Pavel Klaçkov: Ermənistanın taleyini onun seçimi müəyyən edəcək - MÜSAHİBƏ
Rusiya politoloqu: Qərb missiyası Ermənistan-Azərbaycan sərhəddində münaqişə yarada bilər ki, daha sonra Azərbaycanı günahlandırsın və onun mövcud olmayan “aqressivliyi” tamam başqa səviyyədə müzakirə olunsun
Politoloq, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin filialının direktoru Pavel Klaçkov “Moskva-Baku” portalına müsahibəsində Avropa İttifaqı missiyasının Ermənistan və Azərbaycan sərhədinə göndərilməsinin və region üçün nə vəd edə biləcəyi haqda fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Pavel Vladimiroviç, Aİ xarici işlər nazirləri Lüksemburqda keçirilən iclasda Azərbaycanla sərhəddə Ermənistana 40 müşahidəçinin göndərilməsini təsdiqləyiblər. Maraqlıdır ki, elə bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmkarının Moskvanın erməni və KTMT-nin sərhəddə sentyabr eskalasiyasına yetərincə reaksiya verməməsi ilə bağlı növbəti tənqidinə cavab olaraq, açıq şəkildə bildirdi ki, İrəvanın özü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasını bu zonada görmək istəməyib. İndi görürük ki, İrəvanın sərhədə beynəlxalq missiya göndərmək çağırışları gerçəkləşir...
- Təəssüf ki, etiraf etməliyəm ki, Ermənistan getdikcə Rusiyaya və KTMT-yə qarşı loyallığı azalır. Bu, artan xarici təsir, Rusiya yaxınlığında daha bir qaynar nöqtə arzusunda olan Qərb bloku ölkələrinin təzyiqi altında baş verir. Belə qaynar nöqtəni qızışdırmaq Qərbin planına görə, Rusiyanın resurslarını, onun hərbi qüvvələrini vəziyyətin həlli üçün müdaxilə etməyə yönəltməlidir. Ona görə də Qərb Zaqafqaziyada münaqişə yaratmağa çalışır.
Rusiya bu regionda sülhün və sabitliyin qorunub saxlanması üçün əlindən gələni edir, lakin bizim qarşı tərəflərin barışmasına yönəlmiş səylərimiz, təəssüf ki, heç də həmişə uğurlu alınmır, xüsusən də bu işdə Ermənistan tərəfinin mövqeyini anlayırıq. ABŞ-ın Ermənistandakı QHT-ləri necə qidalandırdığını görürük və son vaxtlar respublikada Rusiya əleyhinə mitinqləri davamlı olaraq müşahidə edirik. İrəvan ikili oyun oynayır, Qərbin piyadası kimi Rusiyadan yan keçməyə çalışır. Ancaq bu yaxşı bir şeyə səbəb olmayacaq. Axı Qərb dövlətləri Ermənistanı əməkdaşlıq etmək istədikləri suveren ölkə kimi qəbul etmirlər. Ermənistan onlar üçün anti-Rusiya manevrləri meydanıdır, öz piyadalarını hərəkət etdirə biləcəkləri bir meydandır. Məqsəd Rusiyanın Zaqafqaziyada qıcıqlandırıcı olmasıdır. Amma Ermənistanın bu yanaşması və Qərbə boyun əymək istəyi respublika üçün çoxlu problemlər vəd edir.
Aİ missiyasının 2 ay davam edəcəyi açıqlanır. Amma başa çatandan sonra İrəvanın tələbi ilə qeyri-müəyyən müddətə Ermənistan-Azərbaycan sərhədində qalacağı deyilsə, təəccüblənmərəm. Aİ bölgəyə belə bir şəkildə, necə deyərlər, nüfuz edən kimi orada uzun müddət möhkəmlənməyə çalışacaq. Aİ bütün bunları Qərb ölkələrinin sülh prosesinə fayda gətirmək istədikləri bir şey kimi təqdim etsə belə, buna inanmamalısınız. Qərbin fəaliyyəti həmişə qanlı qarşıdurmanı ortaya çıxarmaq istəyidir. Mən tam etiraf edirəm ki, Aİ mülki müşahidəçilər adı altında münaqişə yarada bilər.
Qərbi onlardan uzaq olan Zaqafqaziyada yaşayan ölkələrin və xalqların taleyi narahat etmir. Rusiya üçün isə bu, tarixi, çoxəsrlik yaxın əlaqələr olan regiondur. Motivlərin, tarixi fonun fərqliliyi hadisələrin belə inkişafını və maraqların toqquşmasını diktə edir.
Diqqət son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın yeni eskalasiya raundunu “açmaq”la bağlı müntəzəm bəyanatlarına yönəldilir. Sərhəddə Avropa missiyasının yerləşdirilməsinin yaxınlaşması ilə belə bir fikir yaranır ki, bu cür bəyanatlar vəziyyətə uyğunlaşır. Qərb missiyası orada olan kimi Ermənistan sərhəddə münaqişə yarada bilər ki, bu missiya daha sonra Azərbaycanı günahlandırsın və onun mövcud olmayan “aqressivliyi” tamam başqa səviyyədə müzakirə olunsun. Onlar təkcə “təcavüz” deyil, həm də insan hüquqları ilə bağlı “hekayələri” xatırlayacaqlar və s.
- Və burada Makronun ötən gün verdiyi, guya Rusiyanın Qarabağ münaqişəsindən öz problemlərini həll etmək və hamını parçalamaq üçün istifadə etdiyi, son illər Azərbaycanın xeyrinə “oynadığı” barədə tam qalmaqallı açıqlamaları da əlavə olunur. Eyni zamanda Fransa prezidenti bəyan edib ki, Paris Ermənistanı tərk etməyəcək... Makronun bəyanatlarına təkcə Rusiya Xarici İşlər Nazirliyi deyil, Putin və Medvedyev də reaksiya verib...
- Makronun davranışı heç bir məntiqlə, hərəkətlərin düşüncəliliyi ilə seçilmir. Fransa daha ciddi və müdrik siyasətə layiqdir. Əvəzində Makronun təlxəkliyini, təəccüb doğurmaya bilməz açıqlamalarını görürük. O, qabağa baxmır. Ermənistana bu cür səmimi dəstək, təbii ki, Fransada güclü erməni diasporunun olması ilə izah olunur. Amma Fransanın özünün mövqeyinə açıq-aşkar mənfi təsir göstərən belə açıq bəyanatlar vermək normal deyil. Əslində təəccüblənəcək bir şey yoxdur. Bu siyasət tərzini bu gün Qərbdə müstəqil olmayan siyasətçilərin ayaqda saxlaması diktə edir. Onların ABŞ naminə oyun oynamaqdan başqa seçimləri yoxdur. Onların etdiklərini gələcək nəsillər qınayacaq.
Avropa İttifaqı özünü tamamilə gözdən salıb və bunu digər məsələlərlə yanaşı, Cənubi Qafqaz siyasətində də görmək olar. Onlar Cənubi Qafqaza, guya dinc düşüncələrlə gəlirlər. Və buna fəal şəkildə inandırmağa çalışırlar, etibarlılıq üçün demək olar ki, özlərininki kimi qəbul etməyə çalışdıqları Rusiyanın nailiyyətlərindən istifadə edirlər. Bəs nəticə nədir- Makronun bəyanatı kimi bu qəbildən olan bəyanatlar Qərbin “sülhpərvər” maskalarını qoparır. Nensi Pelosinin Ermənistanda verdiyi bu cür bəyanatlar maskaları çıxarır. Bütün bunlar onu göstərir ki, Qərbin Cənubi Qafqaz dövlətlərinin xeyrinə hərəkət etməsi fikri çəhrayı rəngli eynək kimi şeydir. Nəticədə biz hadisələrin əslində necə olduğunu və Qərbin əsl vəzifələrini görürük. Hətta Fransa prezidentinin bu cür bəyanatlarından sonra Qərbin hələ də deqradasiyası üçün yeri var. Düşünürəm ki, gələcəkdə biz hələ Avropa İttifaqının dağılmasının şahidi olacağıq. Onda daha məsuliyyətli, mən deyərdim, daha çox vətənpərvər siyasətçilər olacaq. Mən ABŞ-dan asılı olmayan daha müstəqil Avropa görmək istərdim. Bir də ki, suveren, müstəqil olmalı olan ölkənin lideri əslində ona deyilənləri yerinə yetirəndə- hansı inamdan, şəffaflıqdan, konstruktivlikdən danışmaq olar.
Əgər Fransa Zaqafqaziyada belə davranarsa, 27 ölkə Aİ missiyasını təsdiqləsə, o zaman Ermənistanla Azərbaycan sərhədində yerləşəcək bu qondarma missiyanın bütün məsələləri erməni tərəfinin xeyrinə həll edəcəyi ehtimalı yüksəkdir. . Onların vəzifəsi, digər şeylərlə yanaşı, həm Türkiyəni, həm də İranı hərbi münaqişə üçün bölgəyə çəkməkdir. Beləliklə, “ağır silahların” istifadəsi ilə hər şey bir arada toqquşur. Rusiya bunun qarşısını almaq üçün hər cür səy göstərəcək.
Bu gün Rusiya və Türkiyənin əməkdaşlığı getdikcə gücləndirdiyini, konsolidasiyanın qaçılmaz olduğunu, Qərbin iştirakı olmadan yeni ittifaqların təşkili faktını nəzərə alsaq, çox güman ki, Moskva və Ankara Cənubi Qafqaz sülhə nail olmaq üçün vahid cəbhə kimi çıxış edəcəklər.
- Azərbaycan prezidenti Makronun açıqlamalarına reaksiya verərək, Fransa prezidentinin tezislərini tənqid edərək, Rusiyanın da müdafiəsinə qalxdı. Bundan əlavə, Əliyev qeyd edib ki, bəzi dövlətlər sərhəddə sentyabrın eskalasiyasını dayandıranın Rusiya deyil, özləri olduğunu təqdim etməyə çalışsalar da, bu, doğru deyil. Əliyevin Moskvaya qarşı bu cür jestlərini necə qiymətləndirmək olar?
- Əliyev başa düşür ki, Rusiya həqiqətən də regionda eskalasiyanın olmamasında, vəziyyətin tam və uzunmüddətli həllində, sülhün gəlməsində maraqlıdır. Ona görə də, Əliyev sadəcə olaraq nəyin nə olduğunu təsdiqlədi. Və o bildirib ki, Fransa artıq nizamlamada vasitəçi ola bilməz- onun açıq-aydın balanssız mövqeyinə dair həddən artıq çoxlu nümunələr var idi və Makronun bəyanatlarından sonra Ermənistan-Azərbaycan nizamlanması üzrə Bakı və Parisi müzakirə etmək artıq prinsipcə mümkün deyil.
- Sülh müqaviləsi imzalamamaq və sülhə doğru addımlamamaq üçün Aİ missiyası Ermənistan üçün vacibdirmi?
- Belə bir qərar sadəcə olaraq Ermənistanın üzərinə qoyulub. Əslində, Ermənistanın fikri Qərb kuratorları tərəfindən nəzərə alınmır. Sadəcə olaraq, bu ölkə istifadə olunur, İrəvanın özünü necə aparması diktə olunur. Ermənistan müstəqil ölkə deyil. İstər Rusiya ilə, istərsə də onun düşmənləri ilə birgə ola bilər. Onun kiminlə olacağı seçimi onun taleyini müəyyən edəcək.
Ermənistanın baş naziri isə ya “biz sülh tərəfdarıyıq” deyəndə, ya da hansısa şərtlər qoyanda sülh prosesi dinamikləşir - bu, yenə ona görədir ki, Ermənistan dövlət kimi möhkəm təməllər üzərində dayanmır. Ona görə də ölkəyə başçılıq edən siyasətçi küləyin əsdiyi yerə dönür.
Təəssüf ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin yaxın gələcəkdə imzalanmayacağı ehtimalı daha çoxdur. Tarixi perspektivdə Rusiya bu istiqamətdə yenidən özünü bütün gücü ilə göstərəcək. Və Aİ-nin vasitəçiliyi ilə Azərbaycan heç nəyə imza atmayacaq - öz milli maraqlarına xəyanət etməyəcək.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB