Rusiyalı iqtisadçı alim: “Bakının Qarabağda taxıl yetişdirmək səyləri çox perspektivlidir” - MÜSAHİBƏ
Professor Tkaçenko: “Dünyada ərzaq tələbatını ödəmək üçün kifayət qədər qida məhsulları istehsal olunur, yaranmış vəziyyətdə israfçılığın böyük rolu var”
Qlobal ərzaq böhranı təhlükəsi bəşəriyyətin üzərində Damokl qılıncı kimi asmaqda davam edir. Analitiklərin fikrincə, qlobal qiymət artımını şərtləndirən amil olan Ukrayna taxılının ixracı ilə bağlı problemlərin həllinə baxmayaraq, vəziyyət çox dəyişməyib - müxtəlif ölkələrdə ərzaq hələ də bahalaşır və bununla bağlı proqnozlar ən məyusedicilərdir. Azərbaycan da bu problemdən yan keçməyib- unun qiyməti qalxır, baxmayaraq ki, hökumət vəziyyəti sabitləşdirmək üçün xeyli işlər görür, o cümlədən dənli bitkilərin əkin sahələrini genişləndirir, bazarda bəzi məhsul qrupları üzrə qiymətlərin tənzimlənməsinə özəl sektoru cəlb edir.
Qlobal ərzaq böhranı nədən qaynaqlanır, hansı kulminasiya nöqtəsinə çata bilər və bu təhlükə Azərbaycan üçün nə dərəcədə ciddidir? Bu sualları “Caliber” analitik mərkəzinə müsahibəsində rusiyalı politoloq, iqtisad elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko cavablandırıb.
- Ukrayna limanlarından taxıl ixracı ilə bağlı gərginliyin və Rusiya buğdasının ixracının məhdudlaşdırılmasının qismən aradan qaldırılmasına baxmayaraq, bəşəriyyət üçün aclıq təhlükəsi hələ də qalmaqdadır - deyəsən, qıtlıq problemi həll olunub, lakin qiymətlər hələ də yüksəkdir. Hadisələrin belə gedişinin səbəbi nədir və bundan sonra nə gözləmək olar?
- Dünya ticarəti üzrə ekspertlər arasında planetin bir çox dövlətlərinə təsir etmək təhlükəsi ilə üzləşən, gözlərimiz önündə artan ərzaq böhranının səbəbləri ilə bağlı kəskin müzakirələr getdi. Mübahisə iştirakçılarının əksəriyyəti razılaşır ki, böhranın vahid səbəbi yoxdur və onun inkişafı qlobal siyasi və iqtisadi sistemdə gedən mürəkkəb prosesləri əks etdirir.
Ərzaq bazarında ümumi vəziyyətin pisləşməsinə səbəb kimi iki qrup səbəb var. Birincisi, bu, dünyanın aparıcı iqtisadiyyatlarının (Amerika və Avropa) yumşaq pul siyasətidir ki, bunun nəticəsində qlobal ticarət sistemində likvidliyin həcmi sənaye/kənd təsərrüfatı istehsalı və malların bazarlara tədarükü ilə müqayisədə xeyli sürətlə artır. Avropa və Şimali Amerikada vətəndaşlara və biznesə yardım proqramlarının həyata keçirilməyə başlandığı 2020-ci ilin yazından bəri qiymət artım tempi kəskin surətdə sürətlənib. Aİ, Böyük Britaniya, ABŞ və bir sıra digər iqtisadiyyatlarda cari inflyasiya dərəcələri son 40 ildə rekord səviyyədədir. Bu vəziyyət isə ayrı-ayrı əmtəə bazarlarında qeyri-sabitliyə gətirib çıxarır, çünki dünya birja ticarətində məhz əmtəələr üstünlük təşkil edir, onların ətrafında inflyasiya gözləntiləri formalaşır, gözlənilməz hallar zamanı strateji ehtiyatların yaradılması tələbləri elan edilir.
İkincisi, bu, koronavirus dövründə qlobal nəqliyyat və logistika zəncirlərinin sabitliyinin pozulmasıdır. Son iki ildə qlobal sənayenin pandemiyanın yaratdığı vəziyyətə cavab verməyə vaxtı olmadı. Beləliklə, iqtisadi tənəzzül gözləntiləri ilkin olaraq demək olar ki, bütün malların qiymətlərini kəskin şəkildə aşağı saldı. Azərbaycan 2020-ci ilin martında neftin bir barelinin 20 dollardan bir qədər yuxarıyadək ucuzlaşdığını çox yaxşı xatırlayır. Digər malların, o cümlədən ərzaq məhsullarının qiymətlərində də analoji eniş müşahidə olundu. Bu vəziyyətdə malların daşınmasına tələbat kəskin şəkildə azalmağa başladı. Və cəmi 3 aydan sonra xammal qiymətləri artmağa başlayanda, nəqliyyat şirkətlərinin vaxtında cavab verməyə vaxtları olmadı, nəticədə tədarük zəncirlərində qan laxtaları görünməyə və böyüməyə başladı. Belə ki, əmtəə qiymətlərindəki dalğalanmalar və nəqliyyat şirkətlərinin bazarda öz davranışlarını vaxtında dəyişə bilməməsi dünya iqtisadiyyatında sabitliyi pozaraq, mövcud qarışıqlığın əsasını qoydu.
Sonda əhəmiyyəti artan daha bir amili qeyd etmək istərdim - inflyasiya gözləntiləri. Bütün bazar oyunçularının qiymətlərin yalnız artacağına əmin olduğu bir şəraitdə qiymətlərin sabitləşməsi uzaq və çətin bir məqsədə çevrilir. İndi dünyanın ərzaq bazarında məhz bu proseslər gedir.

- Bu və ya digər şəkildə biz görürük ki, son illər qlobal ərzaq böhranı təhlükəsi artmaqdadır, vaxtaşırı ərzaq təminatı sistemində, maddi-texniki təchizatda və ya sadəcə olaraq, ərzaq ehtiyatlarının istehsalında (taxıl və s.) yeni boşluqlar aşkar edilir. Bu problem bütövlükdə, sistemli şəkildə həll edilə bilər, yoxsa ərzaq qıtlığı və onun bahalaşması təhlükəsinin bəşəriyyətin xroniki xəstəliyinə çevrilməsi və illər keçdikcə daha da pisləşməsi şansı var?
- Qlobal iqtisadiyyatın mütəxəssisləri yaxşı bilirlər ki, planetin qida məhsulları həm ümumi həcm baxımından, həm də ayrı-ayrı növləri üzrə - yağlar, karbohidratlar, zülallar və s. baxımından kifayət qədər həcmdə istehsal olunur. İstənilən an bazarda və ehtiyatda aclıq təhlükəsini tamamilə zərərsizləşdirmək üçün kifayət qədər ərzaq var.
Ərzaq böhranı təhlükəsi daha çox ayrı-ayrı dövlətlərin kənd təsərrüfatı məhsulları ticarətində bir-biri ilə əməkdaşlıq etmək istəməməsindən, eləcə də alimlərin “informasiya asimmetriyası” adlandırdıqlarından irəli gəlir. Bu, bazar iştirakçılarının (hökumətlər və beynəlxalq təşkilatlar da daxil olmaqla) müəyyən ölkədə və ya regionda ərzaq çatışmazlığı barədə vaxtında məlumat almaması, eləcə də qlobal iqtisadiyyatda qida dövriyyəsinə xidmət edən nəqliyyat şəbəkələrində nasazlıqlar barədə məlumat almadıqda baş verir. Bəzi illərdə Avropa İttifaqında ərzağın 40 faizə qədəri cəlbedici görünüşünü itirdiyinə görə (xüsusilə tərəvəz və meyvələr) və ya milli bazarların tələbatını xeyli üstələyən həcmdə istehsal olunan məhsulların yararlılıq müddəti bitdiyinə görə məhv edilir.
Buna görə də, ərzaq probleminin həlli yalnız istehsal həcmini artırmaq, məhsuldarlığı artırmaq və ya kənd təsərrüfatı xammalının saxlanması / emalı keyfiyyətini yaxşılaşdırmaq üçün adi səylərdən ibarət deyil. Ərzaq və kənd təsərrüfatı xammalının ticarətində fasilələrin qarşısının alınması, ayrı-ayrı bazar seqmentlərinin diqqətlə izlənilməsi, qiymət artımı və mal qıtlığı təhlükələrinin ilkin mərhələdə müəyyən edilməsi istiqamətində görülən işlər də eyni dərəcədə vacibdir. Beləliklə, Aİ və ABŞ-ın Rusiyanın mineral gübrə sənayesinə qarşı elan etdiyi sanksiyalar 2022-ci ilin yazında taxıl məhsullarının qiymətlərini yüksəldən mühüm amil oldu. Kalium və digər mineral gübrələrə tətbiq edilən bu sanksiyalar çox gec götürüldükdə, an əldən getdi, ərzaq məhsullarının bahalaşmasının qarşısı alınmaz oldu. Odur ki, ərzaq böhranı təhlükəsinin aradan qaldırılmasında maraqlı olan bütün dünya ictimaiyyətini birləşdirə biləcək mühüm məqsəd son altı ayda dünya ticarət sistemində yaradılmış müxtəlif sanksiyalara və maneələrə qarşı mübarizə olmalıdır.
- Azərbaycan ərzaq böhranı risklərinin azaldılması üçün operativ şəkildə səylər göstərir. Bunun üçün, məsələn, Azərbaycanın müxtəlif bölgələrində, xüsusən də Qarabağda buğda səpilməsi üçün xüsusi texnologiyanın tətbiqi ilə bağlı İsraillə müqavilə bağlanıb. Sizcə, Azərbaycan qlobal ərzaq böhranının təsirlərindən nə dərəcədə qorunur və burada başqa hansı mexanizmlər işlənməlidir?
- Azərbaycan hökumətinin buğda və digər dənli bitkilərin istehsalının artırılması istiqamətində indiki səyləri vaxtındadır və alqışlanmalıdır. Bu tədbirlər vasitəsilə ölkəniz daxili bazarın ehtiyaclarını tez bir zamanda ödəmək üçün potensial yaradır ki, bu da böhran və ya ümumi bazar qeyri-sabitliyi zamanı xüsusilə vacibdir. Əhali üçün hakimiyyət orqanlarının işinin səmərəliliyinin göstəricisi bütün ənənəvi ərzaq məhsullarının münasib qiymətə olması olmasından ibarətdir. Yerli istehsalın artması əmtəə intervensiyalarının aparılması imkanlarını artırır və sosial cəhətdən həssas qida növlərinin, ilk növbədə çörək və çörək məhsulları üçün qiymətlərin aşağı salınmasına şərait yaradır.
Qarabağda taxıl istehsalına gəlincə, bu, çox perspektivli uzunmüddətli məqsəddir və bu, çox əziyyət çəkən bu regionda normal həyatın bərpası üçün ümumi səylərin tərkib hissəsi kimi həll edilməlidir. Qarabağda kifayət qədər su ehtiyatı olduğundan və bitkiçilik üçün əlverişli torpaq sahələri çox olduğundan dənli bitkilərin prioritet becərilməsinin vurğulanması tamamilə özünü doğruldur.
Müsahibə - Vadim Mansurov
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB