Gecələr qapım döyülür,

oyanıram o səsə.

Düşünürəm kimdi görən?..

Kimsədə alacağım yox,

borcum da yox heç kəsə.

Belə vaxtsız qapı döyməz

heç ən dəcəl uşaq da.

Bəlkə qərib bir yolçudu,

gəlib çox-çox uzaqdan…

Yoxsa, oğru..? Yox, əşi,

ona lazım pul-para.

(Mənim evim, pul hara..?)

Yəqin, Əzraildi bu,

gəlib məni apara.

9.12.2020

BİR DÖNGƏNİN TİNİNDƏ

Gördüm səni Allahın

bir mübarək günündə,

basırıq bir şəhərdə,

bir döngənin tinində.

Bilmirəm necə oldu

səninlə bu tanışlıq.

Bircə anın içində

biz qaynayıb-qarışdıq.

Dünya bina olandan,

sanki, bir qəlb, bir candıq.

Bir sevdanın oduna

tutuşduq, qoşa yandıq...

Yoxsan... gözüm yollarda..

Bir bilsən, nə gündəyəm?!..

Sən hardasan bilmirəm,

mən hələ o tindəyəm.

19.12.2020

SOYUQLUQ

Soyuqdu, yaman soyuq...

Ətrafıma baxıram,

daş soyuq, divar soyuq.

Gördüyüm nə var soyuq.

Yel vurur, pəncərəmin

pərdələri yellənir.

Ev-eşiyim soyuyub,

ocaq çoxdan küllənib...

Gözümə yuxu getmir,

nə zamandan oyağam.

Bu soyuğun əlindən

çıxmır ki, çıxmır yaxam.

Ruha çöküb soyuqluq,

dövr edir qanımızda.

Soyuq-soyuq adamlar

keçirlər yanımızdan.

Bu külək nə küləkdi,

qoymur adam göz aça.

Qorxuram soyuq dəyə

həyətin o başında

tirim-tirim titrəyən

o kövrək, tək ağaca.

Allahım, mənə güc ver,

gedim onu yoxlayım.

Birdə, birdəki mənə

bir çimdik yuxu göndər

bircə hovur yuxlayım.

26.12.2020

QOVUŞA BİLMƏRİK

Sən bahar sevdalı çiçək,

Mən soyuğam buzdağıtək,

Biz necə sevək, birləşək,

sən başqasan, mən bir başqa.

Ömrümün bu xəzan fəsli,

qəm ürəyi üzən fəsli.

Sənə necə deyim, axı;

Mən Kərəməm, sən ol Əslim,

qoşa yanaq biz bu eşqə.

Ey sən incələr incəsi,

ətirli bahar qönçəsi,

nolaydı, illər öncəsi

Önümə çıxaydın keşkə!..

21.01.2021

ÇIXDIQ

Neçəsinin «yağı daşdı»,

«Kömək» deyib, ağız açdı.

Bir az yataqda gərnəşdik,

nə mən getdim, nə sən çıxdın.

Hardasa hay-haray düşdü,

Qurd uladı, it hürüşdü.

Almadıq heç eynimizə,

bir şey atıb çiynimizə

nə sən getdin, nə mən çıxdım.

...Eşitdik «Vətən dardadı!».

Bilmədik baş harda qalıb,

bilmədik ayaq hardadı.

Elə həmən-həmən çıxdıq,

geyinib ağ kəfən çıxdıq.

07.02.2021

AĞLAMAQ YOX

Dost dalınca daş sıxanda,

Ümidlərin puç çıxanda,

Gözlərindən yaş çıxanda,

qəhrini boğazda boğ,

ağlamaq yox!

Çəkən əyib tərəzini,

göstərirsə qərəzini,

içində boğma hirsini

barmağını gözünə sox,

ağlamaq yox!

Düşəndə dara, zillətə,

qorxutmasın heç bir hədə.

Güvən içində qeyrətə,

ildırım ol, başında çax,

ağlamaq yox!

Bütün buzlaqlar ərisə,

sel-su üstünə yerisə,

bir addım atma geri sən,

cəsarətlə qabağa çıx,

ağlamaq yox!

Göstərmisən nəsil-nəsil

at oynadan kimdi əsl.

Hay önündə tir-tir əsir.

Haydı-haydı, əhdini kəs,

zirvələrdən zirvəyə qalx.

Şan-şöhrətin dalğalansın

Ucalarda bayraq-bayraq.

05.02.2021

O QADIN

Tut əlindən bərk birinin,

hər qəhrini çək birinin.

Nemətlərdən tək birinin

dadından doya bilmirəm.

Gecə,

gündüz,

hər vaxt, hər an

canımı yaxan, yandıran

dəli eşqin, məhəbbətin

odundan doya bilmirəm.

Sevdim onu canım kimi,

dərdimə dərmanım kimi.

O can alan, canım olan

qadından doya bilmirəm.

Böyükdü suçum, günahım,

bağışla məni, Allahım.

Sevirəm, sevgidi şahım,

Səni çox öyə bilmirəm.

25.12.2020

QALACAQ

Udduğum yox oyunumda,

İlan gəzdirdim qoynumda.

Belə gedərsə, boynumda

gör nə qədər suç qalacaq.

Yer açıb qəbir ağzını

yetəni təpir ağzına.

Bu acgözə elə gəlir,

hamını basıb yeməsə,

uduxacaq, ac qalacaq.

Gələnlər köçüb gedəcək,

mənim də köçüm gedəcək,

bir məzarım, bir də onun baş ucunda

yarpaq-yarpaq əllərini

keçənlərə, köçənlərə yelləyən

tənha bir ağac qalacaq.

15.01.2021

GÜNƏŞ DOĞACAQ

Bu bulud nədi belə,

bürüdü göy üzünü?..

Yerə baxıb,

qəhərdən gözü dolacaq,

bu bulud yağış olacaq.

Göyün neçə qatından

atacaqdır özünü.

Bu yağışda,

xışhaxışda

buludlara sıçrayaraq

qan yerdən.

Amma sonda

qırmızı Günəş doğacaq

bulud qanayan yerdən.

17.1.2021

ÖLÜM ÖTƏSİ

Dünyadan qaçmaq istədim.

Ənginlərə vara-vara,

göydəki qanadlılara

qoşulub uçmaq istədim...

...Qanad çalıb,

göy üzünə

izlərimi yaza-yaza,

yetişmişdim əlçatmaza,

baxırdım Allaha sarı...

Nəydi, nəydi, bu, görürdüm?..

Yatmışdım, yuxu görürdüm?

Oyandım sənin səsinə.

Gözlərimə inanmadım,

silib baxdım dönə-dönə.

Bu görünən mələklərmi,

hamısı sənin donunda?!..

Gəlib sənə yetişmişdim

qaçdığım yolun sonunda.

Burda hər yan «sən»lə dolu,

Yer yoxdu bir özgəsinə.

Qismətə bax, səndən qaçdım,

Düşdüm «sən»lər ölkəsinə.

Min şükür böyük Allaha,

qoymadı mən sənsiz qalım...

Görən indi sən necəsən,

mənsiz pis deyil ki, halın?!..

03.12.2020

Şair -publisist Adil Qasımlı

Bütün xəbərlər Facebook səhifəmizdə