Milli medianın qlobal məsələləri - ANALİZ

Elçin Bayramlı

1875-ci ildə görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzeti ilə əsası qoyulan 147 yaşlı Azərbaycan mətbuatı hazırda öz funksiyalarını necə yerinə yetirir? Bu yazımızda bu problemləri analiz etməyə çalışacağıq.

Bünövrəsi 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti ilə qoyulan və XIX əsri cəmi bir neçə qəzet-jurnalla başa vuran milli mətbuatımız bu gün minlərlə media orqanın timsalında yaşamaqdadır. Say və tiraj müqayisəolunmazdır. Bəs peşəkarlıq və oxucu qiyməti necə? Gəlin bu suala birlikdə cavab axtaraq.

Son vaxtlar qəzet oxuma meylinin xeyli azalması faktdır. Buna müxtəlif faktorlar təsir göstərir: elektron medianın, internet saytlarının artması, mütamadi olaraq qəzet-jurnal almaq üçün çox adamın maddi imkanının çatmaması, ölkəmizdə çıxan saysız qəzetlərin mövzu monotonluğundan oxucuların bezməsi, bir çox media orqanının cəmiyyətə yox, müxtəlif qərəzli məqsədlərə xidmət etməsi və s.

Bütün bunlar onu deməyə əsas verir ki, cəmiyyət artıq bu tendensiyanı həzm edə bilmir. Bu özünü tirajlarda biruzə verir. Deməli, insanlarda əsl mətbuata ehtiyac var- sözün əsl mənasında, müstəqil, qərəzsiz, obyektiv və həyatın bütün sahələrini, reallıqlarını özündə əks etdirən mətbuata.

Bu gün 147 yaşlı Azərbaycan mediası ziddiyyətli bir dövrünü yaşayır. Çap mediası cəmiyyətdə və informasiya bazarında öz mövqelərini getdikcə daha çox itirir. Reklam bazarının da yoxluğunu da buraya əlavə etsək, problemin səbəblərini aydınlaşdırmaq olar. Artıq print media rentabelli fəaliyyət imkanlarından mərhum və sponsora möhtac vəziyyətə gəlib. Faktiki olaraq, hazırda qəzetlərə dövlət dəstəyi, MEDİA-nın yardımları olmasa, çoxu öz fəaliyyətini dayandırmalı olar. Lakin qəzet-jurnallar yazılı tarixdir, tarixi sənəddir ona görə də, onların yaşaması lazımdır. Məhz bu səbəbdən dövlət haqlı olaraq çap mediasına daha çox yardım edir.

Məlum olduğu kimi, müasir jurnalistikanın əsas problemlərindən biri operativlik və obyektivlik arasında seçim etmə üsuludur. Əsl jurnalistlər hər hansı informasiya daxil olduqda onu tam dəqiqləşdirməmiş, tərəflərin (ehtiyac yarandıqda həm də ekspertlərin) fikrini öyrənməmiş və konkret fakt əldə etməmiş yazı yazmırlar və operativliyi obyektivliyə qurban verməkdən çəkinmirlər. Çünki düzgünlüyü aydınlaşdırılmamış operativ məlumatdansa, obyektivliyi təsdiq olunmuş gecikmiş informasiya daha üstündür.

Qeyri-peşəkarlar isə, hətta şayiələri, dezinformasiyaları və sifarişli şantajları belə ucuz sensasiya xatirinə tələsik yayımlamaqla məşğuldurlar. Nədən ki, bu “jurnalistlər” müasir jurnalistika texnologiyaları haqda təlim və ya təcrübə keçməyiblər, ona görə də informasiyanın necə alınması, hansı mənbələrdən təsdiqlənməsi, faktların hansı yolla əldə edilməsi, tərəflərin mövqelərinin verilməsi, ekspert fikrinin alınması və s. bu kimi jurnalistika texnologiyalarından xəbərsizdirlər. Bu gün mediada çalışanların bir çoxu da məhz elə bu cür jurnalistlərdir. Ona görə də, bu qəzetlərin səhifələrində tirajlanan yazıların faktoloji yükü az olur, jurnalist neytrallığı kənara qoyulur, obyektivlik isə hiss olunmur. Əksinə, yazının elə ilk cümlələrindən qərəzlilik, subyektivlik və fakta əsaslanmamaq hiss olunur.

Amma mediada əsl peşəkar jurnalistlərin varlığını etiraf etməmək ədalətsizlik olardı. Amma təəssüf ki, bu media mənsubları çalışdıqları mətbuat orqanının tələblərinə, strategiyasına və siyasi xəttinə qarşı şıxa bilmədiyindən yazılarını da tələb olunan kontekstdə yazırlar. Bir çox hallarda onların peşəkar olduğunu bilən sifarişçilər, həmin jurnalistlərə şantaj xarakterli yazılar sifariş edirlər. Yaxşı pul müqabilində vicdanlarını arxa plana keçirən peşəkarlar isə, dilimizin imkanlarından və informasiyanın psixoloji təsir texnologiyasından geniş istifadə edərək yazının faktoloji yükünün olmadığını və qeyri-obyektivliyini ört-basdır edirlər.

Son illərdə ölkə mediasının qara yarasına çevrilən “reket mətbuat” sektoru sürətlə “inkişaf” edir. Azərbaycanda qəzet-jurnal təsis etmək, informasiya saytı açmaq o qədər asan və rahatdır ki, çoxları bu həvəsə düşərək pul qazanmağın çirkli üsullarından istifadə etməyə çalışırlar. Belə halların nəticəsində jurnalistlər cəmiyyətin gözündən düşür. Oxucu hansının həqiqi media, hansının saxta media olduğunu çox vaxt aydınlaşdıra bilmir. Yəni qurunun oduna yaş da yanır.

Bir sıra qəzetlər isə, xaricdən maliyyələşir və ölkə daxilində öz missiyalarını həyata keçirirlər. Belələri, ölkədə milli, dini ayrı-seçkilik salmaq, cəmiyyəti parçalamaq, mənəvi dəyərləri çökdürmək, siyasi böhran vəziyyəti yaratmaq və s. bu kimi çirkin işlərlə məşğuldurlar. Dəfələrlə deyilsə də, yazılsa da, bu sahədə hələ ki, ciddi tədbir görülməyib. Hökumət bu məsələdə hədsiz dözümlülük nümayiş etdirir. Dövlət bu sahədə nizamlayıcı tədbirlərə əl atsa, o saat həmin “jurnalistlər” bir haray-həşir qoparacaqlar ki, “vay qoymayın, söz azadlığı pozuldu”.

Mətbuat nümayəndələri cəmiyyətdə gedən prosesləri dolğun və düzgün qiymətləndirməlidirlər. Qeyri-obyektiv mövqedən, təhqiramiz ifadələrdən, təzyiqlərdən, yersiz iddialardan və şantajdan əl çəkilməlidir. Normal və haqlı tənqidi heç kim pis qəbul etmir. Əslində, insanların öz hüquqlarını, şərəf və ləyaqətlərini qorumaları təbii sayılmalıdır. Ona görə də, belə hallarda məhkəmə qanuna əsaslanan cəzalanma qərarı verməyə bilməz.

Bütün dünyada media cəmiyyəti maarifləndirmək və obyektiv informasiya ilə təmin etməkdən ötrü fəaliyyət göstərir. Jurnalist professional peşədir və bu peşənin spesifik xüsusiyyətləri var. Jurnalist etik normaları, qanunvericiliyi, obyektivliyi, dövlətçiliyi və s. humanist prinsipləri əldə rəhbər tutaraq maarifləndirici və məlumatlandırıcı fəaliyyət göstərməlidir. Jurnalistika bir ictimai elm sahəsidir və bu sahənin də spesifik yaradıcılıq texnologiyaları var. Jurnalistin yayımladığı materialda şəxsi mövqeyi olmamalıdır. Bu gün mətbuatımızda çıxış edən kənar yazarların və bəzi jurnalistlərin isə, çox zaman konkret mövqeyi və subyektiv fikri olur. Bu konteksdən çıxış edib Azərbaycan medaisını nəzərdən keçirdikdə belə qənaətə gəlmək olar ki, bizdə peşəkar jurnalistlər azlıq təşkil edir, subyektiv və məqsədli yazarlar isə olduqca çoxdur.

Media sektorunda ən əsas problemlərdən biri də, jurnalistlərin sosial vəziyyətidir. Azərbaycanda jurnalistlərin sosial durumun ağır olması, çətin şəraitdə çalışması heç kimə sir deyil. Sovetlər dövründə mətbuat işçiləri əhalinin yüksək təbəqəsini təşkil edirdilər və sosial təminat cəhətdən əksər qruplara nisbətən üstün mövqedə idilər. Lakin hazırda vəziyyət tamamilə bunun əksinədir.

İndi jurnaslistika, mətbuat sahəsində sosial vəziyyət ürəkaçan deyil. Bu sahədə çalışanların 80 faizindən çoxunun şəxsi mənzili yoxdur, onsuz da aşağı olan əməkhaqqının yarısı kirayə haqqına sərf olunur. Başqa ölkələrlə müqayisədə Azərbaycan jurnalistləri 5-10 dəfə aşağı maaş alırlar.

Misal üçün, elə qonşu ölkələr- Rusiya, Türkiyə və İranda eyni işi görən jurnalistlər azı 2-3 min manat əməkhaqqı alırlar. Hətta iqtisadi imkanlar cəhətdən Azərbaycandan 4-5 dəfə aşağı olan Gürcüstanda media mənsublarının maaşları bizdən 2 dəfə yüksəkdir.

Təsəvvür edin ki, jurnalistlər eyni işə görə 10 -15 il öncə də eyni əməkhaqqı alırdı, indi də. Bu müddətdə bütün sahələrdə çalışanların maaşlarında dəfələrlə artımlar edilib, bazar-dükanda qiymətlər neçə dəfə artıb.

Başqa sözlə, jurnalistləri ölkənin yoxsulluq həddində yaşayan kəsiminə aid etmək olar. Azərbaycanda aylıq yayşayış minimumunun 200 manatın üzərində olmasını nəzərə alsaq, ortalama 500 manat əməkhaqqı alan jurnalistin ailəsində adambaşına bu məbləğdən xeyli aşağı vəsait düşdüyünü aydın görmək olar. Təxminən yaşayış minimumdan 2 dəfə aşağı. Belə bir ağır vəziyyətdə yaşayan, problemlərdən başı açılmayan insandan hansı iş keyfiyyəti, hansı peşəkarlıq, hansı iş həvəsi gözləmək olar?

Göründüyü kimi, problemlər fundamental və kompleksdir. Bu, birbaşa dövlət-cəmiyyət- media üçbücağındakı qarşılıqlı vəziyyətlə analoji müstəvidə inkişaf edən bir sistemdir.

Dövlət ciddi və peşəkar mediaya ona görə dəstək verməlidir ki, həm cəmiyyətin rəğbətini qazansın, həm də beynəlxalq məkana çıxış imkanları yaransın. Cəmiyyət isə +18 və şou mövzuların başını buraxıb ciddi siyasi, iqtisadi, mədəni, elmi mövzularda materialları oxumalıdır. İş adamları, şirkətlər peşəkar mediaya reklam verməlidir. Televiziyalar peşəkar qəzetləri təşviq etməli, onların xülasəsini verməlidir.

Bundan sonra medianın İP qazanmaq naminə cəmiyyətə zərərli, mənəvi dəyərlərə zidd materiallar verməsinə ehtiyac qalmayacaq. Satışdan, abunədən, reklamdan normal gəlir əldə edəcəklər. Sağlam rəqabət mühiti yaranacaq. Nəticədə peşəkar, savadlı şəxslər işə cəlb ediləcək, medianın nüfuzu artacaq. Cəmiyyət görəndə ki, media həqiqətən 4-cü hakimiyyətdir, ona dəstək verəcək. Media da dövlət və cəmiyyət arasında öz funksiyasını daha layiqli yerinə yetirəcək. Cəmiyyətimizin və dövlətimizin maraq və mənafelərinin təmin olunmasına öz töhfəsini verəcəkdir. Son nəticədə həm dövlətimiz, həm cəmiyyətimiz qazanacaq.

Göründüyü kimi, MEDİA-nın bu siyasəti çox strateji və effektiv prespektivə əsaslanır. Dövlətin dünya təcrübəsi ilə milli ənənələri uzlaşdıraraq hər 3 tərəfi (cəmiyyət, dövlət və media) qane edəcək optimal tənzimlənmə mexanizmi yaratma cəhdi təqdirəlayiqdir. Cəmiyyətdə isə nəhayət ictimai qınaq mexanizmi formalaşmalıdır.

Çünki məsuliyyət tələb edilmədikdə cəza mexanizmi, ictimai qınaq olmadıqda isə ortada ciddi mətbuat olmur. Bu ikisinin arasında 3-cü yolun formalaşması lazımdır. MEDİA məhz bunu həyata keçirməyə çalışır və medaimızın inkişafını təmin etmək üçün lazım olan bütün addımları atır.

Əlbəttə, əgər ortada dövlətin iradəsi, xalqın dəstəyi, jurnalistlərin əməyi varsa, onda əminliklə emək olar ki, mediamız müasir dövrdə peşəkar və nüfuzlu bir sistemə çevriləcək, dünya informasiya məkanında öz layiqli yerini tutacaq.

Bütün həqiqi jurnalistləri 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edirik, peşə bayramınız mübarək!

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə