Onun Masallı dünyası - Şakir Həsənov-75

(Portret cizgiləri)

Əgər yaşasaydı, iyun ayının 15-də, dostum, ilk teatr sənəti müəllimim, beynəlxalq “Sokrat” mükafatı laureatı, “Əmək” ordenli, “Tərəqqi” medallı Şakir Rəfi oğlu Həsənovun 75 yaşını onunla birlikdə qeyd edəcəydik. Hətta mən ona söz vermişdim ki, onun maraqlı, keşməkeşli həyatına həsr olunan bir kitab da yazacağam. Sözümə sadiq olaraq kitabı yazıram. Amma təəssüf ki, Şakir Həsənov artıq bu kitabı görməyəcək. Çünki o, 2022-ci ilin mart ayının 26-da haqq dünyasına qovuşub. 75 illik yubileyini keçirməyə çox hazırlaşırdı. Hətta arzumuz vardı ki, Şuşa şəhərinə bir yerdə gedək. O, Şuşada böyük tikinti-quruculuq işləri görmək istəyirdi. Mən may ayının 31-də Şuşada oldum. Şakir Həsənovsuz. Bu, mənə pis təsir elədi ki, dostumla ora gedə bilmədim. Amma hiss edirdim ki, Şakir müəllimin ruhu mənimlə bərabər Şuşadadır...

Onun 75 illik yubileyi ilə bağlı bir neçə yazı işləmişəm. İlk olaraq, məhz iki il bundan qabaq qocamann jurnalist Cəmil Nemətovla birlikdə yazdığım portret cizgilərini ixtisarla redaksiyalara göndərməyi məsləhət bildim. O zaman qələmimin bu məhsulu Şakir Həsənovun xoşuna gəlmişdi. Həmin vaxt xəstə olan, jurnalistika sahəsində ilk müəllimlərimdən biri, mərhum Cəmil Nemətov da bu yazıdan mütəəssir olmuşdu. Əziz oxucular, mənə elə gəlir ki, ixtiyarınıza təqdim etdiyim “Onun Masallı dünyası”na görə hər ikisinin ruhu şad olar.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

... İsti yay günləri başlamışdı. Səhər evdən çıxıb rayon mərkəzinə doğru gəldim. Burada mənim işlədiyim bir qəzet köşkü var. Masallı şəhər Mədəniyyət evinə çatanda Nizami Gəncəvinin heykəlinin qarşısında dayanan bir nəfər nəzərimi cəlb elədi. Kiməsə oxşatdım. Yaxınlaşıb salam verdim. Çevriləndə kimi görsəm yaxşıdı. Şakir Həsənovu.
-Sizdən nə əcəb?
-Xeyir işə gəlmişəm. Hər dəfə Masallıya gələndə birinci bu Mədəniyyət evini ziyarət edirəm. Bilirsiniz ki, uşaqlıq, yeniyetməlik, gənclik illərim bura ilə bağlıdır. Bura mənim üçün əsl məbəd sayılır.
-Nə gözəl oldu, görüşdük. Vaxtınız varsa, gedək sakit bir guşəyə. Oturaq, söhbətləşək, keçən günləri xatırlayaq.
-Əlbəttə, əlbəttə. Elə sizi axtarıb tapacaqdım, yaxşı ki, rastlaşdıq.
Şakir Həsənovla maşına oturub, Mir Kazım Aslanlı adına “Yanar dağ” İsti Su Sanatoriyasına getdik. Orada hava sərin idi və təbiət qəlb oxşayırdı. Beləliklə, xatirələr çözələndi. Söhbətə Şakir Həsənov başladı.
-Düz 50 il inşaat, tikinti, quraşdırma sahəsində işləsəm də, böyük uğurlar qazansam da, sizə səmimi deyim ki, incəsənət, mədəniyyət sahəsində çalışdığım 5 illik vaxt mənə daha əziz və doğmadır.
-Buna söz ola bilməz. Siz həyatda nadir adamlardansınız ki, iki dünyanı özünüzdə birləşdiribsiniz. Nəsimi demiş: “Məndə sığar iki cahan, mən bu cahana sığmazam”. Bu iki dünya da incəsənət və inşaaat, tikinti-quraşdırma sahəsidir. Yadımdadır ki, uşaq yaşlarından sizdə həmişə özünə inam və cəsarət olub. Bax, istedadla cəsarət birləşəndə böyük mütəxəssis yetişir. Bəli, söhbətimiz indi istəsək də, istəməsək də həmin məcraya yönələcək.
-Əlbəttə,-deyə Şakir Həsənov qarşısındakı çayı içəməyə başladı və harasa uzaqlara baxdı.
Mən isə birdən-birə beynimdə düz 63 il əvvələ qayıtdım...
...Cəmi 10 yaşı olmasına baxmayaraq, o, bir vaxtlar Masallıda çox məşhur idi. Bu şöhərəti də ona ustad aktyorlar, Xalq artistləri Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu və başqa tanınmış simalarla birlikdə Ağası Məmədibəyovun “Toy kimindir?” musiqili komediyasında oynadığı balaca Tapdıq rolu gətirmişdi. O, həmin musiqili komediyada bu rolla Cənub bölgəsinin rayonlarında qastrol səfərində olduğu vaxt, aktyorların oynadığı rollarda adı elan olunanda aparıcı deyirdi ki, “balaca Tapdıq rolunda Masallı şəhər 1 nömrəli orta məktəbin 3-cü sinif şagirdi Şakir Rəfi oğlu Həsənov çıxış edəcək”. Zalda əyləşənlər öz həmyerlilərinin adını, soy adını eşidəndə onu da başqa tanınmış aktyorlar kimi gur, sürəkli alqışlarla qarşılayırdılar. Onun səhnədə yüksək peşəkar aktoylara məşxus hər çıxışı alqışlanırdı...
... İndi mən artıq 73 yaşlı, saç-saqqalı ağarmış, məşhur mühəndis, SSRİ-nin Əlaçı mühəndisi, “Tərəqqi” medallı, “Əmək” ordenli, Avropanın dörd ölkəsindən Azərbaycana beynəlxalq dərəcəli “Qızıl” medal gətirmiş, beynəlxalq “Sokrat” mükafatı laureatı, dünyada tanınan “Az.Termoizol” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru, 10 yaşında oynadığı Tapdıq rolundakı kimi özünün şux təravətini, danışığında maraqlı yumorlarla dolu fikirlərini, zarafatlarını saxlayan Şakir Rəfi oğlu Həsənovu eşitdikcə, düz 63 il əvvələ qayıdırıq. Həmin vaxtlar mən Masallıda çap olunan “Çağırış” qəzetində ilk məqalələrimlə çıxış edirdim. Aramızda 3-4 yaş fərq olsa da və onun böyük qardaşı rəhmətlik Şaiqlə dost idim, Şakirin oynadığı tamaşaya baxmaq üçün Şaiqlə birlikdə hər gün teatra gedirdik. Hətta Masallının və qonşu rayonların kəndlərində tamaşa oynanılan vaxt da biz ora gedib, tamaşaya baxırdıq. Beləliklə, Şakir az bir vaxtda Masallıda “balaca aktyor” adı ilə artıq rayon Mədəniyyət evində və oxuduğu məktəbdə səhnəciklərdə oynadıqca məşhurlaşdı. Bu şöhrət onu 17 yaşında, mədəniyyət üzrə heç bir ixtisas təhsili olmasa da Masallı rayon Mədəniyyət evinin bədii rəhbəri, 18 yaşında isə Masallı rayon Mədəniyyət evinin direktoru vəzifələrinə yüksəltdi... Şakir Həsənov və Adil Səfərovun rəhbərliyilə yaradılan Miniatür Teatrı isə onların şöhrətini Masallıdan kənara, Cənub bölgəsinə və az bir vaxtda isə respublikaya yaydı. Həmin vaxtlar Masallıya qastrola gələn tanınmış aktyorlar- SSRİ Xalq artistləri Hökümə Qurbanova, Mehdi Məmmədov, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Xalq artistləri Ağasadıq Gəraybəyli, Ağadadaş Qurbanov, Əli Zeynalov, Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Əliağa Ağayev, Həsənağa Salayev, Siyavuş Aslan, Hacıbaba Bağırov, Ələddin Abbasov, Əməkdar artistlər Ofelya Məmmədzadə, Müxlis Cənizadə və onlarca başqaları Miniatür Teatrının tamaşalarına maraqla baxandan sonra onların hər ikisini öz teatrlarına işləməyə dəvət etsələr də, Şakir və Adil Masallıdan ayrılmaq istəmirdilər və bu rayonun mədəniyyətinə yüksək səviyyədə xidmət edirdilər.
Həmin vaxtlar mən “Çağırış” qəzetinin şöbə müdiri və Masallı yerli radiosunun rəhbəri kimi onların uğurlarını tez-tez həm qəzetdə və həm də radioda işıqlandırırdım. Demək olar ki, bütün tədbirlərində, tamaşalarında olurdum. Həmin tədbirlərdən, tamaşalardan sonra öz fikirlərimi, qeydlərimi Şakirə ayrıca deyirdim. O vaxtlar Şakiri radio verilişləri redaksiyasına tez-tez dəvət eləyirdim. O, satirik hekayələri peşəkar aktyorlar kimi söyləməyə çalışırdı. Xüsusən də Mirzə Cəlilin “Quzu” hekayəsini çox yüksək səviyyədə ifa eləyəndə mənə SSRİ Xalq artisti Mirzağa Əliyevi xatırladırdı. Bizim radioda “Toxmaq” satira- yumor radio jurnalı fəaliyyət göstərirdi. Həmin jurnalın redaktoru və aparıcısı Şakir Həsənov idi. Mədəniyyət evindəki istedadlı muğam, xalq mahnıları ifaçıları da yerli radio ilə çıxış eləyirdilər. Tamaşaçılar onları da maraqla dinləyirdilər.
Onu da vurğulayım ki, Masallı incəsənətinin tarixində 1940-cı illərdən 1980-ci illərə kim üç adamın - məşhur tar ifaçısı Mirzə Salman, rejissor-aktyor Sənan Ağabəyov və aktyor-rejissor Şakir Həsənovun xidməti daha çox və əvəzsiz olub. Şakir Həsənov həm də Mirzə Salmandan tar dərsləri alaraq bu alətdə də peşəkar səviyyədə ifa edirdi. Mirzə Salman həmin vaxtlar respublikada tanınmış tar ifaçıları Əvəz Rəhmətovun, Oruc Rəhmətovun, Şaiq Həsənovun da müəllimi olmuşdu.
Şakir Həsənov Masallının sayılıb-seçilən ziyalılarından olan və bu rayonda təhsilin inkişafında məktəb direktoru və sonra İcraiyyə Komitəsi sədrinin katibi kimi əvəzsiz işlər görmüş Rəfi müəllimin ailəsində dünyaya göz açmışdı. Elə uşaq yaşlarından atasının şöhrətini görsə də bu onun altında gizlənməmiş, özü-özünə yol açmışdı. Şöhrətini və uğurunu özü qazanmışdı.
Artıq ömürümüzün müdrik dövründə, uşaqlıq dostum Şakir Həsənovla qarşı-qarşıya əyləşib, Masallının o zamankı əsl intibah dövrünü xatırlayırıq.Və mən ona ayrı-ayrı suallarla müraciət edirəm:

İstedad cəsarətlə birləşəndə

-Siz Masallıya gələndə həm sizdə və həm də sizi uşaqlıq, cavanlıq illərindən tanıyan və sizin həmin illərdəki uğurlarınızı görən adamlarda xoş duyğu yaranır. Çünki biz yeniyetməlik illərinin dostuyuq. Sizin Masallı həyatınız bilavasitə mənim gözlərim qarşısında keçib. Xeyli vaxt bundan əvvəl, həmin illərdəki fəaliyyətinizi yazıya köçürmək istəyirdim. Amma siz Sumqayıtda və mən isə Masallıda yaşadığıma görə bu, alınmırdı. Axır ki, Ulu Yaradan bizi yenidən görüşdürdü və biz həmsöhbət olduq. İstəyirəm ki, siz aktyor və musiqi sənətilə bağlı keçən o illəri xatırlayıb, təssüratlarınızdan danışasınız. Qoy bu xatirə yazılı tarixdə qalsın və gələcək nəsillərimiz də bilsin ki, Masallıda incəsənətə xidmət eləyən sizin kimi insanlar olub.
- Sualınızın cavabı çox böyük və genişdir. Bir yazıya sığmasa da əsas fikirləri deməyə çalışacam. 1957-ci ildə Masallı şəhər 1 nömrəli orta məktəbin 3-cü sinifində oxuyurdum. Deyirlər ki, hər bir insan həyata gələndə bilmədən özü ilə gələcəkdə parlamaq və tanınmaq üçün böyük bir istedad gətirir. Mən də o zaman dərslərimi yaxşı, əla oxuyurdum. Yuxularımda tez-tez teatr tamaşaları, səhnələr görürdüm. Bilirsiniz ki, atam ədəbiyyat müəllimi olduğuna görə, həm də türk, ərəb, fars, rus dillərini sərbəst bilirdi. Təkcə Azərbaycan dilində yox, həm də bu dillərdə böyük peşəkarlıqla çox maraqlı şeirlər söyləyirdi. Bayram tədbirlərində, yas yerlərində onun dediyi şeirlərə, dini məsələlərə hamı maraqla qulaq asırdı. Anam Mirxatun xanım da yas yerlərində yüksək səviyyədə mərsiyyələr, oxşamalar deyirdi, qadınlar tərəfindən maraqla dinlənilirdi. Böyük qardaşım Şaiq yaxşı tar çalırdı. Bəlkə də uşaq yaşlarımdan həm şeir, həm dini mərsiyyələr, oxşamalar və həm də musiqi eşitdiyimə görə məndə teatra böyük maraq yaranmışdı. Həmin vaxt Masallıya gələn Kukla teatrının tamaşalarına böyük maraqla baxırdım və sonra evə gəlib, məhəllədə yeşiklərdən səhnə düzəldib, həmin səhnələri qonşulara göstərirdim. Evimizdəki patefondan isə musiqi səsləndirirdim ki, daha maraqlı olsun. Bir az böyümüşdüm. O zaman DTV kino aparatları vardı. Mən Məsmə xalanın divarını əhəngləyib, DTV aparatı ilə həmin divarda kino göstərirdim. Səssiz olan kinoların danışıqlarını özüm səsləndirirdim. Yəni izahatla danışırdım. (Ucadan gülür.) Qonşu qadınlar tamaşa etməyə gələndə mənim “bu zəhmətimi” yumurta, konfet, şəkər tozu, peçenye və başqa şeylərlə qiymətləndirirdilər ki, mən yenə də onlara kino göstərim. Bir dəfə evdə heç kəs yox idi. Mən yaşda qonşularımız olan Vasif-Yusif qardaşlarını çağırdım ki, gəlin, evdə kino göstərək. Ağ parçanı divara vurdum. Bu vaxt işıq söndü. Dedim ki, gəlin, pərdəni kibrit ilə işıqlandıraq. Kibriti çəkəndə od düşdü lenti yandırdı. Oradan da od düşdü yorğana və başladı alovlanmağa. Biz çətinkilə yanğını söndürdük. Qorxudan daha kino göstərmədik. (Onun bu sözlərinə hər ikimiz ucadan güldük.) Axşam evə gələndə gördülər ki, yorğan yanıb. Rəhmətlik atam mənə baxıb hər şeyi başa düşdü və dedi: “Şakir yəqin kino göstərmək istəyirmiş”. Beləliklə, mən böyüdükcə yalnız aktyor olmaq istəyirdim. Məktəbdə 3-cü sinifdə oxuyanda Bəhram Bəhramovla tanış oldum. O, məndən də güclü teatr həvəskarı və çox istedadlı oğlan idi. Artıq, dünyasını dəyişib. Mən Ağalar İdrisoğlunun köməkliyi ilə Bəhramın 60 illik yubileyinə həsr olunan maraqlı bir yazı da hazırlamışdım. Qəzetlərdə çap olunmuşdu. Bəhram çox sevinmişdi. Allah ona rəhmət eləsin. Biz uşaq vaxtı Bəhramla kiçik səhnəciklər - “Nəzərəli və Şəkərəli”nin sərgüzəştləri, “Həsən və Hüseynin” gülməcələri, “Vergülağa Nöqtələrov” və başqa səhnəciklər oynamağa başlamışdıq. Dərslər arası fasilələrdə və ya dərsdən sonra həmin səhnəcikləri göstərirdik. Müəllimlər də gəlib baxırdılar və bizə lazım olan şərait yaradırdılar. Təkcə öz sinfimizin uşaqları yox, başqa sinfin şagirdləri də bizə maraqla tamaşa edirdilər. Biz uşaqlarda maraq yaratmaq üçün qapıda növbətçilər qoyurduq ki, içəri girənlər onlara dəftər, qələm, pozan versinlər. Bu çıxışlarımız artıq Masallıda səs salmışdı. Bizi rayon Mədəniyyət evinin tədbirlərinə dəvət edirdilər və orada da çıxış edirdik. Beləliklə, küçə, məhəllə, məktəb həyatından böyük səhnə həyatına keçdik. Əgər yadınızdadırsa, mən 8-ci sinifdə oxuyanda uşaq bağçasında, pionerlər evində və yayda da Tüklə Pioner düşərgəsində tardan uşaqlara dərs deyirdim və 3 iş yerimdən ayda ən azı 150 manat əmək haqqı alıb, böyük ailəmizə köməklik eləyirdim. Çünki həmin vaxt atam xəstə idi və Şaiq də Bakıda Azərbaycan Dövlət Politexnik İnstitutuna qəbul olmuşdu. Orada oxuyurdu. Ona da köməklik lazım idi.
-Bəs necə oldu ki, siz Ağası Məşədibəyovun “Toy kimindir?” musiqili komediyasında məşhur korifeylərlə birlikdə çıxış edəsi oldunuz?
-Həmin vaxt, yəni 1957-ci ildə Musiqili Komediya Teatrının aktyorları Ağası Məşədibəyovun “Toy kimindir?” tamaşası ilə Masallıya qastrola gəlmişdi. Masallı rayonun birinci katibi Məmməd Məmmədov kollektivi yüksək səviyyədə qəbul eləmişdi. Onlar Məmməd müəllimdən xahiş eləmişdilər ki, 4 nəfər 10-12 yaşlarında istedadlı uşaq versin, onlardan birini seçib tamaşada balaca Tapdıq rolunu oynamaq üçün. Çünki bu rolu oynayan balaca aktyor xəstə olduğuna görə gətirə bilməmşdilər. Həmin 4 nəfərin içərisində mən və Bəhram da var idik. Bizi mehmanxanaya gətirdilər. Orada 5-6 nəfər bizə yrı-ayrı suallar verdi. Onlara səhnəciklər göstərdik. 4 nəfərin içindən məni seçdilər. Tapdığın səhnələrini bir neçə dəfə mənlə məşq elədilər. Gördüm ki, hərəkətlərim onların xoşuna gəlir və Ağası Məşədibəyov, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu başda olmaqla hamı təbəssümlə razılıq edirlər. İki gün məşq edəndən sonra tamaşalar başladı. Birinci tamaşada o qədər adam vardı ki, 300 nəfərlik zala bəlkə də 1000 nəfər adam yığışmışdı. Ümumiyyətlə, həmin vaxt Masallıda teatr tamaşalarına, konsertlərə tamaşaçı axını həddindən artıq çox idi. Bir də futbola, voleybola və güləşə də masallılar böyük maraqla baxırdılar. Bu həvəs indiyədək Massallı camaatında davam eləyir. Yadınızdadırsa, Masallıdakı Xalq teatrında Üzeyr Hacıbəyovun “Məşədi İbad” tamaşasında Sənan Ağabəyovun rejissorluğu ilə, özü də Sərvər rolunu oynamaqla və sonralar məşhur futbolçu olan Böyükağa Ağayev - Məşədi İbad və Oktay Əliyev - Hambal rolunda oynayanda həmin tamaşaya və başqa tamaşalara da camaatımız böyük maraqla baxırdı. Sonralar hamı Böyükağaya “Məşədı “, Oktaya isə “Hambal” deyirdilər. Bu gün də Böyükağanı hamı “Məşədi” deyə çağırır. Tamaşalar göstəriləndə mən hələ heç məktəbə getməsəm də, adamların arasından bir təhər keçərək zala girib, maraqla baxırdım. Hətta o vaxt Oqtay Əliyevin ifasında Hambalın dediyi sözlər bu gün də yadımdadır:
-Deməyin ki, Hambalam,
Amma anlayıram məsələni.
Lotular Məşədi İbada,
Yaxşıca qurmuş tələni.
O, Həsən işto takoy,
Məşədiyə meymun da dedi.
Qoçu Əsgər aldadıb,
Məşədinin pullarını da yedi.
Sonralar teatrla məşğul olanda gördüm ki, bu sözlər “O olmasın, bu olsun” pyesində yoxdur. Bu sözləri sən demə, o vaxt tamaşanın quruluşçu rejissoru Sənan Ağabəyov özündən artırıbmış. Bu sözlər də Hambalın ifasında həmişə tamaşaçılar tərəfindən alqışlarla qarşılanırdı.
-Bəli, həmin tamaşa mənim də yadımdadır...
-Beləliklə, iki gündən sonra Masallıda “Toy kimindir?” tamaşasının premyerası oldu. Aparıcı tamaşada oynayan aktyorları təqdim etdi: Qoşun-Lütvəli Abdullayev, Qoşunu arvadı- Nəsibə Zeynalova, Uzun- Bəşir Səfəroğlu, Qoşunun oğlu Tapdıq rolunda Masallı şəhər 1 nömrəli orta məktəbin 3-cü sinif şagirdi Şakir Həsənov. Yadınızdadırsa, mənim adım çəkiləndə zalda bir səs qopdu ki, gəl, görəsən. Hamı üçün heyrətli idi ki, məşhur aktyorlarla, Dövlət mükafatı laureatları ilə birlikdə Masallıdan olan uşaq da çıxış eləyir. Artıq o vaxtlar Masallıda tanınırdım. Çünki lap uşaq yaşlarımdan - 3-6 yaşlarımdan xınayaxtılarda və “Yezidin ölduyu gün” adlı dini mərasimdə mənə bığ-saqqal qoyub, qarın düzəldirdilər və həmin el tamaşalarında oynadırdılar.
Beləliklə, bu tamaşada mən də peşəkar aktyorlarla birlikdə uğurla çıxış elədim. Hətta özümdən mizanlar da tapırdım. Bu səhnə əsəri ilə biz təxminən bir ay Cənub bölgəsindəki bütün rayonlarda çıxış elədik. Bundan sonra Masallıda şöhrətim daha da artdı. Qastrol səfərləri qurtarandan məni Bakıya gətirmək istəyirdilər ki, Musiqili Komediya Teatrındakı başqa tamaşalarda da uşaq rollarını oynayım, kinofilmlərə çəkilim və təhsilimi də Bakıda dövlət hesabına davam etdirim. Rayonun birinci katibi Məmməd Məmmədov razılıq verdi, amma həmin vaxt Bakıda yaxın qohumumuz olmadığına görə atam, anam razılaşmadılar. Bilirsiniz ki, o zaman mən həm də tar çalırdım. Ansamblda çıxış eləyirdim. Beləliklə, Masallıda qaldım və Mədəniyyət evindəki konsert tamaşalarında Bəhram Bəhramovla səhnəciklərdə oynayırdıq. Bildiyiniz kimi, orta məktəbi bitirəndə mədəniyyət sahəsində ali təhsilim olmasa da Masallı rayon Mədəniyyət evinin bədii rəhbəri oldum. Adil Səfərovla birlikdə Miniatür Teatrını yaratdıq. Haqqımızda çoxlu yazı yazıldı. Adil Səfərovla məni Azərbaycandakı bir neçə Dövlət Teatrı işləməyə dəvət elədi, amma biz getmədik. Masallıda qalıb, bu rayonun mədəniyyətinə xidmət elədik.

Sizə bir maraqlı faktı da deyim ki, mən sonralar öyrəndim ki, həmin balaca aktyor, sonralar Xalq artisti olan hamımızın sevimlisi Yaşar Nuriyev imiş. Əməkdar incəsənət xadimi, yazıçı-rejissor Ağalar İdrisoğlunun sayəsində onunla 2000-ci lldə tanış olanda və Sumqayıtdakı “Palma” restoranında bir qismət çörək kəsdik, həmin görüşdən sonra münasibətmiz dostluğa çevrildi. Yaşar müəllim dedi ki, “mən həmin tamaşa ilə Cənub bölgəsinə gedəcəkdim, amma xəstə olduğuma görə gedə bilmədim. Qastroldan qayıdanda aktyorlar dedilər ki, sənin Tapdıq rolunu Şakir adlı bir oğlan çox yaxşı oynayırdı”. Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu Yaşar Nuriyevlə mənə həsr olunan bir maraqlı məqalə də yazmışdı. Həmin məqalə qəzetlərdə çap olundu. Adını belə qoymuşdu. “Tapdıq, Tapdığı tapdı”. Məqalənin adını Yaşar Nuriyev təklif eləmişdi.

İki yol ayrıcında qalan Şakir Həsənov

-Siz orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun inşaat mühəndisləri fakültəsinə daxil oldunuz. Bəs niyə Teatr İnstitutuna getmədiniz?
-Qardaşım Şaiq orada təhsil alırdı. Həm də həmin vaxt Politexnik İnstitutu çox dəbdə idi. Ora hər adam qəbul oluna bilmirdi. Fikirləşdim ki, aktyorluğu bacarıram. Hətta rejissor kimi tamaşalar da hazırlayıram. Rayon Mədəniyyət evinin Xalq çalğı alətləri ansamblında tar çalıram və həm də Mədədniyyət evinin direktoruyam. Lakin evdəkilərin istəyi və təkidilə Politexnik İnstitutuna qəbul olundum. Artıq 3-cü kursda oxuyanda Politexnik İnstitutundan tələb eləyirdilər ki, gündüz şöbəsində təhsilimi davam etdirim. Həmin vaxt məni Masallı rayon Mədəniyyət evinin direktoru təyin elədilər. Bu işin təşəbbüskarı Masallı rayon İcraiyyə Komitəsi sədrinin müavin, Masallıda təhsilin, mədəniyyətin, idmanın, səhiyyənin inkişafında əvəzsiz xidmətləri olan, bütün Masallı cavanlarının dostu, cavanlıq illərindən Masallının ağsaqqallarından biri, Prezidentin Fəxri təqaüdçüsü Məmmədhüseyn Həsənov idi. Hər dəfə Masallıya gedəndə onunla görüşürəm və vaxtı ilə məni Mədəniyyət evinə direktor qoydurduğuna görə ona təşəkkürümü bildirirəm. Xüsusi vurğulayım ki, Əməkdar artist Rəsmiyyə Sadıqovanın və sənətşünaslıq doktoru Əvəz Rəhmətovun da incəsənətin musiqi sahəsində təhsil almasında o kişinin böyük köməkliyi olub. Məmmədhüseyn müəllimin təşəbbüsü ilə məni o vaxt direktor ona görə təyin elədilər ki, mən Masallıdan getməyim. Çünki tamaşalarda hər çıxışım böyük sevinclə qarşlanırdı. İzləyicilər Miniatür Teatrındakı rollarıma böyük heyranlıqla baxırdılar. Qonşu rayonlardakı çıxışlarımız da tamaşaçılarda hədsiz maraq oyadırdı. Bakıdan, Gəncədən rayonumuza gələn peşəkar aktyorlar da çıxışlarımıza həvəslə tamaşa edirdilər. “Gəlməli, görməli, gülməli” miniatür tamaşamız daha məşhur idi. Həmin tamaşada və digər səhnə əsərlərində mənimlə birlikdə Adil Səfərov (O, həm də yaxşı saatsaz idi.), Ələfsər Niftiyev, Əlövsət Niftiyev, Şərafət Əzimov, Rəsul Rzayev, Xodaşirin Cəbiyev, Bəhrəm Bəhrəmov, Lumu Nəcəfəova, Seyran Fərəcullayeva, Füzuli Gözəlov, Bayram Hüseynov, Müzəffər Hüseynov, Namiq Quliyev, Əlhüseyn Tahirov, Kərim Həsənov, Mürüvvət Həşimov, Mahir Mürşüdovdan əlavə, bu gün respublikada tanınan insanlar da çalışıblar. Onlardan uzun illər Masallı rayon İcra Hakiminin müavini işləmiş, bu gün Masallı Ağsaqqallar Şurasının sədri olan Ələşrəf Niftiyev, virtuoz qarmonçalar Abutalıb Sadıqov, sənətşünaslıq doktoru, professor, xeyli müddət Ağdam, Sumqayıt, Bakı Musiqi texnikumlarının direktoru işləmiş Əvəz Rəhmətov, pedaqoji elmlər doktoru, professor, Naxçıvan və Azərbaycan Universitetlərinin rektoru işləmiş Fərahim Sadıqov, filologiya elmləri doktoru, professor, məşhur tənqidçi Vaqif Yusifli, pedaqoji elmlər doktoru, yazıçı-tərcüməçi Zeydulla Ağayev, Əməkdar artistlər Rəsmiyyə Sadıqova, Baloğlan Əşrəfov, Nizami Mirzəyev, Məzahir Cəlilov, Əli Salayev, Əməkdar jurnalist, “Oqonyok” jurnalının Şərq ölkləri üzrə redaktoru Vasif Səmədov, uzun illər Azərbaycanın bir neçə Dövlət Teatrının bədii rəhbəri-direktoru işləmiş tanınmış yazıçı, rejissor, aktyor, jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu və başqalarının da adını çəkə bilərəm. Mədəniyyət evinə başçılıq elədiyim vaxt orada Kukla teatrı, Dram dərnəyi, Atabala Səfərovun rəhbərliyilə Aşıqlar ansamblı, Rafiq Axundovun rəhbərliyilə Gənclik Xalq şalğı alətləri ansamblı, Zurnaçılar ansamblı, İltizam Hüseynovun və Bəhrəm Bəhrəmovun rəhbərliyilə Rəqs kollektivi, Mahmudavar kəndində Ümbülbanu Nəcəfovanın rəhbərliyilə məşhur “Halay” qızlar mahnı və rəqs kollektivi, ümumilikdə 27-dən çox kollektiv vardı. Mədəniyyət evinin qarşısına afişa vururduq ki, bir ay müddətində Masallı rayon Mədəniyyət evində hansı tədbirlər, konsertlər, tamaşalar olacaq. Təkcə Miniatür Teatrının repertuarında 10-dan çox tamaşa vardı: “Gəlməli, görməli, gülməli”, “Milyonçunun dilənçi oğlu”, “Yalan”, “Ər və arvad”, “Yaxşı adam”, “Hacı Kərimin aya səyahəti”, “Qavroş” və s. Hətta pis hərəkətlərinə, dələduzluğuna görə polisdə qeydiyatda olan uşaqları da Mədəniyyət evinə gətirib, onlara rollar verirdim və düzgün yol göstərirdim. Tez-tez Masallı rayonunun kəndlərinə də qastrola gedirdik. Tərəvəz sahələrində səhnə yaradıb, əməkçilər qarşısında çıxışlar edirdik. Təsəvvür eləyin ki, həmin vaxt yekəpər Namiq Quliyevlə, liliput Mahir Mürşüdovu səhnəyə buraxırdım. Onlar səhnəcikdə duet oynayırdılar. Sahələrdə işləyən qadınlar qəşş eləyib gülürdülər. Mədəniyyət evinin kollektivi mənim rəhbərliyimlə həmin vaxt belə tədbirlərdən və tamaşalardan yaxşı pul qazanırdı. Həmin pulla hər ay 50 nəfərdən çox adama əmək haqqı verirdik. Böyük istək və həvəslə bəzi axşamlar Bakı-Astara qatarına minib Bakıya gəlirdim və buradakı teatrların tamaşalarına baxırdım. Onları maqnitofona yazırdım. Mizanları yadımda saxlayırdım. Tamaşalar bitəndən sonra qatara minib, yenidən Masallıya qayıdırdım. Həvəskar aktyorlarla həmin oyunları məşq eləyirdik. Əlbəttə, öz əlavələrimizlə tamaşaçılara göstərirdik. Çalışırdıq Bakı teatrlarının aktyorlarını təqlid etməyək. Öz bacarığımızı ortya qoyurduq. Təvazökarlıqdan uzaq olsa da deyim ki, bunu yalnız teatr sənətinə vurğun olduğuma görə edirdim. Həm də rayonun bir neçə rəhbər vəzifəli şəxsi də mədəniyyətin inkişafına kömək etməklə məni bu işə çox həvəsləndirirdilər. İstəyirəm həmin adamların adını çəkim: Masallı rayon İcraiyyə Komitəsinin sədri İsrafil İsmayılov, müavini Məmmədhüseyn Həsənov, Masallı şəhər Sovetinin sədri İsmayıl Abuşov, Boradigah sovxozunun direktoru Cavanşir Əsədov, Qızılağac sovxozunun direktoru İbrahim Səlimov, Kalinovka sovxozunun direktoru Sergey Brızqalin, Masallı rayon partiya komitəsinin III katibi Nəcəf Nəcəfov, Masallı rayon Komsomol komitəsinin katibləri Yasər Əliyev, Əli Əlişov, Masallı rayon İstehsalat Birliyinin rəisi İmran Əbilov, Masallı rayon Milis şöbəsinin rəisi Şirvan Əbilov və başqaları. Onlardan bəzisi artıq, dünyasını dəyişib. Allah rəhmət eləsin.
-Bəli, yadımdadır. Onlar rayonun ən üzdə olan ziyalıları idilər. Doğru deyirsiniz ki, tanınmış aktyorların oyununu təkrarlamırdınız. Hətta yadımdadır ki, “Milyonçunun dilənçi oğlu” tamaşasında Bəşir Səfəroğlunun oynadığı rolu siz tamam başqa cür oynayırdınız.
-Haqlısız. Mən hətta o rola tamam başqa cür yeriş və ştrixlər tapmışdım. Səhənədə at kimi yeriyirdim. Göstərirdim ki, polis rəisi belə yeriyə bilər. Ümumiyyətlə, oynadığım rollarda heç kimi yamsılamırdım. Çalışırdım ki, hər rolda özüm olum.
Mənim Lütfəli Abdullayevə, Bəşir Səfəroğluna, İsmayıl Dağıstanlıya, Əli Zeynalova, Hacıbaba Bağırova, Siyavuş Aslana sənətlərinə görə çox böyük hörmətim, istəyim vardı. Onlar o zaman Masallıya gələndə, Mədəniyyət evinin direktoru kimi mənim qonağım olurdular. Onlarla və əlbəttə öz truppamızın üzvlərilə birlikdə Masallının kəndlərinə gedir, çıxışlar edirdik. Mən Bakıya gələndə onlar mənə şərait yaradırdılar ki, tamaşalarını izləyim, lentə köçürüm. Həmin vaxt kino-teatr olmadığına görə kinofilmlər də Mədəniyyət evində göstərilirdi. Biz çox vaxt axşam saat 12-dən sonra kinofilmlər qurtaranda gecə saat 3-4-ə kimi məşqlər eləyirdik. Hətta elə olurdu ki, məşqlərimiz səhərə qədər davam edirdi.

Teatra “əlvida” deyən Şakir

- Amma beş illik Masallı uğurundan sonra Şakir Həsənov 1971-ci ildə teatr aləminə “əlvida” dedi. Bu, niyə belə oldu?
-Bəli. Yuxarıda dediyim kimi, Politexnik institutunda təhsil aldığıma görə ali məktəbdən məcbur elədilər ki, hökmən öz sahəm üzrə işləməliyəm. Əgər belə olmasa, məni ali məktəbdən çıxaracaqdılar. Beləliklə, Sumqayıta gəldim və inşaat sahəsində işlərimi davam etdirdim. Elə o zamandan da həmin məşhur aktyorlar məni burada görəndə çox təəsüflənirdilər ki, niyə bu sahədən ayrıldım. Onlar mənə “karvandan ayrı düşmüş dəvə kimi baxırdılar”. İlk əvvəl betonçu kimi işə başladım. Az bir vaxtda Sumqayıt Tikinti Trestinə, şəhər İcraiyyə Komitəsinə, Sumqayıt şəhər partiya komitəsinə rəhbəlik eləmiş, rəhmətlik Zülfü Hacıyevin himayədarlığı ilə inşaat sahəsində inkişaf elədim. Nijni Novqorodda ali rəhbər kadrlar üçün ikinci ali təhsil aldım. İş icraçısı, sahə rəisi, baş mühəndis işlədim. Sonra da Sumqayıt İstilik İzolyasiya idarəsinin rəisi oldum. Təşəbbüsümlə qısa zamanda bu təşkilat “Az.Termoizol” Açıq Səhmdar Cəmiyyəti oldu. Artıq bu təşkilat dünyada tanınır. Çoxlu xarici ölkənin mükafatlarını alıb. Xarici təşkilatlarla təkcə Azərbaycanda deyil, dünyanın bir neçə ölkəsində birlikdə işləyirik. SSRİ-nin Əlaçı mühəndisi olmuşam. Azərbaycan prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı və “Əmək” ordeni almışam. Tikinti üzrə dünyada məşhur olan Beynəlxalq “Sokrat” mükafatına layiq görülmüşəm. Azərbaycanda dövlət səviyyəsində yüzlərlə böyük müəssisənin tikilişində həm icraçı və həm də iştirakçı olmuşam. Bayaq dediyim sözləri bir də təkrar eləmək istəyirəm: Düz 50 ildir ki, inşaat, tikinti, quraşdırma sahəsində işləsəm də, 5 illik incəsənətdə, mədəniyyətdə çalışdığım illər mənə çox əziz və doğmadır. Yəni 73 illik ömrümün həmin beş ilini ömrümün bu müdrik vaxtında daha tez-tez xatırlayıram. Mənə elə gəlir ki, o illərdə böyük okeanlar, dağlar, dərələr yatır... İstəyirəm 75 illik yubileyimlə bağlı kitab yazılsın və həmin 5 illik fəaliyyətim də orada daha geniş təsvir edilsin. Təki sağlıq olsun...
- Sözsüz ki, Masallıya gələndə də o köhnə xatirələr yada düşür...
-Əlbəttə. Hər dəfə Masallıya gələndə Mədəniyyət evinin qarşısında dayanıram. Necə ki, bayaq siz məni orada gördünüz. Həmin illər bir kino lenti kimi gəlib gözlərimin qarşısından keçir... Və daxilən öz-özümə deyirəm: “O illəri mən heç vaxt yaddan çıxara bilmərəm”. Çünki həmin vaxtlar Masallıdan Bakıya gedəndə təkcə tamaşaları lentə köçürmürdüm, həm də teatrlardan geyinilmyən, köhnə paltarları gətiridim. Onları bərpa edir və tamaşalarda geyinirdik. Bütün bu kimi hadisələr indi yaddaşımda maraqlı, nisgilli xatirə kimi qalıb...

İndiki, 50 il çalışdığım işimdən də çox razıyam. İngiltərədən, Fransadan, İtaliyadan, Portuqaliyadan və digər xarici ölkələrdən, MDB məkalarından Azərbaycana “Qızıl” medallar, diplomlar gətirmişəm. Aldığım təltiflərin, inşa etdiyim obyektlərin sayı-hesabı yoxdur. Amma səmimi təkrar qeyd edirəm ki, 5 ildə Masallıda əldə etdiyim beş-on tamaşadakı uğurlarım mənim üçün 50 ildə qazandıqlarımdan daha qiymətlidir. Bu əziz və doğma hisslər yəqin, ömrümün sonuna qədər olduğu kimi qalacaq...

P.S. Şakir Həsənovdan ayrılan zaman onun gözlərindəki tamaşalarda oynadığı balaca Tapdıq və digər rolların xiffətini çəkən nisgilli ifadələrini gördüm. Hiss elədim ki, həmin unudalmaz xatirələr kövrək qəlbində, baxışlarında yaşayır... Təki Allah imkan versin ki, onunla yenə də görüşüm. Hələ ona veriləsi çoxlu sualım qalıb...

Bəli, yol boyu düşündüm ki, müasirimizŞakir Həsənov Tanrı vergili, çox istedadlı insandır. Möcüzəvi şəxsiyyət kimi hamıya örnəkdir. O, Masallıda və Sumqayıtda çalışdığı müddətdə əvəzsiz işlər görüb. Adı Masallının mədəni inkişafında və Sumqayıtın quruculuğu sahəsində tarixə yazılıb.Onunla hər dəfə görüşəndə nə üçünsə həmişə yadıma böyük türk satiriki Əziz Nesin və onun məşhur “İndiki uşaqlar möcüzədir” romanının uşaq qəhrəmanları düşür...

Bəli. Şakir Rəfi oğlu Həsənov da bizim müasirimiz olan və adı tarixdə qalacaq bir şəxsiyyət, bir möcüzədir.

Cəmil NEMƏTOV,
veteran jurnalist

Bütün xəbərlər Facebook səhifəmizdə