Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur - ŞƏRH

Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur - ŞƏRH

Müasir Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsi və möhkəmlənməsi ölkəmizin xarici siyasətinın başlıca prioritetləri sırasında yer alır. Bu fonda Azərbaycan müxtəlif ölkə və təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın qurulması və inkişafını daim xüsusi diqqətdə saxlayır.Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir.

Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Bu münasibətlərin 30-cu ildönümü ilə əlaqədar gələn il Albaniyada “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır. İki ölkə arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Albaniya prezidentləri ölkəmizə 5 işgüzar səfər, baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər. 2016-2019-cu illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı forumlarına bir qayda olaraq Albaniya Respublikasının Prezidenti, həmçinin Mərkəzin fəaliyyətində fəal iştirak edən keçmiş prezidentləri qatılıblar.

2022-ci il aprelin 14-də Azərbaycana rəsmi səfər edən Albaniyanın Baş naziri Edi Rama Bakıda olarkən deyib: “Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək”. Baş nazir, həmçinin əlavə edib: “Biz sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq”.

Bu il iyunun 16-da Albaniyanın keçmiş Prezidenti İlir Meta IX Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlib. Bakıda olarkən Prezident İlham Əliyevə və Azərbaycan xalqına yeni uğurlar arzulayan Albaniya dövlətinin başçısı İlir Meta TAP layihəsinin müvəffəqiyyətlə başa çatdırılması ilə əlaqədar Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. O, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərində Azərbaycana uğurlar arzulayıb. Albaniya və Azərbaycan xalqlarının qardaş xalqlar olduğunu deyən İlir Meta gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd ediləcəyini məmnunluqla bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində IX Qlobal Bakı Forumunda iştirakına görə Albaniya Prezidenti İlir Metaya təşəkkürünü bildirib. Dövlətimizin başçısı Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ müharibəsində də Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib və vurğulayıb ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir.

Bu vaxtadək Azərbaycan və Albaniya arasında 8 sənəd, o cümlədən 2013-cü il aprelin 8-də Bakıda “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb.

İqtisadi sahədə əməkdaşlığa gəlincə deməliyik ki, Azərbaycan və Albaniya arasında 2016-2017-ci illərdə ticarət əlaqələrində canlanma müşahidə edilib. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin geniş potensiala malik olması baxımından tərəflər bu sahədə əməkdaşlığın inkişafı məqsədilə birgə səyləri artırmağı məqsədəuyğun hesab edirlər. Enerji sahəsində əməkdaşlıq isə iqtisadi əlaqələrimizin əsas istiqamətidir. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edib. Eyni zamanda, Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər. Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin (CQD) iştirakçısıdır. Albaniya podratçı şirkətləri də TAP boru kəmərinin tikinti işlərində iştirak ediblər. TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası Albaniyada məşğulluğun artmasına böyük töhfə verib. Layihə, həmçinin Albaniya üçün ÜDM və büdcə gəlirlərinin artımını təmin edib.

Həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. 2021-ci ildə Albaniya Azərbaycanın 79-cu xarici ticarət tərəfdaşı olub. 2022-ci ilin yanvar-sentyabr aylarında Albaniya Azərbaycanın 86-cı xarici ticarət tərəfdaşı olub. Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən 3 Albaniya investisiyalı şirkət qeydiyyatdan keçib.

2019- cu il noyabrın 26-da Albaniyada baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan tərəfindən humanitar yardım olaraq 500 min avro ayrılıb.
Bu il noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasına səfər edib. Bu səfər Prezident İlham Əliyevin Albaniyaya ilk səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

Hazırda Albaniya üçün də Azərbaycanla əməkdaşlığın inkişafı ön planda yer alır. Səfər zamanı Albaniya Prezidenti Bayram Beqay da bildirib ki, ölkəsi Azərbaycanla daha sıx əməkdaşlığa can atır. Onun sözlərinə görə, Albaniya Azərbaycanla enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və sair sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. O, Azərbaycan Prezidenti İlham Əliyevin Tiranaya səfərini iki dövlət arasında münasibətlər baxımından tarixi adlandırıb: “Mən siyasi dialoqumuza və əməkdaşlığımıza ən yüksək qiymət verirəm. Əminəm ki, bu səfər gələcəkdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığa güclü təkan verəcək". Albaniya prezidenti bildirib ki, müzakirələrdə əsas diqqət ümumi maraq doğuran sahələrin və əməkdaşlığın dərinləşdirilməsinin konkret yollarının müəyyənləşdirilməsinə yönəldilib: “Biz yaxın illər üçün əməkdaşlığın konkret mərhələlərini və proqram ardıcıllığını müəyyənləşdirmək üçün ən yaxşı siyasi və texniki vasitə kimi 2023-cü ildə birgə iqtisadi komissiyanın keçirilməsinin zəruriliyi barədə danışdıq” deyə çıxışında qeyd edib.

Prezident İlham Əliyev də Albaniyanın dəstəyini yüksək qiymətləndirib. Dövlət başçısı Albaniya prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatı zamanı bildirib: “Siz qeyd etdiniz ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk”.

Beləliklə, Müzəffər Prezidentimiz İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət ölkəmizin mənafelərinin bütün beynəlxalq təşkilatlarda və dövlətlərarası münasibətlərdə cəsarətlə qorunmasına, xalqın böyük etimad və hörmətinin qazanılmasına gətirib çıxarıb.

Sevinc Əliyeva
Xəzər rayonu 122 nömrəli ümumi orta məktəbin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə