İqtisadi diversifikasiyada qeyri-neft sektorlarının klaster üsulu ilə düzgün seçilməsi və sağlam biznes mühiti kimi meyarlar əsas rol oynayır
Azərbaycanda iqtisadiyyatın diversifikasiya edilməsi məqsədilə qeyri-neft sektorunun inkişafına dəstək məsələsi dövlət başçısı və hökumət tərəfindən əsas prioritet elan edilib. Bu məqsədlə bir sıra sahələrə dövlətin maliyyə dəstəyinin verilməsi üçün bəzi addımlar atılıb. Kiçik və orta sahibkarlığın inkişafına yardım üçün güzəştli kreditlərin və subsidiyaların verilməsi təşkil olunub, müxtəlif güzəştlər edilib. Lakin buna baxmayaraq, hələlik tarazlı iqtisadiyyata nail olunmayıb. Bəs səbəblər nədədir, bunu necə etmək mümkündür? Bu yazıda bu suallara ekspertlərin köməyi ilə aydınlıq gətirməyə çalışacağıq.
İqtisadi şaxələndirmə üçün hansı vacib addımlar atılıb?
Azərbaycanda iqtisadiyyatın və ixracatın diversifikasiya olunmasına təsir göstərə biləcək 20-dən artıq qanun qəbul edilib. Bundan başqa, bəzi dövlət proqramları təsdiq olunub, müxtəlif fondlar yaradılıb.
Regionların sosial-iqtisadi inkişafi Dövlət Proqramlarının və bu kimi digər proqramların əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının, iqtisadiyyatın diversifikasiyasının, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafın təmin olunması müəyyənləşdirilib.
Bu tədbirlər müəyyən müsbət nəticələr versə də, hələlik ÜDM-də, ixracda və dövlət büdcəsində neft sektorunun böyük üstünlüyünün azaldılmasına, başqa sözlə sektorial diversifikasiyaya nail olunmayıb. Ümumilikdə, ÜDM-in 1/3-i, büdcənin 55 faizi, ixracın 90 faizdən çoxu neftin bazasında formalaşır.
Regional diversifikasiyaya da hələlik nail olmaq mümkün olmayıb. Belə ki, ölkə ərazisinin təxminən 2,5 faizini təşkil edən Bakı-Abşeronda ÜDM-in ən azı 75 faizi formalaşır. Bu zonanın büdcə daxilolmalarında payı digər bütün iqtisadi rayonlar üzrə daxilolmalardan 9 dəfə çoxdur. Digər regionların büdcə daxilolmalarında payı ənənəvi olaraq 6-7 faizi keçmir.
Hökumətin sənədlərində diversifikasiyaya nail olmağın yolları kimi aşağıdakılar qeyd olunur:
-Qeyri-neft sektorunda idxalı əvəzləyən məhsul istehsalının genişləndirilməsi;
-Qeyri-neft məhsullarının ixracının artırılması və qeyri-neft sektorunda ixracın diversifikasiyasının təmin olunması;
-Ölkədə regional inkişafın təmin edilməsi, regionlar arasında tarazlı inkişafa nail olunması;
-İKT-nin və qabaqcıl istehsal texnologiyalarının tətbiqi sayəsində rəqabətədavamlı və yüksək texnoloji məhsulların istehsalı.
Bəs klaster yanaşma ilə prioritet götürüləcək qeyri-neft sahələri hansılar ola bilər və onların hansı perspektivləri var?
Sektorların seçilməsində hansı mühüm faktorlar rol oynayır?
İqtisadi diversifikasiyada qeyri-neft sektorlarının düzgün seçilməsi meyarları əsas rol oynayır. Seçilən sahənin digər sektorlarla əlaqəsi nin olması mühümdür. Belə ki, prioritet seçilən sahə digər sektorların da inkişafı üçün lokomotiv rolunu oynamalıdır, onların da məhsulları üçün yeni tələb formalaşdırmalı və digər sektorların hazır məhsullarını istehlak etməlidir. Dünya üzrə o sektorlar yüksək “lokomotiv effekti”nə malik sahələr hesab edilir ki, onlar istehsal prosesində hər bir son məhsulun dəyərinin 50%-i qədər digər sektorların hazır məhsullarını istehlak edir.
Bundan başqa, seçilən sahənin əməktutumlu olması da vacib şərtdir. Burada söhbət birbaşa olaraq seçilən sektorda yaranacaq iş yerlərinin sayından, digər sektorlara pozitiv təsir nəticəsində onlarda yaranacaq iş yerlərindən və nəhayət, yüksək əməkhaqqının formalaşdıracağı “gəlir effekti” ilə yaranan lokal xidmətlərdən gedir.
Daha bir əhəmiyyətli məqam seçilən sahənin böyük ixrac potensialı ilə bağlıdır. Ölkənin digər bütün şərtlərlə yanaşı, müqayisəli üstünlüyə malik olduğu sahələr üzrə yüksək ixrac potensialına sahib ola biləcəyi güman edilir. Bu zaman konkret məhsulun ölkənin ümumi ixracındakı payının qlobal ixracdakı payına nisbəti də bir indikator kimi nəzərə alınmalıdır.
Nəhayət, seçilən sahənin idxalı əvəzetmə potensialı nəzərə alınmalıdır. İqtisadi inkişaf strategiyalarında bir qayda olaraq idxalı əvəzetmə yanaşması neqativ nəticələr də doğurur. Belə ki, bu yanaşma proteksionizm və subsidiyalaşma vasitəsilə rəqabət mühitinə mənfi təsir göstərir. Ancaq hansı sahələrdə ki böyük daxili tələb var və ənənəvi olaraq yerli müəssisələr rəqabətli olublar, idxalı əvəzetmə tətbiq edilə bilər. Təbii ki, daha çox köhnə müəssisələrin modernləşməsi yolu ilə.

İqtisadi şaxələnməyə hansı faktorlar mane ola bilər?
Görülən tədbirlərə baxmayaraq, iqtisadiyyatın şaxələndirilməsinə mane ola biləcək faktorlar da var. Bunlardan biri də “Holland sindromu”- xammal satışından ölkəyə daxil olan irimiqyaslı xarici valyuta axınları qarşısında yerli valyutanın durmadan bahalaşması və bununla da bir sıra iqtisadi sektorların rəqabət qabiliyyətinin azalması prosesidir.
Bundan başqa, zəif idarəçilik, strateji yanaşmanın olmaması və sosial aktyorların prosesdə zəif iştirakçılığı- ümumi dövlət idarəçiliyində və inkişaf prioritetlərinin seçimində sosial aktorların kənarda qalması hökumətin seçdiyi prioritetlərin reallıqları əks etdirməməsinə, qərar qəbuletmə prosesində qərarların dayanıqsızlığına səbəb olur.
Burada daha bir faktor da var ki, o da texniki problemlərlə bağlıdır. Biznes və investisiya mühitinin problemləri şaxələnməyə mane ola biləcək amillərdir. Biznes subyektlərinin yaradılmasında, qeydiyyatında, mülkiyyət hüquqlarının qorunmasında, idxal və ixrac əməliyyatlarında, rəsmi icazə və lisenziyaların verilməsində, vergi və gömrük orqanları ilə qarşılıqlı münasibətlərdə, kreditlərin alınmasındakı problemləri misal göstərmək olar.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, prezident İlham Əliyevin əsas prioritet elan etdiyi iqtisadi şaxələnmə proqramı olduqca əhəmiyyətlidir. Sadəcə, hökumət strateji konsepsiya üzrə neft-qaz gəlirlərinin müəyyən hissəsini yönəltməklə bu istiqamətdə konkret proqramlar həyata keçirsə, həm sektorial, həm də regional diversifikasiyaya nail ola bilər və qısa zamanda getdikcə azalmaqda olan neft sektorundan asılılığı minimuma endirə, yaxın və orta müddətli dövrdə ölkənin tarazlı və davamlı inkişafını təmin edə bilər.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB