Birgəyaşamanın və tolerantlığın ünvanı: AZƏRBAYCAN

Birgəyaşamanın və tolerantlığın ünvanı: AZƏRBAYCAN

Prezident İlham Əliyev: "Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi"

Xalqımızın çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsi və inkişafında nümunədir. Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir. Bu gün ölkəmizdə müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ölkəmizdə mövcud olan dini icmaların fəaliyyətinə hərtərəfli şərait yardılıb və heç vaxt ölkəmizdə dini və milli zəmində qarşıdurma, xoşagəlməz hal baş verməyib. Azərbaycanda tolerantlıq mühitindən söz açarkən ilk növbədə ölkəmizdə hökm sürən siyasi sabitliyi, sosial və iqtisadi inkişafı vurğulamalıyıq. Müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayırlar. Ölkəmizdə müxtəlif inanc sahiblərinin bir-birlərinin dininə hörmətlə yanaşmaları dünya ictimaiyyəti üçün nümunədir.
Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev çıxışında bildirdiyi kimi, "Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq".

DİNİ MƏNSUBİYYƏTİNDƏN ASILI OLMAYARAQ HƏR KƏS TAM BƏRABƏR HÜQUQA MALİKDİR

Azərbaycan qürurla deyə bilərik ki, yəhudilərin, müsəlmanların və xristianların yan-yana ibadət etdikləri məkandır. Azərbaycanda bütün dini konfessiyaların nümayəndələrinin öz dini etiqadlarını, ayinlərini sərbəst və bərabər şəkildə yerinə yetirmək imkanları var və ölkədə məscidlərlə yanaşı pravoslav, katolik, alban kilsələri və sinaqoqların fəaliyyət göstərir. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krişna Şüuru dini icması, "Yeni həyat" Xristian İncil dini icması, Bakı şəhəri "Molokan ruhani-xristian" dini icması, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması və s. onlarla belə qurumlar hər bir millətə ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurların, udilərin sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanların yaradıldığının göstəricisidir. Ölkənin ictimai-siyasi, mədəni həyatında iştirak üçün hamı, dini mənsubiyyətindən asılı olmayaraq tam bərabər hüquqa malikdir.

"AZƏRBAYCAN XALQI TƏRƏFİNDƏN, AZƏRBAYCANDA YAŞAYAN BÜTÜN ETNİK QRUPLAR TƏRƏFİNDƏN BU SİYASƏT DƏSTƏKLƏNİR"

Əlbəttə ki, onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri olan Krasnaya Sloboda, İvanovka, Nic və başqa kənd və qəsəbələri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Bura gələn hər kəs multikulturalizmin Azərbaycanda yaşadığını və bu yaşam tərzinin sülh və dostluq üçün unikal model olduğunu görürlər. Azərbaycan xalqına bugünkü rifahı bəxş etmiş və ölkəmizdəki multikultural mühitin siyasi bünövrəsini yaratmış Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev sülh və əmin-amanlığa, xalqlar arasında dostluğun möhkəmlənməsinə töhfələr verir. Fərqli dinin, fərqli etnosun yaşadığı həmin məkanlarda Azərbaycanda mövcud olan multikulturalizmi görməmək mümkün deyil.
Şuşada keçirilmiş "Xarıbülbül" festivalında Azərbaycanda yaşayan xalqların musiqi kollektvlərinin iştirakı dövlətimizdəki mühitin göstəricisidir. Bu gün bütün dinlərdən olan xalqların ölkəmizdə firavanlığını təminə olunmasına, onların bütün imkanlardan istifadəsinə geniş imkanlar açılır.
44 günlük Vətən müharibəsində də Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri bir yumruq olaraq birləşdi. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, "Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür. Bu istiqamətdə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə bu gün Azərbaycan nümunəvi davranış göstərir. Əsas məsələ odur ki, bütün Azərbaycan xalqı tərəfindən, Azərbaycanda yaşayan bütün etnik qruplar tərəfindən bu siyasət dəstəklənir. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır, əminəm ki, belə yaşayacaqlar".
Azərbaycan tolerant, mehriban birgəyaşama mədəniyyəti baxımından artıq dünya üçün bir örnəkdir. Tarixən müxtəlif xalqların və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin ölkəmizdə mövcudluğu yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi təqdim edir. Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Ölkəmizdə bütün tarixi dini abidələr dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət vəsaiti hesabına bərpası təmin edilir. Əgər Azərbaycan ərazisində 2000-dən artıq məscid, 13 kilsə, 7 sinaqoq və digər ibadət yerləri fəaliyyətdədirsə, demək bu artıq tolerant mühitin mövcudluğunu tam əsaslandırır. Ölkədə olan müxtəlif qurumlar hər bir millətə ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurlara, udilərə sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanların yaradıldığından xəbər vermiş olur.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə