Ekologiya və ətraf mühitin mühafizəsinə xüsusi önəm verilir – TƏHLİL

Ötən əsrin sonlarında, daha dəqiq desək, XX əsrin 90-cı illərində Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlətimizin qarşısında bir sıra mühüm vəzifələr dururdu ki, bunlardan biri də ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı idi. Bir sözlə, müstəqilliyini yenidən bərpa edən Azərbaycanda təbiətin, ekologiyanın, ətraf mühitin mühafizəsinə xüsusi diqqət ayrıldı, çünki həmin dövrə qədər bu məsələyə məhəl qoyulmayıb, hətta ağır nəticələri də göz önündə idi. Məhz buna görə də ekologiya və ətraf mühitin mühafizəsi prioritet olaraq qəbul olundu.

Bildiyimiz kimi, ölkəmiz öz müstəqilliyini yenidən bərpa etdiyi dövrə qədər, yəni Sovet ölkəsinin mövcud olduğu 70 il ərzində Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi diqqət mərkəzində olmayıb. Əvvəla ona görə ki, Sovet İttifaqını ölkəmizdəki ekoloji məsələlər, Azərbaycandakı ətraf mühit əsla maraqlandırmırdı və həmin dövr ərzində əsas maraq zavod və fabriklərin işləməsi, SSRİ büdcəsinə daha çox gəlir gətirməsi idi, hansıki bu da azərbaycanlıların həyatı bahasına başa gəlirdi. Həmin dövrlərdə Sumqayıt şəhərinin timsalında sənaye şəhərlərində ətrafa, atmosferə külli miqdarda zəhərli qazlar buraxan zavodlar tikilmişdi ki, onlar havanı, ətraf mühiti həddindən artıq çirkləndirirdi. Digər tərəfdən də Moskva bir tərəfə, heç respublikamızın rəhbər vəzifələrində çalışanlar belə qorxularından səslərini çıxara bilmirdilər. Ümummilli Lider Heydər Əliyevin timsalında kim bu məsələyə narazılıq edirdisə, dərhal Moskvanın qəzəbinə tuş gəlirdi, elə buna görə də çoxları ekologiya ilə bağlı təbiətimizə vurulan ziyana biganə qalırdılar. Məhz Ulu Öndərin buna qarşı olması, ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirməsi Moskvanı qane etmirdi, çünki həmin dövrdə Kremli ölkəmizin ekoloji cəhətdən təmiz olması maraqlandırmırdı, gəlir maraqlandırırdı. Amma buna baxmayaraq dahi rəhbər Heydər Əliyev çəkinmədən, daim ölkəmizin ekoloji cəhətdən də qorunmasına, mühafizəsinə xüsusi diqqət, xüsusi qayğı ilə yanaşırdı və məhz buna görə də SSRİ rəhbərliyi onun hakimiyyətdən uzaqlaşdırılması üçün əlindən gələni əsirgəmirdi.

Ulu Öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra da bu məsələyə, ekologiya və ətraf mühitin mühafizəsi məsələlərinə diqqət ayırdı. İlk növbədə respublikamızın, paytaxt Bakının yaşıllaşdırılması işinə başlanıldı və yaşıllıq sahələri salındı ki, başlıca olaraq ekoloji tarazlıq bərpa edilsin. Bunun ardınca da ekoloji strategiya müəyyənləşdirildi, hansıki “Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası” əsasında işlənib hazırlanmışdı. İşlər bununla yekunlaşmadı və 1998-ci ildə qəbul edilən “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Proqramı” görülən işlərin davamına çevrildi. Daha sonra isə cəmi bir il ərzində, 2000-ci ildə, “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” daha iki qanun qəbul olundu, növbəti ildə, 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması ilə işlər tamamilə nizama salındı.

Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi hal-hazırda da dövlətimizin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev bütün sahələr kimi ekologiya və ətraf mühitin mühafizəsinə ciddi şəkildə diqqət və qayğı göstərir, ölkə başçısının rəhbərliyi ilə təbiətin, ətraf mühitin qorunması istiqamətində əməli addımlar atılır. Cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində ekologiyaya, təbiəti mühafizəsinə, təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilib, təbiətin qorunması istiqamətində praktiki və əməli addımlar atılıb. Ölkə başçısının 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nda bir çox tələblərlə yanaşı, meşələrin seyrəkləşməsinin, torpağın erroziyasının, meşə massivlərinin azalmasının qarşısının alınması barədə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu ki, bunlar öz nəticəsini artıq göstərir və artıq ekoloji tarazlığın bərpası istiqamətində mühüm nəticələr əldə olunub. Bir sözlə, ölkə rəhbərinin ekologiya və ətraf mühitin mühafizəsinə ayırdığı diqqər göz önündədir, hətta 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması cənab Prezidentin ekologiya və ətraf mühitin mühafizəsinə nə qədər önəm verdiyini təsdiqləyir.

Ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər müsbət nəticələr verib və hətta Azərbaycanda ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir. Məsələn, ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2016-ci ilin yanvar ayında Ekoloji Fəaliyyətin Effektivliyi İndeksi hazırlanıb və burada qiymətləndirmə nəticələrinə əsasən mövcud ekoloji vəziyyətə görə Azərbaycan dünya ölkələri arasında 100 ballıq qiymətləndirmə sistemi üzrə 31-cı sırada qərarlaşıb. Diqqətə çatdıraq ki, qiymətləndirmənin nəticələrinə görə, ölkəmiz reytinq sıralanmasında Yaponiya, Belçika, Hollandiya, İsrail kimi dünyanın bir sıra qabaqcıl və inkişaf etmiş ölkələrindən öndə dayanır. Ekoloji Fəaliyyətin Effektivliyi İndeksində meşələrlə bağlı istiqamətdə qiymətləndirmə üzrə isə Azərbaycan 180 ölkə arasında 5-ci yeri tutub və çox böyük nailiyyət olaraq qiymətləndirilir.

Göründüyü kimi, Azərbaycanda ətraf mühitin qorunması dövlət siyasətinin prioritetlərindəndir və bu məsələ ölkə rəhbəri, cənab Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Ekologiyanın, ətraf mühitin mühafizəsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi də müxtəlif tədbirlər həyata keçirir. Ekologiyanın, ətraf mühitin, təbiətin qorunması ilə yanaşı, bərpasına da xüsusi diqqət ayrılb. Ölkəmizdə yaşıllıqların salınması, mövcud yaşıllıq sahələrinin daha da genişləndirilməsi istiqamətində əməli tədbirlər görülür. Yaşıllıqların məhv edilməsinin isə qarşısının alınması istiqamətində həm inzibati tədbirlər görülür, həm də burada ictimai qınaq da əhəmiyyətli rol oynayır. Xüsusilə qeyd etmək yerinə düşər ki, təbiətin qorunması, ekologiyanın və ətraf mühitin mühafizəsi istiqamətində maarifləndirmə tədbirləri də həyata keçirilir və bunun da nəticəsi özünü çox gözlətməyib. İnsanlar artıq başa düşürlər ki, təbiəti mühafizə etməklə, qorumaqla ekoloji problemlərə səbəb ola bilən, ekoloji tarazlığı poza bilən səbəblərin qarşısını almaq mümkündür. Başa düşürlər ki, əks halda bunun mənfi təsirləri ilə bütün insan cəmiyyəti qarşılaşmalı ola bilər və qlobal müstəvidə ekoloji tarazlığın pozulması ilə çox ağır nəticələr ortaya çıxar. Bu baxımdan ümid edirik və hətta əminik ki, görülən və görülməkdə olan tədbirlər, xüsusən də ekologiya və ətraf mühitin mühafizəsinin diqqət mərkəzində saxlanılması, ölkəmizdə ekologoyanın, eləcə də ətraf mühitin mühafizəsinə, qorunmasına öz tövhələrini bundan sonra da verəcək və ekoloji tarazlığı təmin etmək məqsədilə dövlət proqramlarının, layihələrin reallaşdırılması, tədricən ətraf mühitin daha da sağlamlaşdırılmasına, daha da yaxşılaşdırılmasına gətirib çıxaracaq.

Müəllif: İnam Hacıyev

6.3.17. “Ekologiya və ətraf mühitin mühafizəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə