“Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”

Ümummilli Lider Heydər Əliyev

Çox gözəl demişdir, O, bu kəlamı,

Mənə xatırlatdı əziz anamı…

Öldürdü palçıqlı yollar anamı,

Öz doğma kəndinə gedib-gələndə!

Tozanaq yollara yağış yağanda,

Palçıq qaynayanda, lehmə qalxanda.

Anamın təzyiqi çarxa çıxanda,

Gördüm o yollarda kədərlənən də!

Min rəhmət diləyək, Ulu Öndərə,

Döndərdi yolları hamar məxmərə.

Anam hər çıxanda indi səfərə,

Gördüm sevinən də, gördüm gülən də!

Doğrudan, yol ömür, həyat deməkdi,

Güc-qüvvət, əl-ayaq, qanad deməkdi.

İşləyən, yatmayan saat deməkdi,

O bütün gecə də, o bütün gün də!

Tərtəmiz, şüşə tək görəndə yolu,

Sevincdən ürəklər olur dopdolu.

İndi hər gedəndə-gələndə yolu,

Anam Əliyevə can deyir min də!...

İSMAYILLI

Anam doğma İsmayıllı, xoş gördük,

Geniş qoynu allı-güllü, xoş gördük.

Bağçaları şən bülbüllü, xoş gördük,

Söylə görüm indi nəyin çatmayır?!

Bağça-bağın, Heydər parkın göz oxşar,

Uca boylu Xan çinarın iz oxşar.

Belə gözəl, xoş növrağın üz oxşar,

Söylə görüm indi nəyin çatmayır?!

Baş meydanda Ulu Öndər dayanıb,

Nur baxışlı, böyük Heydər dayanıb.

Elə bil ki, bir ərən, ər dayanıb,

Söylə görüm indi nəyin çatmayır?!

Fəvvarələr fışqıraraq çağlayır,

Bizi yurda, oba, elə bağlayır.

Bu büsatı düşmən görüb ağlayır,

Söylə görüm indi nəyin çatmayır?!

Dəyişibdir tamam hüsnün, görkəmin,

Sabahından mən əminəm, mən əmin.

Hörmətin var, ülfətin var birə-min,

Söylə görüm indi nəyin çatmayır?!

İlham verdi sənə bu xoş günləri,

Günlər içində ulu, baş günləri.

Pozulmayan, bu mərmər, daş günləri,

Söylə görüm indi nəyin çatmayır?!

Bizim başçımız

Prezident İlham Əliyevə həsr olunub

Əqidə sahibi, məslək sahibi,

Ürək sahibidir bizim başçımız.

Firavan görməyə Azərbaycanı,

Dilək sahibidir bizim başçımız!

Ot kökü üstündə bitər həmişə,

Heydər məktəbinin yetirməsidir.

O da qiymət verir əmələ, işə,

Siyasət əbədi bünövrəsidir!

Daim əməliylə fəxr elədiyim,

Böyük insanlardan biridir O da!

Düz sözə, düz işə şərəf bildiyim,

Xalqa yananlardan biridir O da!

Heydər Əliyevdən aldı dərsini,

Verməz bu dünyada haqqı nahaqqa!

Bu yerdə yaşadır Onun izini,

Yaxşını heç zaman verməz ayağa!

Saxta ürəklərə, yaltaq üzlərə,

Çırpır hər sözünü bir şillə kimi,

Deyir öz payını götürsün hərə,

Düzliyə köklənsin hər qəlbin simi!

Ana torpağımız Azərbaycanın

Günbəgün dəyişir abı-havası.

Olub damarlarda dövr edən qanın

Təmizlik mayası, düzlük mayası!

Çıraqban görməyə Azərbaycanı,

Dilək sahibidir bizim başçımız.

Əqidə sahibi, məslək sahibi,

Ürək sahibidir bizim başçımız!

Batabat ünvanlı ulu Naxçıvan

Cahanın nəqşidir, ərzin cövhəri,

Torpağın zəridir, göyün gövhəri.

Gecənin ulduzu, ayı, ülkəri,

Gündüzün çiçəyi, gülü Naxçıvan.

Çəməni xalıdı, yamacı naxış,

Hüsnündən doymayır hər odlu baxış.

Qayası mütəkkə, zirvəsi balış,

Qoynunda dirilir ölü, Naxçıvan!

Açır ürəkləri baharı, yazı,

Məlhəmdi kəkotu, nanə, yarpızı.

Bu gün bəxtiyardı oğulu, qızı,

Bəxtiyar yaşadır eli Naxçıvan!

Gül açır istəyi, arzu, muradı,

Əlincə, Möminə qolu, qanadı.

Əcəmi şöhrəti, Bəhruzdur adı,

Qoynunda saxlayır ləli Naxçıvan!

Göyündə parlayan bir ülkər doğdu,

Parlayıb yayılan zülməti boğdu.

Əyilməz qaladı, əyilməz dağdı,

Batabat ünvanlı ulu Naxçıvan!

Dünyaya bəxş etdin bir ər oğlu, ər,

O bizə rəhbərdi, sən ona öndər

Haqqın var deyəsən balamdır Heydər

Qoymaz daşsın düşmən seli Naxçıvan!

Mövlud Teymur

Bütün xəbərlər Facebook səhifəmizdə