Aleksandr Jukovski: “Ermənistan özünə Qərbdə güclü müttəfiq axtarır – MÜSAHİBƏ

Rusiyalı sosioloq: Ermənistan rəhbərliyinin siyasi iradəsinin olmaması regionun təhlükəsizliyinə və inkişafına mane olmaqla yanaşı, həm də bu cəmiyyətin sosial həyatına mənfi təsir göstərir

Ötən 2022-ci il Rusiya, Azərbaycan və Ermənistanla bağlı ən mühüm siyasi məsələlərin həlli baxımından o qədər də məhsuldar deyil, hər üç ölkə üçün emosional il oldu. Bu sözləri Rusiyanın tanınmış sosioloqu və ictimai xadimi Aleksandr Jukovski “Caliber” analitik mərkəzinə müsahibəsində Moskva, Bakı və İrəvanın dövlət siyasətinin ictimai-siyasi aspektlərini şərh edib. Ekspertin fikirlərini oxucularımıza təqdim edirik.

Rusiyalı sosioloqun sözlərinə görə, demək olar ki, hər 3 dövlətin başçıları ötən ilin yekunlarına əsasən, öz silahlı qüvvələrinin cəsarətini və gücünü, dövlət aparatlarının aktuallığını və effektivliyini qeyd ediblər. Əlbəttə ki, qarşıya qoyulan məqsəd və vəzifələrin yaxın gələcəkdə həyata keçirilməsi zərurəti cəhətdən.

“Məsələn, Rusiya prezidenti Vladimir Putin ölkə vətəndaşlarına Yeni il müraciətində 2022-ci ilin yekunlarından danışarkən xarici şəraiti vurğuladı: beynəlxalq qeyri-stabillik, düşmənçilik, qeyri-müəyyənlik, aqressivlik. Ordusuna və vətənpərvər vətəndaşlara olan inam və ümid, üstün sifətlər və təsirli ifadələrlə aydın şəkildə gücləndirildi. Eyni zamanda, il boyu rusların passiv “fəaliyyəti” və xalqların və ölkələrin gələcək fikirlərindən ən yaxşısını gözləməsi daha çox nəzərə çarpırdı, bürokratik ləngimə və qeyri-müəyyənlikdən yorğunluq və ətalət görünürdü. Nəticədə hakimiyyətlə əhali arasında əks əlaqə zəifləyib və bu proses bu gün də davam edir. Beynəlxalq tarixdə və təcrübədə ölkələr yeni satış və istehlak bazarları uğrunda şiddətlə rəqabət aparıb və mübarizə apardığı halda, Rusiya aqressiv və qürurla nəinki fəth etdiyi bazarları, hətta ənənəvi mövqelərini də itirməkdə davam edir. Ölkələrin sərvətinin onların tutduqları məkanlarla deyil, rasional mütəşəkkil insanlar tərəfindən formalaşması anlayışı hələ də rus dövlət idarəçiliyi mədəniyyətinə daxil olmayıb. Bütün bunların nəticəsi olaraq Rusiyadan bir sıra ölkələrə ixtisaslı vətəndaşların əks emiqrasiyası baş verir. 1990-cı illərdə peşəkar rus kadrları orada özünü reallaşdırmaq mümkün olmadığı üçün SSRİ-nin sərhədlərini fəal şəkildə tərk etdilər. İndi, böyük ölçüdə çətinliklə də olsa, insanlar daha azad, daha dözümlü və texnoloji cəhətdən inkişaf edən bir mühitə qayıdırlar.

Öz növbəsində, Azərbaycan hökuməti ötən ilin nəticələrinə yekun vuraraq, ölkədə daxili vəziyyətin, əldə edilmiş nailiyyətlərin və birgə beynəlxalq layihələrin planlaşdırılan nəticələrinin, eləcə də xarici dövlətlərdən təzyiqi şəraitində müstəqilliyin əldə edilmiş yüksək səviyyəsinin bərqərar olmasını diqqət mərkəzində saxlayıb.

Prezident İlham Əliyevin ötən il Azərbaycan xalqına son müraciətində daxili planlara, tapşırıqlara, orduya, dinə mühüm yer ayrılıb. Mesajlar balanslaşdırılmışdı: passivlik / aktivlik, özünə, güclü tərəflərinə və tərəfdaşlarına obyektiv inam nəzərə çarpır. Yeri gəlmişkən, hazırkı beynəlxalq qruplaşmada İslam dünyası daha birləşmiş və mütəşəkkil görünür və fəaliyyət göstərir. Bunun ən gözəl nümunəsi Azərbaycan və Türkiyənin dost və qardaş birliyidir.

Ermənistana gəlincə, Rusiyada olduğu kimi burada da əlverişsiz xarici şərait ön plana çəkilir, etibarsız tərəfdaşlar üçün məzəmmətlər irəli sürülür, səbəblər və itkilər vurğulanır. Ötən ilin yekunlarına görə, ölkə getdikcə yeni, xüsusən də Avropa İttifaqında “etibarlı” tərəfdaşlar axtarışındadır. Ermənistanın baş nazirinin müraciətinin lirik sonluğu hakim rejim adından buraxılmış səhvlərə görə bağışlanma xahişi kimi görünürdü”, - Aleksandr Jukovski hesab edir.

Rusiyalı sosioloqun fikrincə, bu mərhələdə hər üç ölkə fərqli başlanğıc nöqtələrindədir: Rusiya təhdidlər mərhələsindədir; Azərbaycan əldə olunanları müəyyən etməkdə; Ermənistan faktiki müttəfiq axtarışında.

“Aydındır ki, istənilən mürəkkəb, inkişaf edən, dinamik sistem daxili əlaqələr və sabit sərhədlərlə müəyyən edilir. Lazım gələrsə, sistem öz sərhədlərini genişləndirir və ya əlaqələri yenidən qurur. Daxili inkişaf imkanları nə qədər geniş olarsa, sistem bir o qədər sabit olar. Keçən ilin nəticələrini təhlil edərək, açıq-aşkar qənaətə gəlirəm ki, Rusiya siyasəti daxili şərtlərin zərərinə xarici şərtlərlə “aparılıb”. Hakimiyyət özü də tarazlığı, o cümlədən sərhədlər boyu olan tarazlığı pozdu və özünü açıq-aşkar itirən vəziyyətə saldı.

Ukrayna ilə qarşılaşmada humanitar, mənəvi məsələləri istisna etsək və ilk növbədə, ölkələrin ofşorda şəxsi aktivlərini artırmaq baxımından potensialını nəzərə alaraq deyə bilərik ki, bu iki eyni oliqarx rejimin (biri digərindən pisdir) münaqişəsidir. Fərq ondadır ki, Ukraynada artıq bunu anlamağa başlayıblar və bu yanaşma inkişaf edir, dəyişir, müttəfiqlər var, Rusiya isə hələ də eynidir və artıq müttəfiqsizdir. Yeri gəlmişkən, Rusiya Federasiyasında hələ 2002-ci ildə elan edilmiş və həyata keçirilməyən dövlət idarəçiliyində faktiki islahat məsələsi ictimaiyyətə açıqlanmır.

Azərbaycan isə əksinə, daxili şəraiti optimallaşdıran SSRİ-nin simasında çoxdan öz hamisini itirmiş, özünü inamlı və güclü hiss edirdi. "Əcdadların çağırışı" işlədi- daxili enerjinin gücünə üstünlük verildi. Prezident İlham Əliyevin Yeni il müraciətində daxili qüvvələrə arxalanmaq, tərəfdaşlarla əməkdaşlıq açıq şəkildə vurğulanıb.

İrəvan isə Nikol Paşinyanın müraciətinə əsasən, müttəfiq kimi Rusiya Federasiyasının yerinə namizədlər axtarır - onun "suverenliyini" dəstəkləməyə hazır olan yeni "vicdanlı" və güclü xarici tərəfdaşlar şəklində. Öz daxili inkişafını vurğulamaq, potensiala yenidən baxmaq yalnız sözdə elan olunur. Buradan aşkar görünən siyasi qərarsızlıqdır. Necə deyərlər, hara getdiyini bilənlərə ədalətli külək əsər, Ermənistanda isə hər şey qeyri-müəyyəndir. Ermənistan rəhbərliyi tərəfindən müvafiq siyasi iradənin olmaması regionun sabitliyini və təhlükəsizliyini təhlükə altına almaqla yanaşı, onun inkişafına mane olmaqla yanaşı, həm də kiçik Cənubi Qafqaz ölkəsinin gələcəyini şübhə altına alaraq, cəmiyyətin sosial həyatına mənfi təsir göstərir”- deyə A.Jukovski fikrini yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə