İvanovkalı rus dili müəllimi Polina Radayeva: Heç yerdə öz yurdundakı qədər rahat nəfəs ala bilməzsən - MÜSAHİBƏ

Polina Radayeva Azərbaycanın ən mənzərəli rus kəndlərindən biri olan İvanovkada yaşayır. 45 ildən çox İvanovo orta məktəbində işləyir. Polina Nikolayevna etiraf edir ki, həyatını doğma kəndi olmadan təsəvvür edə bilmir: “Bura mənim evim, qohumlarım və dostlarımdır. Və mən heç vaxt buranı tərk etməyəcəyəm”. Moskva-Baku portalının müxbiri Polina Radayeva ilə söhbət edib, o, ivanovoluların iş günlərindən, gənc kənd sakinlərinin rus dilinə xüsusi marağından danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Siz Azərbaycanın ən məşhur rus kəndlərindən birində- SSRİ dövründən ölkədə qalmış yeganə kolxozun fəaliyyət göstərdiyi İvanovkada doğulub boya-başa çatmısınız. Bizə danışardınız, əcdadlarınız Azərbaycanda necə yaşayıblar?

- Bəli, mənim həyatım bu kəndlə bağlıdır. Anam Tatyana Pavlovna Şçeqlova İvanovkada anadan olub və bütün ömrünü burada yaşayıb. Atam Nikolay Timofeyeviç mən çox gənc olanda ailəni tərk edib. Mən anam və nənəm tərəfindən böyüdülmüşəm. Nənəmin əcdadları Azərbaycana XIX əsrin ortalarında Rusiyanın mərkəzi hissəsindən köçüblər. Rus kilsə islahatını qəbul etmək istəmədikləri üçün qovulublar. 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra bir çox rus kəndliləri, yəni molokanlar və duxoborlar bu ərazidə məskunlaşmağa başlayıblar. Altı il sonra, 1834-cü ildə 11 molokan ailəsi burada kənd salıb. Sonralar kəndin əhalisi Tambov, Voronej, Rostov və Stavropoldan yeni gələn molokanların hesabına artıb. 1840-cı ildən kənd İvanovka adlandırılmağa başlanıb. Zaman keçdikcə ulu babam kənddə ev tikib, təsərrüfatla məşğul olmağa başlayıb. Biz azərbaycanlılarla bir yerdə yaşayırıq. Heç vaxt aramızda hər hansı bir münaqişə və mübahisə olmayıb. Və bu,həmişə belə olub.

Mən İvanovo məktəbində oxumuşam, yeri gəlmişkən, bu, kənddə yeganə məktəb idi. Yaxşı oxuyurdum, rus dili və ədəbiyyatına böyük diqqət yetirirdim. Mən müəllimim Mariya İvanovna Orlova-Skokovaya rus dilinin bütün gözəlliyini və dərinliyini üzə çıxarmaqda mənə kömək etdiyinə görə çox minnətdaram. Məhz o zaman müəllim olmağa qərar verdim.

Məktəbi bitirdikdən sonra Bakıya Axundov adına Pedaqoji İnstitutuna daxil oldum. Müəllimlik diplomunu alıb doğma kəndimə qayıtdım. 1978-ci ildən bu günə kimi doğma məktəbdə çalışıram. Əvvəlcə rus dili və ədəbiyyatı müəllimi, sonra- tədris şöbəsinin müdiri və qiyabi məktəbin direktoru kimi. Bu gün İvanovka məktəbində baş müəllim işləyirəm. Və etdiyim işi çox bəyənirəm.

İvanovkada ilk məktəb ictimai məktəb idi. 1887-ci ilə qədər orda və ibadət evlərində dərslər keçirilirdi. Mövsümi oxuyurdular: yazda-yayda işləyirdilər, payızda-qışda dərsə gedirdilər. Qızlar və oğlanlar ayrı oxuyurdular. Məktəbdə gün ənənəvi olaraq Rusiya İmperiyasının “Tanrı çarı qorusun!” himninin ifası ilə başlayırmış. 1887-ci ildə İvanovkada ilk məktəb tikilib, 11 ildən sonra yeni binaya köçüb. 2006-cı ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın köməyi ilə İvanovkada müasir tipli məktəb tikilib, bu gün burada müxtəlif millətlərdən olan 400 uşaq- azərbaycanlı, rus, ləzgi təhsil alır. Məktəbimiz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyır.

- İvanovkalılar bu gün nə ilə və necə yaşayırlar?

- Əvvəllər İvanovkada ruslar daha çox idi. Demək olar ki, hamısı yerli kolxozda işləyirdi. Ötən əsrin 80-ci illərinin sonlarında "perestroyka" adlanan prosesdən sonra hər şey dəyişdi. Bəzi molokan kəndliləri Rusiyadakı tarixi vətənlərinə qayıtmaq qərarına gəliblər. Orada yeni həyata başlayacaqlarını düşünürdülər. Ailəmiz doğma İvanovkada qaldı və heç vaxt bundan peşman olmadı. Bu bizim evimizdir, yurdumuzdur. Ürəyinə çox əziz olan hər şeydən necə imtina edə bilərsən?

Bu gün İvanovkada əvvəlki kimi ruslar və azərbaycanlılar sülh və dostluq şəraitində yaşayırlar. Bayramları və ailə şənliklərini birlikdə qeyd edirik. Novruz bayramı üçün şəkərbura və paxlava bişiririk, Pasxa tortları, pançak bişiririk. Kənd camaatı bir-birinə böyük hörmətlə yanaşır. Biz özümüzü böyük bir ailə kimi hiss edirik, burada bir-birimizə dəstək olmaq və kömək etmək adətdir. Və bu həmrəylik bizə həmişə kömək edir.

Ümumiyyətlə, Azərbaycanda başqa millətlərin nümayəndələrinə, o cümlədən ruslara həmişə hörmətlə yanaşılıb. İşlədiyim məktəbdə elə siniflər var ki, orada uşaqlar həm Azərbaycan, həm də rus dilində təhsil alırlar. Onlar bir-birləri ilə yaxşı anlaşır və hansının hansı millətdən olduğunu düşünmürlər. Tələbələrimiz oxumağı sevir, rus ədəbiyyatını sevir. Məktəbdə biz rus klassiklərinin- Aleksandr Puşkinin, Lev Tolstoyun, Sergey Yeseninin yaradıcılığına həsr olunmuş ənənəvi ədəbi gecələr təşkil edirik. İvanovka məktəbliləri Bakıda Rus Evinin keçirdiyi bütün ədəbi tədbirlərin daimi iştirakçılarıdır. Müsabiqə və olimpiadalarda onlar nəinki məşhur əsərlərdən parçaları ifadəli oxuyur, həm də kostyumlu tamaşalar göstərir, rus şairlərinin şeirləri əsasında mahnı və romanslar oxuyurlar.

- Rusiyadakı tarixi vətəninizə köçmək istəyiniz olubmu? Sizi İvanovkada saxlayan nədir?

- Mən heç vaxt doğma kəndimi tərk etməyəcəyəm. Azərbaycan üçün ən çətin anlarda, ölkədə xaosun, iqtisadi böhranın hökm sürdüyü vaxtlarda da hər şeyi atıb getmək istəyim yox idi. İnanırdım ki, Azərbaycan bütün çətinliklərə qalib gələcək və yenə güclənəcək, çiçək açacaq. Və belə də oldu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından və rus icmasının meydana çıxmasından sonra İvanovkada həyat yaxşılaşmağa başladı. Mənim iki oğlum var. Böyük oğlum İqor orta məktəbi bitirdiyi Stavropolda yaşayır. O, taleyi ilə orada qarşılaşıb, ailə həyatı qurub və qalmaq qərarına gəlib. Polina və Marina adlı iki qızı böyüdür. Kiçik oğlum Sergey mənimlə İvanovkada yaşayır və heç yerə getməyə hazırlaşmır. Azərbaycanda biz çox rahatıq. Bu, bizim evimiz, işimiz, dostlarımızdır. Və heç bir yerdə evdəki qədər rahat nəfəs ala bilməzsiniz.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...