Lənkəranda yazarların tanıtımı layihəsinə yekun vurulub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Cənub bölgəsində yazarların tanıtımı və gənclərin oxu vərdişinin artırılması ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun tədbiri Lənkəran rayonundakı 23 saylı Boladi kənd kitabxanasında reallaşıb. SİA-nın xəbərinə görə, rayonun tanınmış yazıçı və şairlərin, fəal oxucuların və Boladi kənd tam orta məktəbinin yuxarı sinif şagirdlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nuranə Nəsirova layihənin oxucuların mütaliə mədəniyyətinin formalaşmasında müstəsna əhəmiyyət kəsb etdiyini bildirib.

Daha sonra çıxış edən “Yayım” Assosiasiyası İctimai Birliyinin sədri, layihənin rəhbəri Yaşar Zeynalov bununla artıq 4-cü tədbirin keçirildiyini, tədbirin icrasında Azərbaycan Yazıçılar Birliyi Lənkəran zona bölməsinin sədri Qafar Cəfərov başda olmaqla yerli şair və yazıçıların yaxından iştirak etdiklərini xüsusi qeyd edərək onlara təşəkkürünü çatdırıb.
Layihə rəhbəri çıxışı zamanı kitabların gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına mühüm təsir göstərdiyini, onların dünyagörüşünü zənginləşdirdiyini, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərini aşıladığını vurğulayaraq, müasir dövrdə cəmiyyətimizdə mütaliə mədəniyyətinin inkişafının xüsusi önəm daşıdığını qeyd edib.
Azərbaycan Yazıçılar Birliyi Lənkəran zona bölməsinin sədr müavini, şair Ağamir Cavad çıxışında aqillərin kitabı bilik, zəka, idrak mənbəyi, kamillik vasitəsi hesab etdiyini xatırladaraq, kitab oxumağın insanın ruhunu qidalandıran, daxilindəki mənəvi boşluğu dolduran çox əhəmiyyətli bir vasitə olduğunu bildirib.
Daha sonra şairlərdən Xatirə Xatun, Ağamir Cavad, Əhməd Haqsevər, Salman Məmmədoğlu, Ağaddin Babayev, Eldar İlqaroğlu və digərləri yeni şeirlərini oxuyublar.
Boladi kənd 1 saylı folklor klubunun müdiri Şahnaz Rzayeva, 23 saylı Boladi kənd kitabxanasının müdiri Günel İsmayılova, Boladi kənd orta məktəbinin müəllimi Dövlər Fətullayev, Boladi kənd icra nümayəndəsinin müavini Əbülfət Cavadov çıxış edərək maraqlı və məzmunlu görüş üçün “Yayım” Assosiasiyasına və Azərbaycan Yazıçılar Birliyi Lənkəran zona bölməsinə minnətdarlıqlarını çatdırıblar.
Sonda iştirakçılara “Yayım” Assosiasiyası tərəfindən dəftər-qələm və müxtəlif yazıçı-şairlərin kitabları hədiyyə olunub.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə