Gəncə Aqrar Universitetinin müəllimi Anna Qruzina: “Harada doğulmusansa, orada yaşayıb yaratmalısan” - MÜSAHİBƏ

Rus əsilli azərbaycanlı: “Ailəmizdə həm rus, həm də Azərbaycan dillərində danışırlar”

Azərbaycanın Gəncə şəhər sakini Anna Qruzina ölkənin ən qədim universitetlərindən birində- Azərbaycan Dövlət Aqrar Universitetində ingilis dilindən dərs deyir. O, işini çox sevdiyini və tələbələri ilə fəxr etdiyini deyir. Anna əmindir ki, onlar Azərbaycanın kənd təsərrüfatını inkişaf etdirəcək gələcək yüksək səviyyəli mütəxəssislərdir. “Moskva-Baku” portalı Gəncədəki həyat və yaradıcılığından danışan Anna Qruzinadan müsahibə götürüb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Azərbaycan dilini mükəmməl bilirsiniz. Maraqlıdır, rus müəllimi Anna Valeriyevna onlara ən təmiz Azərbaycan dilində müraciət edəndə tələbələr necə reaksiya verirlər?

- Birinci kurs tələbələri əvvəlcə təəccüblənir, komplimentlər deyirlər: “Müəllim, siz azərbaycanca elə gözəl danışırsınız, belə xoş “Gəncə” ləhcəsi ilə”. Mən bu sürprizi anlamıram. Mən Azərbaycan vətəndaşıyam, burada doğulub boya-başa çatmışam, deməli, dövlət dilini bilməliyəm. Mən uşaqlıqdan Azərbaycan dilində danışıram. Üç yaşımda anam məni bağçaya göndərdi. Mən ünsiyyətcil uşaq idim və azərbaycanca danışırdım. Bundan əlavə, qonşu dostlarımın demək olar ki, hamısı azərbaycanlı idi. Bayramları birlikdə qeyd edirdik, qonaq gedirdik, musiqi dinləyirdik, sevimli kitablarımızı bir-birimizə ötürürdük.

Məhz o vaxt ingilis dili ilə maraqlanmağa başladım. Mən tərcüməçi olmaq arzusunda idim. Orta məktəbi bitirdikdən sonra Azərbaycanın rus icması Rusiya hökumətinin kvotasına uyğun olaraq məni Volqoqrad Dövlət Universitetinə oxumağa göndərdi. Tərcümə və tərcüməçilik fakültəsinə daxil oldum.

Yadımdadır, anam məni tək buraxmaq istəmədi, uzunmüddətli məzuniyyətə çıxdı və 6 ay mənimlə Volqoqradda yaşadı. O, Gəncəyə qayıdanda isə mən müstəqil tələbə həyatına alışmalı oldum. Həqiqətən də Azərbaycanda valideynlər hətta yetkin uşaqları himayə etməyi xoşlayırlar.

Təbii ki, ilk vaxtlar mənim üçün yad şəhərdə tək qalmaq çətin idi. Oradakı insanlar arasında münasibətlər Azərbaycandakından bir qədər fərqlidir. Burada qonşularımız bir-biri ilə dostdurlar və hər an sizə dəstək olmağa hazırdırlar, tanış olmayan, yoldan keçənlər belə mütləq köməyə gələcəklər. Azərbaycanda qonaq qəbul etməyi, süfrə açmağı xoşlayırlar.

Volqoqradda isə qonşular çox vaxt eyni mərtəbədə kimin yaşadığını belə bilmirlər. Orada insanlar daha qapalıdır. Gəncə qadını olan mənim üçün bütün bunlar təəccüblü və qeyri-adi idi.

- Tarixi vətəndə qalmaq düşüncələri yaranmadı?

- Mən Gəncəyə bağlıyam və həyatımı doğma şəhərimsiz təsəvvür edə bilmirəm. Gəncə kiçik şəhərdir və demək olar ki, hamı bir-birini tanıyır. Küçədə gəzirsən və hamı ilə salamlaşırsan. Budur, təlaşsız, sakit və ölçülü bir həyat. Anam da atalar sözünə sadiqdir: “Harada doğulmusansa, orada yaşayıb yaratmalısan”.

- Bizə əcdadlarınızdan danışın. Necə oldular ki, Azərbaycana gəliblər?

- Ana tərəfdən nənəm 50-ci illərin ortalarında Penza vilayətindən Gəncəyə köçüb. Yerli fabrikdə toxucu kimi işə düzəlib. Anam Tatyana Orlinskaya Gəncədə anadan olub. Uzun müddət şəhər icra hakimiyyətində işləyib. İndi “Gəncə xəbərləri” qəzetində korrektordur.

Atam Valeri Qruzin Marneulidə doğulub boya-başa çatıb. Onun əcdadları Rostov vilayətində yerləşən Koluşkino kəndindəndir. Müharibə zamanı nənənin ailəsi Gürcüstana təxliyə edilib və orada əbədi qalmağa qərar veriblər.

Atam orta məktəbi bitirdikdən sonra Bakı Dövlət İnstitutunun hüquq fakültəsinə daxil olub və ondan sonra Gəncə prokurorluğuna işə göndərilib. Gəncədə anamla tanış olub, ailə qurub, 3 uşaq böyüdüb. Bir müddət atam Kamçatkada işləyib.

Bu gün Vladivostok Dövlət Universitetinin hüquq fakültəsini bitirərək atasının yolu ilə gedən ortancıl qardaşım Semyon orada yaşayır.

Böyük qardaşım Oleq Sankt-Peterburqda məskunlaşıb, mühəndis işləyir. Koronavirus pandemiyasından əvvəl biz tez-tez bir-birimizi ziyarətə gedirdik və indi sosial şəbəkələrdə aktiv şəkildə ünsiyyət qururuq.

- Azərbaycanlı ilə ailə qurmusunuz, iki qız böyüdürsünüz. Hər bazar günü kilsəyə gedirsiniz. Həyat yoldaşınız məbədə getməyə mane olurmu?

- Məni kilsəyə özü gətirir. Deyir ki, bir-birinin dininə hörmət edilməlidir. Əsas odur ki, Uca Allaha iman gətirək və yaxşı, hörmətli insan olmağa çalışaq. Bütün dinlərin əsası eynidir- insanlara yaxşılıq etmək. Uşaqlıqdan kilsəyə gedirəm. Mən kiçik olanda anamın məni kilsəyə necə apardığını xatırlayıram. Mən ikonalara maraqla baxdım və ondan sonra duaları təkrarlamağa çalışdım. Yaşlananda kilsəyə tək getməyə başladım.

Bilirsən, Allahdan istədiyim hər şeyi mənə verdi. Etibarlı, qayğıkeş ər, gözəl və sağlam qızlar, sevimli iş. Bu həyatda hər şeyə görə Allaha minnətdaram!

Həyat yoldaşıma gəlincə, Turalla işdə tanış olduq. Mən universitetə ​​təzə gəlmişdim, o isə kafedraların birində işləyirdi. Dərhal bir-birimizi bəyəndik. Ünsiyyət qurmağa başladıq. Və bir müddət sonra o, mənə evlilik təklifi etdi. Azərbaycan adəti üzrə evimizə elçilər göndərildi. Səs-küylü toy etdik, ondan sonra mən ərimin evinə köçdüm.

Turalın çox yaxşı, anlayışlı valideynləri var. Dərhal məni ailəyə qəbul etdilər.

Qayınatam Omsk Ali Polis Məktəbini bitirib və uzun müddət Gəncə polisində işləyib. Omskdakı tələbə həyatından çox danışıb. Onunla danışacağımız çox şey var idi.

Qaynanam Gəncə məktəblərinin birində riyaziyyatdan dərs deyir.

İki qız böyüdürük. Böyük Saranın 9, kiçik Məryəmin 4 yaşı var. Ailəmiz həm rus, həm də azərbaycan dillərində danışır.

Biz adi beynəlmiləl ailəyik. Novruz bayramını və Pasxa bayramını qeyd edirik, şəkərbura və blinçik bişiririk.

Biz Azərbaycanın bölgələrini gəzməyi və uşaqlara doğma ölkəmizin tarixi və mədəniyyəti haqqında danışmağı sevirik.

Azərbaycanda bizim kimi ailələr çoxdur. Biz sülh və harmoniya içində yaşayırıq...

Müsahibə - Samira Kazımova

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə