75 yaşlı sənətkarın qısa ömür yolu - (esse)

Əzizimiz, nəslin ağsaqqalı, dostların tacı Qurbanəli qardaşımız.

Qurbanəli Mazan oğlu Əliyev. Atan, rəhmətlik Mazan Əliyev Böyük Vətən Müharibəsinin odlarından-alovlarından keçib, qəhrəman kimi, sinəsi çoxlu orden-medallarla Vətənə qayıdıb, Odlar yurdunun böyük quruculuğuda, əfsanəvi Heft Daşlarının tikintisində, istismara verilməsində yaxından iştirak etmişdi. Uzun illər orada mühəndis işləmişdi. Həmin xidmətlərinə görə də bir neçə orden, medal, fəxri fərmanlar və pul mükafatları almışdı. Xalqına, millətinə layiq on bir övlad böyütmüşdü. Qurban da, ailənin böyük övladı kimi həmişə atasının yanında olub, qardaş və bacılarınının həyatda özlərinə layiqli yer tapması üçün əlindən gələni eləyib. Elə Qurban da atasının yolunu davam etdirərək, ilk əmək fəaliyyətinə elektrik kimi 1961-ci ildə əfsanəvi Neft Daşlarında başlayıb. Dəfələrlə Xəzərin dəhşətli tufanlarını, fırtınalarını görüb. Bu tufanlar, fırtınalar da onun xarakterini möhkəmləndirib. Onu sözündə, əməlində, gördüyün işlərdə bütöv, zəhmətkeş insan edib.

Artıq Qurban Mazanoğu, ömrünün 75 ilini arxada qoydu. Bütün bu illərdə bir neçə kitaba sığmayan çox keşməkeşli bir ömür yaşayıb dostumuz Qurban. Həyatının lap gənclik illərindən incəsənətin ayrı-ayrı növləri ömrünün , taleyinin qırmızı xətti kimi əsas işi, qayəsi olub. Rəqqas kimi Azərbaycan Dövlət Mahnı və Rəqs ansambılının solisti olub. Rəqsin sirlərin məşhur balaetmeyst, Xalq artisti Əlibaba Abdullayevdən böyrənib. Gözəl nağara və qarmon çalıb. Peşəkar operator kimi Sumqayıt Dövlət Musiqili-Dram Teatrının və başqa teatrların tamaşalarını, konsert proqramlarını, birinci Qarabağ savaşında cəbhə bölgələrindəki qanlı döyüşləri çoxlu video lentlərə peşəkar səviyyədə çəkib. Qarmonda ifa etdiyi müsiqi nömrələrilə toyları bəzəyib. Çoxlu toylarda bəylə-gəlinə xeyir-dua verib. Tanınmış müsiqiçilərlə, müğənnilərlə lap cavanlıq illərindən başlayan dostluğu bu günə kimi də davam eləyir Qurban Mazanoğlunun. Çünki o, dostluğa çox sadiq insansandır. Dostluqda heç kimdən heç bir təmənna güdməyib. O, dostluqla bağlı atalarımızın bu misallarını tez-tez deyir: “Dostsuz insan qanadsız quşdur”. “Dostun qədrini əsl dost bilər”.

Qurban həm də ailəcanlıdır. Məhz ailəcanlı, qohumcanlı, dostcamlı olduğuna görə hamı onu çox sevir. Nəslin ağsaqqalı kimi qəbul eləyir.

Məhz ona görə də yaxın dostları, qohumları, övladları, nəvələri adından onu 75 illik yubileyi münasibəti ilə təbrik edib, həyatda Qurban Mazanoğluna insan üçün ən əziz nemət olan can sağlığı arzu edirik. Gün o gün olsun ki, sağlam canla, yüksək əhval-ruhiyyə ilə nəvələrinin, nəticələrinin toyunu görsün.

Dostumuz Qurbanın həyatda ən böyük arzusu cənnətməkan Qarabağımızın azad olunmasını görmək idi. Çünki o, bir vaxtlar Qarabağda çoxlu el şənliklərində, qastrollarda konsert proqramlarında yüksək peşəkarlıqla iştirak edib. Operator kimi bir vaxtlar Milli Qəhrəman Əliyar Əliyevlə bağlı onun Qubadlıda video lentə aldığın peşəkar kadrlar bu gün tarixi video lentlər kimi Azərbaycan Radio və Televiziyasının arxivində saxlanılır. Çünki həmin video lentlər Əliyar Əliyevi Azərbaycan xalqına yaxından tanıdıb. Gün o gün olsun ki, Qurban Mazanoğlu yenidən Qarabağa, Şuşaya gedib, konsert proqramlarında iştirak eləsin. Qələbədən sonra yaralı Qarabağımızın tarixi yerlərini yenidən peşəkar operator kimi video lentlərə köçürsün ki, onlar da tarixdə qalsın. Qoy gələcək nəsillərimiz görsün erməni faşistləri, vandalları, şərəfsizləri bizim dədə-baba yurdumuz olan Qarabağı necə viranə günə qoyublar...

Çox sevindirici haldır ki, Qurban Mazanoğlunun sevimli qızı Sevda xanımın da ad günü onun ad günüdən bir gün sonradır . Deməli, Qurban qardaşımızın ikiqat bayramındır. Axı valideyn üçün bundan böyük sevinc ola bilməz. Allah Sevda xanımı da xoşbəxt eləsin. O da artıq ömrünün 49 ilini arxada qoyub, 50 illiyinə, yubileyinə qədəm qoydu.

Qurban Mazanoğlunun yubileyini tanınmış şairə Nəcibə İlkin özünün “Sənətkar Qurban müəllimin 75 illiyinə” həsr etdiyi bu şeiri ilə salamlayır və ona can sağlığı arzu edir.

Kökündən yoğrulub insanlıq elmi,
Kökündən boy atıb igid soyadı.
Açıb qollarını qeyrəti kimi,
Bir Vətən oğlunun kişilik adı.

Musiqi səsinin hər rəngi kimi.
Yetişib sənətin özəlliyində.
Tanrıya yol gedən tale yolunun,
Dayanıb məğrur tək gözəlliyində.

Xeyirxah, müdriklik olub arzusu,
Özünə sahibdir əməli kimi.
Qurbanlıq eyləyib Qurban adını,
Əzəldən sözünün olub hakimi.

Kamillik dövrünün nurlu yolunu,
Keçib kişi kimi, keçib ər kimi.
Atası Mazandan qalmış ölməz izini,
Yaşadıb qürurla, keçib nər kimi.

Dahi Viktor Hüqo deyib ki, “ gülüş- günəşdir. Çünki gülüş insanın üzündən qışı qovur”. Qoy sənin də üzündə həmişə gülüş, sevinc olsun dostumuz Qurban Mazanoğlu. Bu gülüş və sevinc də sənin üzündən qışı, qasırğanı qovsun!

Sənə dost kimi dərin hörməti olan:
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...