Rusiyalı ekspert: Fransanın erməniləri müdafiə etməsi effekt verməyəcək - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, Fransa Senatı ölkə hakimiyyətini Azərbaycana qarşı Ermənistana “təcavüz”ə görə sanksiyalar, o cümlədən Azərbaycan karbohidrogenlərinin idxalına qarşı sanksiyalar tətbiq etməyə çağıran anti-Azərbaycan qətnaməsi qəbul edib, bundan əlavə, Senat separatçı “Dağlıq Qarabağ”ın müstəqilliyin tanınmasına, orada beynəlxalq sülhməramlı missiyanın yerləşdirilməsinə və Fransa humanitar mərkəzinin yaradılmasına çağırıb.

Qərəzli qətnamə ilə bağlı Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Fransa Senatının qətnamənin qəbul edilməsinin Cənubi Qafqazda sülhün bərqərar olmasına ciddi zərbə vurmaq məqsədi daşıdığı vurğulanıb.

Azərbaycan parlamenti isə belə bir sənədin qəbulunun Azərbaycanla Fransa arasında münasibətlərə xələl gətirdiyinə dair bəyanat qəbul edib. Bundan əlavə, parlament tərəfindən hökumətə Parisə Azərbaycan və Ermənistan arasında normallaşma prosesində iştirakına imkan verməməyi, Fransaya qarşı sanksiyalar tətbiq etməyi, Fransa rəsmiləri təminat verənə qədər bu məsələlərlə bağlı heç bir müzakirə aparmamağı, Fransa rəsmilərinin Azərbaycanda aşkar edildiyi təqdirdə hər hansı aktivlərinin dondurulması, Fransa şirkətlərinin Azərbaycanın sifarişlərinin yerinə yetirildiyi hər hansı layihədə iştirakının qarşısının alınması, Fransa şirkətlərinin Azərbaycan tərəfi ilə enerji sektorunda əməkdaşlığına, Fransa və Azərbaycan arasında mövcud siyasi və iqtisadi əlaqələrə yenidən baxılması, bir sıra beynəlxalq təşkilatlar çərçivəsində Fransanın destruktiv siyasətini, onun bəşəriyyətə qarşı tarixi cinayətlərini və müharibə cinayətlərini bəyan etmək təklif olunur.

Bədnam qətnamənin qəbulunu rusiyalı politoloq, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko “Moskva-Baku” portalına müsahibəsində şərh edib. Müsahibəni oxucularımıa təqdim edirik.

- Sizcə, belə bir qətnamənin qəbul edilməsində məqsəd nədir?

- Fransa və onun parlamenti üçün utancverici olan qətnamə bu gün İkinci Qarabağ Müharibəsinin əməli nəticələrini inkar etmək və Qarabağdakı separatçı rejimlə bağlı prosesləri yenidən aktivləşdirməyə çalışmaq məqsədilə həyata keçirilən tədbirlərlə eyni səviyyədədir. Mən tam əminəm ki, bu qətnamə bir sıra ölkələrdəki erməni diasporları tərəfindən dəstəklənir və bu gün özlərini bu cür aksiyaları təşkil etməyə qadir olan maliyyə və siyasi qüvvə kimi hiss edirlər. Bu bütün Fransa Senatını korlamaq üçün hər baxımdan qeyri-adi əməliyyatdır.

Bir də açıq-aydın korrupsiya komponentinin olması. Fransa bir sıra bu cür şeylərə görə ümumiyyətlə "məşhurdur". Buna misal olaraq Fransa lideri Sarkozinin prezidentlik kampaniyasını maliyyələşdirmək üçün əvvəlcə Müəmmər Qəddafidən pul götürməsi, sonra isə Qəzzafini bombalamasıdır. Sonra Sarkozi erməni milyarderlərinə “məsləhətçi” kimi getdi. Yaxşı, Makrondan daha pis nə var?

Ümumiyyətlə, deyərdim ki, bütün bunlar Fransanın milli təhlükəsizliyi məsələsidir. Əgər bu nüvə dövləti xarici maraqları üçün bu cür əməliyyatları həyata keçirməyə qadirdirsə, onda Fransanın təhlükəsizliyinin həyat qabiliyyəti ilə bağlı sual yaranır. Fransa əks-kəşfiyyatı nə edir? DİN nə edir? Düşünürlər ki, bu cür qətnamələr ermənilərə xalis məhəbbətdən irəli gəlir? Əlbəttə yox. Korrupsiyadan irəli gəlir.

Bundan başqa, qətnamə Ermənistan-Azərbaycan nizamlanmasında mövcud reallığı dəyişmək üçün beynəlxalq erməni təşkilatlarının hazırladıqları planın həyata keçirilməsidir. Rusiyanı Ermənistan tərəfində hərbi müdaxiləyə inandırmaq cəhdləri davam edir. Biz Rusiyanın bir sıra siyasi tok-şoularında son vaxtlar baş verən çirkin səhnələri xatırlayırıq- bu, erməni lobbiçilərinin təsirinin əksidir. Və Fransada baş verənlər də bu məntiqə uyğun gəlir. Paşinyan və rəsmi İrəvan bütün siyasi təlatümləri ilə Qarabağın Azərbaycana məxsusluğunun nəhayət təsdiqlənəcəyi sülh müqaviləsinə doğru irəliləyir. Erməni beynəlxalq lobbisi başa düşür ki, belə bir nəticə Ermənistanın bütün qisas ümidlərinin və əməllərinin iflasa uğraması olacaq.

- Azərbaycan parlamenti qətnaməyə Fransaya qarşı sanksiyaların tətbiqi təklifi ilə reaksiya verdi.

- Hesab edirəm ki, Azərbaycanın siyasi, diplomatik reaksiyası lazım idi. Bəli, qətnamə məsləhət xarakteri daşıyır və heç bir hüquqi qüvvəyə malik deyil. Amma bu, artıq sadəcə adi, əhəmiyyətsiz qətnamənin qəbulu deyil, onun qəbulunu həm beynəlxalq vəziyyət, həm də Fransanın regiona təsir cəhdləri kontekstində nəzərdən keçirməyə dəyər. Paris bu məsələdə qırmızı xətti keçdiyi üçün sərt qarşılıqlı siyasi demarş lazımdır. Paris Fransa-Azərbaycan münasibətlərinə qəsdən zərbə vurur, eyni zamanda, respublikada bir sıra layihələrdə, xüsusən də enerji sektorunda iştirak edən Fransanın böyük biznesinin maraqlarına zərbə vurur.

Fransa Senatının bu qəbildən olan qətnamələri həm Azərbaycanın daxili işlərinə müdaxilədir, həm də Ermənistanla vəziyyəti gərginləşdirməyə təhrikdir. Biz başa düşməliyik ki, bütün bunlar bir sıra Aİ ölkələrinin Cənubi Qafqazda yenə erməni lobbiçilərinin təsiri altında həyata keçirə biləcəyi müəyyən konsensus mövqeyinin hazırlanması konturuna uyğundur ki, müəyyən mandata malik Avropa ölkələrinin hərbi kontingenti bölgədə yerləşdirilsin.

Aİ-nin Azərbaycanla sərhəddə Ermənistana göndərilmiş missiyası isə artıq bununla bağlı ilk zəngdir. Ermənistan Rusiyadan getdikcə uzaqlaşdıqca, ola bilsin ki, onun tərəfdən İrəvanın strateji prioritetlərinin dəyişdirilməsi məsələsi gündəmə gəlsin və bununla da Avropa kontingentinin Qarabağa daxil olması üçün siyasi-hüquqi baza hazırlansın.

Bəli, Yerevan özü də vaxtaşırı bəyan edir ki, Qarabağda Avropa sülhməramlıları olsun. Məqsəd Ermənistan-Azərbaycan nizamlanması problemini yenidən qloballaşdırmaqdır. Baxmayaraq ki, Azərbaycan Prezidenti İlham Əliyev tamamilə haqlı olaraq Qarabağ münaqişəsinin bitdiyini, bunun keçmişdə qaldığını bildirib. Amma Azərbaycanın kürəyindən bıçaq vurmaqda, bədnam status və separatçılar məsələsini yenidən gündəmə gətirməkdə maraqlı olanlar az deyil ki, bu da təbii ki, ermənilərin radikal hissəsini Azərbaycana qarşı ola bilsin, yeni terror aktlarına və təxribatlara sövq edir.

- Belə çıxır ki, Fransa Senatının qətnaməsi bu və ya digər şəkildə Rusiyaya da aiddir, çünki bu, dolayısı ilə onun regionda vasitəçilik məsələsinə təsir edir...

- Təbii ki, biz başa düşməliyik ki, Aİ ölkələrinin, xüsusən də fransızların Cənubi Qafqaza daxil olmaq və burada tam şəkildə iştirak etmək, Rusiyanı kənara çəkmək istəyi var.

Vaxtın daraldığı, Azərbaycan üçtərəfli sazişləri yerinə yetirdiyi, Ermənistanın heç nə etmədiyi bir vaxtda erməni lobbisi başqa yanaşmaları işə salıb. Kremlin üzünə erməni eynəyi taxmaq cəhdi var, onun vasitəsilə guya regiondakı vəziyyəti dərk etmək lazımdır. Bu, Rusiyanın milli maraqlarına qətiyyən cavab vermir. Üstəlik, bu, Rusiyanın xarici siyasətinin həyata keçirilməsinin suveren prosesinə xarici müdaxilə cəhdidir. Biz yalnız öz milli maraqlarımızı rəhbər tutmalıyıq.

Biz bu və ya digər şəkildə bu problemi həll edəcəyik. Rusiya və Azərbaycan prezidentləri bu ilin fevralında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə imzalayıblar. Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Rusiya lideri bu barədə dəfələrlə danışıb.

Amma başa düşmək lazımdır ki, lobbi tərəfindən erməni mövqeyini irəli sürmək üçün çoxlu cəhdlər olacaq ki, bu da Azərbaycana qarşı çoxlu təxribatlar deməkdir.

- Görünür, Mehriban xanım Əliyevanın hazırda Fransa nümayəndəsinin rəhbərlik etdiyi YUNESKO-nun xoşməramlı səfiri adından imtina etməsi Fransanın belə siyasəti ilə bağlıdır. Axı bütün bu illər ərzində YUNESKO Qarabağdakı vəziyyətlə bağlı özünü tamamilə qeyri-konstruktiv aparıb. Və Parisin son aylardakı hərəkətləri bardağı daşıran son damla oldu?

- Mehriban Əliyeva təkcə ictimai xadim deyil, həm də siyasətçidir, Azərbaycan iyerarxiyasında ikinci şəxsdir. Və aydındır ki, qərar qəbul edilərkən vəziyyətin ümumi konteksti nəzərə alınıb. Və əgər Mehriban Əliyeva belə bir qərar veribsə, bunu açıq-aydın indiki vəziyyət diktə edir, vəziyyət belə bir addımı tələb edirdi. Mehriban Əliyeva çox ağıllı, iradəli, beynəlxalq münasibətlərdə böyük təcrübəyə malik siyasətçidir.

- İndi Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə planlaşdırılan görüşündən əvvəl Makron yenidən fəallaşıb. Ötən gün o, Qarabağ problemi ilə bağlı Moskvaya və əsassız açıqlamalarının yaratdığı qalmaqaldan sonra ilk dəfə Bakıya İlham Əliyevə zəng edib. Xatırladığımız kimi, bundan sonra Əliyev bəyan etmişdi ki, Fransa artıq vasitəçi sayıla bilməz. Makron Paşinyanla da görüşəcək...

- Buna cavab verim. İlham Əliyev Parisə aydın və qəti şəkildə bildirdi ki, onun hərəkətləri yolverilməzdir və başqa heç kim onu ​​vasitəçi saymayacaq. Dediyim kimi, Sarkozi o zaman satın alınıb. Sual: Makronu Fransanın hazırkı prezidenti kimi satın almaq olarmı? Fransa siyasətinə əsaslanaraq deyəcəm: onlar edə bilər. Fransa Senatını satın ala bilərlərmi? Bəli ala bilərlər.

Fransanın regionda mövcudluğunu gücləndirməsi Rusiyanın maraqlarına uyğun gəlmir. Rusiya isə Fransanın regionda effektiv güclü oyunçu kimi olmaması üçün hər şeyi edəcək. Bu, belə olmayacaq.

Parisin hazırkı mövqeyi tamamilə dağıdıcıdır. Makronun Rusiya Federasiyası və Azərbaycan haqqında həm prezident Vladimir Putinin, həm də İlham Əliyevin reaksiyasını tələb edən biabırçı fikirlərini xatırlayırıq. Putin də, Əliyev də Makronu masadan kənarlaşdırdılar.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə