Nəcibə İLKİN

Gözün aydın olsun Azərbaycanım,
Mübarək bu əzmin, azad nəfəsin!
Şanlı Ordumuzun rəşadətiylə,
Yayıldı dünyaya qələbə səsin!

Oğullar doğuldu, böyüdü ər tək,
Silaha sarılıb, vətən dedilər.
Doğma torpağını azad etməyə,
Hər biri ən əziz vətən idilər.

Neçə il işğalda olan Qarabağ,
Bu gün azadlığın nəfəsin duydu.
İgid oğullarım, mərd oğullarım,
Yeni bir tarixin təməlin qoydu.

Qarabağ adının azadlığını,
Yazdılar vətənin zəfər adına.
İgidlik rəmzini bir əsgər kimi,
Bəzədi qəhrəman türk soyadına.

Füzuli, Zəngilan, Cəbrayıl, Ağdam,
Aldı sinəsinə al bayrağını.
Kəlbəcər, Laçınım, Qubadlı, Şuşam,
Sildi gözümüzdən həsrət dağını.

Qələbə qazandı Azərbaycanım,
Bu zəfər tarixin silinməz yaşı.
Sevindi dünyanın hər bir yerində
Vətənin can deyən qərib soydaşı.

Gözün aydın olsun Azərbaycanım,
Qaliblər içində qalib olmuşuq.
Vətən səmasında azad göyərçin,
Vətən torpağında səngər qurmuşuq.

Biz "Odlar Yurdu"yuq, alovlu, odlu,
Türk oğlu, türk kimi bir cəngavərik..
Parça-parça olub paralansaq da,
Yenə bütövləşib, meydanda nərik.

Budur qələbəmiz, bayrağımız tək
Başımız üstündə hey dalğalanır.
Dəmir yumruq olan vətən sevgimiz
Ruhumuz önündə öz haqqın anır.

Susdurdu düşməni igid, ərənlər,
Dil açıb hər yerdə qürur, əzmimiz.
Haqqın sədasında ucalsın hər an,
Oxunsun hər yanda vətən himnimiz.

Biz Turan elliyik, türk oğlu türkük,
Əl-ələ vermişik vətən göyündə.
Qoy bilsin hər bir kəs qələbəmizlə
Turan yaradırıq vətən deyəndə.

Azad yaşayacaq gələcək nəsil,
Bu zəfər hər kəsə doğma ocaqdı.
Qələbə qazanan Azərbaycanım,
Həqiqət yolunda dayanacaqdı!

Şəhid General

Torpaq şəhid qanı içidi yenə də,
Boyandı ürəklər şəhid qanına.
Vətən şəhidliyin zirvəsində o-
And içdi vətənin şəhid canına.

General adına ilk layiq olan
Aprel döyüşünün qəhrəman oğlu.
Polad iradəlim, polad hünərlim,
Getdin bu yolunla sən haqqa doğru.

Neçə ürəklərdə heykəlin qurub,
Bir şanlı tarixi yaşatdı bu ad.
General adından qəhrəman kimi
Şəhidlik adına ucalan Polad.

“Salam Generalım” deyən əsgərlər
Aldı generalı çiyinlər üstə.
Millət dalğa-dalğa, xalq axın-axın,
Hamı bir diləkdə, hamı bir səsdə.

Qisas tətiklərin çəkən ürəklər,
Asdı başı üstdən general şəklin.
Donan baxışlarda azadlıq odu.
Bürüdü hər yanı, bir alov təki.

Qarabağ sevdalım, vətən igidim,
Şəhid Generalım, Sən yaşıyırsan!
İgidlik məktəbin, müqəddəs adın,
Andınla əbədi Sən daşıyırsan!

Dərdlərin yuya səni

Bir uçuq daxma ola
Oturub qəmlənəsən.
Dərdini güzgü bilib
Elə güzgülənəsən.

Gözlərin qəhərlənə,
Nar kimi sıxılasan.
Köksün elə titrəyə
Dəniz tək çalxanasan.

Çəkib qəmin ətrini
Bir az ləpələnəsən.
Dərdlərin gül üzünə
Şirin-şirin güləsən.

Bulud-bulud ağlayıb
Göylərə çəkiləsən.
Dərdlərin yuya səni,
Kəfənə büküləsən.

Şəklini çəkə yollar
Yer də qısqanclıq edə.
Əzrayıl dostun ola
Səni tərk edib gedə.

Ayılasan yuxudu...
Dünya ayağın altda.
Dərdi yuxuya verib
Durasan geri qatda.

Şeirim bahar gözü

Şeirimin bahar gözü,
Yaşla dolub, kövrəlibdi.
Yaz nəfəsli ürəyimdə
Qış yenidən dirçəlibdi.

Hər sözümün bənövşəsi,
Qara xallı laləsi var.
Vətən deyən dillərimin
Göyə qalxan naləsi var.

Misra-misra qocalıram,
Kəlmə-kəlmə can verirəm.
Şeir-şeir ucalıram,
Vətən boyda qan verirəm.

Sözlərimin soyqrımı,
Dillərimdən asılıbdı.
Qələm tutan əllərimi,
Gör kimlər daşa basıbdı.

Gəlmə görüşümə

Gəlmə görüşümə, gəlmə,
Heç zəng də eləmə...
Unut olub keçənləri,
O mənli xatirələri...
Heç olmamış kimi
Qara bir örtüyə bük, bərk-bərk!
Üstündən qara bir xətt çək!
Hicranımın əli elə qanlıdı,
Səni yenidən ağuşuna alacaq,
Bakirə hisslərimi oyadacaq..
Yox .. istəmirəm, gəlmə.
Könlümün yuvasında sənin üçün
üşüyən günlərimi qoruyuram..
Yana-yana sevgi ilmələri toxuyuram.
Həsrətimin üzü elə soyuqdu,
Lap Sibirin uzaqları kimi...
Əllərim yanır, sənin üçün alışan
dodaqlarım kimi.
Sökəyirəm dodaqlarımı
həsrətimin buz aynasına.
Soyuq nəfəsində çırpınıram,
Özümü məhbəsdə sanıram.
Gəlmə görüşümə, gəlmə
Gəlsən də danışma, dinmə...
Get.. bütün ümidlərim sənin olsun,
Təkcə sənsizliyimia aparma....

İlqarım ağlayır

Dönub xəyallarım sısqa yagışa,
İlqarim aglıyır, bəxtim aglıyır.
Donub yollarimda qarli yagişa,
Yenicə dil açan bəxtim aglayır.

Sən demə aldanıb yaz vədəsinə,
İndi də baxıram qışa dönmüşəm.
Uymuşam eşqimin bülbül səsinə,
Yuvası dagılmış quşa dönmuşəm.

Yazdıgım məktublar düşür yadıma,
Danlayır üzümü yazdigım sözlər.
Məni öz hökmüylə məhkum eylədi.
Gözumə yıgılan o yollar, izlər.

Həsrətin gözündən asıb özümü,
Yolçuyam, gedirəm məzar yoluna.
Dərdimi özümlə kəfənə büküb,
Girmişəm ölümün şirin qoluna.

Payız yağışı

Döyür pəncərəmi payış yağışı,
Dəli sevgimizin göz yaşı kimi.
Səni arzulayır kövrək baxışım,
Neçə min illərin sirdaşı kimi.

Elə möhtacam ki, bax, bu an sənə,
Qəlbimin ağrısın yağış da duyur.
Səngimək bilməyən bu yağış bəlkə,
Bəlkə sevgimizin günahın yuyur.

Gəl tut əllərimdən ürəyimizi,
Yağışın altında boşaldıb, doyaq.
Gizlədək yağışdan gileyimizi,
Özümüz sevginin günahın yuyaq.

Qarşıla ruhumu

Susur gözlərimim ağrı, acısı.
Deşir ürəyimi intihar yeli.
Yoxdu kədərimin qardaş, bacısı,
Barı bircə ağız ola təsəlli...

Gəlmə yuxlarıma, ta sən də ana,
Bir sığal çəkməyə yerim yox daha.
Qarşıla ruhumu gəlir yanına,
Əzrayıl imzanı qoyub sabaha.

Yer də qaçıb gedir ayağım altdan,
Tutmağa bir ümid ağacım yoxdu.
Gözümdə yuxular yenə ban verir,
Başımın altında ildırım çaxdı...

Kəfənə bükülüb baxıram bu an,
Birisi əlində baş daşı yonur.
Əlləri qurumuş elə düzəldib,
Şəklimə baxanda bədənim donur.

Mən səni sevən deyiləm

Bir sevgisən, öz içimdə,
Lal olubdu söz içimdə,
Olsan yanar köz içimdə,
Mən səni sevən deyiləm.

Bu eşqin baxıb dadına,
Heç yaraşdırma adına,
Gəl məni salma oduna,
Mən səni sevən deyiləm.

Xəyal olub düşdüm yola,
Yenə də sənlə qol-qola,
Milyon var-dövlətin ola,
Mən səni sevən deyiləm.

Əlim əlindən asılı,
Könlüm könlünə qısılı,
Desələr bu baxt yazılı,
Mən səni sevən deyiləm.

Mən bir azca utancağam,
Könül isitməz ocağam,
Yaxın dursan yanacağam,
Mən səni sevən deyiləm.

Deyən, çox etdim ərkimi,
Sözüm yandırsın hər kimi.
Sən məni sevdiyin kimi,
Mən səni sevən dyeiləm.

Dolasan bulud gözlərə

Soyunub qəm köynəyini
Üzü dağlara gedəsən.
Gəzib dağları doyunca,
Sonra da gözdən itəsən.

Acını çəkə ev-eşik,
Yol gözləyə dost-tanışın.
Çiliklənən xatirələr,
Ola sənin məzar daşın.

Dolasan bulud gözlərə,
Payız olub, yaz güləsən.
Baş daşından gülümsəyib,
Yağış kimi töküləsən.

Anan gələ görüşünə,
Atan qucaqlaya səni.
Sevincdən daşın çatlaya
Dərdlərin ağlaya səni.

Güləsən torpaq üzünə,
Güləsən külək yaşına.
Son gülüşün xatirinə,
Hamı yığıla başına.

Səni sevən könüllərin,
Qalasan qız yaddaşında.
Darıxdığın ölüm üçün,
Ölməyəsən bu yaşında...

Özümüzə tale yazdıq

Üzülməyən sevgimizin,
Ürəyini niyə üzdük.
Özümüz də heç bilmədən,
Yolumuzu tərsə düzdük.

Yol gözləyən izimizin,
Dedik həsrət, kədər bizim,
Şirin dadan sevgimizin,
Badəsinə acı süzdük.
Kim uduzub, kim nə udub,
Şirin anları unudub,
Fələyin əlindən tutub,
Özümüzə tale yazdıq.

Duyğuların qanadıyam

Buz bağlayan yollarını,
Nəfəsimlə əridəydim,
Bu ağlayan sevdamızı,
Gücüm çata, kiridəydim.

Bir dünyalıq can oduyam,
Duyğuların qanadıyam,
Mən sevginin öz adıyam,
Göydə sevib, yerə dəydim.

Yaz dərdimi, yaz aramla,
Nə yaşıyım bu yaramla,
Vüsalımı damla-damla,
Ürəyinə yeridəydim.

Bütün xəbərlər Facebook səhifəmizdə