Rus iqtisadçı: “Ermənistan Zəngəzur dəhlizinin açılmasına məcburdur - MÜSAHİBƏ

Aleksandr Razuvayev: “Rusiyanın rəsmi mövqeyi var- Qarabağ Azərbaycandır. İkinci Qarabağ müharibəsinin nəticəsi də bunu təsdiqlədi”

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün növbəti dəfə bəyan edib: Zəngəzur dəhlizi ilə bağlı İrəvanın mövqeyi elədir ki, dəhliz məntiqi olmamalıdır. "Bu, qırmızı xəttdir" deyə baş nazir xəbərdarlıq edib. Paşinyanın sözlərinə görə, 2020-ci ilin noyabrında Ermənistan, Rusiya və Azərbaycan liderlərinin imzaladığı üçtərəfli bəyanata əsasən, regionda yalnız bir dəhliz var, o da Ermənistanı Qarabağla birləşdirən Laçındır.

Yada salaq, eyni zamanda, üçtərəfli bəyanatda deyilir: “Regionda bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verir”.

Ötən ilin noyabrında Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında çıxış edərək, “Azərbaycan və Ermənistan arasında mübahisələrin həlli, Transqafqazda iqtisadi əlaqələrin bərpası və blokun açılması üçün səylərin davam etdirilməsində rus diplomatiyasının artırıldığıını” elan edib.

İyunun 9-da İrəvanda Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı ilə danışıqların yekunu üzrə mətbuat konfransında çıxış edərək bildirib ki, “nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması üzrə baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli İşçi Qrup mühüm irəliləyiş əldə edib”. Rusiyanın xarici işlər naziri bildirib ki, dəmir yolu marşrutu razılaşdırılıb, hazırda yol marşrutu və qurulacaq rejimlə bağlı razılaşma tamamlanmaq üzrədir. Bundan əlavə, Lavrov nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması üzrə işçi qrupunun görüşləri nəticəsində tərəflərin əldə etdiyi əvvəlki razılaşmaları bir daha təsdiqləyib. Sazişlərin məntiqi ondan ibarətdir ki, dəhlizin hər bir hissəsi keçdiyi ölkə tərəfindən idarə olunacaq.

Bu günlərdə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat verib ki, Zəngəzur dəhlizini təşkil edən avtomobil yolunun 35 faizinin və Horadiz-Ağbənd dəmir yolunun 50 faizinin tikintisi tamamlanıb.

İrəvan Zəngəzur dəhlizini niyə bəyənmir- Rusiyalı iqtisadçı Aleksandr Razuvayev “Moskva-Baku” portalına müsahibəsində bunu şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Aleksandr Yuryeviç, Ermənistan hakimiyyəti müntəzəm olaraq Azərbaycanla nəqliyyat əlaqələrinin açılmasında “dəhliz məntiqi”nin onlara uyğun olmadığını deyəndə nəyi nəzərdə tutur?

- Ümumiyyətlə, 2020-ci ilin noyabrında Rusiya prezidentinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri üçtərəfli bəyanat imzalayanda bunun dəhliz olacağı barədə, nəqliyyat və iqtisadi blokların açılmasının tərəfdarı olduqları barədə razılığa gəldilər. Bu məsələlərin həlli gözlənildiyi kimi ölkələr arasında işgüzar əlaqələr yaratmalı və xalqları bir-birinə daha da yaxınlaşdırmalıdır. Bu olmadan heç bir şey olmayacaq. Ermənistan bu məsələyə “yaşıl işıq” yandırmasa, onun həqiqətən də qonşuları ilə münasibətləri normallaşdırmaq istədiyini söyləmək mümkün deyil.

Ermənistan İkinci Qarabağ Müharibəsindən və pandemiyadan sonra kifayət qədər zəifdir və nə qədər müqavimət göstərsə də, oynasa da, yenə də koridorla razılaşmalı olacaq. Təbii ki, Laçın dəhlizində də erməni nəzarəti olmayacaq.

Ermənistanın Zəngəzur dəhlizi məsələsində verdiyi sözə əməl etməməsi aydın görünür. Dəhlizin icrasının ləngiməsi sadəcə olaraq Ermənistanın zəif vəziyyətdə olduğunu göstərir. Düşünürəm ki, Ermənistan tarixin səhifəsini vərəqləmək, qonşuları ilə münasibətləri normallaşdırmaq və normal yaşamağa başlasa, daha yaxşı olar. İqtisadi inkişaf, əhalinin güzəranı, ölkədə müsbət sabitlik baxımından bu, ən düzgün seçimdir.

Ermənistanın baş naziri dəhliz məntiqinin qeyri-mümkün olduğunu deyəndə, daxili millətçi elektoratı sakitləşdirir, ikincisi, bunu gecikdirməklə nəyinsə ermənilərin xeyrinə dönə biləcəyini, nəyinsə dəyişəcəyini gözləyir. Amma heç nə dəyişməyəcək. Bu proses qeyri-müəyyən müddətə belə davam etməyəcək, baxmayaraq ki, o, məhz bunu etməyə çalışır. Bu, xüsusilə məhsuldar siyasət deyil. Bu yalnız ona gətirib çıxarır ki, Ermənistanın özü iqtisadi inkişafını və tərəqqini geridə qoyur. Axı o, ən zəngin ölkə olmaqdan uzaqdır və qonşularından xeyli zəifdir.

Ermənistan bu haqda düşünərkən, Azərbaycan artıq Zəngəzur dəhlizini təşkil edən dəmir yolunun öz hissəsinin yarısını çəkib. O, fəal şəkildə bu işi davam etdirir. Artıq İranla Azərbaycanın əsas hissəsindən, yəni Şərqi Zəngəzur iqtisadi rayonundan İran ərazisindən keçməklə Naxçıvana yeni nəqliyyat yolunun tikintisi ilə bağlı razılığa gəlinib.

Aydındır ki, Zəngəzur dəhlizinə hələ də ehtiyac var. Bəli, farslar isə kifayət qədər çətin tərəfdaşlardır. Azərbaycanın əsas hissəsindən İrandan keçməklə Naxçıvana marşrutun çəkilməsi daha çox təhlükəsizlik şəbəkəsinə bənzəyir, nə qədər ki Ermənistan prosesi ləngidir. Bu ehtiyat variantdır.

- Ümumiyyətlə, Zəngəzur dəhlizi Ermənistan və bütün region üçün hansı imkanlar açacaq?

- Münasibətlərin normallaşması, nəqliyyat, iqtisadi və digər əlaqələrin inkişafı bütün qonşu ölkələr üçün müsbət haldır. Bunlar əlavə iş yerləri, investisiya layihələridir. Putin bu haqda danışdı ki, hamı qalib gələcək, sərhəd bölgələrində yaşayanlar qalib gələcək. Və kilidin açılması prosesi nə qədər sürətli nəticə versə, bir o qədər yaxşıdır. Ermənistan isə onu ləngitdikdə, vəziyyəti daha da pisləşdirir. Belə çıxır ki, onların siyasətində iqtisadiyyatdan daha qədim bir prioritet var.

Zəngəzur dəhlizi regionun bütün ölkələri üçün yeni imkanlar açacaq. Ən çox da Ermənistan üçün, ona görə ki, Qarabağ münaqişəsi başlayandan sonra Türkiyə və Azərbaycan onunla sərhədlərini bağlayıb, diplomatik münasibətlər yoxdur.

Ona görə də Ermənistanın bloku açılacaq, onun Rusiyaya yeni nəqliyyat marşrutu olacaq. Azərbaycan isə öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə birləşəcək, həm də Türkiyəyə birbaşa marşrut əldə edəcək.

Rusiya üçün Zəngəzur dəhlizinin açılması, hətta ona qarşı tətbiq edilən sanksiyalarla bağlı indiki vəziyyətdən əvvəl və indi daha çox böyük əhəmiyyət kəsb edir. Və onun xüsusən də Rusiya üçün logistika zəncirləri və təchizatı ilə bağlı problemlər yarandıqdan sonra rolu müəyyən mənada dünyaya pəncərə və strateji yoldur. Türkiyə malları da Mərkəzi Asiya ölkələri və Rusiya bazarlarına daxil olmaq üçün əlavə kanal əldə edəcək.

Ona görə də Rusiya, Azərbaycan, Türkiyə liderləri üçtərəfli bəyanatı həyata keçirmək üçün Ermənistanı hər cür sıxışdırmağa davam edəcəklər. Axı sivil liderlər həmişə sülhdə maraqlıdırlar.

- Bunu həm də Rusiya tərəfinin Ermənistanın dəmir yolu infrastrukturunun, o cümlədən Sünikdə və digər regionlarda dəmir yolu xəttinin bərpası layihələrində iştirak etməyə hazır olması da göstərir. Müvafiq məqam Rusiya və Ermənistan liderlərinin aprelin 19-da ikitərəfli bəyanatında qeyd olunub.

- Bəli, Rusiya təzyiq göstərir. Rusiya şirkətləri Ermənistan və Azərbaycanla fəal əməkdaşlıq edir. Amma dediyim kimi, Ermənistanda iqtisadiyyatda siyasət hökm sürür. Göründüyü kimi, 2020-ci ilin payızından sonra Cənubi Qafqazda vəziyyətin dəyişdiyini daxilən qəbul etmək və etiraf etmək onlar üçün çox çətindir.

Rus məsəli var: “Pis sülh yaxşı müharibədən üstündür”. Və bu tamamilə doğrudur. Putin, Əliyev və Ərdoğan göstərdilər ki, bunlar sözünün üstündə duran və rəqibini həmişə dinləyən siyasətçilərdir. Aydındır ki, onlar öz ölkələrinin maraqlarından çıxış edirlər, lakin onlar dinləyib anlamağa çalışacaqlar. Və ağlabatan kompromis mümkün olarsa, bununla razılaşacaqlar. Həyat bunu yüz dəfə sübut etdi. Ona görə də Ermənistan bundan istifadə etməlidir.

- Ermənistan müxalifəti Paşinyana qarşı mübarizədə yeni mərhələyə keçib. O, kifayət qədər canfəşanlıqla müəyyən nəticələr əldə etdiyinə inandırır. Baxmayaraq ki, onlar obyektiv olaraq görünmürlər. Müxalifət indi diasporla, separatçılarla daha da sıx birləşmək, necə deyərlər, “Ermənistan, Artsax və diaspor” birliyi ideyasını həyata keçirmək üçün mübarizə aparmaq və həyata keçirmək üçün öz gənc kadrlarını axtarmaq niyyətindədir...

- Canlandırmağa çalışdıqları “Qarabağ klanı”nın ənənəvi millətçi yanaşması. Lakin onların qisas almaq şansı yoxdur. Əgər Ermənistanda qisas ideyası əsasdırsa, bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq. Çünki bu, ölkənin normal inkişaf etməsinə imkan verməyəcək. Yaxşı, birdən-birə erməni tərəfdən revanş cəhdi edilirsə, biz artıq 2020-ci ildə bunun necə bitdiyini görmüşük- müharibə necə deyərlər bir qapıya olub.

Mənə elə gəlir ki, Ermənistanda iqtidar və müxalifət razılığa gəlməyə, hansısa güzəştə getməyə, konsensus yaratmağa və parlaq gələcəyə doğru getməyə çalışmalıdır, çünki daimi daxili çəkişmələr yalnız tənəzzülə, siyasi qeyri-sabitliyə gətirib çıxarır. Necə deyərlər, öz-özünə parçalanmış səltənət yıxılacaq. İnvestorlar xüsusilə həvəsli olmayanda və zəif, korrupsiyalaşmış hökumət olanda bu pisdir. Suveren bir ölkə olan Ermənistanın ölkədən kənarda diasporadan daha çox asılı olan gücə malik olması yanlışdır. Adətən bunun əksi olur- hakimiyyət diaspora təsir edir, Ermənistanda isə diaspor hakimiyyətə təzyiq edir.

Hesab edirəm ki, Ermənistanda iqtidar və müxalifət də razılığa gələ bilməyəcək. Bu mənada mən perspektivlərə pessimist baxıram.

- Paşinyanın sülhpərvər gündəmi ilə müqavimət göstərmək şansları nə qədərdir?

- Yarıdan çox. Deyərdim ki, o, çox stabil, hətta şanslı da çıxdı. Və kim nə deyirsə desin, Qarabağla bağlı üçtərəfli bəyanata imza atmağa gücü çatdı. İmzalamasaydı, Ermənistanın taleyi çox acınacaqlı olardı. İndi isə Paşinyan onilliklər boyu ölkəni daxildən korroziyaya salan, qonşuları ilə çəkişdirən lazımsız münaqişədən sonra ölkə üçün yeni, pozitiv tarix imkanlarını açıb.

- Bəs Ermənistan baş nazirinin Qarabağın statusu ilə bağlı açıqlamalarına necə baxırsınız?

- Revanşistlərin oyunu. Rusiyanın rəsmi mövqeyi var- Qarabağ Azərbaycandır. İkinci Qarabağ müharibəsinin nəticəsi də bunu təsdiqlədi.

Müsahibə - Nana Xoştariya

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə