Yoxsulluğun azaldılması proqramı: nəyə nail olunub? – II HİSSƏ

II HİSSƏ

Neft-qaz gəlirlərinin hansı sosial-iqtisadi sahələrə yönəldilməsi vacibdir?

Son illərdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində ümumi makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadi artımın davamlılığı təmin edilib, sahibkarlığın inkişafı geniş vüsət alıb, xüsusilə regionlarda yeni iş yerlərinin yaradılması genişləndirilib. Bütün bunlar əhalinin gəlir əldə etmək imkanlarının artmasına və rifahının əhəmiyyətli dərəcədə yaxşılaşmasına təsirini göstərib.

Son 15 ildə həm ÜDM, həm dövlət büdcəsi, həm də strateji rezervlər artmaqdadır. Bu dövr ərzində neft və qaz ixracından gələn gəlirlər dəfələrlə artıb. Xarci ticarətdə müsbət saldo ildən ilə artır.

Dövriyyədə valyuta təklifi artdığından xarici təzyiqlərə baxmayaraq manatın məzənnəsi sabit saxlanıb. Azərbaycan Mərkəzi Bankı tərəfindən valyuta bazarına mümkün səviyyədə alışyönlü müdaxilələr həyata keçirilib, iqtisadiyyatda yaranmış izafi likvidliyi neytrallaşdırmaq üçün sterilizasiya siyasəti çərçivəsində Milli Bankın qısamüddətli notlardan istifadəsi davam etdirilib. Gəlirlərin kəskin artması dövlət büdcəsində profisin ildən ildə artmasına səbəb olur.

Beləliklə, Azərbaycan ÜDM-in və dövlət büdcəsinin artım tempinə görə nəinki regionda, hətta dünyada ön sıralardadır. Lakin son illərdə qlobal iqtisadi böhranlar ölkəmizə də öz təsirini göstərir. Dünya bazarında bir çox məhsulların bahalaşması, xaricdən ölkəyə gələn məhsulların, eləcə də bəzi xidmətlərin qiymətlərinin artmasına səbəb olub. Pandemiya dövründə bir çox iş yerləri bağlanıb, bəzi sahələrdə istehsal və ixrac azalıb. Əhalinin sosial müdafiəyə ehtiyacı çoxalıb.

Cari ildə neftdən gələn gəlirlər nəzərdə tutulandan 2 dəfə, qaz gəlirləri 4 dəfə şox olub. İrihəcmli neft və qaz gəlirlərinin iqtisadiyyata mümkün mənfi təsirinin qarşısının alınması, onun qeyri-neft sektorunun inkişafına yönəldilməsi, həmçinin yoxsulluğun azaldılması və insan kapitalının inkişafının təmin edilməsi məqsədilə müxtəlif dövlət proqramları həyata keçirilməsi vacibdir.

Burada təksə sosial yardımlar yox, həm özünüməşğulluğa və kiçik sahibkarlığa dəstəyin artırılmasına ehtiyac var. Bunun nəticəsində yüz minlərlə yeni iş yerləri açılar, dövlətin sosial yükü azalardı. Paralel olaraq, ümumi daxili məhsul da artardı.

Ölkədə qeyri-neft sektorunun inkişafı və bu sketorun beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaqla onun dünya iqtisadiyyatına inteqrasiyasına şərait yaradılmalıdır. İnvestisiyaların idarə olunması prosesinin şəffaflaşdırılması, xüsusi mülkiyyətin qorunması və korporativ idarəetmənin təkmilləşdirilməsi, bütün investorlar üçün azad rəqabət mühitinin yaradılması məqsədilə mövcud normativ hüquqi baza təkmilləşdirilməlidir.

Eyni zamanda, regionların davamlı və sistemli inkişafının təmin edilməsi və bu prosesdə dövlət investisiyalarının səmərəliliyinin artırılması məqsədilə müvafiq beynəlxalq təşkilatlarla birgə şəhər və regionların uzunmüddətli kompleks inkişaf planlarının hazırlanması və həyata keçirilməsi istiqamətində tədbirlər həyata keçirilməlidir.

Eyni zamanda, istehlakçıların hüquqlarının dövlət tərəfindən müdafiəsi gücləndirilməli, istehlak mallarının istehsalı, idxalı və ixracının, topdan və pərakəndə satışının həyata keçirilməsi zamanı onlara mane olan hallar aradan qaldırılmalıdır.

Sahibkarlığın inkişafına yardım üçün dövlət büdcəsindən ayrılan güzəştli kreditlərin həcminin artırılması və regionlarda sahibkarların bu vəsaitlərə çıxış imkanlarının genişləndirilməsi təmin edilməlidir, gənclərin və əhalinin həssas qruplarının sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına yönəlmiş tədbirlər artırılmalıdır.

Ölkə əhalisinin təqribən 48%-dən çoxu kənd yerlərində yaşadığına görə kənd təsərrüfatı sektoru ailə təsərrüfatlarının müvafiq iş yerləri ilə və gəlirlərlə təmin edilməsində mühüm mənbədir. Bu baxımdan, torpaqların istifadəsində ekoloji davamlılıq prinsiplərini qorumaqla, kənd təsərrüfatı istehsalçılarının müvafiq olaraq kreditlərdən, kənd təsərrüfatı texnikasından və digər zəruri resurs və xidmətlərdən istifadə imkanlarının yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Kənd yerlərində layiqli məşğulluq və özünüməşğulluq imkanlarının genişləndirilməsi üçün ərzaq məhsulları istehsalçılarının vergilərdən azad olunması təmin edilməli, kənd təsərrüfatı ilə məşğul olan əhalinin maliyyə-kredit mənbələrindən istifadə imkanları yaxşılaşdırılmalıdır. Təbii fəlakətlər nəticəsində kənd təsərrüfatı məhsulları istehsalçılarına dəyən ziyanın azaldılması məqsədilə sığortalanması təmin edilməlidir.

Emal müəssisələri şəbəkəsinin genişləndirilməsinin dəstəklənməsi və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədilə mütərəqqi texnologiyaların tətbiqi dəstəklənməli, habelə özəl sektorun iştirakı ilə kənd təsərrüfatının zəruri bazar infrastrukturu ilə təmin olunması genişləndirilməlidir.

Bitkiçilik məhsulları istehsalının intensiv inkişafının təmin olunması məqsədilə fermerlərin toxum, suvarma suyu və gübrə ilə təminatı yaxşılaşdırılmalıdır. Həmçinin toxumçuluq, tingçilik və damazlıq təsərrüfatı müəssisələri inkişaf etdirilməlidir.

Kənd təsərrüfatının yüksək ixtisaslı mütəxəssislərlə təmin olunması məqsədilə aqrar sahədə kadr hazırlığı sistemi təkmilləşdirilməsinə, aqrar elmin maddi-texniki bazası möhkəmləndirilməsinə, fermerlərin idarəetmə vərdişlərinin və biliklərinin artırılması üçün təlimlərin, təcrübələrin yayılması və elmi tədqiqatlar həyata keçirilməsinə ehtiyac var.

Kənd təsərrüfatının inkişafı kənd yerlərində məşğulluğun artması və aqrar sahədə çalışan əhali qrupu üçün gəlir mənbəyinin genişlənməsi ilə yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin yüksəldilməsində də həlledici əhəmiyyətə malikdir. Son vaxtlar dünya ərzaq bazarlarında, eləcə də, Azərbaycanda müşahidə olunan bahalaşma əhalinin, xüsusilə onun aztəminatlı hissəsinin ərzaqla təminatına və həyat səviyyəsinə mənfi təsir göstərməyə bilməz. Bu baxımdan, daxili ərzaq bazarının idxaldan asılılığının azaldılması və əhalinin ərzaq məhsullarına tələbatının əsasən yerli istehsal hesabına təminatı xüsusi əhəmiyyət kəsb edir.

Ərzaq təminatının yaxşılaşdırılması məqsədilə ilk növbədə ölkədə aqrar sahibkarlığın inkişafı, ev təsərrüfatlarının iqtisadi imkanlarından daha səmərəli istifadə edilməsi, eyni zamanda yerli ərzaq növlərinin istehlakı və istehsalına üstünlük verilməsi üçün əhalinin istehlak vərdişlərinin dəyişdirilməsi sahəsində sistemli tədbirlər həyata keçirilməlidir.

Məlum olduğu kimi, işsizlik yoxsulluğu yaradan əsas amillərdən biridir. Beynəlxalq Əmək Təşkilatının metodologiyasına əsasən aparılmış hesablamalara görə, 2022-ci ildə ölkədə işsizlərin sayı 315 min nəfərə çatıb, bu da iqtisadi fəal əhalinin 7%-ni təşkil edir.

Dövlət məşğulluq siyasəti aktiv və passiv tədbirlər vasitəsilə işsizlərə yardım göstərilməsini nəzərdə tutur. Passiv tədbirlər, əsasən, işsizliyə görə müavinətlərin verilməsindən ibarətdir. Aktiv tədbirlər isə, əsasən, peşə təlimlərinin təşkil edilməsi, əmək yarmarkalarının keçirilməsi və sair kimi çoxsaylı tədbirləri əhatə edir və əsasən, əmək bazarının təşkilinə və təkmilləşdirilməsinə, işçi qüvvəsinin iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmasına yönəlib.

Hazırda bu sahədə əsas məsələ əmək qabiliyyətli əhali üçün xüsusilə də qeyri-neft sektorunda, səmərəli məşğulluq imkanlarının daha da genişləndirilməsindən ibarətdir.

Digər mühüm məsələ əməkhaqqının tənzimlənməsi mexanizminin təkmilləşdirilməsidir. Yoxsulluğun monitorinqi nəticələrindən məlum olur ki, azmaaşlı və azməhsuldar iş yerlərinin çoxluğu məşğul əhalinin yoxsulluq riskini azaltmağa imkan vermir. Məşğul əhali arasında yoxsulluq riskini azaltmaq üçün son illərdə minimum əməkhaqqının artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Minimum əməkhaqqı mərhələlərlə artırılaraq 300 manata çatdırılmışdır. Lakin inflyasiyanın sürətlənməsi bu pulun əmttə gücünü azaldıb və əvvəlki 200 manat dəyərinə salıb. Bu səbəbdən də, əldə olunan neft-qaz gəlirlərinin əhəmiyyətli bir hissəsinin sosial müdafiəyə, maaş və pemnsiya artımlarına yöənldilməsinə ehtiyac böyükdür.

Davamı olacaq

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə