Rusiya politoloqu: “Əliyev özünə, mövqeyinə arxayındır, məqsədinə çatacağını bilir” - MÜSAHİBƏ
Sergey Markov: Putin, Əliyev və Paşinyan Astanada MDB Dövlət Başçıları Şurasında Ermənistan-Azərbaycan nizamlanması ətrafında vəziyyəti müzakirə edəcəklər
Rusiyanın nüfuzlu politoloqu, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Praqa görüşünün yekunları, Azərbaycan və Ermənistan liderlərinin MDB dövlət başçıları Şurasının Astana sammiti barədə “Moskva-Baku” portalına müsahibəsində maraqlı məqaçmlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.
- Sergey Aleksandroviç, elə oldu ki, Praqadakı dördtərəfli görüşdən dərhal sonra İlham Əliyev və Nikol Paşinyan sentyabrın 7-də Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitinə getdilər...
- Birincisi, Vladimir Putin belə qeyri-rəsmi sammitlə Rusiyanın digər Birlik dövlətləri ilə əməkdaşlığı dərinləşdirməyə və gücləndirməyə yönəlmiş siyasətini göstərmək istəyirdi, ikincisi, MDB liderləri üçün Ukrayna ətrafında bundan sonra nələrin baş verəcəyini, regionu nə gözlədiyini öyrənmək vacib idi. Bundan əlavə, bəli, ənənəvi olaraq Əliyev və Paşinyan, adətən olduğu kimi, Avropa danışıqları barədə Putini xəbərdar edirdilər. Paşinyan Putinə dedi ki, “Vladimir Vladimiroviç, Aİ danışıqlarına qoşulmaq heç bir halda Rusiyaya qarşı yönəlməyib”. İlham Əliyev də öz növbəsində izah etdi ki, Azərbaycan belə görüşlərə razıdır, danışıqlar aparır, lakin avropalı tərəfdaşların öz oyunlarını oynadığını yaxşı bilir.
Rəsmi Bakı çox gözəl bilir ki, Praqa görüşü Azərbaycanı aldatmaq, onların Ermənistanın tərəfində və Rusiyaya qarşı oynamaq cəhdidir. Əliyev Aİ-nin sərhəddəki mülki missiyası ilə razılaşıb, Azərbaycana təsir edəcək dərəcədə bu missiya ilə əlaqə saxlamağa hazır olduğunu bildirib. Özü də Azərbaycanın belə bir missiyaya ehtiyacı yoxdur. Amma Ermənistan üçün bu, onun müdafiəçilərinin olması üçün səbəb tapmaq, Aİ-ni Ermənistan-Azərbaycan nizamlanmasına sürükləmək üçün növbəti cəhddir. Rusiya nöqteyi-nəzərindən Cənubi Qafqazda belə bir missiyanın həyata keçirilməsi xəyanətdir. Putin isə təbii ki, bu prosesi dayandırmaq istəyir.
Şübhəsiz ki, Ermənistan sərhədində Avropa missiyasının fəaliyyətə başlamasından iki həftə keçdikdən sonra bunun daha uzun müddət qalmaqla bağlı olduğu və erməni tərəfinin bunun tərəfdarı olduğu barədə bəyanatlar veriləcək.
Cümə günü Astanada MDB dövlət başçılarının tamhüquqlu şurası keçiriləcək. Maraqlıdır ki, bundan əvvəl orada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi keçiriləcək və bu çərçivədə Putinlə Ərdoğan arasında görüş baş tuta bilər. Rusiya və Türkiyə liderləri Azərbaycanla Ermənistan, Türkiyə və Ermənistan arasında sülhə doğru hərəkat mövzusuna da toxunacaqlar. Həmçinin, Aİ-nin prosesə girmək cəhdlərinə. Həm Rusiya, həm də Türkiyə üçün Cənubi Qafqazda sülhün bərqərar olmasına nail olmaq vacibdir, çünki nizamlanma qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq imkanları açacaq.
Son vaxtlar Putin və Rusiyanın yüksək vəzifəli şəxsləri Qərbin qonşularla mübahisə etmək və MDB-yə nüfuz etmək cəhdləri mövzusuna toxunurlar. Rusiya üçün ABŞ və Avropa İttifaqının Zaqafqaziyaya nüfuz etməsinin qarşısını almaq vacibdir. Hamı yaxşı bilir ki, Qərb dövlətləri kiminsə ərazisinə gəlirlərsə, sülh üçün deyil, dövlətləri qarmaqlarına asmaq üçün gəlirlər. Ona görə də Putin və Ərdoğan Qərbin hərəkətləri mövzusunu da müzakirə edəcəklər.
Amma Astanada sammitində Putin Əliyev və Paşinyanla Qərbin hərəkətlərini müzakirə etməyəcək. Bu onun taktikası deyil. O, Rusiyanın nizamlanmanı irəli sürmək üçün nə edə biləcəyi barədə danışmağa üstünlük verir.
- Çoxları diqqəti Praqa görüşündən çox “danışan” videogörüntülərə çəkdi - həm Əliyevlə Paşinyan arasında şəxsi təmaslar, həm də çoxtərəfli təmaslar...
- Doğrudan da, İlham Əliyev özünü sözün əsl mənasında suda olan balıq kimi- sakit, inamlı hiss edirdisə, əksinə, Nikol Paşinyan çox gərgin görünürdü. Praqadakı bütün bu təmaslar Əliyevin gücünün, diplomatiyasının, aparıcı mövqeyinin və eyni zamanda dialoqa hazırlığının göstəricisi oldu. Və həmkarı özünü çox narahat hiss etdi. Əliyev özünə, mövqeyinə arxayındır, məqsədinə çatacağını bilir.
Bundan başqa, Əliyev-Ərdoğan tandemi də özünü çox parlaq və ahəngdar şəkildə göstərdi.
- Ötən həftə Ermənistan mətbuatında guya Ermənistan və Azərbaycanın Aİ-nin vasitəçiliyi ilə sülh sazişi imzalayacağı və Rusiyanın buna razı olduğu barədə məlumatlar yayılıb.
- Məncə, Rusiya buna qarşı olmaz. Eyni zamanda, indi bəzilərinin dediyi kimi, Rusiyanın Aİ-dən fərqli olaraq Cənubi Qafqazda sülh yolunda qeyri-ictimai şəkildə işləməsində problem görmürəm. Avropa İttifaqı isə Azərbaycan və Ermənistan arasında nizamlanması üçün hər şeyi etdiyini və uğur qazandığını göstərməyə çalışır. Amma elə deyil.
Müvəffəqiyyət Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaqdır ki, bu halda da Qarabağ tamamilə Bakının nəzarətinə keçməlidir. Ermənistan sülh müqaviləsi imzalamağa hazırdır, ancaq o şərtlə ki, erməni icması üçün çox yüksək səviyyədə muxtariyyət müəyyən etsin.
Çox güman ki, Azərbaycan və Ermənistan yaxın vaxtlarda sülh müqaviləsi imzalaya bilməyəcək. Ən çox ehtimal olunan ssenari ondan ibarətdir ki, Ermənistan qeyri-konstruktiv davranışını davam etdirəcək, Azərbaycan isə 3 ildən sonra Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının mandatı başa çatdıqdan sonra Rusiyanın razılığı ilə qalan ərazilərini öz himayəsinə qaytaracaq. Bunun necə olacağı ilə bağlı onu deyə bilərəm ki, indi biz bunu əsasən Rusiya və KTMT-nin sərhəddə qondarma eskalasiyaya reaksiyasında gördük.
- Praqa bəyanatında qeyd olunur ki, danışıqlar zamanı Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyiblər ki, onlar bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı şəkildə tanıyırlar.
- Bu, heç bir şeyə təsir etmir. Bu, Ermənistanın 1990-cı illərdə Azərbaycan ərazilərini işğal etməsinə mane olmadı.
- Bəs onda bu bəyanat niyə düzəldilmişdi?
- Bəzi ümumi sənədlər var ki, onların təsbiti sülh gündəmini irəli apara bilər. Amma əslində Azərbaycan və Ermənistan “ərazi bütövlüyünün qarşılıqlı tanınması” söz birləşməsini fərqli şərh edirlər. Azərbaycan üçün bu, Qarabağın tamamilə özününkü olması deməkdir. Ermənistan erməni icmasının taleyinə təsir etmək, ərazini ən azından müəyyən mənada özü üçün saxlamaq istəyir.
- İndi Ermənistan Aİ-ni Cənubi Qafqaza sürükləməyə çalışanda belə görünür ki, Rusiya və Azərbaycan daha çox eyni tərəfdədir, yoxsa Rusiya ənənəvi olaraq tarazlıq yaratmağa çalışır?
- Rusiya moderator kimi neytral qalmaq, bu vəziyyətdə hər iki tərəfə qarşılıqlı məqbul çıxış yolu tapmaqda kömək etmək istəyir. Bu yanaşma olduqca aydındır. Amma yenə də Rusiya və Azərbaycan daha çox Moskva, Bakı və İrəvanın üçtərəfli bəyanatının tezliklə həyata keçirilməsinin və dövlətlər arasında qarşılıqlı əlaqələrin inkişafının tərəfdarıdırlar.
- Ermənistan parlamentinin spikeri Moskvada rusiyalı həmkarı ilə görüşdə bir daha bəyan etdi ki, KTMT sentyabrda Azərbaycan sərhəddindən Ermənistana qarşı eskalasiyaya toxunaraq, “üzvlərindən birinə qarşı təcavüzə operativ və effektiv cavab verə bilməyib”…
- İstərdilər ki, Rusiya onların tərəfində vuruşsun və eyni axarda bəyanatlar verməkdə davam edəcəklər. Narazılıq əlaməti olaraq KTMT-ni tənqid edirlər, indi onlar KTMT-nin təlimlərində iştirakdan imtina ediblər.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB