Kollaps vəziyyətinə düşmüş Bakı: vəziyyətdən necə çıxmalı? - ARAŞDIRMA

Deputat: İş saatları dəyişdirilməli, universitetlər köçürülməli, sərnişindaşıma sistemi təkmilləşdirilməlidir

Son dövrlərdə paytaxt yollarındakı tıxaclar Bakı sakinləri üçün ən ciddi problemlərdən birinə çevrilib. Bu ilin yanvar ayına olan məlumata görə, Azərbaycanda avtomobillərin sayı 1.7 milyona, minik avtomobillərin sayı isə 1 milyon 350 minə çatıb. Ötən il ölkəyə 85 minə yaxın minik avtomobili idxal olunub. Bunların və ümumən ölkədəki avtomaşınların üçdə ikisinin paytaxtda olduğu məlumdur. Üstəlik, son illərdə Bakıda tikinti bumunun müşahidə olunması və şəhərin sıx şəkildə tikilmiş hündür binalarla dolması paytaxtda gərginliyi artırıb. Nəticədə şəhər həyatı artıq iflic olmaq üzrədir.

Avtomobillərin sayında son illər artım müşahidə olunsa da, Azərbaycan hər 1000 nəfərə düşən avtomobillərin sayına görə dünyada heç də maşın sayının çoxluğu olan ölkələr sırasında yer almır. Azərbaycanda hər min nəfərə 170 maşın və ya 135 minik avtomobili düşür. Bu göstəriciyə görə ölkəmiz dünyada 107-cidir. Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkədə yazıb.

İqtisadçı deyr ki, inkişaf etmiş ölkələrdə adambaşına düşən avtomobil sayı bizdən dəfələrlə çoxdur: Ən çox avtomobilə sahib olan dövlətlər Yeni Zenlandiya və ABŞ-dır. Bu ölkələrdə hər 1000 nəfərə həmin ölkələrdə uyğun olaraq 897 və 868 avtomobil düşür. Region ölkələrindən Rusiya 397 avtomobil ilə dünyada 55-ci, Gürcüstan 378 avtomobil ilə 61-ci, Moldova 363 avtomobil ilə 63-cü, Belarus 343 avtomobil ilə 70-ci, Qazaxıstan 207 avtomobil ilə 94-cü, Qırğızstan 201 avtomobil ilə 97-ci, Özbəkistan 87 avtomobil ilə 130-cu yerdədir. Rəqəmlərin müqayisəsi də göstərir ki, Azərbaycanda hər 1000 nəfərə düşən avtomobillərin sayı əksər region ölkələri ilə müqayisədə də çox deyil”.

Deputat bildirir ki, xüsusənson 20 ildə Bakının infrastrukturunun kəskin inkişafı qeydə alınıb: “Aydındır ki, infrastruktur genişlənməsəydi o zaman daha kəskin tıxaclar müşahidə oluna bilərdi. Bu baxımdan, infrastrukturun inkişafı vacib idi və Bakı bu kontekstdən regionda seçilən şəhərlərdəndir. Tıxacların əsas səbəblərindən biri ölkədəki minik avtomobillərin 70 faizindən çoxunun Bakıda istifadə olunmasıdır. Hər 1000 nəfərə düşən avtomobillərin şəhərlər üzrə müqayisəsi göstərir ki, Bakı regionda ən çox avtomobilin istifadə olunduğu yaşayış məntəqələrindədir- baxmayaraq ki, ölkə üzrə göstərici tamamilə fərqlidir. Bu baxımdan, tıxaclar əsasən Bakıda müşahidə olunur. Hətta digər iri şəhərlərimizdə belə bu hələlik ciddi çətinlik hesab olunmur.

Tıxaclar iqtisadi fəaliyyətə də neqativ təsir göstərir. Belə ki, tıxaclarda itirlən zaman həmçinin əksər hallarda iqtisadi dəyər yaratmayan vaxt intervalıdır. CNN kanalının hesablamarına görə, ABŞ-ın iri şəhərlərində hər sürücü il ərzində 97 saat tıxacda qalır. Ən çox zaman itkisi Los-Angelisdədir: 129 saat. Dünyada ən pis göstərici isə Moskva şəhərinə aiddir: hər sürücü ildə 250 saat tıxacda keçirir”.

Bəs tıxacın azaldılması üçün nələrin edilməsinə ehtiyac var? Deputatın fikrincə, infrastrukturun genişləndirilməsi vacibdir və bu istiqamətdə işlərin davam etdirilməsi təqdirə layiqdir, lakin heç bir ölkə sadəcə inkişaf etmiş infrastruktur ilə tıxac problemini həll edə bilməyib, bu səbəbdən də digər və xüsusən dolayı hesab olunan tədbirlərə ehtiyac var: “Əksər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş saatlarının dəyişdirilməsi tıxacların aradan qaldırılması və sıxlığın azaldılması baxımdan vacib hesab olunur. Əksər Qərb ölkələrində olduğu kimi dövlət, özəl və təhsil müəssisələrinin fərqli iş saatlarında işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşalar tıxacda az zaman sərf etsinlər. Bu da xüsusən avtomobildən istifadə edərək işə gələnlərin yanacağına qənaət deməkdir. Bakıda əksər dövlət və özəl sektor eyni vaxtda işə başlayır və iş saatı da eyni zamanda başa çatır. Bu da tıxacı artıran səbəblərdəndir. Bu baxımdan, dövlət sektorunun özəl sahəyə nisbətətn daha tez işə başlaması və müqayisəli şəkildə əmək gününü daha tez bitirməsi tıxacları müəyyən qədər azalda bilər. Hətta dövlət sahəsində sektoral yanaşmanın da tətbiq edilməsi mümkündür. Oxşar mexanizm özəl sektor üçün də tövsiyyə oluna bilər”.

Vüqar Bayramovun fikrincə, digər metod bir sıra təhsil müəssisələrin növbəli şəkildə paytaxtdan kənara köçürülməsidir: “ABŞ-da aparıcı universitetlərin böyük əksəriyyəti kiçik şəhərlərdə yerləşir. Bu iri şəhərlərdə tıxacın azaldılmasına xidmət etməklə yanaşı kiçik yaşayış məntəqələrin də inkişafını stimullaşdırır”.

İqtisadçı hesab edir ki, ictimai nəqliyyatda xidmət keyfiyyətinin və tezliyin yüksəldilməsi Avropa ölkələrində tıxacın azaldılmasına xüsusi töhvə verib. Bakıda bu sahədə islahatların genişləndirilməsi və ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması olduqca vacibdir.

“Bütövlükdə, tıxacın azaldılması üçün alternativ metodlardan daha çox istifadə edilməsi olduqca vacibdir. Bir sıra ölkələrdə hətta bu problemin həlli üçün ayrıca proqramlar hazırlanıb və işçi qrupları fəaliyyət göstərir. Bu baxımdan, bu sahədəki tədbirlərin əlaqələndirilməsi və ünvanlığın artırılması tıxaclara qarşı mübarizəni gücləndirə bilər”- deyə deputat qeyd edib.

Qeyd edək ki, son aylarda Bakının sərnişindaşıma sistemində problemlər daha da artıb, tıxaclar çoxalıb. Avtobusların sayı azalıb, marşrutların intervalı çoxalıb. Metroda artıq acınacaqlı vəziyyət yaranır. Artıq şəhərkənarı ərazilərdə də tıxaclar baş verir. Özü də təkcə işə gedib-gəlmək saatlarında deyil, adi vaxtlarda da. Bu məsələnin Milli Məclisdə geniş müzakirəsinə və müvafiq qərarların qəbuluna böyük ehtiyac var. Problemin həllinə fundamental yanaşılmalı, kompleks şəkildə gəll edilməlidir. Müvəqqəti tədbirlər problemi aradan qaldırmır. Müxtəlif ekspertlər uzun illərdir ki, problemin həlli üçün effektiv təkliflərlə çıxış edirlər.

Ekspertlərin təkliflərini ümumiləşdirsək belə komplektləşdirmək olar- əhalinin Bakıya cəmləşməməsi, əskinə paytaxta toplaşmış region əhalinin bölgələrə qayıtması üçün sosial iqtisadi tədbirlər görülməlidir. Digər şəhərlərdə fabrik və zavodlar tikilməli, bəzi ailə məktəblər başqa şəhərlərə köçürülməli, vaxtilə ləğv edilmiş nəqliyyat sistemləri- tramvay, trolleybus və elektrik qatarları- bərpa edilməlidir. Qarabağın bərpası sürətləndikcə Bakıda müvəqqəti yaşayan qaçqın və köçkünlərin həmin bölgəyə yerləşdirilməsi Bakıdakı sıxlığı azalda bilər. Söhbət azı yarım milyon insandan gedir.

Digər bölgələrin də potensialından effektiv istifadə ediə bilər. Xammalın bol olduğu rayonlarda emal müəssisələri, xüsusən də yeyinti və yüngül sənaye müəssisələri açıla bilər. Bakıdakı bəzi zavod və fabriklər rayonlara köçürülə bilər. Bölgələrdə kiçik və orta sahibkarlığa yardımlar göstərilə, istehsal obyektləri üçün faizssiz kreditlər, vergi və gömrük güzəştləri verilə bilər.

Bu da regionlarda iqtisadi canlanma yaradar, əks-urbanizasiya prosesi başlayar. Əgər əhalinin ölkə üzrə bərabər nisbətdə yerləşməsi, iqtisadiyyatın regional balanslaşdırılması baş tutsa, ölkəmizin davamlı və tarazlı inkişafı təmin olunar, bir çox sosial problemlər də aradan qalxar. Üstəlik, bütün bunlar ümumdaxili məhsulun və ixracın artmasına, idxalın azalmasına, dövlət büdcəinin gəlirlərinin çoxalmasına, dövlətin sosial yükünün azalmasına gətirib çıxara bilər.

Bu səbəbdən, hesab edirik ki, hökumət “Kəndə qayıdış” proqramı elan etməli, regionların sosial-iqtisadi həyatının canlanmasına hər cür dəstək verməlidir. Bunun üçün müvafiq maliyyə ehtiyatları da kifayət qədərdir. Azərbaycanın 55 milyard dollarlıq strateji valyuta ehtiyatları var. Bunun cəmi 5 milyardını cəlb etməklə, həmçinin qeyri-dövlət investisiyalarını təşviq etməklə bu işləri həyata keçirmək olar. Nəticədə həm paytaxtımız nəfəs alar, həm də regionlar sürətli inkişaf edər.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə