Gürcü politoloq: Azərbaycan öz torpaqlarını geri ala bildiyi üçün böyük tərifə layiqdir - MÜSAHİBƏ

Professor Maisuradze: Avropa nə Ukraynanı, nə də Moldovanı qəbul etməyəcək- belə yük heç kimə lazım deyil...”

Gürcüstan politoloqu, Qriqol Robakidze adına və Şərqi Avropa universitetlərinin professoru ilə Gürcüstan parlamentinin 8-ci çağırış deputatı (2012-2016) Temur Maisuradze “Caliber” analitik mərkəzinə müsahibəsində regionumuzda baş verən hadisələr və gedən proseslər haqda maraqlı fikirlər bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Avropa Komissiyası Aİ Şurasına Gürcüstana yox, Moldova və Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edib. Bunu siyasi qərar kimi qiymətləndirmək olarmı?

- Əlbəttə, bu doğrudur, bu, sırf siyasi qərardır, çünki Qərb bizdən daha çox şey tələb edirdi. İstəyirdi ki, Rusiyaya qarşı ikinci cəbhə açıb döyüşə başlayaq. Güman ki, bu, Qərbin dəstəklədiyi Ukrayna tərəfinin tələbi idi. Ukrayna müstəqil işləmir, Avropanın himayəsi altında fəaliyyət göstərir.

- Gürcüstan namizədlik yolunda daha hansı islahatları həyata keçirməlidir?

- Bu cür islahatlar kifayət qədər çoxdur, lakin bu baxımdan biz həm Ukraynanı, həm də Moldovanı qabaqlayırıq. Biz cəmiyyətdəki əsas parçalanmaları, ədaləti bərqərar etməli və korrupsiyanı aradan qaldırmalıyıq. Yeri gəlmişkən, burada da Ukrayna və Moldova bizdən geri qalır. Ola bilsin ki, bu ölkələr Aİ üzvlüyünə namizəd olacaqlar, lakin bu, sadəcə olaraq onların inkişafını stimullaşdırmaq üçün atılan addımdır. Ancaq mənə elə gəlir ki, Avropa sonda onları qəbul etməyəcək, çünki orada heç kim çiyninə belə bir yük götürmək istəmir.

Siyasi vəziyyəti nəzərə alaraq hesab edirəm ki, bu üç ölkə üçün bir növ Aİ-yə qapılar açılır, lakin onlar heç vaxt bu təşkilata üzv olmayacaqlar. Hələlik Aİ-nin özündə çox ciddi problemlər yaranacaq ki, bu da onun dağılmasına gətirib çıxara bilər, xüsusən də avrozonada iqtisadi və siyasi vəziyyət çox ağır olduğundan. Bu, tədricən bütün Aİ ölkələrinə yayılacaq, alternativ qüvvələr fəaliyyətə başlayacaq, çünki insanlar çox narazıdırlar, başa düşmürlər ki, Ukraynanın NATO-ya daxil olması naminə Avropa nə üçün özünü və iqtisadiyyatını qurban verməlidir. Avropalıların çoxu hesab edir ki, Aİ xalqın fikrini nəzərə almalıdır.

- Gürcüstanın NATO-ya daxil olmasına gəlincə, bu məsələdə işlər necə gedir?

- Bu, qətiyyən mümkün deyil. NATO Rusiyanın reaksiyasının bu qədər ciddi olacağını düşünmürdü. Tarixdən xatırladığımız kimi, Alyans Rusiyaya şərqə doğru genişlənməməyə söz vermişdi. Lakin indi artıq iki ssenari mümkündür: ya NATO-nun bütün Avropanın ziyanına olaraq şərqə doğru genişlənməsi- o zaman Rusiya dayanmayacaq- bu, onun üçün həyati məsələdir, ya da Avropa nəhayət anlayacaq ki, şərqə doğru genişlənməyə dəyməz. Düşünürəm ki, NATO müəyyən sərhədlər daxilində özünü cilovlamağa başlayacaq, lakin daha böyük təsir üçün yumşaq gücdən istifadə edəcək.

- ABŞ dövlət katibinin köməkçisinin müavini Kara MakDonald bu yaxınlarda Tbilisiyə səfəri zamanı Vaşinqtondan “Gürcüstanın demokratik trayektoriyasından dərin narahatlığı” ifadə edən mesaj gətirdiyini söylədi. Bəs ABŞ niyə narahatdır?

- Onlar narahatdırlar ki, Gürcüstanın əvvəlki rəhbərliyi- Saakaşvili hökuməti bütün neqativ hallara göz yumurdu, indiki isə bir çox məsələlərdə Qərblə ziddiyyət təşkil etməyə imkan verir. Bu məsələlərdən birinə nümunə olaraq Tiflisin anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina etməsini göstərmək olar. Qərbə onun bütün tələblərini yerinə yetirəcək, hətta keçmiş rəhbərliyin reanimasiyasına belə gedə biləcək hökumət lazımdır.

- Tiflisin Bakı və Ankara ilə münasibətlərini necə qiymətləndirirsiniz?

- Olduqca müsbət. Biz təkcə qonşu deyilik, həm də strateji tərəfdaşıq. Münasibətlərimiz genişlənir və yeni səviyyəyə qalxır. Qonşularla münasibətləri inkişaf etdirmək lazımdır, çünki biz yalnız birlikdə öz rəqiblərimizə qarşı çıxa bilərik. 1977-1979-cu illərdə mən özüm Sumqayıt yaxınlığında - Yaşmada xidmət etmişəm. Ona görə də Azərbaycan mənə yaxındır, mən onu özümünkü kimi, qafqazlı kimi qəbul edirəm... Bəli, bizim sadəcə olaraq alternativimiz yoxdur- çox yaxşı, sıx əlaqələrimiz olmalıdır.

- Bakı Qarabağ münaqişəsini həll edə bildi. Azərbaycanın hərəkətlərini necə qiymətləndirirsiniz?

- Azərbaycanın da Gürcüstanla eyni problemi var idi- ölkəmizin ərazisinin 20 faizi bu günə kimi işğal olunub, ona görə də sizi bizdən yaxşı heç kim başa düşməyəcək. Amma siz torpaqlarınızı geri ala bildiyiniz üçün əlasınız, bu, böyük tərifə layiqdir. Amma istənilən halda, həm biz, həm də siz qonşularımızla münasibətləri yaxşılaşdırmalıyıq, çünki sülhün alternativi yoxdur. Ermənistan bununla bağlı sakitləşməli və əməkdaşlıq istiqamətində yenidən qurulmalı olacaq. Qarşıdurma ona heç nə verməyəcək, xüsusən də ölkə ən yaxşı vəziyyətdə olmadığı üçün. Gürcüstan osetinlər və abxazlarla, Ermənistan da Azərbaycanla sülh bağlamalıdır. Bu məsələdə Rusiyadan çox şey asılıdır və biz onunla da yaxşı münasibətlər qurmalı olacağıq. O ki qaldı yeni müharibəyə, mən çox ümid edirəm ki, bu, olmayacaq.

- Rusiyanın Gürcüstan ərazilərini geri qaytarması mümkündürmü? Və hansı şərtlərlə?

- Hər şey bizim hökumət səviyyəsində gələcək münasibətlərimizdən və Gürcüstanın Cənubi Qafqazda Kremlin maraqlarını necə nəzərə ala biləcəyindən asılıdır. Mən Rusiyanın cənubdan təhlükəsizliyini nəzərdə tuturam.

- 2008-ci il müharibəsindən ümumiyyətlə qaçmaq olardımı?

- Əlbəttə, mümkün idi. Saakaşvili Qərbin ona kömək edəcəyi ilə bağlı illüziyaya qapılmışdı. Ukrayna da belə düşünürdü. Bəli, Qərb Kiyevə kömək edir, lakin bu, Moskvanı dayandırmağa kifayət etməz. Kimsə Rusiyanı məhv edəndən sonra hər şeyin yaxşı olacağını düşünürsə, o zaman dərindən yanılır, çünki bu halda MDB dövlətləri arasında müharibə başlayacaq, dərhal yeni ərazi münaqişələri yaranacaq. Çin çox sürətlə inkişaf etməyə başlayacaq, bu da Qərb üçün böyük təhlükəyə çevriləcək, çünki Pekin özünün birja və əmtəə birjalarını yarada bilər ki, bu da Qərb üçün sərfəli olmayacaq. Orada bu yaxşı başa düşülür.

- Sizcə, Gürcüstanla Ukrayna arasında münasibətləri hansı şəraitdə yaxşılaşdırmaq mümkün olardı?

- Bizdə xalqlar səviyyəsində gərgin münasibətlər yoxdur, ziddiyyətlər yalnız siyasət səviyyəsində yaranıb. Onların başlanğıcı Ukrayna hökumətinin Gürcüstanda artıq məhkum olunmuş Saakaşviliyə sığınacaq verməsi ilə ortaya çıxdı. Sonra Kiyev Saakaşvilinin tərəfdarlarını dəstəkləməyə, onları yüksək vəzifələrə oturtmağa başladı və elə oldu ki, Saakaşvili Ukrayna üçün Gürcüstanla münasibətdən daha vacib oldu.

Buna həm Tiflisdə, həm də Kiyevdə inqilablar edən kollektiv Qərb kömək etdi. Ukrayna Gürcüstandan səfirini geri çağırdı, lakin biz bunu etmədik. Lakin ukraynalılar bizdən üzr istəməsələr, bəlkə də münasibətlərimizə yenidən baxarıq. Bu arada biz Ukraynaya bacardığımız qədər kömək etdik. İkinci cəbhənin açılması və işçi qüvvəsi istisna olmaqla, unutmaq olmaz ki, Rusiya bizim qonşumuzdur və onunla münasibətləri korlamamalıyıq.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə