Denis Denisov: Ermənistanın təxribatlarının arxasında Qərb dayanır - MÜSAHİBƏ

Rus politoloq: “Bakı və İrəvan arasında sülh müqaviləsi bağlanana qədər regionda vəziyyət partlayıcı olaraq qalacaq”

Rusiya Sülhməramlı Təşəbbüslər və Münaqişələri Araşdırma İnstitutunun direktoru Denis Denisov “Caliber” analitik mərkəzinə müsahibəsində regionda gedən proseslər, yaranmış vəziyyət, Azərbaycan-Ermənistan sülh razılaşmasının əhəmiyyəti və sair aktual mövzularda maraqlı fikirlər bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Ermənistandakı və ümumilikdə Cənubi Qafqazdakı vəziyyət haqqında nə düşünürsünüz?

- Hazırda ümumi vəziyyəti gərgin, qeyri-sabit və dərhal dialoq formatının təşkilini tələb edən kimi xarakterizə etmək olar. Həqiqi dialoqun olmaması və tərəflərin ortamüddətli perspektivdə kompromis əldə etmək niyyətləri yeni hərbi qarşıdurmaya çevriləcək, buna yol vermək olmaz, çünki bu, mülki əhalinin həyatını təhlükə altına alır, münaqişənin həlli mülki əhalinin maraqlarına cavab verməli olduğu halda əksinə olur.

- Sizcə, bu gün hansı regional proseslər daha əhəmiyyətlidir?

- Əsas tendensiyaları qeyd edərdim. Birinci və ən vacibi Ermənistanla Azərbaycan arasında daimi gərginliyə və vəziyyətin kəskinləşməsinə səbəb olan fundamental sülh müqaviləsinin olmamasıdır. Bu razılaşmanın meydana çıxıb-çıxmayacağı hər iki tərəfin siyasi iradəsindən asılıdır. Hələlik, bildirmək məcburiyyətindəyik ki, tam sülhə və razılığa gəlmək üçün yəqin ki, kifayət qədər uzun yol qət edilməlidir. Amma bu lazımdır. Bakı ilə İrəvan arasında sülh müqaviləsi bağlanmayana qədər regionda vəziyyət partlayıcı olaraq qalacaq.

İkincisi, Ermənistandakı qeyri-sabit siyasi sistemdir. Biz hökumətin və ayrı-ayrı idarələrin fəaliyyətindən əhalinin narazılığından yaranan davamlı etirazları, bitib-tükənməyən nümayişləri görürük. Belə daimi turbulentlik Cənubi Qafqazdakı vəziyyətə, xüsusən də Qarabağ nizamlanması kontekstində mənfi təsir göstərir.

- Azərbaycan Silahlı Qüvvələri Qarabağda “Qisas” əməliyyatı keçirdikdən sonra Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi kəskin şəkildə artıb. Ermənistan tərəfi Rusiyanı kömək etməməkdə və müdaxilə etməməkdə ittiham edir. Siz buna necə baxırsınız və bu açıqlamaların arxasında kimin qulaqları dayanır?

- Azərbaycanın indi Qarabağ məsələsi çərçivəsində əldə edəcəyi istənilən hərbi, siyasi, iqtisadi və digər məqsədlərin Ermənistan tərəfindən qismən Rusiyanın bu prosesə qarışmaması ilə bağlı problem kimi qəbul edilməsi təbii və anlaşılandır. Unutmaq olmaz ki, Qarabağda olan Rusiya sülhməramlılarıdır, üstəlik regionda sabitliyi, ilk növbədə Ermənistan tərəfi üçün sabitliyi də təmin edən məhz onlardır. Çünki Azərbaycan və Ermənistanın hərbi potensialı hələ də müqayisə olunmazdır.

O ki qaldı bu cür təxribatın arxasında kimin dayanmasına, adlarını çəkməli çoxlu təşkilatlar və konkret adamlar var. Qərbin qulaqlarını, Ermənistan rəhbərliyinə bağlı təşkilatların nümayəndələrini baş nazirin yanında tapmaq olar. Üstəlik, bu tendensiya Ermənistan əhalisinin əhəmiyyətli bir hissəsi üçün də xarakterikdir, çünki onun informasiya məkanı son zamanlar çox təhrif edilib, orada Rusiyanın rolu, missiyası və ideyası yanlış şərh olunub. Hər şey heç bir şəkildə vicdanla, rahatlıqla və bütün sonrakı nəticələrlə təqdim olunmur. Əlbəttə, bu, cavab verilməli və həlli üçün qərar verilməli olan böyük problemdir.

- Bakı Laçın rayonunda qeyri-qanuni məskunlaşan ermənilərə avqustun sonuna kimi bu ərazini tərk etmələri üçün vaxt verdi. Bu barədə nə düşünürsünüz?

- Bu problem, mənim anladığım qədər, bir ildən artıq müddət ərzində münaqişənin həllini müşayiət edəcək. Bundan sonra necə inkişaf edəcəyini söyləmək çətindir. Bu, çox mürəkkəb məsələdir, həm də ünsiyyət və dialoq yolu ilə həll olunur. Əgər indi Ermənistanla Azərbaycan arasında, o cümlədən bu məsələ ilə bağlı tamhüquqlu dialoq aparılsaydı, ilk növbədə sadə əhali üçün mənfi nəticələri minimuma endirmək olardı. Bu da ən mühümüdür, çünki hamı başa düşür ki, hər hansı münaqişədən dövlət və məmurlar deyil, döyüş bölgəsində olan insanlar əziyyət çəkir.

- Rusiya-Ukrayna qarşıdurması kontekstində Türkiyənin mövqeyini necə qiymətləndirirsiniz?

- Türkiyənin mövqeyi kifayət qədər başa düşüləndir və proqnozlaşdırıla bilər. Ankara regional güc roluna iddia edərək, ilk növbədə milli maraqlar çərçivəsində işləməyə çalışır. Diplomatiya və Türkiyə rəhbərliyi bunu gizlətmir. Bu ölkə, təbii ki, Rusiya-Ukrayna münaqişəsinin həllində əsas vasitəçi olmaq istərdi, çünki o, bir çox cəhətdən baş verənlərdən çox ciddi faydalanan tərəfdir.

Ukraynada xüsusi hərbi əməliyyatın başlanğıcından bəri türklərin artıq böyük fayda əldə edə bildiyi bir çox sahələri sadalaya bilərsiniz. Məsələn, Moskva üçün Ankara Avropa ilə nəqliyyat əlaqələri baxımından əsas nəqliyyat mərkəzinə çevrilib. Xüsusilə reeksport iqtisadiyyatı, eləcə də digər məsələlər baxımından belə misallar çoxdur.

Türkiyə bundan sonra da bu rolu oynamağa çalışacaq və bu təbiidir. Tərəflər buna kifayət qədər balanslı şəkildə baxırlar. Ukrayna tərəfinin hazırda heç bir danışıqları istəmədiyini əsas götürərək, Rusiya tərəfi əksinə, danışıqların zəruriliyindən danışır, lakin hesab edirəm ki, Ankara bundan sonra da vacib rol oynamağa çalışacaq, lakin bunun müvəffəqiyyətə gətirib çıxaracağını söyləmək çətin olaraq qalır.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...