"Kəpəz" nəşriyyatı alman professorun kitabını fransız dilində nəşr edib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyanın Rur (Ruhr Bochum) Universitetinin münaqişələr və sülh məsələləri üzrə beynəlxalq hüquq professoru Hans-İoahim Haintsenin (Hans-Joachim Heintze) müəllfi olduğu “Legal Opinion on the 1993 Resolutions of the UN Security Council” adlı kitab Fransada fəaliyyət göstərən "Kəpəz" nəşriyyatında çapdan çıxıb. SİA-nın xəbərinə görə, tanınmış professorun BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrin, beynəlxalq təşkilatların Azərbaycan və Ermənistanla əlaqədar qəbul etdiyi hüquqi sənədlərin şərhindən ibarət kitabı indiyədək Almaniyada və bir sıra ingilisdilli ölkələrdə işıq üzü görüb.

"Kəpəz" nəşriyyatının fransız dilində çap etdiyi kitab fransız hüquqşünaslarının da diqqətini cəlb edib. Artıq "Littérosa" elektron dərgisində vəkil Jan Emmanuel Medinanın (Jean-Emmanuel Medina) bu nəşr haqqında məqaləsi də yayımlanıb.

Qeyd edək ki, "Kəpəz" nəşriyyatı Fransada və fransızdilli ölkələrdə Azərbaycan ədəbiyyatının və həqiqətlərinin təbliği istiqamətində fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə