Azərbaycan İranın təhdidlərinin qarşısını almağa qadir olan dövlətdir

Azərbaycan İranın təhdidlərinin qarşısını almağa qadir olan dövlətdir

Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq məqsədini qarşıya qoymuş və dövlət quruculuğu sahəsində ardıcıl addımlar atmışdır. Belə ki, xarici siyasət fəaliyyətinin əsas istiqamətlərindən biri dünyanın digər dövlətləri ilə, ən əsası qonşu dövlətlərlə münasibətlərin qurulması və inkişaf etdirilməsi olmuşdur. Təəssüflər olsun ki, cənub qonşumuzdan heç də ürəkaçıcı münasibət görmürük. Erməni təcavüzkarları tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsdli planların olduğu dövrdə, torpaqlarımızın işğal edildiyi zamanda, Xocalı faciəsində qadınlara, uşaqlara qarşı törədilən soyqırımda cənub qonşumuz İran İslam Respublikası tamaşaçı kimi baş verənləri seyr edirdi. Ermənistanı işğalçılıq siyasətindən uzaqlaşdırmaq üçün heç bir addım atmadı. İran etibarsız qonşu olaraq 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, lakin reallıqda təcavüzkar Ermənistana dəstək verməklə, sülhün əldə edilməsini açıq-aşkar əngəlləməklə, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaqla ölkəmizə qarşı riyakar davranır, sərhəddə qoşun yığmaqla, hərbi təlim keçmək adı ilə hədə-qorxu gəlir, açıq təxribatlar və güc tətbiqinə təhrik edir, İslam dəyərlərini görməzlikdən gələrək məscidlərdə donuz saxlayanları silahlandırmağa, gücləndirməyə cəhdlər edir. Son günlər ərzində baş verən hadisələr və proseslər ictimaiyyətimizdə İran haqqında mənfi rəyin formalaşmasına səbəb olub. Bu gün artıq hər bir azərbaycanlı İranı etibarsız qonşu, riyakar, İslam dəyərlərinə xəyanət edən bir dövlət olaraq qəbul edir. İkinci Qarabağ Müharibəsində belə İran tərəfindən heç bir dəstək almadıq. Əksinə, “qardaş” adlandırdıqları ermənilərə gizlicə silah daşınmasında yardım edib. Necə ola bilər ki, özünü İslam ölkəsi adlandıran, şəriət qaydaları ilə dövləti idarə edən ölkə, müsəlman əhaliyə edilən zülmü görməsin? Allahın evinin dağıdılmasına, məscidlərin, müqəddəs ocaqların mundarlanmasına, donuzların saxlanmasına göz yumsun? İran İslam ölkəsidirmi yoxsa, İslamın yaşıl bayrağına bürünmüş riyakarcasına öz siyasətini yürüdən namərd qonşu? Əslində bu addımlar İran İslam Respublikasının qorxduğunun göstəricisidir, qısa müddətdə ərzində ordumuzun bütün maneələrə baxmayaraq necə mərdliklə vuruşub, işğal altında olan torpaqlarımızı azad etdiyinin canlı şahidi olmuşdur. Azərbaycan İranın bu cür hərbi avantüra və səmərəsiz əzələ nümayişi cəhdlərinin, bütün təhdidlərin qarşısını almağa, lazımi şəkildə cavab verməyə qadir bir dövlətdir.

Bu dövlət, təkcə Azərbaycana qarşı riyakarlıq, ikiüzlülük etmir. İran eyni zamanda, ərəb ölkələrini də təhdid edir, İraq, Suriya, Əfqanıstan, Livan, Yəmən, Fələstin, Bəhreyn kimi dövlətlərin ərazisində imperialist işğala qarşı dayanmaq adı ilə öz maraqlarını qorumaq üçün silahlı qarşıdurmalara səbəb olur. İranın "himayə etdiyi" Yəməndə, Bəhreyndə, Fələstində münaqişələr 30-40 ildir ki, davam edir, Suriyada və Livanda isə 10 illərdir xaos, dağıntı müşahidə olunur. Yoxsa, İran Azərbaycanı da bu münaqişələrin, dağıntıların, xaosların bir hissəsinə çevirmək istəyir? Bəlkə elə bu məqsədlə "humanitar yardım" paylamaq adı altında əhalisinin əksəriyyəti şiə məzhəbinə inanan Azərbaycanda din üzərindən siyasi təşkilatlanma həyata keçirib, dövlətimizə qarşı dini-siyasi qruplaşmalar yaratmağa cəhd edib? Yaxud, sərhədlərimizdə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçirilməsi kapitulyasiya imzalamış Ermənistanın nəfəs almasına, sülh müqaviləsinin imzalanmasının və Zəngəzur dəhlizinin reallaşmasının qarşısının alınmasına hesablanıb. Əgər İran dünya müsəlmanlarının təəssübkeşi və yaxşı qonşu olsaydı, Ermənistana qaz boru xətti çəkmək, yanacaq, silah, yardım, narkotik daşımaq, narkotik plantasiyaları yaratmaq, Qarabağda sökdüyü evləri tikinti materialları kimi aparmaq əvəzinə Ermənistandan Xocalı soyqırımının, işğal olunmuş Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının, minlərlə müsəlmanların qətlə yetirilməsinin haqq-hesabını tələb edərdi.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya

İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə