Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Beynəlxalq dərəcəli hakim, Əməkdar bədən tərbiyəsi və idman işçisi Əlizadə Əsədov daha çox məşhur peşəkar boksçu və məşqçi kimi tanınır. Azərbaycanın Cənub bölgəsində o, peşəkar boksun əsasını qoyub. Onun keçdiyi keşməkeşli, lakin şərəfli həyat yolu, Beynəlxalq turnirlərdə qazandığı uğurlar, habelə Azərbaycanı dünyada ən mötəbər yarışlarda ləyaqətlə təmsil edən, üçrəngli Bayrağımızı yüksəklərə qaldıran yetirmələri barədə bir neçə kitab yazılıb.

Çox sevinirəm ki, həmin kitablarda mənim də Əlizadə Əsədova həsr etdiyim oçerklər, portret yazıları çap olunub. Əlizadə Əsədov həm də yaradıcı ziyalıdır. Bədii, publisist yazıları ilə uzun illərdir ki, müxtəlif mətbuat orqanlarında müntəzəm çıxış edir və onun yazdığı bədii, publisit yazılar da oxucular tərəfindən həmişə maraqla qarşılanır. Uzun illərdir ki, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan, yüzlərlə məqalənin müəllifi Əlizadə Əsədov Azərbaycan jurnalistikasının inkişafında xidmətlərinə görə bir çox media mükafatlarına və diplomlarına da layiq görülüb. O, doğulduğu Cənub bölgəsini və yaşadığı Liman şəhərini dünyanın ən gözəl yeri bilir və həmişə də Liman kmi gözəl bir yerdə yaşaması ilə fəxarət duyur.

Eramızın 23-79-cu illərində yaşamış böyük filosof Pliniy belə deyib: “İnsanın təbiəti yeniliyə hərisdir. Ona görə də həmişə yeniliyə can atır”. Elə bil böyük filosof bu kəlamı elə Əlizadə Əsədov haqqında deyib. Çünki o da həmişə yeniliyə can atır və bütün bu sahələrdə də uğur əldə edir.

Əlizadə Əsədov artıq “Vətən - sevgi ünvanım” adlı şeirlər və hekayələrdən ibarət kitabını çapa hazırlayıb. Həmişə yeniliyə can atan Əlizadə Əsədovun inanıram ki, bu kitab da oxucuların xoşuna gələcək. Həmin kitabdan “Qarabağ Azərbaycandır” silsiləsindən bir neçə şeiri oxuculara təqdim edirik.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

ƏLİZADƏ ƏSƏDOV

Sənə borcluyam, Vətən

Bol-bol çörəyim üçün,
Sevgi –diləyim üçün,
Çarpan ürəyim üçün,
Sənə borcluyam, Vətən.

Gözlərimə nur verdin,
Qəlbimə qürur verdin.
Ömrümə ömür verdin,
Sənə borcluyam, Vətən.

Dağında dəyanət var,
Bağında təravət var.
Qoynunda səadət var,
Sənə borcluyam, Vətən.

Mənə qucaq açmısan,
Balan kimi qucmusan.
Yoluma nur saçmısan,
Sənə borcluyam, Vətən.

Düşdüm balıq izinə,
Baş vurdum dənizinə.
Heyranam çöl-düzünə,
Sənə borcluyam, Vətən.

Qoy baş qoyum dizinə,
Qulaq asım sözünə.
Nankor bilmə özünə,
Sənə borcluyam, Vətən.

Əsgərəm, can verərək,
Səni yaşadam gərək.
Qəbul et övladın tək,
Sənə borcluyam, Vətən.

Qaytardıq torpağını,
Cənnət Qarabağını.
Ucaltdıq Bayrağını,
Sənə borcluyam, Vətən.

Dil açdım sözlərinlə,
Baxıram gözlərinlə,
Alışdım közlərinlə,
Sənə borcluyam, Vətən.

Çox oynadın nazımla,
Güldüm, bahar-yazınla.
Qanadlandım sazınla,
Sənə borcluyam, Vətən.

Dost oldum dostun ilə,
Düşmənəm düşməninlə.
Öyündüm zəfərinlə,
Sənə borcluyam, Vətən.

Sənə bağlı hər anım,
Suyun, havan – dərmanım.
Sənsən sevgi ünvanım,
Sənə borcluyam, Vətən.

Sənsiz bir an gülmərəm,
Qürbətdə can vermərəm.
Borcdan çıxa bilmərəm,
Sənə borcluyam, Vətən.

Azdım çən-dumanında,
Uyudum ormanında.
Sevgin axır qanımda,
Sənə borcluyam, Vətən.

Yaş üstdə gəlib yaşım,
Korsalıbdı yaddaşım.
Artır qorxu-təlaşım,
Sənə borcluyam, Vətən.

İndi qalib ordun var,
Qəlbdə sevgi odun var.
Yenin Həzi, Mehdin var,
Sənə borcluyam, Vətən.

Əlizadəyəm, gərək,
Övlad tək olum örnək.
Eşqüinlə vurur ürək,
Sənə borcluyam, Vətən.

Liman şəhəri
2020-ci il

Qarabağdadır

Neçə qəhrəmanın, neçə igidin,
Bükülməyən dizi Qarabağdadır.
Bu torpaqda cənnət – məkan yaradan,
Pənah xanın izi Qarabağdadır.

İndi azaddırsa daşı, torpağı,
Getmir ürəklərdən kədər-qəm dağı.
Sahibsiz it kimi qovulub yağı,
Fəqət hələ gözü Qarabağdadır.

Zaman-zaman şimşək çaxıb başında,
Neçə həyat sönüb haqq savaşında.
Qalıbdı tarixin qan yaddaşında,
Qanlı Cıdır düzü Qarabağdadır.

Xan qızı bu yurdun anası olub,
Elinin dərdinə yanaşı olub.
Sənətin qəm-kədər sonası olub,
Dərd püskürən sözü Qarabağdadır.

Üzeyir, Vaqif də ilhama gəlib,
Xan, Seyid, Bülbülün səsi yüksəlib.
Xarı bülbülün də qəddi dikəlib,
Ətir saçan üzü Qarabağdadır.

Neçə-neçə şəhid ona qurbandır,
Hər qarış torpağı qırmızı qandır.
Artıq Qarabağ da Azərbaycandır,
Azərbaycan özü Qarabağdadır.

Liman şəhəri
dekabr 2020-ci il

Şəhidlər

Torpaq uğrunda ölən varsa – Vətəndir
Cemal Kuntay
Vətən onlar üçün candan əzizdi,
Sevgisi qəlbində coşqun dənizdi.
Hər qarış torpaqda göyərən izdi,
Ömrünü ömrünə qatdı şəhidlər.

Daşısa qəlbində min şəhid dağı,
İşğaldan azaddır Vətən torpağı.
Vətənin yolunda hər qorxaqlığı
Bir yolluq çiynindən atdı şəhidlər.

Qorxmadı ölümdən ölümə getdi,
Allah dərgahında məqamə yetdi.
Cənnəti – rizvanı ziyarət etdi,
Ən uca məqama çatdı şəhidlər.

Gözünü qırpmadı, düşmən önündə,
Rəşadət göstərdi hər yürüşündə.
Vətənin ən ağır, çətin günündə,
Övlad tək imdada yetdi şəhidlər.

Vaxtında səs verdi elin səsinə,
Daim sadiq qaldı əqidəsinə.
Qalxıb şəhidliyin şiş zirvəsinə,
Qurub günəşi tək batdı şəhidlər.

Liman şəhəri
2021-ci il

Vətən övladı
( Elegiya)

Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində dünyaya göz açan Vüsal Kamran oğlu Kazımov 44 günlük II Vətən müharibəsinə könüllü qatıldı. Ürəyində müqəddəs Vətən sevgisi çağlayan Vüsal Kazımov axıra qədər azğın düşmənə qarşı vuruşaraq şəhidlik zirvəsinə yüksəldi. Onunla bir məktəbdə çalışdığıma görə qürur duyuram. Vüsal Kazımov Lənkəran Gənclər İdman idarəsi nəzdində Uşaq Gənclər İdman məktəbinin direktoru idi. Mən isə orada məşqçi-müəllim kimi fəaliyyət göstərirəm. Onun nurlu çöhrəsi, gözəl siması həmişə gözümün önündədir.

Şəhidlik qisməti deyil hər kimin,
Deməyin çiçək tək solubdu bu gün.
Övladı olsa da Kamran müəllimin,
Vətənin övladı olubdu bu gün.

Qatıldı Vətənin haqq savaşına,
Düşmənin başında ocaq qaladı.
Köçdü əbədilik el yaddaşına,
Vətənin ömrünə ömür caladı.

Ən uca zirvədə tutubdu qərar,
Hər kəsə bu zirvə qismət olmayır.
Hər kəs yaşasa da neçə qış, bahar,
Şəhid tək canında qeyrət olmayır.

Hər bir şəhid ömrü gur yanan çıraq,
Getdi bu dünyadan cavan yaşında.
Ona qucaq açdı sevdiyi torpaq,
Fəqət boğulsa da o göz yaşında.

Şəhidlik qisməti deyil hər kimin,
Deməyin çiçək tək solubdu bu gün.
Övladı olsa da Kamran müəllimin,
Vətənin övladı olubdu bu gün.

Lənkəran şəhəri
2020-ci il

Torpaq

Axıb sinənə göz yaşı,
Tariximin qan yaddaşı.
Səngiməyir hərb savaşı,
Çox olmusan talan torpaq.

Olsaq da beş günlük qonaq,
Bizi gözlər neçə sınaq.
Ana kimi açdın qucaq,
Bizə həyat olan torpaq.

Nankor çıxdıq çörəyinə,
Çox toxunduq ürəyinə.
Bir borc kimi verdiyinə
Ömrümüzü alan torpaq.

Bəzən girir dondan –dona,
Kimsə məhəl qoymur buna.
Alır bizi öz qoynuna,
Bizdən sonra qalan torpaq.

Lənkəran şəhəri
2019-cu il

Gözün aydın, Qarabağ

Gözün aydın, Qarabağ,
Ağarıb qara bəxtin.
İtib döyüş gücüylə,
Otuzillik həsrətin.

İllərlə ayrı düşdün,
Bu Vətən torpağından.
Qurtulmusan sən bu gün,
Canavar caynağından.

Nəyin vardı talanıb,
Daş üstdə daş qalmayıb.
Elə bil ki, əzəldən,
Burda həyat olmayıb.

Xankənddə Xanın ruhu,
Şad olmayıb heç belə.
Qayıdıb Qarabağı,
Qovuşub doğma elə.

Gözü yolda Xan qızı,
Güllərdən çələng tutub.
Dilində bayatısı,
Əlində səhəng tutub.

Qəfəsdənmi qurtulub
Üzeyirin bəstəsi.
Yayılır pərdə-pərdə,
Qarabağ şikəstəsi.

Nəhəng bir qartal kimi
Kəlbəcər uçmaq istər.
Sevincini bölməkçün,
Şuşanı qucmaq istər.

Xocalının halı yox,
Solub tər çiçəkləri.
Harayı sanki bir ox –
Dəlir daş ürəkləri.

Gələn xoş müjdələrdən,
Açılmır eyni hələ.
Canına güllələrdən,
Düşür qorxu, vəlvələ.

Keçilməz zirvələri,
Ordumuz aşır bu gün.
Qələbə sevinciylə,
Yurdumuz daşır bu gün.

Liman şəhəri
10. X. 2020-ci il

Liman şəhəri

Haraya üz tutsam, getsəm hayana,
Yenə tələsirəm ana qoynuna.
Oğlun tək sarılım sənin boynuna,
Cənnət qucağımsan Limanım mənim,
Doğma ocağımsan Limanım mənim.

Bir yaşıl ağacam, gövdəsi səndə,
Bir sısqa bulağam, çeşməsi səndə.
Ərköyün övladam, sevgisi səndə,
Nurlu çırağımsan Limanım mənim,
Doğma ocağımsan Limanım mənim

Atasız böyüdüm, həyanım oldun,
Yaxın sirdaş kimi duyanım oldun.
Dar gündə ümidim, gümanım oldun,
Arxam, dayağımsan Limanım mənim,
Doğma ocağımsan Limanım mənim.

Bəxtimin ulduzu burda parlayıb,
Nəvələr ömrümə ömür calayıb.
Hər övlad özünə ocaq qalayıb,
Bəhrəli bağımsan Limanım mənim,
Doğma ocağımsan Limanım mənim.

Liman şəhəri
2019- cu il

Bütün xəbərlər Facebook səhifəmizdə