Rusiyalı ekspertlər: “Moskva özünü etibarsız Paşinyan rejimindən uzaqlaşdırır” - ŞƏRHLƏR
İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanatın imzalanması ilə başa çatdı. Həmin gün Azərbaycan prezidenti və Ermənistanın baş naziri Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə birgə sənəd imzalayıblar. Bunu faktiki olaraq Ermənistanın kapitulyasiyası hesab etmək olar. Lakin artıq iki ilə yaxındır ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını ləngidir.
Ekspertlər proseslə bağlı fikirlərini Caliber analitik mərkəzinə bildiriblər. Rəyləri oxucularımıza təqdim edirik.
Politoloq, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Sosiologiya və Politologiya fakültəsinin dekanı Aleksandr Şatilovun vurğuladığı ilk məsələ Rusiya rəhbərliyinin Azərbaycanın Laçın rayonunu təmizləməsinə kifayət qədər sakit reaksiya verməsidir ki, bu da onun fikrincə, hazırda Moskva ilə İrəvan arasında kifayət qədər soyuq münasibətlərdən xəbər verir.

“Üstəlik, Ermənistandakı qərbyönlü qüvvələr Rusiyanı (onlar Qarabağı təslim etdiyini deyirlər) iblisləşdirməyə çalışdıqca, Rusiya Federasiyasının rəhbərliyi özünü etibarsız Paşinyan rejimindən, ümumiyyətlə, Ermənistandan mümkün qədər uzaqlaşdırmağa çalışır. Birincisi, hazırda Moskva üçün Ukrayna istiqaməti daha vacibdir və İrəvan burada ya kömək etmək istəmir, ya da edə bilməz. İkincisi, erməni elitasının ABŞ və Aİ ilə fəal təmasları, çox vaxt Rusiyanın maraqlarının zərərinə olması Kremli qəzəbləndirib və o, erməni tərəfinə uzunmüddətli hərbi-siyasi və iqtisadi dəstəyinə cavab olaraq xəyanət görüb. Üçüncüsü, Rusiya Federasiyası ilə Qərb arasında Ukrayna uğrunda gərgin mübarizə şəraitində Türkiyə və Azərbaycanın neytrallığını təmin etmək, müəyyən güzəştlər bahasına olsa belə, Moskva üçün vacibdir. Deməli, görünür, hazırda Rusiya ilə Ermənistan arasında münasibətlər dərinləşən böhran vəziyyətindədir”, - deyə A.Şatilov deyib.
Bu arada, artıq avqustun 31-də İlham Əliyevlə Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Brüssel görüşü “Brüssel Moskvanı Ermənistandan sıxışdırıb çıxarmağamı çalışır?” kimi ağlabatan sual yaradır.
Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin elmi işçisi Stanislav Mitraxoviç Aİ-nin vasitəçilik səylərini olduqca şübhəli hesab edir.

“Düşünürəm ki, Moskvanın Ukraynadakı hazırkı əməliyyatla bağlı olduğu bir şəraitdə diplomatik, hərbi və iqtisadi fəaliyyətin bütün digər sahələri üçün kifayət qədər qüvvə yoxdur. Bütün bunların öhdəsindən gəlmək üçün sadəcə bürokratik aparat belə kifayət etmədiyindən Ermənistan-Azərbaycan nizamlanması üzrə fəal vasitəçilik istər-istəməz geriləyir. Və digər oyunçular, o cümlədən Aİ, vəziyyətdən istifadə etməyə çalışır. Lakin bu, Aİ-nin bu məsələdə Rusiya Federasiyasının yerini tuta biləcəyi anlamına gəlmir.
Aİ-nin beynəlxalq münaqişələri uğurla həll etməsi ilə bağlı hələlik nümunələr olmayıb və etməyə çalışdığı hər şey uğursuz alınıb. Beləliklə, Aİ Balkanlardakı əsas məsələləri NATO-nun köməyi ilə həll etdi. İndi Rusiyanı güc yolu ilə cilovlamaq üçün hər cür tapşırıqlar da NATO vasitəsilə həyata keçirilir. Başqa sözlə, Aİ-nin təkbaşına nəsə etdiyinə dair nümunələr yoxdur. Məsələn, Serbiya və Kosovoda KFOR qüvvələri fəaliyyət göstərir, lakin bu, yenə Aİ deyil, NATO-ya çox yaxın olan ayrıca strukturdur. Yəni, mən Aİ-nin özünün nəyisə faktiki olaraq həll edəcəyi ehtimalını görmürəm.
Bundan başqa, hesab etmirəm ki, Bakı və İrəvan hansısa sənədi imzalamaq ərəfəsindədir. Hər kəsə uyğun olan müqavilələr hələ görünmür. Və bu tendensiya ondan irəli gəlirdi ki, Rusiya indi rahatdır, ona görə də münaqişə tərəfləri güvənmək üçün başqa oyunçular axtarırlar. Bu arada Aİ Rusiyanı mümkün qədər əvəz etməyə çalışır”, - S.Mitraxoviç bildirib.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB