Belarus eksperti: “İstənilən NATO ölkəsi Ukraynadan sonra növbəti qurban ola bilər” - ŞƏRH

Ukraynada müharibə başlayandan bəri dünya mediası vaxtaşırı yazır ki, Rusiya Belarus ərazisindən və bu ölkənin hərbi obyektlərindən Ukrayna torpaqlarında daha kütləvi hərbi əməliyyatlar üçün tramplin kimi istifadə etməyi planlaşdırır. Moskva ilə Minsk arasında ən yaxın müttəfiqlik əlaqələrini nəzərə alaraq, bəzi xarici siyasi texnoloqlar belə bir ssenarinin baş verməsini olduqca mümkün hesab edirlər. Hətta güman edilirdi ki, Belarus Rusiya-Ukrayna böhranının episentrində qalacaq. Və bu günə qədər hadisələrin belə inkişafı istisna edilmir.

Belaruslu politoloq və publisist, tarix elmləri namizədi Valeri Karbaleviç belə bir ssenarinin baş vermə ehtimalı ilə bağlı fikirlərini “Caliber” analitik mərkəzinə bildirib. Ekspertin rəyini oxucularımıza təqdim edirik.

Karbaleviç deyir ki, Belarus ərazisindən Ukraynanın atəşə tutulması müharibənin lap əvvəlindən, fevralın 24-dən baş verib. Bu günə qədər mütəmadi olaraq raket hücumları həyata keçirilir və Rusiya bombardmançıları Ukraynaya zərbələr endirmək üçün Belarus aerodromlarından hava məkanına qalxır.

“Üstəlik, Rusiya qoşunları Kiyevə də Belarus ərazisindən hücum edib, bu artıq Minskin bu münaqişədə çox fəal iştirak etdiyini göstərir. Yalnız o mənada ki, rus qoşunları Ukraynaya hücum etmək üçün Belarus ərazisindən də istifadə edir. Bir gün əvvəl Jitomir vilayətinin də atəşə tutulması baş verdi və hesab edirəm ki, bu, etibarlı məlumatdır, çünki Rusiyanın “İsgəndər” raket sistemləri Belarus və Ukrayna sərhədində təsadüfən yerləşdirilməyib.

Bir növ təxribat qrupları vasitəsilə partlayışlar və təxribatlarla bağlı versiyalara gəlincə, mən konkret heç nə deyə bilmərəm, bu barədə Ukrayna kəşfiyyatı xəbər verir. Mən fərziyyə qurmazdım və bunun Rusiya tərəfinin planlarında olub-olmadığını təxmin etməzdim. Amma əminəm ki, əgər ölkə rəhbərliyi tərəfindən Belarus Silahlı Qüvvələrinin müharibəyə cəlb olunması ilə bağlı siyasi qərar verilsə, o zaman bunun səbəbini tapmaq problem olmayacaq.

Digər tərəfdən, Belarus hakimiyyətinin özləri vaxtaşırı bildirirlər ki, Ukrayna pilotsuz təyyarələri və təxribat qrupları Belarus sərhədini keçiblər və onlar deyirlər ki, Polşa Qərbi Ukraynanı ələ keçirəcək və onlar bizi mühasirəyə almaq istəyirlər, biz də deyirik ki buna icazə verə bilmərik. Yəni müharibəyə başlamaq üçün çoxlu bəhanələr var və Mozır vilayətində və ya onun ətrafında nəyisə partlatmaq qətiyyən lazım deyil.

Belə bir ssenarinin nə dərəcədə mümkün olduğunu söyləmək çətindir. Amma aydındır ki, Lukaşenko belarusların özləri istəmədiyi kimi, ölkənin müharibəyə cəlb olunmasını istəmir. Əhalinin təxminən 95 faizi öz ölkələrinin müharibədə iştirakını istəmir. Bu məsələdə hakimiyyətlə xalq arasında qəti konsensus var. İstər Lukaşenkonun əleyhdarları, istərsə də onun tərəfdarları, hətta hüquq-mühafizə orqanları da Ukrayna ilə müharibədə fəal iştirak etmək istəmirlər.

Güman etmək olar ki, Rusiya Belarusu buna sövq edir, lakin bu günə qədər bunu təsdiqləyən heç bir rəsmi fakt yoxdur. Ukrayna əməliyyatı Rusiya Federasiyası üçün uğurla getsə və Moskva qalib gəlsə, Belarus ordusunun orada iştirak ehtimalı artacaq. Əgər Rusiya məğlubiyyətə düçar olsa, o zaman uduzan tərəfə qoşulmağın mənası qalmayacaq”, - belaruslu ekspert vəziyyəti təhlil edir.

Onun fikrincə, müharibənin indiki mərhələsində Rusiya ilə Litva arasında münaqişə ciddi təhlükə yaradır.

“Litva Avropa İttifaqının qərarına istinad edərək, Rusiyanı sərt cavab verməklə hədələyərək, öz ərazisindən Kalininqrad vilayətinə malların tranzitini məhdudlaşdırıb. Əgər söhbət hərbi cavabdan gedirsə, Belarusun iştirakı olmadan bu, baş tuta bilməz. Belə olan halda Belarusun rolu xeyli artacaq və ola bilsin ki, bu məsələ Sankt-Peterburqda prezidentlər Lukaşenko və Putin arasında danışıqlar zamanı əsas müzakirə mövzularından birinə çevriləcək.

Rusiyanın xarici siyasətinin məntiqi düşmənin qorxuya düşəcəyi və zərbə vurmağa cəsarət etməyəcəyi gözləntisi ilə payı qaldırmaqdır. Məhz bu məntiqdən Rusiya ilə Ukrayna arasında müharibə getdi. Ona görə də istisna etmirəm ki, Rusiya NATO-nun müharibəyə girməyə cəsarət etməyəcəyini bilərək Belarusla Kalininqrad vilayəti arasında Suvalki dəhlizindən keçməyə cəhd edə bilər, lakin bu, münaqişəni nüvə müharibəsinə çevirmək təhlükəsi yaradır. Bu o demək deyil ki, Rusiya müharibəni dünya müharibəsi səviyyəsinə çatdırmaq istəyir, dalana dirənib, geri çəkilmək imkanını itirib və münaqişənin gərginləşməsi məntiqi belə bir müharibəyə sövq edir.

Yəni, Litva ilə müharibənin məqbul variant olduğu ortaya çıxa bilər, çünki bütün digər variantlar daha da pisdir. NATO və ABŞ-ın qərargahının nümayəndələri Litvanı dəstəkləyəcəklərini bildiriblər. Amma bunun Kremlin ambisiyalarını nə dərəcədə soyudacağını söyləmək çətindir. Ona görə də, fikrimcə, belə bir ssenarinin mümkünlüyü mövcuddur. Çox güman ki, NATO-nun hərbi cavabı olacaq, çünki Qərbdə Ukrayna ilə müharibə başlayandan sonra başa düşüblər ki, Rusiyaya hər dəfə güzəştə getmək onun ambisiyalarının artmasına gətirib çıxara bilər və ola bilsin ki, istənilən digər NATO ölkəsi Ukraynadan sonra növbəti ola bilər. Müvafiq olaraq, NATO-nun Litvaya hücumuna cavab vermə ehtimalı var”, - deyə V.Karbaleviç deyib.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...