HÜMBƏT HƏSƏNOĞLU

Baş mələk olan Cəbrayıl Allaha yerdə gördüklərindən, eşitdikləri dualardan danışır. Nitqinə bir az fasilə verib deyir:- Ey Uca Allah, bir qadın illərdir eyni duanı edir. Tək bir dua.

- Hansı duanı?

- Ey Qadir Allah, hər dəfə mübarək adlarınızdan birini çəkib deyir ki, anası ölməsin, həmişə sağ qalsın.

- Əzrayıl mələyə de ki, onun anasına dəyməsin.

Beləliklə bir eldə, bir qızın öz anası haqda dediyi dua həyata keçir.

Qızın anası yaşamaqda davam edir.Ətrafda olan analar bir- bir dünyasını dəyişir, bu qızın anasından başqa. Qız Allaha hər gün şükr duaları etməkdə davam edir, anasının yanında qalmasına hədsiz sevinir, axı o,anasını çox sevirdi. Aylar, illər keçir, qız öz anası ilə birgə qocalır. Qoca vaxtında da anasının yanında olmasına, onun hələ də yaşamasına çox sevinir, onu hər gün qucaqlayıb başına dönür, onun hər nazı ilə oynayırdı.

Qız artıq özü də nənə olmuşdu, öz balaları, nəvələri vardı.

Onun balaları da, nəvələri də hər iki nənələrini sevir, onların qayğısına qalırdılar. Bir gün qız qocalıqdan dünyasını dəyişir.

Qoca nənə yaşamaqda davam edir. Onun nəvələri də, nəticələri də, kötücələri də qocalıb ölsələr də, o, yaşamaqda davam edir, çünki Əzrayıl mələyi ona olan tapşırığa görə anaya yaxın gəlmir.
Ananın yaddaşı zəifləyir, ətrafında olan çox insanları heç tanımır da, amma tez - tez onu çox sevən qızı yadına düşür, onun yanına getmək istəyir.

Təkcə qızı yox, tanıdığı bütün insanlar artıq o biri dünyadaydı. O da öz qızına, ona yaxın və əziz olan insanlara qovuşmağı arzulayırdı.

Yaşamaq onun üçün maraqsız və mənasız olmuşdu, onu dünyaya bağlaya bilən heç nə qalmamışdı.

Həyatın özü onun üçün dözülməz, artıq çəkə bilmədiyi yükə çevrilmişdi.

Qoca nənə hər gün eyni duanı edirdi:- ey Mərhəmətli olan Allah, məni bu əzablarımdan xilas et, mənə lütf olaraq öz ölüm mələyini göndər.

Cəbrayıl mələk növbəti dəfə Allahın dərgahında olanda ulu nənənin əzablarını və tək duasını Ona bildirir.
Allah izn verir və əlavə edir: - İnsanlara çatdırın ki, dualarında ehtiyatlı olsunlar.

KROSSVORD

(hekayə)

Türkiyəyə dincəlməyə gedənlər otellərin dəniz sahilində uzanmaq üçün düzülən çarpayılarını görüblər. Onlar əvvəldən düzülür və insanlar uzanıb dəniz havası və günəş şüalarını qəbul edirlər. Həyat yoldaşımla dəniz sahilinə düşəndə cəmi iki boş çarpayı qalmışdı. Yanımızdakı xanım və bəyi türkcə salamlayıb mən kişinin yanında,həyat yoldaşım da sol tərəfimdə uzandıq. Bu, iki orta yaşlı,slavyan görünüşlü insanlar mənim türkcə salamımı elə aldılar ki,almasaydılar ondan yaxşı olardı.

Onların davranışına sakit baxdım, sonradan məlum oldu ki, ər və arvad Moskvadan gəliblər,ikisi də professordur. Moskvalıların qalan yerlərin insanlarına yuxarıdan baxmaqlarını hamı yaxşı bilir.
Qayıdıram əvvələ, yəni onların kim olduğunu hələ bilmədiyim zamana. Əslində onlar mənim üçün heç bir maraq kəsb etmirdilər. Arada bir türk animator mənə yaxınlaşdı və mən onunla türkcə danışdım. Qonşularımız tam əmin oldular ki,mən türkəm. Mən elə istəyirdim ki,onlar mənim türk olduğumu və bu cənnət yerlərin də türklərə məxsus olduğunu bir daha bilsinlər. Hə,bu iki professor rusca krossvord həll edirdilər. Həyat yoldaşım bunların krossvord həll etdiyini görüb öz şlyapasının altından mənə xəfif gülümsədi. O, qarşıda olacaq tamaşanı çox sevirdi. O, belə tamaşaların çox şahidi olsa da,hər dəfə bunu xüsusi maraqla gözləyirdi.
Günluk papağımı üzümə qoyub uzandım. Dəniz ləpələrinin sahilə çatdıqda əmələ gətirdiyi şırıltı səsi qəlbimə xüsusi rahatlıq gətirirdi.

Krossvord və qələm xanımın əlində idi. O sualı oxuyur və əri ilə birlikdə cavab axtarırdılar. Təbii ki,mən də sualları yaxşı eşidirdim. Bu professorların özlərini dartmaqları məndən çox deyəsən həyat yoldaşıma toxunmuşdu. O, öz kitabını oxusa da fikrinin məndə olduğunu dəqiq bilirdim. Mən səsimi çıxartmırdım. Qonşularımız üç sualdan birini tapanda uşaq kimi sevinirdilər və düşünürdülər ki, heyif bu türk onların necə ağıllı olduğunu başa düşmür. Növbəti sual bunları çətin vəziyyətə saldı. Yoldaşım dözməyib kitabı ilə böyrümə yavaşca toxundu,o, tamaşa görməyi arzulayırdı. Papağımı bir az üzümdən aralayıb bunların axtardığı sualın cavabını təmiz rus dilində səsləndirdim. Desəm ki, iki professor eyni zamanda intelektual şok keçirtdilər, hesab edin ki, heç nə demədim. Bunlar mənə elə baxdılar ki, altımdakı kuşetka dil açıb danışsaydı, daha az təəccüblənərdilər. Dalınca da sualın cavabını elmi cəhətdən xırdalayanda hər ikisinin alt çənəsi sinələrinə düşdü. Arxasınca bayaqdan tapa bilmədikləri bütün sualları cavablandırdım. Yoldaşımın çiçəyi çırtdamışdı, qürurla və qalibiyyətlə bu iki prifessorun təəccüb dolu sifətlərinə baxıb gülümsəyirdi.

Sirri açmalıyam, mən rus krossvordlarını çox yaxşı həll edirəm. İki ali təhsilim, on il Rusiyada yaşamağım, orada Universitet və Akademiya bitirməyim,dünyanın otuzdan çox ölkəsində olmağım və ensiklopedik biliklərim krossvord həll etməyə çox yarayır.

İndi mən bu iki professora tələbə kimi baxıb, durub çimməyə getdim.

Qayıdanda professor qonşularım məni ayaq üstə qarşıladılar və mənimlə tanış olduqlarından məmnunluqlarını bildirdilər, yoldaşım görünür mənim haqda onlara artıq məlumat vermişdi. Sonrakı günlər oteldə bizimlə qarşılaşanda professorlar bu türk oğlu ilə artıq böyük hörmət və ehtiramla salamlaşırdılar.

Sumqayıt şəhər

Bütün xəbərlər Facebook səhifəmizdə