Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz layihəsi TƏHLİL

Azərbaycan yeni iqtisadi və sosial çağırışların, nüfuzlu beynəlxalq qurumların tədbirlərinin keçirilməsi üçün əsas məkan kimi tanınır, dünyaya özünü demokratik ənənələrə sadiq, hüquqi və sosial dövlət kimi təqdim edir. Ölkəmizin bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması və s. Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə daha da möhkəmləndirir. Bu günlərdə Bakıda, ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfrans ölkəmizin nüfuzunun, göstərilən etimadın təzahürü olmaqla yanaşı, dövlətimizin artan gücünün, dinamik inkişafının, beynəlxalq müstəvidə söz sahibi olmasının göstəricisidir. Regionda baş verən hadisələrin müzakirəsi üçün önəmli platforma olan bu konfransda postmüharibə dövründə sülh quruculuğu və yenidənqurma işlərinə xüsusi önəm verildi. Konfransda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev müzakirələrin regiondakı reallıqların, Azərbaycanın planlarının və regiondakı qarşılıqlı əlaqələrimizin daha yaxşı qavranılmasına töhfə verəcəyini diqqətə çəkib: "Bu günün mövzusu Orta Dəhliz məsələsinə həsr olunub. Lakin mən bu konfransın necə adlandırıldığını gördükdə, - "geosiyasət, təhlükəsizlik və iqtisadiyyat", - bildim ki, bu nöqteyi-nəzərdən mövzunun əhatəliliyi daha geniş olacaq və bu da təbiidir. Çünki Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri, əlbəttə ki, müzakirə olunmalıdır. Əlbəttə, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq". Əlbəttə ki, siyasi sabitlik və təhlükəsizlik məhz irimiqyası layihələrin reallaşdırılmasında əsas faktorlardır. Güclü və dinamik iqtisadiyyat, inkişaf məhz bu və ya digər layihələrin həyata keçirilməsində vacib amillər sırasındadır.

Regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verən Azərbaycanın təşəbbüsü ilə qlobal əhəmiyyətli layihələr həyata keçirilir. Bakı-Tbilisi-Qars Dəmir Yolunun açılışı regionda sabitliyə eləcə də, iqtisadi inkişafa böyük töhfədir. Tarixi İpək Yolu üzərində qurulan bu yol Transavropa və Transasiya Dəmir Yolu şəbəkələrinin birləşməsində böyük əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars Dəmir Yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin, Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırmış oldu. Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars Dəmir Yolu xətti ilk növbədə, yük daşımalarındakı intensivliyi artırır. Qeyd edək ki, bu layihə ölkələr arasında ticari və iqtisadi əlaqələrin genişlənməsinə və bundan irəli gələn sabitliyə yönələn layihədir və dövlətlər arasında münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir. "Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə bizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq" – deyən Azərbaycan Prezidenti onu da bildirib ki, Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək: "Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır". Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının məntiqi nəticəsi kimi, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Azərbaycan Prezidentinin əməli fəaliyyətinin, iradəsinin nəticəsidir ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, qlobal əhəmiyyətli iqtisadi zonalar yaradılıb. Təbii ki, hər bir ölkənin tranzit potensialını inkişaf etdirmək üçün, ilk növbədə, qonşu ölkələrlə yaxşı münasibətləri olmalıdır. Etibarlı tranzit ölkə kimi xidmət göstərən Azərbaycan, məhz bu münasibətlərin davamlı olmasına təkan verir.Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları, Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və digər məsələlərlə bağlı aparılan fikir mübadiləsi öz müsbət nəticəsini verəcəkdir. Göründüyü kimi, regionda yeni reallıqların müəllifi olan Azərbaycan Prezidenti İlham Əliyev sülh və təhlükəsizlik fonunda siyasət həyata keçirərək iqtisadi gücünü, qüdrətini daha da artırmaqla yeni hədəfləri gerçəkləşdirərək beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir. Konfrans çərçivəsində aparılan müzakirələr regiona daha dayanıqlı sülh gətirəcəyinə öz töhfəsini verəcəkdir.

Əvəz Qocayev,

YAP Nəsimi rayon təşkilatinin ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə