, bu düşmənə vurulan son zərbə idi. Şuşanın azad edilməsi müharibənin taleyini həll etdi. Noyabrın 9-dan 10-na keçən gecə Rusya, Azərbaycan, Ermənistan rəhbərləri üçtərəfli bəyanat imzaladı. Bütün hərbi əməliyyatlar dayandırıldı.

Bu bəyənat Azərbaycanın qələbəsini, Ermənistanın məğlubiyyətini təstiqlədi. Müqavilənin şərtlərinə əsasən noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil verildi.

Prezident İlham Əliyev Çıxış edərkən bildirdi “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbiçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi şox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbiçilərimiz dağlardan, meşələrdən cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”.

İlham Əliyev çox qürurla çıxışlarının birində qeyd edərək bildirmişdir: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Məhəmməd Mehralıyev
Xəzər rayonu, 324 nömrəli tam orta məktəbin direktor müavini

Bütün xəbərlər Facebook səhifəmizdə