Donald Tramp administrasiyasının Braziliyadan qəhvə idxalına tətbiq etdiyi 50 faizlik rüsum qlobal bazarı silkələyib. Bu qərar ABŞ-da qəhvənin qiymətinin maksimum həddə çatmasına gətirib çıxara bilər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Braziliya dünyanın ən böyük qəhvə istehsalçısı və ixracatçısı, ABŞ isə onun ən böyük alıcısı və dünyada bu içkinin ən böyük istehlakçısıdır: 200 milyona yaxın amerikalı hər gün azı bir fincan qəhvə içir.
Qəhvə sənayesindəki mənbələr “Reuters” agentliyinə bildiriblər ki, yeni rüsum avqustun 1-də təsdiqlənərsə, 2024-cü ildə Cənubi Amerika ölkəsindən 8,14 milyon ədəd 60 kiloqramlıq kisə məhsul idxal edən ABŞ-a Braziliya qəhvəsinin tədarükü dayana bilər.
“Bu tarif axını praktiki olaraq dayandıracaq. Braziliyalı ixracatçılar bunun öhdəsindən gələ bilməyəcəklər. Amerikalı kofeqovuranlar da bunu edə bilməzlər”, - deyə Kaliforniyanın “MJ Nugent & Co” şirkətinin yüksək səviyyəli qəhvə brokeri və məsləhətçisi Maykl Nyucent bildirib.
“Braziliya qəhvəni başqa yerdə satacaq. ABŞ da qəhvəni başqa yerdən - Kolumbiya, Honduras, Peru, Vyetnamdan alacaq, lakin Braziliyadan aldığı həcmdə və qiymətə yox”, - deyə o, qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə