Bakının sosial vəziyyəti və regionların inkişafı: hansı əlaqə var? - ANALİZ

Azərbaycan o ölkələrdəndir ki, mədəni və iqtisadi potensialının böyük hissəsi paytaxtda cəmləşib. Bu da öz nəticəsini Bakıda son illərdə daha da kəskinləşən nəqliyyat sıxlığı, başqa sözlə avtomobil tıxaclarında göstərir.

Son 30 ildə Bakıda əhalinin sayının 2 dəfədən çox artması şəhər nəqliyyatında gərginliyi son həddə çatdırıb. Avtomobil tıxacları artıq şəhərin mərkəzdənkənar ərazilərində də çoxalır.

Rəsmi məlumatlara görə, son dövrlərdə ölkəyə ildə 50-100 min arası avtomobil idxal edilir ki, bunun da 70 faizindən çoxu Bakının payına düşür. Respublikada avtomaşınların sayı 1,5 milyon cıvarındadır ki, bunun ən azı 800 mini gün ərzində Bakı və Abşeronda olur.

Bakının mərkəzi küçələri ötən əsrlərdə salındığından onların eni çox balacadır. Üstəlik bu dar küçələrdə çox sayda obyektlər fəaliyyət göstərməyə başlayıb. Bu halda həmin küçələrin hər iki tərəfi ilə avtomobil dayandığı halda küçədə hərəkətin tıxaclaşmasını meydana gətirir. Sıx-sıx tikilən yeni çoxmərtəbəli binalar isə vəziyyəti daha da ağırlaşdırır.

Tıxaclar insanlara təkcə vaxt itkisi və əsəblərin pozulması bahasına başa gəlmir. Tıxacların daha ağır nəticələri də olur. Məsələn, tıxacların olması təcili tibbi yardıma ehtiyacı olan adamın xəstəxənaya çatdırılması, yanğınsöndürən maşınların hadisə yerinə tez çatması və sair buna oxşar hadisələr zamanı faciələrin yaranmasına səbəb olur.

Müvafiq dövlət orqanları problemi həll etmək üçün neçə illərdir ki, bu məqsədlə xeyli vəsaitlər sərf edirlər, böyük miqyasda işlər görülür, lakin problem həll olunmamış qalır. Çünki əslində səbəbi yox, nəticəni aradan qaldırmağa çalışırlar. Paytaxtda tikilən tunellər, körpülər, avtodayanacaqlar, yeni salınan küçə və yollar, piyada keçidləri vəziyyəti bir qədər yüngülləşdirsə də, əhəmiyyətli dəyişiklik baş veməyib.

Tıxacların səbəbi heç də maşın çoxluğu ilə bağlı deyil, çünki bizdə maşın sayı əksər ölkələrdən azdır. Ölkədə olan avtomobillərin sayının 1.5 milyon cıvarında olduğunu nəzərə alsaq, ölkə üzrə hər 8 nəfərə 1 avtomobil düşür. Bakıda isə bu rəqəm 5 nəfərə 1 avtomobildir.

Dünyanın digər iri şəhərləri ilə müqayisə etsək, Bakıda əhalinin hər min nəfərinə düşən avtomobil sayı xeyli azdır. Üstəlik, Bakı ərazisinə görə də dünyada ən böyük şəhərlərdəndir. Deməli, avtomobillərin sayı heç də ciddi tixac probleminin yaranması üçün əsas deyil.

Araşdırmalara görə, Bakıda tıxaclar aşağıdakı səbəblərdən yaranır.

- Paytaxtda əhalinin və müvafiq olaraq avtomobillərin kəskin çoxalması;

- Şəhərdə heç bir qaydaya əsaslanmadan çox sayda yeni çoxmərtəbəli binaların tikilməsi;

- Bir çox binaların parklama meydançalarının olmaması və yaxud az tutumlu olması səbəbindən nəqliyyat vasitələrinin yolun kənarında parklaması;

- Təmir-tikinti işlərinin aparılması;

- Nəqliyyat axınının və küçə ötürmələrinin düzgün təşkil edilməməsi;

- Sürücülər tərəfindən yol qaydalarına riayət edilməməsi və sürücü mədəniyyətinin aşağı səviyyədə olması.

Problemin həlli qlobal və lokal tədbirlərlə mümkün ola bilər. Qlobal tədbirlərdən başlayaq. Regionların inkişafı təmin olunsa, paytaxtda gərginlik azalar. Avtomatik olaraq bölgələrə qayıdanlar çoxalar, şəhərdə maşın sayı da azalar.

İndi gələk lokal tədbirlərə. Problemin fundamental həllinə çox vaxt, enerji və vəsait lazım olduğundan, müvəqqəti çıxış yolu üçün bəzi təkliflər irəli sürülür. Onlardan biri də iş saatlarının tənzimlənməsidir ki, bu da müəyyən effekt verə bilər.

Şəhərdə tıxac probleminin həll edilməsi yolların əsaslı təmiri işlərinin bitirilməsi, nəqliyyatın idarəetmə sisteminin tam gücü ilə işləməsi, mərkəzi hissələrdə bina tikintisinə qadağa qoyulması kimi məsələlərin həllindən sonra mümkün ola bilər.

Metrostansiyalarının gec-gec artması, digər nəqliyyat növlərinin ləğv edilməsi (tramvay, trolleybus, elektriçka və s) da ciddi təsir göstərir. Dəniz üzərində sürətlə marşrut katerlərinin hərəkəti də mərkəzdə tıxacları azalda bilər.

Digər üsul, Abşeron yarımadasında yerləşən ali təhsil müəssisələrinin heç olmasa yarısının və bəzi zavod-fabriklərin, bəzi dövlət idarələrinin regionlara köçürülməsidir. Bu eyni zamanda regionların inkişafına da ciddi dəstək ola bilər.

Paytaxtın köçürülməsi haqda təkliflər əsaslı deyil. Əvvəla, bunun üçün xeyli vaxt və həddən artıq böyük vəsaitlər lazımdır. İkincisi, bu qədər böyük enerji və vəsait regionlara qoyulsa paytaxtın köçürülməsinə heç bir ehtiyac olmaz.

Ümumiyyətlə, problemə daha dərin qatlardan və geniş planda baxsaq, ölkə iqtisadiyyatının diversifikasiyası və əhalinin demoqrafik balansı qaydasına salınmalıdır. Regionlarda perspektivli sahələrin inkişafına böyük investisiyalar qoyulmalı, əhalinin ölkə üzrə bərabər balansda yerləşdirilməsi üçün proqram həyata keçirilməlidir.

Bakı Abşeron zonası onsiuz da həddən artıq yüklənib, həm ekolojo, həm sosial, həm iqtisadi cəhətdən burada böyük yüklənmə var. Bu yükü ölkə üzrə paylaşdırmaq mümkündür. Bunun üçün xarici fondlarda saxladığımız strateji rezervlərdən bir hissəsini cəkb etmək olar. Həmin vəsaitlər 0,5-1 faiz gəlirliklə saxlanır, halbuki ölkə iqtisadiyyatına invest edilsə, dəfələrlə çox gəlir verər. Nəticədə, ölkənin tarazlı və davamlı inkişafı təmin olunar.

Bundan başqa, kənd həyatının təbliğ edilməsi, kəndə köçüb təsərrüfatla məşğul olanlara xüsusi imtiyazlar və dəstək verilməlidir. Regionlarda işləyən sahibkarlara vergi güzəştləri edilməlidir. Əgər bu addımlar atılsa, həm ümumidaxili məhsul daha sürətlə artar, həm dövlət büdcəsinin gəlirləri çoxalar, həm işsizlik aradan qalxar və sosial rifah yaxşılaşar.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə