Azərbaycanda gender siyasəti uğurla davam etdirilir – TƏHLİL

Gender siyasətinin əsasını ilk növbədə, kişilərin və qadınların ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində bərabərliyi təşkil edir. İstər dini, istərsə də ümumbəşəri insan haqları baxımından hər iki cinsdən olanların haqlarının qorunması və möhkəmləndirilməsi, qadın və kişilərin bu hüquqlardan istifadə etməsi isə dövlətin məqsədyönlü gender siyasətinin tərkib hissəsi hesab olunur. Xüsusilə qeyd edək ki, ölkəmizdə hər iki cinsdən olanların haqlarının qorunması təmin olunur, hüquqlarından istifadə etmələrinə geniş imkanlar yaradılıb və bu isə o deməkdir ki, gender siyasəti uğurla həyata keçirilməkdədir.

Dünada ən aktual məsələlərdən biri də məhz gender bərabərliyi, qadın və kişilər arasında bərabərlik hesab olunur. Təsadüfi deyil ki, gender məsələlərinə hər zaman qlobal səviyyədə nəzarət var və bu məsələ hər zaman diqqətdə saxlanılır. Dünyanın istənilən ölkəsi gender məsələlərinə həssaslıqla yanaşır. Ən inkişaf etmiş ölkələr belə gender siyasətini ən aktual məsələ olaraq gündəmdə saxlayır. Ölkə başçısının, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda da gender siyasəti uğurla həyata keçirilir. Ölkəmizdə bunun üçün hüquqi baza da mövcuddur. Cəmiyyətin bütün sahələrində kişilər və qadınlar arasında bərabərlik təmin olunub və ölkəmiz bu istiqamətdə də nümunə hesab olunur.

Hüquqi bazanın olması sözsüz ki, olduqca vacibdir, lakin heç də hər şey demək deyil. Heç şübhəsiz ki, kişilər və qadınlar arasında bərabərliyin təmin olunması təkcə huquqi baza, qanunvericiliklə reallaşdırıla bilməz və reallaşdırılmamalıdır da. Əvvəla ona görə ki, heç də bütün hallarda bu məsələ qanun müstəvisinə daşına bilməz. Digər tərəfdən də axı, bərabərliyin qorunması üçün inzibati tədbirlər kifaət etmir və insanlar özləri buna çalışmalıdırlar. Yəni, bütövlükdə cəmiyyətin özü belə bir bərabərliyin təminatçısı olmaqda maraqlı olmalıdır. Maraqlı olmalıdırlar ki, ya kişinin, ya da qadının hüquqları pozulmasın və cəmiyyətdə bərbərlik olsun. Ələlxüsus da, insanlar bərabərlik anlayışından qətiyyət çəkinməməli, ehtiyatlanmamalıdırlar, çünki gender bərabərliyi nə kişinin qadının yerini tutması, nə də qadının kişinin yerinə keçməsi demək deyil.

Əlbəttə, etiraf etmək lazımdır ki, bəzən kişi və qadın arasında bərabərliyin pozulması hallarına da rast gəlinir və bu zaman səbəb olaraq, mental düşüncənin müəyyən çərçivələr yaratdığı da diqqətdən yayınmır. Məsələ burasındadır ki, nə mental dəyərlər, nə də dinimiz bərabərsizliyə rəvac vermir. Ələlxüsus da İslam dini ayrıseçkiliyi ümumiyyətlə qəbul etmir və insanlar arasında bərabərliyi tərənnüm edir. İslam əxlaqının insanlar arasında fərq qoyulmasına qarşı olsuğu barədə kifayət qədər tarixi faktlar var. Dinimiz həyatın bütün sahələrində bərabər olmağı insanlara əsrlə boyu tövsiyyə edib, lakin bundan doğru və düzgün nəticə çıxarmağı bacarmayanlar, yaxud da başqa məqsəd güdənlər öz niyyətlərinə uyğun şəkildə istifadə etməyə çalışıblar. Hətta belələrinin təsiri əfsus ki, hələ də qalmaqdadır. Lakin cəmiyyətimiz bu kimi hallarla qətiyyən barışmaq niyyətində deyil və qanunlarla yanaşı, ictimai qınaq da öz müsbət təsirini göstərməkdədir.

Xatırlatmaq yerinə düşərdi ki, Şərqdə ilk dəfə seçmək, seçilmək hüququ Azərbaycan qadınına məxsus olub və bizim qadınlarımızın cəmiyyətdə rolunun artması hələ ötən əsrin əvvəllərindən müşahidə edilib. Unutmaq lazım deyil ki, 1908-ci ildə Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyətinin yaradıcısı Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə Məlikova olub. Oğlanların və qızların birlikdə təhsil aldığı ilk məktəbin əsasını da məhz Azərbaycan qadını, beynəlxalq konfransda çıxış edən azərbaycanlı qadın Həmidə Məmmədquluzadə qoyub. Qadınlara seçmək və seçilmək hüququnu Şərqdə ilk ölkə olaraq verən, bununla da tarixə düşən Azərbaycan bu məsələdə Amerikanı da, Fransanı da qabaqlayıb. Çünki qadınlara səsvermə hüququ məhz Azərbaycandan illər sonra Amerikada hələ 1920-ci ildə, Fransada isə 1944-cü ildə verilib. Deməli, ölkəmiz gender bərabərliyi ilə əlaqədar dünyanın ən qabaqcıl ölkələrindən də öndədir və tarixi faktlar da bunu təsdiq edir ki, bizdə bu bərabərlik öncədən də mövcud olub.

Heç şübhəsiz ki, sağlam ailə institutunun inkişafı belə birinci növbədə, cəmiyyətdə qadın və kişilərin hüquqi, sosial, mənəvi baxımdan bərabərliyindən bilavasitə asılıdır. Gender bərabərliyinə nail olmaq üçün dünyada çoxlu sayda qanunlar qəbul olunub. Hətta beynəlxalq norma və prinsplər də mövcuddur və bütün dünyada bu istiqamətdə hələ də müvafiq addımlar atılmaqdadır. Çünki gender bərabərliyinin təminatı öz aktuallığını qoruyur və bu istiqamətdə qanunların olması vacib məsələ olaraq qəbul edilir.

“Qadınlara Qarşı Ayrı-Seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” BMT-nin Konvensiyanı Azərbaycan hələ 1995-ci ildə ratifikasiya edib. Daha sonra, yəni, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin, hal-hazırki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncamların imzalanması da gender bərabərliyinə öz töhfəsini verib. Ulu Öndərin “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci ildə imzaladığı fərman bütün dövlət strukturlarında qadınların təmsil olunma faizinin yüksəldilməsini nəzərdə tuturdu. Qeyd edək ki, nazirlik və idarələrdə gender siyasətinə məsul koordinatorların-lokal mərkəzlərin fəaliyyət göstərməsi ölkəmizdə gender siyasətinin uğurla aparılması və bu istiqamətdə əldə edilən nəticələtin qənaətbəxş olması deməkdir.

Azərbaycan qadını bu gün ölkəmizdə istər idarəçilik, istər qanunvericilik, istər hüquq-mühafizə, istər ədliyyə orqanları, istərsə də ən məsul vəzifələri daşıyır və hazırda bizim qadınlarımızın təmsil olunmadığı heç bir fəaliyyət sahəsi yoxdur. Həyatın bütün sahələrində etdiyimiz müşahidələr onu deməyə əsas verir ki, bütün ictimai proseslərdə qadınların kişilərlə bərabər çalışmaq ənənəsi ötən əsrin əvvəllərindən bu günümüzə qədər qorunmaqdadır. İstənilən vəzifədə, dövlət qulluğunda və istənilən sahədə kişilərlə bərabər çalışan qadınlar bu vəzifələrin, tapşırıqların, üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlməkdədirlər. Bu gün Milli Məclisdə belə çoxlu sayda qadın millət vəkillərimiz, deputatlarmız var və onlar heç də öz fəaliyyətlərində geri qalmırlar.

Etiraf etmək lazımdır ki, qadınların cəmiyyətdə rolunun artmasında, onların kişilərlə bərabər ictimai həyatın bütün sahələrində çalşmasında, bir sözlə, gender bərabərliyinin təmin olunmasında dövlətimizin rolu danılmazdır. Dövlətimiz qadınların bütün sahələrdə çalışması üçün şərait yaratmaqdadır. Hansısa bir sahədə qadınların çalışması üçün qadağa, məhdudiyyət yoxdur. Azərbaycan qadınının təhsil ocaqlarında çalışması, elmi kəşflərə imza atması, elmin, mədəniyyətin inkişafına töhfələr verməsi, ölkəmizin milli maraqlarının müdafiəsində, idman yarışlarında ölkəmizi təmsil etməsi, yetərincə diplomat qadınlarımızın olması və idmançı qadınlarımızın bayrağımızı ölkə hüdudlarından kənarda da yüksəklərə qaldırması danılmaz faktlardır. Bu faktlar isə öz növbəsində onu deməyə əsas verir ki, gender bərabərliyinin qorunması istiqamətində uğurlu nəticələrimiz var və deməli, Azərbaycanda gender siyasəti uğurla davam etdirilir.

Müəllif: İnam Hacıyev

6.3.18. “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə