“Kəndə qayıdış” dövlət proqramı elan edilməlidir - TƏKLİF

Boşalan kəndlərimiz və dolan şəhərləmiz- bu problemdən necə qurtula bilərik?

Müasir insanlar 2 cür həyat keçirir- bir-birindən çox fərqli 2 həyat tərzi. Birincisi, ta qədimlərdən təbii insan məskəni olan kənd həyatı, digəri inkişafın sonrakı mərhələlərində formalaşmış şəhər həyatı. Hər ikisinin özünün üstün və çatışmayan cəhətləri var. Lakin son zamanlar urbanizasiya tendensiyasının sürətlə inkişafı insanların daha çox şəhərlərə can atdığını göstərir. Niyə?

Kənd həyatı niyə insanları cəlb etmir?

Kəndlər adətən gözəl təbii şəraitə, münbit torpaqlara, yaşıl örtüyə, təmiz havaya, saf suya malik ərazilərdə təşəkkül tapır. Burada həyat təbiidir, insanlar təbiətlə harmoniyada yaşayır, heyvanlarla ünsiyyətdə olur, meşədə, çay kənarında, dağ başında işləyir, istirahət edir, bir sözlə yaşayırlar. Tarlalarda yaşıl otlar, qarışıq rəngli, əvəzedilməz ətirli çiçəklər var. Hər yerdə müxtəlif quşlar, heyvanlar, bulaqlar, böyük dağlar, meşələr var.

Kəndlərdə məhsullarını özləri istehsal edən insanlar tarlalarda, dirriklərdə çalışırlar. Zəhmətkeş kəndlilər öz əlləri ilə təbii, sağlam meyvə və tərəvəz yetişdirir, saxladıqları ev heyvanlarından keyfiyyətli süd məhsulları, yumurta, bal və sair məhsular əldə edirlər.

Kənddə kinosalon, teatr, böyük ticarət mərkəzləri olmasa da, insanlar darıxmırlar. Çünki onlar normal qonşuluq, qohumluq münasibətləri saxlayır, bir-biri ilə daha çox ünsiyyətdə olur, boş zamanlarını çox maraqlı keçirirlər. Məsələn, axşamlar bir-birinə qonaq gedir, söhbət edir, bağçada çay içirlər. Uşaqlar həyətdə bir-biri ilə oynayır, böyüklər nərd, şahmat, domino kimi stolüstü oyunlarda “qırğına” çıxırlar.

Uşaqlar hər gün təmiz havada, çəmənlikdə oynayır, çayda və ya göldə çimir, kollardan moruq, qonşu bağçaların ağaclarından meyvə “oğurlayırlar”. Kənd uşaqları məktəbdənkənar boş vaxtlarında “min oyundan çıxırlar”- ağaca dırmaşır, suda üzür, ata minir, dağlara dırmaşır, tarlada ailələrinə kömək edirlər. Oğlanlar meşədən odun, qızlar çay dəmləmək üçün müxtəlif çiçəklər, göbələklər yığırlar.

Kənddə hamı üçün, xüsusilə analar üçün gün çox erkəndən başlayır- saat 5-6-dan. Çünki onlar səhər tezdən süd sağır, samavar qaynadır, yemək hazırlayır, uşaqları məktəbə yola salanadək çalışırlar. Hər səhər uşaqlar günə təmiz süd və təzə yumurta, bal, pendir, çörəklə başlayır.

Şəhərlilərin bəyənmədiyi kənddə mədəniyyət adına lazım olan ən vacib obyeklər də var- mədəniyyət evləri, klub, kitabxana və s. Düzdür, indi onların çoxu ya işləmir, ya da onlardan istiadə edən çox azdır, lakin yaxın keçmişdə kəndlilər üçün kino, teatr, konsert, kitabxana, klublar adi həyat tərzi idi.

Kənd həyatını ümumi təsvir etmək belə həyatın daha gözəl olduğunu göstərməyə kifayət edər. Bir sözlə, kənd həyatı tam təbii, sağlam, sakit həyat tərzidir. Məz bu üzdən onlar şəhərlilərə nisbətən daha çox yaşayır, daha sağlam olurlar, həkimlərə işləri nadir hallarda düşür.

Şəhərlərdə nə var ki, hamı ora axışır?

Şəhəri daha çox gənclər sevir. Bunun müxtəlif səbəbləri var. Son dövrlər əyləncəyə maraq hədsiz artıb. Şəhər əyləncə mərkəzləri və ya kino, teatr, mağaza, market, bazar, bank, universitet, kazino, idman salonları, xəstəxanalar, diskobarlar, parklar və sair əyləncə mərkəzləri ilə doludur.

Gənclər diskoya, kazinoya, idman salonuna getməyi, parklarda gəzməyi, müxtəlf əyləncə məkanlarına baş çəkməyi sevirlər. Amma yaşlı insanlar təbii və rahat bir həyat yaşamaq istəyirlər. Burada həyat darıxdırıcı keçməz. Lakin bu maraq yaxşı iş, yüksək qazanc tələb etdiyi kimi, sağlamlığın itirilməsi ilə də nəticələnir.

Şəhərdə gün dan yeri ağaranda yox, xeyli gec- təxminən 8 radələrində başlayır. Bu vaxtdan sonra etibarən küçələr izdihamlı olur, avtomobil əlindən tərpənmək olmur. İnsanlar hər gün eyni, standart həyat yaşayır. Onlar səhərlər işlərinə gedirlər və axşamları dönürlər. Yalnız bazar günləri ailəsi ilə birgə rahat vaxt keçirə bilərlər.

Şəhərlərdə qonşuluqdan danışmağa belə dəyməz, qohumlarla münasibətlər isə yalnız xeyir-şər məclislərində baş tutur. Hətta bəzi ailələrdə ailə üzvləri bir-birini görə bilmirlər, biri işdən gələndə digəri işə gedir, valideyn evə gələndə uşaq yatmış olur.

Sosioloqların fikrincə, kəndlərdən iri şəhərlərə köçən ailələrin sıx qohumluq əlaqələri 2 nəsil sonra yox olur. Xalalar, dayılar, bibilər, əmilər 2 nəsil sonra tədricən seyrəkləşir və tanınmır. Yalnız qardaş, bacı əlaqələri zəif də olsa qalır. Şəhərin böyük “dəyirmanı” bütün qohumluq əlaqələrini “üyüdür”. Bunu çox vaxt müvəqqət olan yoldaşlıq, tanışlıq münasibətləri əvəz edir.

Şəhər həyatı daha çox ictimailəşmə, dünyagörüş, mədəniyyətin içində olma, karyera və təhsil imkanları kimi bir çox üstünlük verir. Şəhərlər istədiyimiz şeyləri əldə edə bilmək üçün də bizə böyük imkanlar təmin edir. Şəhərlərdə nə etmək istəyirsinizsə, onu edə bilərsiniz. Lakin bunun üçün çoxlu işləmək, sağlamlığı qurban vermək tələb olunur. Ekoloji çirklənmə yüksək səviyyədə, stress maksimumda, qidalanma zərərli, istirahət yorucu...

Şəhərlərə axının başqa bir səbəbi də rahat və gəlirli iş tapmaq ümidi ilə bağlıdır. Daha çox gənclər şəhərdə işləyib yaxşı pul qazanandan sonra kəndə qayıdacağını deyir, lakin vaxt gəlib keçir bir də ayılır ki, qocalıb... arzular, xəyallar reallığın qatı dumanında yox olub. Necə deyərər, incəsənət qurban tələb edir.

Şəhərdə insanlar beləcə “mədəni” həyat yaşayırlar...

Seçim üçün qısa müqayisə predmetleri

Kənd həyatının üstünlükləri;

• ən əsası siz təmiz hava ilə nəfəs alırsınız;

• saf su içir, təbii qidalanırsınız;

• fiziki aktivlik sağlamlığa təminat verir;

• qohum və qonşularla ünsiyyət bolluğu;

• təhlükəsiz həyat tərzi;

• sakit mühitdə, stressiz həyat tərzi;

• tələbatın azlığı çox işləmək zərurəti yaratmır;

• siz daimi kurortdasınız.

Şəhər həyatının əsas zərərləri;

• hava və səs-küy çirkliliyi;

• dolanışıq çətinliyi;

• gündə bir neçə saatın yolda itirilməsi;

• sıxlıq və tıxac problemi;

• cinayətkarlığın yüksək olması;

• təbiətdən uzaq qalmaq;

• keyfiyyətsiz qidalanma;

• bahalı həyatı təmin etmək üçün gərgin işləmək.

Tanrı kəndləri, insanlar şəhərləri yaratdı

Əhalinin sıx yaşadığı yerlərin istənilən baxımdan sağlam həyat prinsiplərinə zidd olmasını istər məntiqi, istər də təcrübi yolla fəhm etmək çətin deyil. Digər tərəfdən, bir ölkədə əhalinin sırf iri şəhərlərdə cəmlənməsi iqtisadi və sosial problemləri dərinləşdirir. Bir çox hallarda isə, bu amil ekoloji problemlərin təkanvericisinə çevrilir. Bu halda, şəhərlərdə yaşamaq sağlamlıq riskindən başqa bir şey deyil.

Çirkli hava ilə nəfəs almağa, tərkibi təsəvvürə gəlməyən süni konservantlarla doldurulmuş fabrikat və polufabrikatlarla qidalanmağa, fasiləsiz səs-küyləri dinləməyə məhkum olmuş insanların sağlam yaşamaq imkanları çox məhduddur.

Həkimlərin fikrincə, 10 yaşadək uşaqların şəhərdə yaşaması isə daha dəhşətli nəticələr verir. Əvvəla ona görə ki, ən ağır atmosfer çöküntüləri havanın yerdən 1 metr qalınlıqdakı qatında cəmləşir və azyaşlı uşaqlar məhz bu qatlarda nəfəs alırlar.

İkincisi, bu yaş dövrü insan orqanizminin təşəkkül dövrü olduğu üçün çirkli hava və toksik maddələrlə zəngin qidalar onu elə bu yaşdan xəstəliklərin ağuşuna yuvarlayır. Bütün bu problemlərdən uzaq olmağın ən ideal yolu kənd yerlərində yaşamaq, öz öz əlinlə becərdiyin meyvə-tərəvəz və süd məhsulları ilə qidalanmaqdır.

“Kəndə qayıdış” proqramı vəziyyəti dəyişə bilər

Bu yazıda 2 həyat tərzini qısa və ümumi şəkildə ortaya qoymağa çalışdıq. Şəhər həyatı maraqlıdır, lakin stressli və çox bahalıdır, kənd həyatı isə sadədir, təbiidir, sağlamdır, üstəlik ucuz başa gəlir. Hər kəs öz seçmini düzgün etsə, sonda həyatından şikayətlənməz. Nəyi nəyə qurban verdiyimizi düşünərək seçim etsək, yanılmarıq.

Getdikcə, kəndlərimiz boşalır, böyük şəhərlərdə isə əhali kəskin artır. Urbanizasiya özü ilə ciddi həllolunmaz problemlrə gətirir. Ona görə də de-urbanizasiya prosesinin başlanması lazımdır. Bunun üçün təm dövlət siyasəti, həm social-iqtisadi dəstək, həm də maarifləndirmə lazımdır. Tarazlı və davamlı inkişaf məqsədləri bunu tələb edir. Ölkə əhalisi və iqtisadiyyatı ölkə üzrə bərabər paylanmalıdır.

Son dövrlər televiziyalarda şəhər həyatının təbliği, kənd həyatının lağa qoyulması da insanlara psixoloji təsir göstərir. Həmçinin, kənddə iş tapmamaq, əkin-biçin işlərindəki problemlər kəndliləri şəhərlərə köçməyə məcbur edir. Artıq ölkə əhalisinin təxminən yarısı- 5 milyona yaxın insan Bakı və ətrafında cəmləşib. Bu səbəbdən də hesab edirik ki, indi prosesi əksinə döndərməyin vaxtıdır.

Fikrimizcə, hökumət “Kəndə Qayıdış” proqramı elan etməli, kəndlərə qayıdan, orada təsərrüfat yaradıb yaşayanlara xüsusi güzəştlər və dəstək verməlidir. Bu halda əhalimiz ölkə üzrə bərabər paylanar, şəhərlərdəki dəhşətli vəziyyət aradan qalxar, ölkədə məhsul bolluğu artar. Son nəticədə, həm iqtisadi, həm sosial inkişaf güclənər, həm də demoqrafik vəziyyət normallaşar. Bunun üçün ölkəmizin və dövlətimizin lazım olan bütün imkanları var. Sadəcə bunu həyata keçirmək qalır.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə