Fransa Senatı qərəzli qətnamə ilə beynəlxalq hüququ kobud şəkildə pozub - İsrail Təhlükəsizlik Akademiyası

"Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qərar heç bir reallığa və heç bir əsasa söykənmir. Fransa Senatının özü mahiyyət etibarilə bu qərəzli fikirləri ehtiva edən absurd qərarı ilə beynəlxalq qanunları pozub. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Fransanın məhz bu beynəlxalq təşkilatın qəbul etdiyi qətnamələrin əksinə qərar çıxarması və əsası olmayan müzakirələr aparması BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Bu, qətiyyən yolverilməzdir. BMT Təhlükəsizlik Şurasında baxılıb haqqında qərar çıxarılan məsələyə heç bir dövlət yenidən baxa və onunla bağlı hər hansı qərar qəbul edə bilməz. BMT Təhlükəsizlik Şurasının qərarları məcburidir və bu qərarlarda Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi təsdiqlənir. Fransa da bu qərarı qəbul edən qurumun daimi üzvüdür və belə olan halda, Fransa Senatı nəyi müzakirə edir və niyə edir? Səbəb nədir? Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qərarına zidd qərar qəbul etmək bu təşkilatın nüfuzuna kölgə salır və beynəlxalq hüququn pozulmasıdır. Bu o deməkdir ki‚ yuxarı instansiya məhkəməsinin qərarını daha kiçik instansiya məhkəməsi yenidən müzakirəyə çıxarıb qərarı pozur və yeni qərar qəbul edir!". Bu fikirlər İsrail Təhlükəsizlik Akademiyasının Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə dair açıqlamasında yer alıb.

Bildirilib ki, Fransa Senatının qəbul etdiyi qərar, sadəcə, Azərbaycana qarşı qərəzli xarakter daşıyır və erməni lobbi təşkilatlarının sifarişidir. Belə görünür ki‚ Fransa Senatı qanunlarla və hüquq anlayışı ilə yox‚ şəxsi hisslərlə və sifarişlərlə işləyir. Azərbaycana qarşı qəbul edilən qərəzli qərarın mahiyyəti bundan ibarətdir. Ümumiyyətlə, Fransa senatorlarının Azərbaycana qarşı qəbul etdiyi qərarda ölkəmizin ünvanına səsləndirdikləri ifadələr‚ etdikləri çağırışlar böhtan və qarayaxma xarakterlidir. Bu qərar birmənalı olaraq yalan və böhtan məzmunludur, şəxsi qərəzdən qaynaqlanır.

Qeyd olunub ki, ermənilərin sifariş və diktəsi ilə Senat bu layihəni müzakirəyə çıxararaq qəbul edib. Belə qeyri-qanuni və qeyri-obyektiv qərarın heç bir hüquqi əsası yoxdur. Fransa BMT TŞ-nin daimi üzvü olmaqdan əlavə, həm də Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları prosesində vasitəçiliyi üzərinə götürüb. Minsk qrupunun həmsədr ölkəsi olaraq Fransa Senatının qəbul etdiyi qərar yolverilməzdir. Senatın qərarı Fransanın Minsk qrupunun tərkibindəki vasitəçilik mövqeyində də nə qədər qeyri-səmimi olduğunu göstərir. Senatın qərarı birmənalı olaraq erməni təəssübkeşliyindən qaynaqlanır və heç bir reallığa söykənmir.

Belə ki‚ Qarabağı "Artsak" adı ilə erməni ərazisi kimi tanıyaraq separatizmi dəstəkləmək terrorizmi və işğalı dəstəkləməkdir. Bu, beynəlxalq hüququn və BMT qətnamələrinin kobud və qəddarcasına pozulmasıdır. Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyən və Ermənistanı işğalçı ölkə kimi tanıyan BMT qətnamələri olduğu halda, Fransa Senatının rəsmi Yerevanı vaxtilə işğal etdiyi torpaqları erməni ərazisi kimi tanıması heç bir hüquq tendensiyasına uyğun deyil. Fransa hökuməti işğalçı və separatçı rejimi dəstəkləməklə bölgədə sülhü pozur. Çünki ermənilər Fransanın bu addımından cəsarətlənib Azərbaycana qarşı hərbi təxribatlara başlaya və təxribatlar törədə bilərlər. Bu isə bölgədə növbəti müharibə cinayətlərinin və terror aktlarının törədilə biləcəyini ehtimal etməyə əsas yaradır.

Fransa Senatının qondarma separatçı rejimin legitimliyini‚ varlığını və Qarabağı erməni ərazisi kimi tanınası beynəlxalq hüququ kobud şəkildə tapdalamaqdır. Belə görünür ki‚ Fransa Cənubi Qafqaz regionunda sülhü və sabitliyi pozmağa, yeni münaqişə ocaqları yaratmağa çalışır. Qarabağ tarixən Azərbaycan torpağıdır və ermənilər yeni dövrlərdə buraya köçürülüblər. BMT Təhlükəsizlik Şurasının qətnamələri də bunu sübut edir. Belə olan halda, Qarabağı erməni torpağı kimi tanımaq elə ermənilərin özünə zərər verməkdir. Beynəlxalq hüquqa görə Qarabağ Azərbaycan torpağıdır və BMT də bunu belə tanıyıb.

1992-ci ildə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququ kobud şəkildə pozaraq‚ sərhədləri beynəlxalq ictimaiyyət tərəfindən tanınan Azərbaycana qarşı hərbi təcavüz həyata keçirərək Qarabağı işğal etmişdi. Həmin il BMT Təhlükəsizlik Şurası da Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünü və Qarabağı işğal etməsi faktını təsdiqləyərək onları işğala son qoymağa və Azərbaycan torpaqlarını tərk etməyə çağırıb. Ermənistan 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməyib. Nəhayət 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Qarabağı azad edib erməniləri torpaqlarımızdan qovub. Qarabağın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı doğma yurdundan qaçqın və məcburi köçkün düşüb, didərgin salınıb. Çox sayda azərbaycanlı itkin düşüb‚ yaralanıb‚ həlak olub, soyqırımına məruz qalıb və Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olub. Ermənistan hərbi birləşmələrinin Xocalıda törətdiyi soyqırımı faktı bəşəriyyətin ən qanlı insan qətliamlarındandır. Ermənistan silahlı birləşmələrinin Xocalıda azərbaycanlılara qarşı törətdiyi bu qanlı faciə‚ soyqırımı aktı insan haqlarının kobud pozuntusu və ən ağır hərbi cinayət‚ terror aktıdır. 1992-1993-cü illərdə Birinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı ermənilər tərəfindən yəhudi gənclər də qətlə yetirilib. Qarabağın işğal altında qaldığı vaxtda bu ərazilər dağıdılıb və 30 il keçməsinə baxmayaraq, bərpa edilməyib, hətta dağıdılaraq vandalizm aktları törədilib. Eyni zamanda, Azərbaycanın işğal edilmiş torpaqlarının təbii sərvətləri talanıb‚ oğurlanıb və xaricə aparılıb. Bütün bu faktlar nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan iqtisadiyyatına milyardlarla dollar həcmində maddi və mənəvi zərər dəyib. Hazırda Azərbaycana dəymiş maddi və mənəvi ziyanın həcmi 100 milyardlarla dollarla ölçülür. Əlbəttə ki‚ Ermənistan hökuməti bu zərərin qarşılığını Azərbaycan dövlətinə və hökumətinə geri ödəməlidir.

Azərbaycan öz mövqeyində hər zaman haqlıdır və Azərbaycan dövləti heç bir zaman beynəlxalq hüquqa zidd addım atmayıb. 2020-ci ildə 44 günlük müharibə də məhz beynəlxalq hüquq çərçivəsində və beynəlxalq qanunlara uyğun şəkildə aparılıb‚ bütün müharibə mədəniyyətinə‚ humanizm prinsiplərinə əməl edilib‚ müharibənin gedişində də beynəlxalq hüquq normaları yüksək səviyyədə qorunub və əsl nümunə göstərilib. Hazırda beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.

Fransa Senatı bu qərəzli qərarı ilə Azərbaycan xalqına və dövlətinə qarşı böyük haqsızlıq edib və beynəlxalq qanunları kobudcasına pozub.

“Biz‚ Fransa Senatının erməni təəssübkeşliyindən qaynaqlanan və heç bir reallıqla bağlılığı olmayan şər və böhtan xarakterli qərarını qətiyyətlə pisləyir, Azərbaycanın haqlı mövqeyini və beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü bir daha dəstəkləyir‚ onun suveren sərhədlərinə qarşı hər bir hücum‚ təhdid, hərbi və siyasi təxribatlara qarşı hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu ifadə edirik. Azərbaycan haqlıdır və hər zaman Azərbaycanın yanındayıq. Qarabağ Azərbaycandır!”, - deyə açıqlamada qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə