Rus ekspert: Qərb dövlətləri erməni mövqeyini fəal şəkildə müdafiə edir - MÜSAHİBƏ

Aleksey Naumov: “Ermənistan Azərbaycan ərazilərini, o cümlədən Laçını işğal etmişdi. Evləri yandırsanız da, yandırmasanız da başqasının torpağını qaytarmalısınız”

Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Naumov "Moskva-Baku" portalına müsahibəsində Ermənistan-Azərbaycan nizamlanması ətrafında vəziyyət və son tendensiyaları haqqında fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- İyul və avqust aylarında Ermənistan-Azərbaycan istiqamətində vəziyyət gərgin keçdi desək, bəlkə də, mübaliğə olmaz. Əliyevin iyul ayında üçtərəfli bəyanatın icrasında, münasibətlərin normallaşmasında müsbətdən çox mənfi cəhətlərin olduğunu, iyunun sonuna kimi Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılması ilə bağlı razılaşmaların olduğunu, lakin bunun həyata keçirilmədiyini söyləməsi də yadımızdadır. Avqust ayında hərbi gərgin lik qeydə alınıb - erməni birləşmələri tərəfindən atəşə tutulduqdan sonra Azərbaycan əsgərinin həlak olması və Azərbaycanın buna “Qisas” əməliyyatı ilə cavab verməsi. Hazırda erməni silahlılarının sentyabra qədər Qarabağdan çıxarılacağı güman edilir. Belə ki, ən azı, rəsmi Yerevan belə bəyan edib. Ötən aylarda hansı problemlər kəskinləşib və bundan hansı nəticələr çıxarılmalıdır?

- Buradan əsas siyasi nəticə belə çıxır ki, istənilən dondurulmuş münaqişə, həlli gələcək perspektiv üçün təxirə salınan münaqişə yalnız bu münaqişənin hər iki tərəfinin siyasi, iqtisadi və hərbi güc baxımından bərabər olması şərtilə donmuş vəziyyətdə qala bilər.

Biz görürük ki, Azərbaycan-Ermənistan məsələsində hər cəhətdən daha güclü tərəfi təmsil edən Azərbaycan münaqişənin tezliklə həllində israrlıdır. Ermənistan gah silahlı birləşmələrin Qarabağdan çıxarılmaması da daxil olmaqla üçtərəfli sazişləri lazımınca yerinə yetirməməklə, gah da hərbi istiqamətdə təxribatlarla daim Azərbaycanı provakasiyaya çəkir. Azərbaycan isə normallaşma prosesinin donmasına imkan vermir. Mütəmadi olaraq həll olunmamış məsələlərin olduğunu, vəziyyətin həll olunmadığını xatırladır. Azərbaycan prosesin sönməsinə imkan vermir, çünki bu, öz maraqlarına uyğundur və tərəfləri üçtərəfli bəyanatın icrasını davam etdirməyə təşviq etmək üçün alətlərə malikdir.

Problemlərin məhz bu kəskinləşməsi son nəticədə həllə, razılaşmaların həyata keçirilməsinə doğru hərəkəti stimullaşdırır. Dondurulmuş normallaşma prosesdə bütün tərəflərin minimal iştirakını tələb edir. Mövzunu oyatmayın və hər şey boşa çıxacaq. Əgər biz Cənubi Qafqazda sülh istəyiriksə, buna yol vermək olmaz.

Prezident İlham Əliyevin son bəyanatında qeyd olunub ki, üçtərəfli bəyanatın icrasında müsbətdən çox mənfi cəhətlər var. Bu, müəyyən dərəcədə təbiidir, çünki açıq-aydın, ilk növbədə ən sadə məsələlər həll edilir, sonraya qoyulan məsələlər isə tərəflərin daha fəal işlənməsini tələb edir, çünki onlar daha çətindir və onların həlli, bir qayda olaraq, biri üçün daha ağrılıdır.

Əslində, nizamlanmada hər şeyin pis olduğunu söyləmək olmaz. Bütövlükdə vəziyyət öz məntiqi nəticəsinə - Azərbaycanın bütün torpaqlarının Bakının nəzarətinə qaytarılmasına yaxınlaşır.

- Məlumat var idi ki, guya Əliyevlə Paşinyan arasında görüş hazırlanır. Görünür, Rusiya-Azərbaycan-Ermənistan formatında. İclasda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı ən kəskin məsələlərə baxıla bilər...

- Prezident Əliyevlə Paşinyan görüşünə gəlincə, iki ölkə liderlərinin görüşünə adətən iki halda ehtiyac duyulduğu göz qabağındadır. Birinci variant- hansısa diplomatik sıçrayış etmək və bu irəliləyişə nail olmaq üçün tabeçiliyində olanlara çoxsaylı tapşırıqlar vermək lazım gələndə və ya ikinci variant- uzun zəhmətdən sonra konkret razılaşmaları kağız üzərində təsbit etmək zərurəti yarananda.

Qarşıdakı potensial görüş, hələlik, heç bir irəliləyiş göstərməyən məsələlərdə irəliləyiş üçün güclü stimul ola bilər. Bəli, biz bir neçə aydır ki, sərhədin delimitasiyası, demarkasiyası, qeyri-qanuni birləşmələrin Qarabağdan çıxarılması, nəqliyyat və iqtisadi əlaqələrin - Zəngəzur dəhlizinin açılması məsələlərini müzakirə edirik. Düşünürəm ki, görüşə qədər, əgər bu, yaxın vaxtlarda baş tutsa, konkret qərarlar qəbul edilməlidir. Və aydındır ki, hazırda qarşıda duran ən kəskin məsələ erməni birləşmələrinin çıxarılması, delimitasiya və demarkasiyadır. İstənilən halda, yenidən irəliləyiş olmasa, Azərbaycana razılaşmaların həyata keçirilməsinin zəruriliyinin bir daha xatırladılması vacib olacaq.

Görüşün üçtərəfli formatda - Putin-Əliyev-Paşinyan formatında keçirilməsi vacibdir. Yenə də Rusiyanın Ermənistana təsir rıçaqları var və Moskva üçün Cənubi Qafqazda sülh sazişləri və normallaşmanın mümkün qədər tez əldə edilməsi həmişə vacibdir. Bu gün beynəlxalq vəziyyət fonunda bu məsələ Rusiyanın təhlükəsizliyi baxımından daha aktualdır.

- Azərbaycan Qarabağdakı qanunsuz birləşmələri qısa müddətdə təmizləyə, əməliyyatı başa çatdıra bilərdi. Amma etmir, niyə?

- Bəli, Azərbaycan bunu edə bilərdi. Amma cənab Əliyev, şübhəsiz ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı üçtərəfli sazişlərlə bağlı verdiyi sözə sadiqdir. Cənab Əliyevin özü və Azərbaycan üçün beynəlxalq reputasiya məsələsi çox vacib məsələdir. Möhtərəm ölkənin hörmətli prezidenti sözünün üstündə durur. Bu, belə olmalıdır. Eyni zamanda başa düşürük ki, Qarabağda separatçıların nəzarətində qalan torpaqlar məsələsində əhali faktoru var. İndi bu ərazilərdə etnik erməni əhali yaşayır. Və məsələ güc yolu ilə həll olunarsa, Azərbaycan üçün vəziyyəti imic baxımından çətinləşdirəcək bir sıra problemlər yarana bilər. Ona görə də Əliyevin dəfələrlə dediyi kimi, bütün məsələlərin diplomatik yolla həlli prioritetdir. Ona görə də Azərbaycan müntəzəm olaraq Ermənistana sülh əlini uzadır, üçtərəfli bəyanat çərçivəsində Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə səbirlə çağırır. Amma ekstremal hallarda erməni tərəfinin təxribatçı hücumlarını cavabsız qoymur.

Bildiyimiz kimi, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərinin böyük hissəsini hərbi yolla geri qaytardı. Və o, bəzi marjinal dairələr istisna olmaqla, dünya ictimaiyyətinin heç bir qınağına məruz qalmayıb. Heç kim Azərbaycana qarşı heç bir sanksiya tətbiq etməyib, heç kim qınamayıb və heç kim hər hansı cəza ilə hədələməyib. Mənə etiraz edə bilərsiniz- hansı sanksiyalar, çünki Azərbaycan öz ərazilərini qaytarırdı, beynəlxalq hüquq çərçivəsində addımlar atırdı. Əgər Azərbaycan özünü başqa cür aparsaydı, o zaman elə ölkələr, beynəlxalq strukturlar olardı ki, biz onlardan belə eşidəcəkdik: “Bəli, Azərbaycan öz ərazisini qaytarır, amma bu iş qəddarlıqla edilir, mülki əhali əziyyət çəkir, gəlin ona sanksiyalar tətbiq edək”.

Açığını deyim ki, Qərb vaxtaşırı Azərbaycanı tənqid edir, buna sübut, məsələn, Avropa Parlamentinin müxtəlif anti-Azərbaycan qətnamələridir - ya Azərbaycanın “siyasi sistemi kifayət qədər etibarlı deyil”, ya da “insan haqlarına kifayət qədər hörmət edilmir”. Və ona görə də Qərb üçün bunu demək çox asan olur - Azərbaycan özünü pis aparır, gəlin sanksiyalar tətbiq edək. Amma bu, Əliyevin diplomatiyası sayəsində baş tutmadı. Amma biz başa düşürük ki, ilkin olaraq Qarabağ nizamlanmasında iştirak edən Qərb dövlətləri- ABŞ, Fransa daha çox Qarabağda yaşayan ermənilərin məsələsini həll etməklə, erməni mövqeyini fəal şəkildə necə lobbiçilik edir. İkinci Qarabağ müharibəsindən sonra Vaşinqton və Parisin bu istiqamətdə fəallığını müşahidə etdik.

Ona görə də Ermənistanın nəzarətində qalan ərazilərin zorla təmizlənməsi potensial olaraq qalmaqala səbəb ola bilər, Qərb mediası bunu həddi aşmaq kimi təqdim edə bilər. Bu isə Azərbaycanın imicinə o qədər də yaxşı deyil. Baxmayaraq ki, rəsmi Bakı müntəzəm olaraq Qarabağda yaşayan erməniləri Azərbaycan pasportları, Azərbaycan Respublikasının digər vətəndaşları kimi tam təhlükəsizlik, hüquq və azadlıqlarla bərabər əsaslarla təmin etməyə hazır olduğunu bildirir. Bu, təbii ki, hərbi cinayətkarlara aid deyil.

- Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq artıq Laçın dəhlizinə alternativ yol çəkib. Erməni əhalisi avqustun 25-dək Laçını və Laçın rayonunun bir sıra kəndlərini tərk etməlidir. Erməni əhalisi yenidən evləri yandırır... Təbii ki, erməni müxalifəti bunu beynəlxalq ictimaiyyətə az qala soyqırımı, hüquqların tapdalanması kimi təqdim edir... Bunun fonunda ötən gün Laçında minalanmış ərazilər aşkar edilib, Məlumatlara görə, bu minalanma İkinci Qarabağ müharibəsindən sonra baş verib...

- Bu insanlar Azərbaycan ərazilərində yaşamaq istəyirlər, amma separatçı strukturun bir hissəsi kimi. Və mövqelərini qorumaq üçün addımlar atırlar. Buna baxmayaraq, aydındır ki, belə bir ssenarinin gələcəyi yoxdur və ola da bilməz. Bu, üçtərəfli bəyanatın şərtlərinə ziddir. Bunun “soyqırım” kimi təqdim olunması isə sadəcə olaraq siyasi alətdir, alətdir, o cümlədən informasiya təsiridir, reallığın təhrifidir. Axı Ermənistan tərəfi Azərbaycan ərazilərini, o cümlədən Laçını işğal edib. Beləliklə, evləri yandırsanız da, yandırmasanız da başqasının torpağını qaytarmalısınız.

- Ötən gün Ermənistanda radikallar dedilər ki, guya Rusiya İrəvanda ticarət meydançasında partlayış hazırlayıb. Bunun ardınca Rusiya səfirliyinin etiraz notası və rəsmi İrəvanın buna hansısa formada reaksiya verməsi yaxşı olardı. Lakin İrəvan buna reaksiya vermədi. Bunun fonunda son günlər İrəvanda hava limanının, metrosunun, hava limanının və Gümrüdəki dəmiryol vağzalının “minalanması” ilə bağlı ardıcıl yalan məlumatlar peyda olur. Nə baş verir?

- Bunun Ermənistan-Azərbaycan arasında normallaşma prosesi ilə müəyyən əlaqəsi var. Ermənistandakı revanşist müxalifətin, radikalların qətiyyən bəyənmədiyi normallaşma ilə bağlı İrəvan və Bakı konkret qərarların əldə edilməsinə nə qədər yaxınlaşırsa, Ermənistandakı bu revanşist qüvvələr bir o qədər ölkədəki vəziyyəti sarsıtmağa çalışırlar. O cümlədən hədə-qorxu. Ermənistanda partiyaların bir-birinə qarışdığı bir vaxtda vəziyyət qeyri-sabitdir. Bundan əlavə, radikal millətçilik ideologiyası onilliklər ərzində cəmiyyətin düşüncəsini dəyişidirib. Ermənistandakı radikalların anti-Rusiya bəyanatları təbii ki, həm Rusiya, həm də Ermənistan arasında lüzumsuz gərginlik yaradır və Cənubi Qafqazda sakitləşmə prosesinə təsir edir. Paşinyan Rusiyanın radikalları öz yerinə otuzdurmaq çağırışına niyə cavab vermədi? Hələ də o, radikallara meydan oxuyaraq birbaşa bəyanatlar verməkdən qorxur, devrilməkdən qorxur. Amma Paşinyan bu gün Ermənistanda lider üçün ən yaxşı variantdır, çünki o, Rusiya və Azərbaycanla üçtərəfli bəyanat imzalayıb və o, hələ də, heç olmasa, sülh yolu ilə gedir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə