Hümbət HƏSƏNOĞLU

Redaksiyanın tapşırığı ilə məqalə yazmalı olacağım sahibkarın ünvanını arayarkən, qarşıma çıxan bir kişidən soruşdum ki, buralarda gön- dəri aşılayan sex varmı?

Kişi mənə diqqətə baxıb dedi:

- Təxminən üç kilometr bu torpaq yolla düz, sonra burnunuza dəyəcək iyi tutub gedin, axtardığınız yeri tapacaqsınız. Kişiyə təşəkkür edib maşınımı deyilən istiqamətdə sürdüm, amma kişinin iylə bağı vurğuladığı hafizəmə bərk hopdu.

Həqiqətən də bir müddətdən sonra sözlə çatdırıla biməyən bir iy burnuma dəydi. Qabaqda hasarlanmış, iri dəmir darvazalı böyük bir tikili gördüm. Darvazanın arxasında it hürüşləri eşitdiyimdən maşından düşmək fikrindən vaz keçdim və darvazanın qabağında siqnal verdim. Bir azdan darvazanın yanındakı qapıdan bir yaşlı kişi çıxdı və mənə baxdı.

- Dayı, mən jurnalistəm, Vəli müəllimlə danışılıb, ondan məqalə yazmalıyam. Kişi cavab vermədən geri qayıtdı. Bir müddət keçəndən sonra darvaza açıldı və maşınımı sexin həyətinə daxil elədim.

Həyətdə məni yekəpər, üç- dört paltarı üst- üstə səliqəsiz geyinmiş orta yaşlı bir kişi qarşıladı. Salam verəndə mənim əlim kişinin nənəng ovcunda sadəcə itdi.

- Bajoğlu, mən yazı - pozu adamlarından uzaq dururam, day səni elə adam dedi ki, keçəmmədim. Bəlkə bir çay içək, əvvəlcə?

- Tanış olduğuma şad oldum, Vəli müəllim, amma olar əvvəl sexinizə baxım?

- Olar, bajoğlu, niyə də olmasın. Amma bəlkə sexə girməyəsən, bir kabinetim var orda çay içə- içə söhbətləşək?

-Vəli müəllim, reportajımın inandırıcı olması üçün iş prosesini görməliyəm.

- Olsun. Özün istədin.

Dayandığımız yerdə havadakı kəskin qoxu məni artıq tarazlıqdan çıxartmışdı. Sexin içinə girəndə burnuma vuran üfunəti sözlə ifadə etmək mümkün deyil.

Cəhənnəmin necə ola biləcəyini mənə burnum anında qandırdı.

Burun deşiklərimi barmaqlarımla sıxmasaydım ödüm ağzımdan gələcəkdi. Sexdə bir-birinin üstünə qalaqlanmış dərilər gördüm. Sexdə üç qadın və iki kişi dərilərlə nələrsə edirdilər. Onlar mənə baxıb gülümsədilər və rahat işlərinə davam etdilər. Mənim yeganə arzum iy məfhumunun təhqir olunduğu bu məkandan tez uzaqlaşmaq idi.

Vəli müəlim halımı görüb qoluma girdi və məni sexdən çıxartdı.

Sonrakı hadisələr mənə yuxu kimi gəldi, məni hardansa çıxan CİP maşınına oturtdular, sexdən çıxıb harasa yola çıxdıq və bir azdan bir villanın həyətində, qızılgüllərin arasında çay süfrəsində özümü oturmuş gördüm.

- Bala, burnunu buraxa bilərsən, rahat nəfəs al indi.

Ətrafa baxıb ayırd edə bilmirdim, mən bayaq yuxudaydım, ya indi yuxudayam?

Qarşımda oturan bədheybət kişi mənə nağıl qəhrəmanı kimi göründü.

- Hə, bajoğlu, suallarını verə bilərsən.

Mənim qarşımda oturan artıq səliqəli geyinmiş, gülərüz kişiyə bircə sualım vardı:

-Necə? O şəraitdə necə işləmək mümkündür, nəinki işləmək, necə nəfəs almaq mümkün olur? Bayaq orda gördüyüm insanlar hansı planetdən bura köçüb gəliblər? O üfunətin içində gülümsəmək də olar?

- Bajoğlu, baxıram mədəni insana oxşayırsan. Nə yazarsan, özün bilərsən. Amma ürəyimi kiməsə əvvəl-axır açmalıyam. Dediklərimin hamısını yazmasan yaxşı olar, çünki sirrim də var.

Vəli kişi əvvəl mənə, sonra ətrafda əkilmiş və rəgbərəng qızılgül kollarına baxıb dedi:

- Çox sevirəm qızıl gülləri. Xaricdən belə gətirtmişəm, İrandan, Türkiyədən.

Mən ətrafa bir də nəzər saldım, biz qızıl gül tarlasının ortasında, inanılmaz gözəlliyin içində oturmuşduq.

Vəli kişi ətrafa bir də nəzər salıb yavaş səslə dedi:

- Kaş bir dəfə bunların iyini duya biləydim!..

Hə, bajoğlu, bizim nəsllikcə iybilmə qabiliyyətimiz yoxdur. Dəriçilik, dabbaqlıq da bizim nəslin sənəti, dədə - baba peşəmizdir. Bayaq sexdə gördüyün insanlar da bacı və qardaşlarımdır, onların da iybilmə qabiliyyəti yoxdur. Elə bu səbəbdən bu işi seçmişik. Hər adam məşğul ola bilmir bu fəaliyyətlə. Xammal həmişə var: Azərbaycanda gündə 20-25 min qoyun, 5-6 min mal kəsilir, çünki ətyeyən, kababsevən xalqıq. Qəssablardan dəri və gönləri yığırıq, aşılayıb yerli sexlərə, əsasən də xaricə satırıq.

Yoxlama orqanları gələndə, onları sexə salıram. Onların yanında mən də burnumu tuturam, dabanlarına tüpürüb qaçırlar, daha gəlmirlər, bunu deyib o gülümsədi.

Sonra kədərli- kədərli qızılgüllərə bir də baxıb dedi: - Deyirlər qızıl güllərin gözəl ətri var…

Sumqayıt,

fevral- 2022- ci il

Bütün xəbərlər Facebook səhifəmizdə