Çin möcüzəsi: Yoxsul ölkədən dünya liderliyinə aparan yol - ANALİZ

Bu gün Çin dünyada ən rəqabətqabiliyyətli ölkələrdən biridir. Bu səbəbdən son illərdə yuan iri investorları ən çox cəlbedən valyutaya çevrilib. Onu da nəzərə almaq lazımdır ki, Çin artıq 2014-cü ildə dünyada ÜDM istehsalı üzrə ABŞ-ı da geridə qoyaraq 1-ci yerə yüksəlib və hazırda iqtisadiyyatına görə ən böyük dövlətdir. “Dünyanın fabriki” adlandırılan Çin ən böyük ixrac ölkəsidir. İndi dünyanın bütün ölkələrində Çin məhsulları üstünlük təşkil edir- iynə-sapdan tutmuş ən son texnoloji məhsullaradək.

Yuan dünyanın əsas valyutasına çevriləcək

Çin iqtisadiyyatında baş verən proseslər dünyaya birbaşa təsir göstərir. İstehsal və ixrac həcmini sürətlə artıran Pekin dünya bazarında hegemonluğunu artırır. ABŞ-la iqtisadi münaqişənin kökündə də bu dayanır. Yuan dolları getdikcə daha çox sıxışdırır və dünya valyuta əməliyyatlarında öz çəkisini artırmaqda davam edir.

Hazırda dünyadakı ümumi valyuta ehtiyatlarının 10 faizi yuanda saxlanır. Təbii olaraq, bu valyutaya təlabat artdıqca o bahalaşacaq və dünya valyuta bazarında payı daha da artracaq. Bu baxımdan, Neft Fondunun valyuta səbətində yuanın payını artırması vacibdir.

Ümumiyyətlə, valyuta ehtiyatlarının tərkibi müəyyən edildikdə bəzi şərtlər nəzərə alınır. Valyutanın sərbəst dönərliliyi, onun arxasında dayanan əmtəə gücü, həmin ölkə ilə iqtisadi əlaqələrimizin çəkisi və s. Yuan bütün bu parametrlərə cavab verir. Yuanın gələcək perspektivini və Azərbaycanın Çinlə ticarət həcminin sürətlə artmasını nəzərə alsaq, bu valyutaya daha ciddi pay ayrımağın vacibliyi aydın olur.

Çinlə iqtisadi əməkdaşlığın perspektivləri

Hazırda Azərbaycana Çindən müxtəlif ucuz məhsullar- tekstil məmulatları, elektrotexnika, oyuncaqlar, xirdavat məmulatları və s gətirilir. Bu məhsullar digər ölkələrdən idxal edilən məhsullardan xeyli ucuzdur və bazarda sürətlə mövqeləri ələ keçirir. Əgər bizim bazarda yalnız Qərb ölkələrinin malları satılsa, qiymətlər indikindən xeyli baha olardı və əhali sadəcə olaraq bu məhsulları ala bilməzdi.

Yaxın illərdə Çinin Azərbaycanla iqtisadi və ticari əməkdaşlığının perspektivinə gəldikdə isə deyə bilərik ki, getdikcə Çinlə əməkdaşlıq və ticarət artacaq. Lakin təkcə ticari münasibətlərlə kifayətlənmək olmaz. İqtisadi əməkdaşlıq bütün sahələrdə güclənə bilər. Biz Çindən müxtəlif istehsal avadanlıqları, müasir texnologiyalar gətirib zavod və fabriklər aça bilərik. Birgə müəssisələr yarada bilərik. Belə uğurlu nümunələr ölkəmizdə var. Çin şirkətləri Azərbaycanda bir sıra böyük layihələrin icarçısı kimi çıxış edir, bunların bir çoxu texnoloji layihələrdir.

Biz də Çinə müxtəlif məhsullar ixrac edə bilərik. Üstəlik, Çinin neftə də ehtiyacı böyükdür. Bu ölkəyə iri həcmdə neft satmaq mümkündür. Hazırda Çində istifadə olunan bütün neftin həcmində idxal neftinin payı təxminən 35% təşkil edir və bu getdikcə arta bilər.

Təkcə son 3 ildə Çinlə ticarət əməliyyatlarının həcmi 3 dəfəyə yaxın artaraq 1,5 milyarda çatıb. Potensial isə bundan dəfələrlə böyükdür.

Çin dünyada ABŞ və Rusiya ilə birgə 3 fövqəldövlətdən biridir və BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvüdür. Bu dövlətlə yaxın iqtisadi tərəfdaşlıq siyasi münasibətləri də yaxınlaşdırır və Pekin ölkəmizin mövqelərini beynəlxalq aləmdə qoruya bilər.

Çinlə yaxın əməkdaşlığın və bu ölkənin təcrübəsindən istifadənin nə dərəcədə perspektivli olmasını təsəvvür etmək üçün bu “qırmızı ölkə”nin iqtisadi yüksəlişi haqda bəzi məlumatlara baxmağa ehtiyac var.

Çin möcüzəsi haqda real “nağıl”

20-ci əsrin ortalarında aclıq və yoxsulluqla üz-üzə qalan Çin Den Syaopin iqtisadi islahatları ilə inkişafa başladı. 80-ci illərin sonunda Çin kollektiv cəmiyyət tipli bir çox digər dövlətlərin üzləşdiyi eyni problemlə üz-üzə qaldı. Qərb təkidlə bu dövlətlərə individual cəmiyyətə məxsus "demokratik" inkişaf yolu təklif edirdi. Bəzi postsovet dövlətləri bu təklifi qəbul etdilər və tarixən formalaşmış cəmiyyət tipini dəyişdilər. Nəticə ortadadır.

Çin isə Tyananmen meydanında bu yolun tərəfdarlarının qarşısını qətiyyətlə aldı və bu qüdrətli ölkədə xalq hakimiyyətini qoruyub saxladı. Bu tarixi əsasa söykənərək Çin dünya iqtisadi təcrübəsini fəal surətdə öyrənməyə və öz spesifikliyini nəzərə almaqla mütərəqqi texnologiyaları tətbiq etməyə başladı. Bununla belə, Çin, əksər keçmiş Sovet İttifaqı ölkələrində olduğu kimi ideologiyanın, iqtisadi və siyasi strukturun əsaslarını məhv etmədi. Nəticədə islahatlar dövründə Çində adambaşına düşən ÜDM 180-dən 1100 ABŞ dollarına qədər, yəni 6 dəfədən çox artdı.

Yoxsulluq həddində olan insanların sayı 250 mln.-dan 25 mln.-dək- 10 dəfə azaldı, yəni 25%-dən 2%ə düşdü. Çin öz müəssisələrini özəlləşmə və azad bazarla dağıtmadı. Dövlət bazarı düzgün tənzimləmə yolunu tutdu və əmtəə istehsalını fəal surətdə artırdı. İstehsal olunan əmtəə və xidmətin həcminə, həmçinin ÜDM inkişaf tempinə görə (ildə 6-8 %) Çin artıq dünyada 1-ci yerə çıxıb. Dəmir filizi ehtiyatlarına görə Çin dünyada 3-cü (Rusiya və Belçikadan sonra), tədqiq olunmuş maqnezium filizi ehtiyatlarına görə isə 2-ci yeri tutur. Qızıl istehsalına görə 1-ci yerdədir.

Ölkənin iri və orta şəhərlərində 15 rüsumsuz sona, 32 texniki-iqtisadi istismar zonası və 52 dövlət əhəmiyyətli yeni və yüksək texnologiyaların mənimsənilməsi zonası yaradılmışdır. Kommunist ölkə sərmayə qoyuluşunun cəlb edilməsinə görə dünyada 1-ci yerə çıxıb. Qızıl valyuta ehtiyatlarına görə isə dünyada 2-cidir.

Çinin bütün bank sistemi dövlətə aiddir, bütün iri korporasiyalara dövlət nəzarət edir. Çin bütün sərhədlərində gömrük rüsumlarını azaltmışdır, lakin ölkə daxilində məhdudiyyətlər tətbiq etmişdir. Yəni dövlət tərəfindən iqtisadiyyata məharətli və sərt nəzarət mövcuddur.

Çin rəhbərliyi vətəndaşlarının daha varlı yaşaması probleminin qayğısına qalır, o, sahibkarlıq fəaliyyətinin inkişafı üçün şərait yaradır və sahibkarlara aşağı faizlə kreditlər verir. Əksər keçmiş Sovet İttifaqı ölkələrindən fərqli olaraq ÇXR-in qızıl ehtiyatları ölkənin özündə saxlanılır.

Kommunist dövlətin 3 mərhələli inkişaf planı

Çin Kommunist Partiyasının XVI qurultayının sənədlərində qeyd olunduğu kimi Çin "3 addım" proqramının 1-ci və 2-ci mərhələsinin tapşırıqlarının öhdəsindən müvəffəqiyyətlə gəlmişdir, bu da xalqı "isitmək və doydurmaq" vəzifəsini həll etməyə və əhalinin yaşayış səviyyəsini yüksəltməyi təmin etməyə imkan vermişdir. Proqramın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə bir səviyyəyə çıxmaq məqsədi daşıyan 3-cü mərhələsinin həyata keçirilməsinə başlanmışdır. Bu mərhələni müəyyən ardıcıllıqla reallaşdırmaq planlaşdırılır.

Məsələn, 2020-ci ilə qədər ÜDM-u 2000-ci ilə müqayisədə 4 dəfə artırmaq nəzərdə tutulurdu. Pandemiyaya, qlobal iqtisadi böhrana baxmayaraq bu hədəfə nail olundu. Bu öz növbəsində ölkənin ümumi qüdrətini və beynəlxalq rəqabət qabiliyyətini xeyli gücləndirdi və sənayeləşməni həyata keçirməyə, mükəmməl və azad bazar iqtisadiyyatı sistemi yaratmağa, şəhər əhalisinin xüsusi çəkisinin artmasına, sənaye və kənd təsərrüfatı, şəhər və kəndlər, ayrı-ayrı regionlar arasında fərqin dərinləşmə tendensiyasını aradan qaldırmağa, sosial təminat sistemini təkmilləşdirməyə, əhalinin gəlirlərini artırmağa və xalqın rifah halını qaldırmağa kömək etdi.

Açıq Qapı siyasətinin əsasını xüsusi iqtisadi zonalar təşkil etsə də, Çin diasporu-nun ölkə iqtisadiyyatına kapital yatırılmasında rolunu da xüsusilə vurğulamaq lazım-dır. Belə ki, ölkə diasporunun güclü inkişaf strategiyası nəticəsində xaricdə yaşayan milyonlarla çinli biznesmen Çin iqtisadiyyatına kapital qoyurlar ki, bu da öz növbəsin-də iqtisadiyyatın dinamik inkişafına gətirib çıxarır

“Qırmızı dövlət”in dünyanı fəth planı

2050-ci ilə qədər Çində aşağıdakı strateji məqsədlərə nail olunmalıdır:

- sosial-iqtisadi inkişafın kamilliyə çatması üçün hərtərəfli sosialist modernizasiyanı təmin etmək;

- beynəlxalq arenada ölkənin statusunu əhəmiyyətli dərəcədə artırmaq və dövləti ümumi qüdrətinə görə dünyada birinci yerə çıxarmaq;

- ölkənin, əhalinin adambaşına düşən ÜDM-in həcminə görə inkişaf etmiş dövlətlərlə bir sıraya çıxmasını təmin etmək;

- xalq üçün varlı, xoşbəxt həyat yaratmaq;

- ölkəni yüksək maddi, hüquqi və mənəvi sivilizasiya səviyyəsi olan qüdrətli dövlətə çevirmək.

Ölkənin inkişaf proqramına müvafiq olaraq ÇXR–də ÜDM-un orta illik artım tempi 2010-cu ilə qədər 7,5%, 2020-ci ilə qədər 6,5%, 2030-cu ilə qədər 5,5%, 2040-cı ilə qədər 4,5% və 2050-ci ilə qədər 3,5% təşkil etməlidir.

Beləliklə, aydın olur ki, dünyanın iqtisadi liderliyini ələ keçirmiş Çin tezliklə bütün digər sahələrdə də bunu təmin edəcək. Bu kontekstdə Azərbaycanın strateji əməkdaşlıq siyahısında ilk yerlərdən birini tutucaq dövlətin adı məlum olur. Çox təqdirəlayiqdir ki, istiqamətdə işlər gedir, nəticəsi tezliklə özünü biruzə verəcək.

Dövlət ən yaxşı sahibkardır

Çin təcrübəsi göstərir ki, dövlətin iqtisadiyyatda maksimal rolu heç də ölkə iqtisadiyyatını uçuruma aparmır. Belə ki, Asiya maliyyə böhranından sonra Çin hökuməti ölkə iqtisadiyyatına daha çox müdaxilə edərək iqtisadiyyatı tənzimləməyə başladı. 2006-cı ildə Çin hökuməti silahlar, elektrik enerjisi istehsalı və paylanması, neft və neft kimyası, telekommunikasiya, kömür, aviasiya sənayelərinin və dəniz daşınmalarının "mütləq dövlət nəzarəti" altında və qanuna görə ictimai mülkiyyətdə qalması lazım olduğunu elan etdi.

Maraqlısı budur ki, bu islahatlar iqtisadi tənəzzülə deyil, iqtisadi inkişafa apardı. 2008-ci ildə bu dövlət korporasiyaları dinamik inkişaf edərək ölkə iqtisa-diyyatında mühüm rol oynadılar. Ümumiyyətlə tamamilə dövlət müdaxiləsi olmayan bazar iqtisadiyyatı modeli yoxdur. Hər bir ölkədə müəyyən dərəcədə dövlətin müdaxiləsi vardır.

Çin təcrübəsi bir daha sübut edir ki, dövlətin iqtisadiyyata müdaxiləsi ölkəni tənəzzülə yox, iqtisadi inkişafa aparır. Bir şərtlə ki, korrupsiyanın qarşısı alınsın. Çin təcrübəsindən götürülüb tətbiq olunası çox şey var.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə