Əlizadə Əsədovun “Dünya üçün narahatam” - RESSENZİYA

Əlizadə Əsədovun “Dünya üçün narahatam” kitabında toplanmış şeirləri müxtəlif illərdə yazılıb. Mərhum şairimiz İltifat Salehin redaktorluğu ilə işıq üzü görən bu kitabda müəllifin əsasən qəzəlləri, satirik üslubda qələmə alınan lirik şeirləri yer alıb. Şair dünya, zaman haqqında lirik düşüncələrini, habelə zamanın haqsızlığına qarşı etiraz motivlərini oxucuları ilə bölüşür.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Səni görürəm, Həzi

İki dəfə Sovet İttifaqı Qəhrəman, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanov 1941-1945-ci illər Böyük Vətən müharibəsinə Lənkərandan yollanıb. Volqadan Baltikə qədər döyüş yolu keçən əfsanəvi sərkərdə dünya hərb tarixinə yenilik kimi ilk dəfə “Cinahlardan zərbə” taktikasını tətbiq edərək bütün döyüşləri qələbə ilə başa vurub. Azərbaycan xalqının milli qürur mənbəyinə çevrilən böyük hərbi sərkərdə özündən sonra qəhrəmanlıq məktəbi qoyub. Məhz bu məktəbin yetirmələri II Qarabağ müharibəsində öz sözünü deyərək Azərbaycanın ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdilər.

Doğma Lənkəranda izin var sənin,
Hər evdə, obada sözün var sənin.
Hər yanan ocaqda közün var sənin,
General, hər yerdə səni görürəm.

Sevinc payın vardır hər toy-büsatda,
Səndən söhbət açır hər bir kitab da.
Kim deyir ki, yoxsan bu gün həyatda,
General, hər yerdə səni görürəm.

Bir görüş arzusu keçir ürəkdən,
Odur ki, evinə tələsirəm mən.
O innab ağacın tutur əlimdən,
General, hər yerdə səni görürəm.

Hünərdə, qeyrətdə hələ ki, təksən,
Nəsildən nəsilə keçən örnəksən.
Bizimçün həm bu gün, həm gələcəksən,
General, hər yerdə səni görürəm.

General
Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş general-mayor Polad Həşimovun əziz xatirəsinə

Sən yoxsan, qələbə sevincimiz var,
Yoxluğundan doğan nisgilimiz var.
Sənlə qürur duyan ürəyimiz var,
Göstərdin rəşadət, hünər, general.

İndi azad olub doğma Qarabağ,
Saxlayır izini hər dərə, hər dağ.
Qalxıb zirvələrə sevdiyin Bayraq,
Sənsiz boğur bizi qəhər, general.

Aldı qisasını cəsur ordumuz,
Səninlə fəxr edir Odlar yurdumuz.
Göstərdi gücünü döyüş andımız.
Doğdu bəxtimizə səhər, general.

Şuşanın üstündən çəkilib duman,
Qurtulub Kəlbəcər, Laçın, Zəngilan...
Bura cənnət olar, deyib komandan,
Getməyibdi qanın hədər, general.

Şöhrətin, nüfuzun doğma elində,
Nəğmə tək səslənir adın dilində.
Döyüşür silahın əsgər əlində
Səni anır hər bir əsgər, general.

Sevdin bu torpağı bir ana kimi,
Dolandın başına pərvana kimi.
Uğrunda döyüşdün son ana kimi
Oldu yatağın da, səngər, general

Babəkdin, Həziydin sən ki, hünərdə,
İndi yurd salmısan xatirələrdə.
Təməli qoyuldu Lələtəpədə -
Sənindir çalınan zəfər, general.

Oyan, general
General Zadir Rzayev mükəmməl hərbi biliyə və təcrübəyə malik istedadlı sərkərdə olmaqla bərabər həm də alovlu vətənpərvər və ləyaqətli vətəndaşdır...

Heydər Əliyev, Azərbaycan xalqının Ümummilli lideri

Səbrin həddi varmış ürəkdə, canda,
Zəfər sevinci var Azərbaycanda.
Qarabağ uğrunda, Vətən uğrunda
Oğullar olubdu qurban, general.

Yolun Qarabağdan, cəbhədən keçdi,
Düşmənə durulan zərbədən keçdi.
Zamanın ağrısı qəlbindən keçdi,
Tutdu gözlərini al qan, general.

Hərbçilər içində vardı öz yerin,
Fəth etdin qəlbini hər bir əsgərin.
Çəkdin diqqətini ulu öndərin,
Sənə bəsləyirdi inam, general.

Düşmən yatmamışdı, düşmən oyaqdı,
Dünya işğalçıya arxa-dayaqdı.
Nizami orduya ehtiyac vardı,
Tamam dəyişmişdi zaman, general.

Bu xalqın göyərdi ümid-arzusu,
Yarandı Vətənin güclü ordusu.
Doğuldu ürəkdə zəfər duyğusu,
Səndən söhbət açır hər yan, general.

Sən həyatda yoxsan, əməlin durur,
Zəfərə aparan təməlin durur.
Qalib xalq adında bu elin durur,
Sənindir bu şərəf, bu şan, general.

Başımız dəysə də hey daşdan daşa,
Girdik düşmənlə, son, qəti savaşa.
Zəfər sevincini bizimlə yaşa,
Yetər, qalx məzardan, oyan, general.

Haqqın yaşayır
Sərkərdəlik istedadı hələ Sovet məkanında parlayan generallardan biri də Fikrət Seyfulla oğlu Məmmədov idi. Lənkəran şəhərində ziyalı ailəsində anadan olan Fikrət Məmmədov şəhər 4 nömrəli orta məktəbini bitirib. Hələ orta məktəbdə oxuyanda həmyerlisi iki dəfə Sovet İttifaqı Qəhrəman, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun həyat və döyüş yolu ilə maraqlanıb və onun kimi hərbçi olacağını qərara alıb. Elə bu məqsədlə orta məktəbi bitirəndən sonra sənədlərini Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə təqdim edib. Hərbi məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra təhsilini Frunze adına Moskva Hərbi Akademiyasında davam etdirib. Ali hərbi təhsilini başa vuran Fikrət Məmmədov həmyerlisi, təcrübəli hərbçi general Zadir Rzayevlə birlikdə Zaqafqaziya Hərbi Dairəsində bir sıra məsul vəzifələrdə çalışıb. Azərbaycana erməni təcavüzü başlayanda doğma Respublikaya qayıdaraq təcili milli ordu quruculuğuna qatılıb. Lakin heç kim gözləmirdi ki, general-mayor Fikrət Məmmədov bu tezlikdə, cəmi 40 yaşında həyatı tərk edəcək.

Qartal tək zirvədə tutmuşdun qərar,
Nə tez bu zirvədən uçub getmisən.
Vətənindən əziz nə vardı sənə
İndi torpağını qucub getmisən.

Qapını kəsəndə o azğın düşmən,
Ordunu yaratmaq zərirət oldu.
Vətən kömək umdu hər hərbiçidən,
İşğala qəlbində bir hiddət oldu.

Layiqli varislər yetişib bu gün,
Hər kəsdə bir istək, bir amal oldu.
Misilsiz hünərlə qələbə üçün,
Hər biri qəhrəman general oldu.

Qarabağ gülsə də, ağrısı durur,
Getmir ürəklərdən şəhidlik dağı.
Hər kəsin üzündə əzəmət, qürur,
Qalxıb Qarabağda Vətən Bayrağı.

Qarabağ uğrunda, Vətən uğrunda,
Xalq-ordu birləşdi bir vəhdət ilə.
Yad izi qalmadı doğma torpaqda,
Qəlbdə qisas hissi döndü məşələ.

Yollar ayrıcında sən çox qalmadın,
Seçmisən ədalət, qeyrət yolunu...
Qəlbində çağlayan Vətən sevgisi,
Düşmənə bəslənən nifrət yolunu.

Qələbə gününü görməsən də sən,
Zəfər sevincini xalqın yaşayır.
Pay düşür sənə də bu qələbədən,
Müzəffər orduda haqqın yaşayır.

Şuşa fatehi
Azərbaycan Silahlı Qüvvələri Xüsusi Təyinatlı Döyüşçülərinin komandanı, general-leytenant, Qarabağ Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevi Şuşa fatehi adlandırırlar. General Azərbaycanın qədim mədəniyyət paytaxtı, Qafqazın incisi sayılan Şuşanın, Qarabağın digər rayonlarının azad olunmasında xüsusi sərkərdəlik bacarığı və döyüş rəşadəti nümayiş etdirmişdir.

Ürəyin dözmədi yurd darda qala,
Torpağın düşmənə bir tapdaq ola.
Şuşa dağlarında dönüb qartala,
Düşmənin gözünü oydun, general.

Neçə yol xəzan tək solub Qarabağ,
Bulud tək boşalıb, dolub Qarabağ.
Əsirlikdən xilas olub Qarabağ,
Xilaskar tək öndə oldun, general.

Xocalının qurumayır göz yaşı,
Qayalardır ölənlərin başdaşı.
Qalanların qan ağlayır yaddaşı,
Sönməyibdi qisas odun, general.

Cənab baş Komandan səni dinlədi,
Qələbə raportun Şuşadan gəldi.
Üçrəngli Bayrağın burda yüksəldi,
Zəfərinlə qürur duydun, general.

Qürur duydun azad Qarabağınla,
Düşmən ürəyinə vuran dağınla.
Ucaldın ucalan o Bayrağınla,
Qəhrəmanlıq izi qoydun, general.

Şuşa dağlarından duman çəkilin,
Ürəklərdə şübhə, duman çəkilib.
İşğal dövrü bitib, zaman çəkilib,
Gülür elin, gülür yurdun, general.

Mübariz
Azərbaycanın Milli Qəhrəmanı, təkbaşına azğın düşmənlərə qan udduran Mübariz İbrahimovun əziz xatirəsinə

Damarında axan qeyrəti ilə
Göstərdi yolunu qəhrəmanlığın.
Döyüşdü bir qisas hiddəti ilə,
Onun ürəyində qəm yığın-yığın.

Dedi ki, nə qədər gözləmək olar,
Qarabağ hələ də düşmən tapdağı.
Nə qədər bu torpaq düşməndə qalar,
Ucalar Vətəndə düşmən bayrağı?!

Vətən sevgisiylə döyünən ürək,
O azğın düşmənin üstünə getdi.
Biçdi düşmənləri alaq otu tək,
Alqı qisasını, kamına yetdi.

Gəldi düşmən ilə qabaq-qabağa,
Gəldi ki, göstərsin ona həddini.
Cəsədlər leş kimi düşdü torpağa.
Əymədi əyilməz çinar qəddini.

Saxladı özünə son gülləsini,
Ölümdən qorxmadan ölümə getdi.
Apardı özüylə yurd sevgisini,
Tanrı dərgahını ziyarət etdi.

Qoydu ölümünü göz qabağına,
Düşmənlə üz-üzə durdu Mübariz.
Bir ordunun görə bilmədiyini
Fəqət təkbaşına gördü Mübariz.

Musa XANBABAZADƏ
iloloq-ədəbiyyatşünas

Bütün xəbərlər Facebook səhifəmizdə