Rusiyalı politoloq: Qarabağın qalan hissəsi hər bir halda Azərbaycanın nəzarətinə qayıdacaq - MÜSAHİBƏ
Sergey Markov: “ABŞ və Fransanın ermənipərəst mövqe tutduğu məlumdur. Ona görə də Paşinyan Minsk qrupunu “canlandırmağa” çalışır, çünki o, güclü erməni diasporu, lobbisi olan ölkələri təmsil edir”
Ermənistanın baş naziri Nikol Paşinyan 1991-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin qondarma müstəqilliyinin elan edilməsinin ildönümü ilə əlaqədar bildirib ki, “Dağlıq Qarabağın ərazi vahidi kimi mövcudluğunu inkar etmək yersizdir. Belə ki, təhlükəsizlik məsələləri və vilayət ermənilərinin hüquqlarının müdafiəsi və müvafiq olaraq Dağlıq Qarabağın statusu müəyyən edilib. ATƏT-in Minsk Qrupunun həmsədrliyinin beynəlxalq ictimaiyyət tərəfindən onların həlli üçün təsdiqlənmiş və hələ ləğv edilməmiş mandatı var”.
Ermənistan liderinin sözlərinə görə, “beynəlxalq ictimaiyyət 44 günlük müharibə nəticəsində yaranmış humanitar problemlərin həlli və Dağlıq Qarabağda etnik təmizləmə siyasətinin qarşısının alınması üçün səy göstərməyə borcludur”.
Eyni zamanda, “Qarabağ klanı”nın təmsil olunduğu müxalifət bir daha bəyan etdi ki, Ermənistanın əsas məqsədi Paşinyanın devrilməsi və bu arada nümayəndələri ABŞ-a gedən Qarabağ separatçılarının müdafiəsi olmalıdır. Onlar orada Konqresin ermənipərəst qüvvələri ilə görüşlər keçirəcəklər.
Azərbaycan və Ermənistan liderlərinin bu yaxınlarda Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə Brüsseldə keçirilmiş görüşü fonunda bu, nə deməkdir? Yaxın gələcəkdə sülh müqaviləsi imzalana bilərmi? Rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bu məqamları “Moskva-Bakı” portalına şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.
-Sergey Aleksandroviç, Əliyevlə Paşinyan arasında 4-cü Brüssel danışıqları başa çatıb və indi biz yenə erməni tərəfdən "zəng"i eşidirik - separatçı hissədə yaşayan ermənilərin təhlükəsizliyi, hüquqlarının müdafiəsi ilə bağlı təkrar bəyanat. Qarabağdakı ermənilərə bir “etnik təmizləmə təhlükəsi” bəhanəsi ilə status istəyirlər...
- Ermənistan üçün statusun müəyyənləşdirilməsi məsələsi indi fundamental xarakter daşıyır. Azərbaycanla sülh müqaviləsinin imzalanması yalnız bir halda mümkündür ki, Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanısın. Və ümumiyyətlə, Ermənistan bunu etiraf etməyə hazırdır ki, bu da başqa şeylərlə yanaşı, ifadənin “Qarabağ xalqı”ndan “əhali, sakinlər”ə dəyişdirilməsi ilə də sübut olunur. Mən bununla razılaşmağa hazıram, amma bir xəbərdarlıqla – onların fikrincə, muxtariyyətin ən yüksək səviyyəsi olmalıdır ki, bu da əslində de-fakto müstəqillik demək olardı. Yəni, Ermənistan muxtariyyət adı altında Qarabağa müstəqillik verilməsini tələb edir. Burada vəziyyətin çıxılmaz vəziyyətdə olduğu aydındır. Separatçı Qarabağ isə bu onilliklər ərzində Ermənistanın özü tərəfindən tanınmayıb. Ermənistanın özü üçün İkinci Qarabağ müharibəsindən sonra vəziyyət dəyişdi. Azərbaycan isə heç bir muxtariyyətə razı olmayacaq, çünki Qarabağda muxtariyyət şəraitində yaşayan ermənilər ondan sui-istifadə edərək, separatizmlə məşğul olub və hər iki xalq üçün saysız-hesabsız fəlakətlərə səbəb olan müharibə kimi son dərəcə mənfi təcrübə olub. Ona görə də Azərbaycan muxtariyyətin istənilən formasının əleyhinədir. Azərbaycan hakimiyyəti Qarabağın erməni əhalisini İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan pasportu, bütün Azərbaycan vətəndaşları ilə bərabər hüquq və azadlıqlarla təmin etməyə hazırdır.
Paşinyan niyə erməni əhalisinin təhlükəsizliyini və guya potensial təmizləmələrini bəyan edir? Bir tərəfdən, doğrudan da, Qarabağ münaqişəsi illərində iki xalq arasında sözün əsl mənasında bir-birinə nifrət hissi yaranıb. İndi İkinci Qarabağ müharibəsi başa çatdıqdan, Azərbaycanın qələbəsi və Ermənistanın məğlubiyyətindən sonra Ermənistandakı revanşist qüvvələr Azərbaycanın Türkiyə ilə birlikdə guya az qala etnik təmizləmə aparmaq istəməsi ilə əhalini qorxutmağa çalışırlar. Amma elə deyil. Axı ilkin olaraq Ermənistan tərəfi Azərbaycan ərazilərini işğal edib, Dağlıq Qarabağ Muxtar Vilayəti isə erməni separatizmi nəticəsində ayrılıb. Prinsipcə, tarixin göstərdiyi kimi, erməni mentaliteti çox vaxt belədir, açıq-aşkar ultramillətçiliklə. Bu sözlərdən zövq alan Serj Sarkisyanın dediyini xatırlayırıq- onlar düşünürdüləır ki, biz öldürə bilməyəcəyik, amma biz öldürdük. Nifrət budur.
Əgər Ermənistan monoetnik ölkədirsə, Azərbaycan çoxmillətli, multikultural ölkədir. Multikulturalizm onun ideologiyasıdır. Əgər Ermənistanda digər millətlərin nümayəndələri son dərəcə azdırsa, Azərbaycanda, bildiyiniz kimi, müxtəlif millətlərin nümayəndələri, o cümlədən ermənilər yaşayır.
Ona görə də bu gün “təmizləmələr”lə bu cür hədə-qorxu həm də Azərbaycanla sülh müqaviləsinin imzalanması baxımından siyasi təzyiq alətidir. Ermənistan əslində mümkünsüz şərt qoyur. Və beləliklə, başqa şeylərlə yanaşı, sülh müqaviləsinin mətninin razılaşdırılması baxımından da vaxtı uzadır. Axı rəsmi Bakı Brüssel görüşündən əvvəl mətn üzərində işin başlanacağını gözlədiyini açıqlamışdı. Hələ apreldə bununla bağlı razılaşma var idi, lakin Ermənistan Azərbaycandan fərqli olaraq öz tərəfdən işçi qrupu yaratmayıb.
- Paşinyan yenə təzyiq edir ki, status məsələsi ATƏT-in Minsk qrupu vasitəsilə həll olunmalıdır və heç kim onun mandatını ləğv etməyib.
- ABŞ və Fransanın ermənipərəst mövqe tutduğu məlumdur. Ona görə də Paşinyan Minsk qrupunu “canlandırmağa” çalışır, çünki o, güclü erməni diasporu, lobbisi olan ölkələri təmsil edir.
Azərbaycan öz prinsipindən çıxış edir ki, Qarabağ məsələsi həll olunub və ayrıca Qarabağ yoxdur, ancaq Azərbaycanın tərkibində Qarabağ var. Ermənistan separatçı Qarabağın mövcud olduğunu sübut etməyə çalışmaqda davam edir.
- Amma deyək ki, Şarl Mişelinin avqustun 31-də Brüsseldə keçirilən üçtərəfli danışıqların yekunlarına dair bəyanatında Qarabağ məsələsi ilə bağlı heç nə qeyd olunmur... Baxmayaraq ki, Ermənistan hökumətinin mətbuat xidmətinin bəyanatında bu məsələnin qaldırıldığı iddia edilir...
- Ümumiyyətlə, Fransa Avropa Şurasının rəhbərinə təsir edir. Ona görə də Ermənistanın xeyrinə daha çox qərəzli münasibət var. Amma düşünürəm ki, danışıqlardan əvvəl Azərbaycan tərəfi bir daha Mişelə xəbərdarlıq etdi ki, əgər o, Azərbaycanı qane etməyən terminologiyadan istifadə edərsə, bu, eyni formatda sonuncu üçtərəfli görüş olacaq. Avropa Şurasının rəhbəri isə Bakının sərt mövqeyindən sadəcə çəkinirdi.
- Ümumiyyətlə, Brüssel görüşünün nəticələrini necə şərh edirsiniz?
- Əslində, məncə, burada heç bir nəticə ola bilməz. Çünki Aİ-nin əsas məqsədi Ermənistanla Azərbaycan arasında nizamlanmanı təşviq etmək deyil, Rusiyanı vasitəçi mövqeyindən sıxışdırmaqdır. Aİ faktiki olaraq danışıqlar prosesini imitasiya etməyə çalışır. Aİ müəyyən mənada ATƏT-in Minsk qrupunun siyasətini davam etdirir. ATƏT-in Minsk qrupu erməni qərəzliliyi ilə onilliklərdir ki, danışıqlar prosesini imitasiya edir, real danışıqlar əvəzinə, danışıqlar xatirinə danışıqlar aparır. Və buna görə də praktiki olaraq heç bir nəticə vermədi, işdə tamamilə uğursuz oldu. Bu səbəbdən indi Azərbaycan belə sərt mövqe tutaraq rədd edir. Bu səbəbdən Minsk Qrupu heç nə etmədi, ikinci Qarabağ müharibəsi başladı. İndi Brüssel faktiki olaraq Minsk qrupunun işini davam etdirir.
- Bəs Rusiya necə?
- Rusiya isə, məncə, əslində, amma daha çox bağlı qapılar arxasında işləyir. Aİ isə sadəcə gözə kül üfürür. Rusiya da öz növbəsində Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası və delimitasiyası üzrə işçi qrupu, nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması üzrə işçi qrupu yaradıb və bu istiqamətdə ciddi iş aparır. Bunlar Rusiyanın himayəsi və vasitəçiliyi ilə işləyən real strukturlardır. Real iş gedir. Təbii ki, saatları tutuşdurmaq üçün Putin, Əliyev və Paşinyanın görüşməsi yaxşı olardı. Amma Rusiya prezidenti konkret razılaşmalar üçün şərtlər formalaşan zaman görüşməyə üstünlük verir. Hazırda bu istiqamətdə iş gedir.
- Yaxşı, bu halda hadisələr necə inkişaf edə bilər?
- Əminəm ki, Qarabağın qalan hissəsi onsuz da Azərbaycanın nəzarətinə qayıdacaq. Bu zaman məsələsidir. Ermənistan üçün İkinci Qarabağ müharibəsindən sonra vəziyyət dəyişdi. Amma o, zamanla oynayacaq. Əslində, Paşinyan sülh müqaviləsinə çoxdan razı olardı, amma imkan vermirlər. Odur ki, İrəvan Qarabağın “statusu” ətrafında belə bir saxtakarlıq etmək və danışıqlar prosesinin təkərlərinə çubuqlar qoymaq istəyir. İndi problemin həll olunmadığını göstərmək istəyir. Əslində, Ermənistana sülh müqaviləsinin müzakirəsinə başlamağı ilk təklif edən, bununla bağlı işçi qrupu yaradan Azərbaycan bir daha siyasi liderliyini nümayiş etdirdi. Azərbaycan Prezidenti sülh yolu ilə həll üçün 5 prinsip irəli sürüb. O, prosesi irəli aparmağa çalışır, göstərir ki, Azərbaycan həm prosesə rəhbərlik edir, həm də onu itələyir, siyasi və diplomatik liderliyini, müdrikliyini nümayiş etdirir. O, hazırda həlli çətin olan, lakin çox vacib, əsaslı bir məsələdə liderlik edir. Əliyev çox təcrübəli diplomat olduğundan bir lider kimi bunu başa düşür.
Paşinyanın isə imkanları azdır, o, küçə siyasətçisidir və getməlidir. Ona görə də qaşlarını qaldırıb mantra kimi təkrar edir: sən muxtariyyət verənə qədər heç nə olmayacaq.
Ona görə də hesab edirəm ki, sülh müqaviləsinin mətninin Ermənistanla razılaşdırılması hələ ki, mümkün deyil. Yəni hər şey təxminən İkinci Qarabağ müharibəsi bitdikdən sonra necə idisə, elə də olacaq. Rusiya bağlı qapılar arxasında tərəqqiyə nail olmağa və ola bilsin ki, nəqliyyat dəhlizləri və sərhədlərin delimitasiyası üzrə irəliləməyə çalışacaq. Avropa İttifaqı və ABŞ Rusiyanı bu yoldan çıxarmağa çalışacaq. Eyni zamanda, erməni diasporu vəziyyəti partlamağa, inadla Rusiya ilə Türkiyəni dava etməyə çalışacaq. Erməni diasporunun çox təxribat xarakterli aksiyalar təşkil etməyə çalışacağını istisna etmirəm. Onlar bilirlər ki, Azərbaycana zərbə vururlarsa, Rusiya-Türkiyə münasibətlərinə də zərbə vurmalıdırlar. Erməni diasporu üçün Qarabağ İrəvan ermənilərindən, hətta Qarabağ ermənilərindən qat-qat önəmlidir. Bir çox Qarabağ erməniləri, məncə, əgər onlara firavan həyat üçün real təminat verilsə, məmnuniyyətlə onlardan ayrılacaqdılar. İrəvan erməniləri də bu Qarabağ klanından bezib.
Erməni diasporu üçün isə Qarabağ mövzusu və “soyqırım” mövzusunu diaspora konsolidasiya edir. İnsanlar öz vətənlərindən uzaqda yaşayanda onları birləşdirəcək bir şeyə ehtiyac duyurlar. Əks halda diasporun dağılması təhlükəsi var. Ona görə də erməni diasporu Qarabağ probleminin qalması üçün hər şeyi edir. Müxalifəti, o cümlədən Qarabağdakı separatçıları qidalandırır. İndi separatçılar ABŞ-a uçurlar. Və bundan əvvəl müxalifət Brüsselə uçmuşdu. Qarabağ problemini İrəvanlılar həll etsəydi, çoxdan həll edərdilər, problemli Qarabağ onları maraqlandırmır. Diaspora həmişə bu problemə qarışacaq, onu təkan verməyə çalışacaq.
Bundan əlavə, millətçilər- Daşnaksütyun, Sasna Tsrer də sülh nizamlanmasını pozmağa, kiçik bir müharibənin köməyi ilə indiki baş naziri devirmək üçün Moskva və Paşinyanı əlavə olaraq sıxışdırmağa çalışacaqlar. Ona görə də hesab edirəm ki, gələcəkdə toqquşmalar qaçılmazdır. Ona görə də sülh müqaviləsi məsələsi hələ də mürəkkəbdir, amma əminəm ki, olacaq. Azərbaycan sakitcə və israrla onun üstünə gedəcək.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB