Tolerantlıq xalqımız üçün bir dəyər forması olaraq qəbul olunur - TƏHLİL

Tolerantlıq artıq bəşəri bir dəyərə çevrilib və təkcə müxtəlif xalqlar arasında münasibətlərin tənzimlənməsi deyil, dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilməkdədir və öz aktuallığını qoruyur. Ona görə ki, ümumilikdə dünyanı bürüyə bilən dini qarşıdurma və müxtəlifliyə qarşı dözümsüzlük halları, eləcə də sosial gərginliklərin ortaya çıxma riski təbii şəkildə tolerantlığı gündəmə gətirir.

“Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir”, deyə Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib və ölkə rəhbərimzin bu fikirləri ölkəmizdə dərin köklərə malik olan tolerantlığın xalqımızın xarakterik cəhətlərindən biri olduğunu təsdiqləyir. Məhz elə buna görə də tolerantlıq ölkəmizdə həm bütövlükdə cəmiyyətdə, həm də hər bir vətəndaşın şüurunda, mövqeyində, münasibətində və həyat tərzində ehtiva olunan önəmli bir dəyərə çevrilib.

Əlbəttə ki, ölkəmizdə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik mövcuddur və bu qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. Dinindən, dilindən, irqindən, milliyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyini təmin edən milli siyasətin əsas müddəaları Azərbaycan Konstitusiyasında, geniş şəkildə isə “Dini etiqad azadlığı haqqında” Qanunda təsbit olunub. Doğrudur, hal-hazırda müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri, mərasimlərini icra etmələri üçün ölkəmizdə lazımi şərait yaradılıb. Ölkəmizdəki milli azlıqların öz bayramlarını heç bir çətinlik, maneə ilə qarşılaşmadan, rahatlıqla, asudə şəkildə qeyd etməsi, yüksək əgval-ruhiyyədə bayram keçirməsi, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda və ümumilikdə regionda ilk dəfə 16 noyabr tarixinin Beynəlxalq tolerantlıq günü kimi qeyd edilməsi, bu əlamətdar gündə ölkəmizdəki dini konfessiyaların başçıları ilə görüş keçirilməsi ənənəsi, xüsusilə də ölkə başçımızın onları öz bayramları münasibəti ilə təbrik etməsi kimi bir ənənə müxtəlif dini konfessiyaların rəhbərləri tərəfindən həm alqışlanır, həm də bir tolerantlıq nümunəsi olaraq yüksək qiymətləndirilir. Bununla belə tolerantlıq təkcə qanunla, qanunvericiliklə təmin olunmur, qorunmur, xalqımız üçün bir dəyər forması olaraq qəbul olunur.

Bilirik ki, Azərbaycan dövləti, əhalisinin 95 faizini təşkil edən müsəlmanların hüquqlarını təmin etməklə yanaşı, eyni zamanda respublika ərazisində yaşayan bütün ənənəvi dinlərin nümayəndələrinə də xüsusi diqqət göstərir. Məsələn 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binasının 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilməsi, eləcə də 1999-2001-ci illərdə paytaxtda katolik Müqəddəs Məryəm kilsəsinin tikilməsi bu diqqətin, ölkəmizin ərazisində yaşayan bütün ənənəvi dinlərin nümayəndələrinə gösətərilən diqqətin bariz nümunəsidir. “Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam və Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir”, deyən Rum patriarxı I Varfolomey 2003-cü ildə Azərbaycanda rəsmi səfərdə olarkən ölkəmizdə olan tolerantlığı yüksək qiymətləndirib və bütün dövlətlərə nümunə hesab edib.

Təkcə Rum patriarxı I Varfolomey deyil, müxtəlif dini konfessiyaların, ölkəmizdə yaşayan dini icmaların liderləri də Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğunu açıq şəkildə ifadə edib. Dəfələrlə etiraf olunub ki, Azərbaycanda dini və milli tolerantlıq, millətlərarası münasibətlər yüksək səviyyədədir və hətta qeyd olunur ki, Azərbaycan xalqı müxtəlifliyə qarşı hər zaman tolerant münasibət göstərib və qonaqpərvər ev sahibi olaraq bu ölkəyə gələn bütün digər xalqların nümayəndələrinə qucaq açıb. Müxtəlif dini icmaların, konfessiyaların nümayəndələri, hətta liderləri belə etiraf edirlər ki, Azərbaycan xalqı öz təbii dini tolerantlığı ilə seçilir və onlar tolerantlığın xalqımız üçün bir dəyər forması olaraq qəbul olunmasını yüksək qiymətləndirirlər.

Həqiqətən də ölkəmizin tarixinə nəzər saldıqda görürük ki, bu məkanda demokratik intibah dövründə də, vahid totalitar rejimdə də müxtəlif xalq və dinlərin dinc yanaşı yaşaması üçün heç bir əngəl olmayıb. Əksinə, Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi ta qədimdən burada müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilib, biri-birinə qarşılıqlı təsir göstərib, dini həyatın özəlliyini şərtləndirib. Bütpərəstlik təsəvvürlərinin kökləri çox qədimlərə dirənən ölkə ərazisində məskunlaşan əhalinin böyük qismi odu müqəddəsləşdirərək, ona sitayiş edib. İftixarla qeyd etməliyik ki, tarixin bütün mərhələlərində ölkəmizdə milli, irqi, dini zəmində heç bir diskriminasiya hadisəsi olmayıb.

Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi-mədəni kökləri mövcuddur. Azərbaycan xalqı daim bu bölgədə yaşayan insanlar arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına əvəzsiz tarixi töhfələr verib. Dözümlülük, başqa dinlərin nümayəndələri ilə dinc yanaşı yaşamaq azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindəndir. Ölkəmizdə tarixən islam dini ilə yanaşı, xristianlıq, yəhudilik dinlərinə mənsub insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib və ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri yüksək səviyyədədir, dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq Azərbaycan gerçəkliyidir. Ona görə ki, hər zaman tolerantlıq xalqımız üçün bir dəyər forması olaraq qəbul olunub və yenə də qəbul olunmaqdadır.

Müəllif: İnam Hacıyev

6.3.15. “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə