Avropa riyakarlığı, fransız qərəzliliyi və tüpürülən beynəlxalq hüquq - ANALİZ

Xəbər verdiyimiz kimi, dünən Fransa Senatında Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul edilib. Senat Fransa Konstitusiyasının 34-1-ci maddəsini rəhbər tutaraq Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə dair qanun layihəsini müzakirəyə çıxarıb və qəbul edib. İclasda iştirak edən 296 nəfərdən 295-i layihənin lehinə, 1 nəfər əleyhinə səs verib.

Qətnamədə "Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi" tələb olunub. Qətnamə müəllifləri "Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılmasını" tələb edirlər.

"Azərbaycan hökumətindən 4 yanvar 1969-cu il tarixli hər növ Diskriminasiyanı Qadağan edən Konvensiyaya uyğun olaraq erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görmək" tələb edilir.

Bununla yanaşı, Fransa hökumətinə "Dağlıq Qarabağda humanitar büro açmaq" təklif edilir. Hökumətə təkliflər arasında qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması da yer alır. Eyni zamanda, Fransa hökumətindən Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanla diplomatik prosesə başlamaq tələb olunur.

Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələrin yerləşdirilməsi də təkliflər arasında var.

Fransa uzun müddətdir ki, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyir və onu pozuculuq fəaliyyətində həvəsləndirir. Beləliklə də, özünün Minsk Qrupundakı həmsədrlik və vasitəçilik missiyasının əleyhinə çıxır. Bu səbəbdən də Minsk qrupu iflasa uğradı.

Senat qarşısında qətnaməyə etiraz aksiyası

Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz əlaməti olaraq Fransada yaşayan azərbaycanlılar Senat qarşısında aksiya keçiriblər. 20-ci və 21-ci bəndlərinin, ümumiyyətlə, yolverilməz və qəbuledilməz olduğuna diqqət cəlb edilib. Fransadakı Azərbaycan icması Fransa Senatından qətnamənin bu bəndlərinin qərəzli yazılması ilə bağlı fikirlərinin nəzərə alınmasını xahiş edib. Bildirilib ki, Azərbaycanın ünvanına 20-ci bəndə “köçkünlərin (ermənilərin) qayıtmaq hüququnu”, “erməni mədəni və dini irsinin qorunub saxlanmasını təmin etməlidir” tələbləri, 21-ci bənddə isə “kütləvi cinayətlər” törətmə ittihamı yer alıb. Üstəlik, Beynəlxalq Cinayət Məhkəməsində bu ittihamın araşdırılmasına çağırış edilib.

Senatın binası qarşısında təşkil olunan etiraz aksiyasının iştirakçıları “Ədalət tələb edirik!”, “Terrorizmə YOX deyirik!”, “Senat ədalətli olmalıdır!”, “Cənubi Qafqazda sülhün bərqərar olması üçün Fransa neytral olmalıdır!”, “Erməni terrorizminə son qoyun!”, “Erməni yalanlarına uymayın!” kimi şüarlar nümayiş etdirib və səsləndiriblər. İştirakçılar əllərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamları, Xocalı soyqırımını əks etdirən fotoşəkillər, o cümlədən amansızlıqla qətlə yetirilmiş dinc azərbaycanlı qadın və uşaqların fotoşəkillərini nümayiş etdiriblər.

Sonda diqqətə çatdırılıb ki, Fransa Senatı qərəzli qətnamələr qəbul etmək əvəzinə regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edən, ölkənin maraqlarına uyğun gələn və regionun davamlı inkişafına töhfə verəcək fəaliyyətlərlə məşğul olmalıdır.

Fransa tarixi işğal və soyqırım əməlləri ilə doludur

Özünün tarixi qanlı qırğınlarla, başqa ölkələrə, xalqlara qarşı soyqırım və işğallarla dolu olan bir dövlətin ədalətinə güvənmək olmaz. Ona görə də, Fransanın özünün etdiyi hərəkətləri Qafqazda təkrar edən Ermənistanı dəstəkləməsi təəccüblü deyil.

1830-cu ildə Əlcəzairi işğal edən Fransa 1962-ci ilə qədər davam edən 132 illik işğal zamanı əksəriyyəti müsəlman olan 1.5 milyon əlcəzairli qətliam edilib. Fransızlar 1830-cu ildə Əlcəzairi işğal zamanı bəzi müsəlman qəbiristanlıqlarını qazaraq oradakı ölülərin sümüklərini çıxarıb və maltalı tacirlərə satıblar. Fransızlar Əlcəzairi işğal zamanı ölkədəki məscidlərin çoxunu katolik kilsəsinə çeviriblər. Əlcəzair işğal altında saxlamadığı müddət ərzində də daim müsəlmanlar qətlə yetirilir, adi səbəblərdən edam edilirdi.

Həmin dövrdə Əlcəzairdə Fransa xüsusi xidmət orqanının rəhbəri olmuş general Pol Ausaressesin xatirələrindən ibarət "Əlcəzair Gizli Kəşfiyyat Xidməti 1955-1957" adlı kitabınında əlcəzairlilərə necə işgəncə verdiklərini sənədlərlə sübut edib. Bu kitabda verilən dəhşətli faktları ictimailəşdirdiyi üçün Fransa prezidenti Jak Şirakın göstərişi ilə general Pol Ausaressesin rütbəsi və "Fəxri Legion" Ordeni geri alınıb və ona verilən aylıq müavinət kəsilib.

Belə bir soyqırımı, vandalizmi Fransa təkcə Əlcəzairdə deyil, Tunis və Misirdə də həyata keçirib. Bir qədər əvvələ getsək, Fransa 4 qitədə milyonlarla insana qarşı soyqırım törədib 30-a yaxın ölkəni işğal edib. Əgər bu siyasət tarixdə qalsaydı, anlamaq olardı. Bu gün də Fransa həmin siyasəti davam etdirir- hər yerdə terrorizmi və separatizmi dəstəkləyir.

Korsikanın müstəqilliyi tanınmalıdır

Fransa senatının “Dağlıq Qarabağ”ın müstəqilliyinin tanınması ilə bağlı qətnaməsi həm beynəlxalq hüquqa tüpürməkdir, həm də başqa dövlətin qanuni ərazisinə qarşı siyasi təcavüzdür. Özünün qəbul etdiyi beynəlxalq prinsipləri, qətnamələri, beynəlxalq hüquq prinsiplərini kobud surətdə pozan bir dövlətin hər hansı bir münaqişədə vasitəçi olmasından, bu haqda danışmasından söhbət belə gedə bilməz.

Azərbaycanın işğal edilmiş ərazilərində son 30 ildə mövcud olmuş “Dağlıq Qarabağ” adlı oyuncaq və terrorçu rejim nəinki başqa ölkələr, heç Ermənistanın özü tərəfindən də tanınmır. Rusiya Prezidenti Vladimir Putin Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə rəsmi bəyan edib. Fransanın bu mövqeyi isə aşkar şəkildə işğalı və terrorizmi dəstəkləməkdir.

Dünya okeanları, materikləri Fransanın işğal etdiyi və hələ də müstəmləkə kimi saxladığı ölkələrlə, adalarla doludur. Əgər Paris məsələlərə belə yanaşırsa, onda zəhmət çəkib işğal elədiyi və onun əraizisi ilə qonşu olmayan çox sayda ərazilərin müstəqilliyini tanısın. O cümlədən, Fransa ilə heç bir quru sərhəddi olmayan, Aralıq dənizində yerləşən və suverenliyini istəyən Korsikanın da müstəqilliyini tanısın.

Fransa tarixdə istismarçı, müstəkləməki, kütləvi qırğın törədən işğalşı dövlət kimi tanınıb. Bu gün Fransa təkcə Afrikada öz müstəmləkəsi kimi saxladığı 14 ölkədən ildə yarım trilyon (500 milyard dollarlıq) sərvəti talayıb aparır və o ölkələrin əhalisi acından ölür. Belə bir “ədalətli”, “humanitar” dövlətdən nə gözləmək olardı ki?

1-ci Qarabağ müharibəsi vaxtı olduğu kimi, 2-ci Qarabağı müharibəsi vaxtı da Fransa var gücü ilə Ermənistanı dəstəklədi. Qələbədən sonra da Azərbaycana siyasi təzyiqlərə son qoymadı. Bəzi fransız bələdiyyələri, şəhər məclisləri “Dağlıq Qarabağ”ı tanımağa başladı. Paris indi “Dağlıq Qarabağ”ın statusu məsələsini təbliğ edərək Ermənistana və Qarabağdakı erməni əhalisinə yardım göstərir. Əgər belə humanistdirsə, onda Ermənistan əsirliyində yoxa çıxmış 4 min azərbaycanlının taleyini soruşsun, Azərbaycan ərazilərini bürüyüən erməni minalarının zərərsizləşdirilməsi üçün pul ayırsın, kommunikasiyaların açılmasını tələb etsin. O zaman Paris konstruktiv bir rol oynaya bilərdi, lakin hələlik, yalnız təhrikçi rolunu oynayır.

Milli Məclis Fransaya adekvat cavab verməlidir

Bununla da, Fransa bir daha ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmaq üçün mənəvi və qanuni hüququnu itirdiyini sübut etdi. Əgər qətnamə müharibədən əvvəl qəbul olunsaydı, bəlkə diqqət çəkərdi. Ancaq indi bu mənasızdır və fransız deputatlar istəsələr bu kağızı sadəcə zibil qabına ata bilərlər.

Bu qətnamə ilə Fransa özünü nüfuzdan saldı. Azərbaycanın qələbəsi yeni siyasi reallıqlar yaradıb. Gedən qatarı dayandırmağa edilən bütün bu cəhdlər uğursuzluğa məhkumdur. Paris bu yeni reallığı hələ dərk edə bilməyib, ona görə də Senat deputatları o qərəzli qətnaməyə səs verməyə bilməzdilər.

Fransanın simasında növbəti dəfə Qərbin həqiqi simasını, beynəlxalq hüquqa hörmətsizliyini görürük. Ancaq bu, artıq heç kimi təəccübləndirmir. Bu riyakar siyasətlə dünyada ədalətli ölkə kimi qəbul oluna bilməzsən.

Azərbaycanın xarici siyasətinin bəzi Qərb ölkələrini qıcıqlandırdığını bilirik, çünki Bakı xaricdən maliyyələşən QHT-lərin fəaliyyətinə çox sərt məhdudiyyətlər qoyaraq ölkədə 5-ci kolonun fəaliyyət göstərməsinə imkan vermədən müstəsna olaraq milli maraqlarını qoruyur. Azərbaycan öz suverenliyini aydın və ardıcıl şəkildə müdafiə edir. Buna görə də, bu vəziyyət bu dövlətlərə sərf etmir. Amma Ermənistan bütün beynəlxalq hüquqa tüpürür, ona qarşı heç bir etiraz yoxdur. Bunlar artıq heç kimin təəccüblənmədiyi ikili standartlardır. Azərbaycan indi sadəcə düşmənlərini və dostlarını daha yaxşı görür.

Belə hoqqabazlığa baxmayaraq, Fransa belə mənasız və qərəzli qətnamələrlə vəziyyətə heç bir şəkildə təsir göstərə bilməyəcək. Qarabağın statusu məsələsini irəli aparmaq cəhdləri də uğursuzluğa məhkumdur.

Hər bir halda, siyasətdə və diplomatiyada hər şey adekvat olmalıdır. Azərbaycan Milli Məclisi də qətnamə qəbul etməli, Fransanın törətdiyi soyqırımları tanımalı, Korsikanın müstəqilliyini tanımalı, bir sözlə fransız qətnaməsindəkilərin eynisini Fransaya qarşı qəbul etməlidir.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə