“Serbiya ilə münasibətlərimiz daha da inkişaf edəcək” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Serbiya Respublikasına işgüzar səfəri və bu səfər zamanı səsləndirilmiş fikirlər, imzalanmış sənədlər onu deməyə imkan verir ki, ölkələr arasında münasibətlər artan xətt üzrə inkişaf edir və yaxın gələcəkdə də münasibətlərimiz daha da inkişaf edəcək". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, üç il yarım bundan öncə də cənab Prezident İlham Əliyevin Serbiyaya səfəri olmuşdur: "Bu müddət ərzində münasibətlərin inkişaf etməsi üçün həm prezidentlər səviyyəsində, həm də müvafiq komissiyalar səviyyəsində işlər görülmüş, xüsusilə də Azərbaycan məhsullarının Serbiyaya çatdırılması və Azərbaycan qazının Serbiyaya nəqli ilə bağlı da müəyyən işlər görülmüşdür".

Deputat sözlərinə belə davam edib: "Sonuncu dəfə məhz Bolqarıstanda Yunanıstandan Bolqarıstana Azərbaycan qazının ötürülməsi üçün xəttin açılış mərasimində Balkan ölkəsindən olan dövlət başçılarının iştirakı zamanı prezidentlərin görüşü olmuşdur və orada da Serbiya prezidenti, Azərbaycan Prezidenti ilə bağlı çox müsbət fikirlər söyləmiş, Azərbaycanın Avropa enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirmişdir.

Bu gün baş tutan görüşdə də bir daha bu fikirlər təkrarlandı və Azərbaycanın Prezidenti cənab İlham Əliyevin beynəlxalq münasibətləri və mövcud problemlərdən çıxış yollarını çox yaxşı bildiyini, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə xüsusilə də Şərqi Avropa Balkan ölkələrində çox mühüm rol oynadığını bildirdi. İmzalanmış sənədlər də Azərbaycan-Serbiya münasibətlərinə çox böyük fayda verəcəyi artıq heç kəsə sirr deyil.

Göründüyü kimi cənab Prezident öz çıxışında bildirdi ki, Serbiya Azərbaycanın Avropada etibar etdiyi, güvəndiyi və münasibətlərini daha da inkişaf etdirməkdə maraqlı olduğu dövlətlərdən biridir. Biz ümid edirik ki, ən qısa zamanda Azərbaycan qazı Serbiyaya da nəql edilə biləcək və Azərbaycan qazının nəqli ilə bağlı şaxələndirmə işləri davam etdiriləcək. Bununla yanaşı Azərbaycan və Serbiya münasibətləri mədəni, siyasi, iqtisadi əlaqələri inkişaf edəcək və böyük ehtimalla ilin sonuna qədər Serbiya prezidentinin də Azərbaycana səfəri olacaq.

Ən əsası odur ki, iki dövlət arasında gələcək münasibətlərin sürətli inkişafı ilə bağlı artıq gündəlik mövcuddur və bu gündəlik əsasında işlər təşkil ediləcək. Biz ümid edirik ki, iki dövlət arasındakı münasibətlər nəticə etibarilə xalqların rifahının yaxşılaşmasına, iqtisadi imkanlarımızın güclənməsinə və qarşılıqlı maraqlarımızın qorunmasına xidmət edəcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə