ARİF ƏRŞAD

Həyətdən gələn maşın siqnallarının səsini eşidən balaca Mədinə otaqdan çıxıb tez aynabəndə qaçdı. Aynabəndin küncündə olan kətili sürüyüb pəncərənin yaxınlığına çəkdi. Ehtiyatla kətilin üstünə çıxıb, pəncələrinin üzərində dayanaraq həyətə, qırmızı lentlərlə bəzənmiş toy karvanına baxmağa başladı. Sonra otağa sarı çevrilib anasını səslədi:

- Ana, gəl bax ey… gəlin aparırlar.
Cəmilə qızının səsinə səs verərək:
- Allah xoşbəxt eləsin, kimi aparırlar görəsən? - deyib, eyvana çıxdı. Neçə illərdir bu həyətdə yaşadığına baxmayaraq, səhərlər işə, axşam da tələsik evə qayıtdığından demək olar ki, bir-iki qonşunu çıxmaqla o, heç kimi tanımırdı. Balaca qızını arxadan qucaqlayıb, həyətdə əllərində xonçalarla rəqs edən qız-gəlinlərə maraqla tamaşa edən Cəmilə öz-özünə "Allah xoşbəxt eləsin, Allah bəxtini versin!" - dedi və düz 6 il bundan qabaq özünün bu həyətə gəlin köçməyini xatırladı…
Cəmilə tibb texnikumunu bitirib təyinatla təcili yardım stansiyasında tibb bacısı vəzifəsində işləməyə təzəcə başlamışdı. Bir gün stansiyanın baş həkimi həkim briqadası ilə birgə mərkəzi stadionun zalında keçirilən güləş yarışlarında turnir bitənə qədər onun da adını növbətçilik siyahısına salanda Cəmilə etiraz etmək üçün baş həkimin yanına getmək istəyirdi ki, neçə illərdir burada böyük tibb bacısı işləyən Gülbahar onun ağ xələtinin ətəyindən çəkib saxladı:
- Ay qız, niyə getmirsən? Hamısı cavan oğlanlardır, özü də idmançı, bəlkə elə qismətin orda səni gözləyir...
Yarışlar çox gərgin keçirdi. Demək olar ki, gün ərzində bir neçə idmançı zədə alırdı. Həkimlər onları diqqətlə müayinə etdikdən sonra lazım gəldikdə güləşçilərin zədələrini sarımaq tibb bacısı Cəmilənin üzərinə düşürdü. Final yarışı zamanı qolundan bərk zədələnməsinə baxmayaraq, döşəyin üstünü erməni güləşçisi üzərində qələbə ilə tərk edən Ağasəfi həkimlərin yanına gətirən məşqiçisi gülümsəyərək:
- Bu qəhrəman oğlanın qolunu elə müalicə edin ki, gələn yarışa qədər heç bir zədəsi qalmasın, - deyərək, onu həkimlərin yanında olan kətilə otuzdurdu. Həkimlərin müayinəsindən sonra Cəmilə Ağasəfin qoluna ağrıkəsici iynəsi vurub, bintlə möhkəm sarımağa başladı. İşini qurtardıqdan sonra əlini güləşçinin çiyninə ehmalca vuraraq dedi:
- Bir-iki gün məşq eləməyin, keçib gedəcək.
Məşqiçi üzünü Cəmiləyə tutub soruşdu:
- Ciddi bir şey yoxdur ki, qızım?
Cəmilə:
- Narahat olmayın, toyuna kimi sağalacaq, hələ döşəyin üzərinə də çıxacaq, - deyib, gülümsündü və əllərini yumaq üçün onlardan aralandı.
Yarışlar bitəndən bir həftə sonra Cəmilə işdən çıxanda Ağasəf onu əlində gül dəstəsi ilə qarşıladı. 3 aydan sonra isə onların toyu oldu. Dövlət tərəfindən iki ay öncədən həyat yoldaşına hədiyyə olunmuş iki otaqlı mənzilə Cəmilə gəlin köçdükdən 6 ay sonra isə Ağasəf böyük idmanı atıb, bizneslə məşğul olmaq adıyla Moskva şəhərinə yola düşdü. İlk vaxtlar evə tez-tez zəng eləyib, ayda iki dəfə pul göndərsə də, bütün bunlar yavaş-yavaş səngiməyə başladı. Getdiyi gündən artıq 5 ay keçəndə isə əlaqəni tamamilə kəsdi, nə zəng elədi, nə də pul göndərdi. Cəmilə isə artıq 6 ay idi ki hamiləydi. Ağasəfin bundan xəbəri yox idi, daha doğrusu, Cəmilə hamilə olduğunu Ağasəf qayıdanda ona surpriz etmək istədiyindən, telefonla da məlumat vermək istəməmişdi. Ağasəf gedən gündən Cəmilənin anasının bir ayağı onlarda idi, bəzən gecələr də orda qalırdı. Atası və qardaşı lazım olan ərzaqla onu təmin edir, təzəcə doğulan Mədinənin sağlam böyüməsi üçün əllərindən gələni əsirgəmirdilər. Ağasəfin valideyinləri isə rayonda yaşadıqlarından uşaq anadan olandan sonra cəmi iki dəfə onları ziyarət etmişdilər. Son iki ildə isə bircə dəfə zəng edib, uşağı soruşmuşdular, vəssalam. Düzünə qalanda öz məvacibləri ilə birtəhər dolanan bu qocalardan Cəmilə heç nə ummurdu, incimirdi. Düşünürdü ki, əgər həyat yoldaşı onunla maraqlanmırsa, onun valideyinlərindən inciməyin yeri yoxdur…
- Ana, gəl düşək həyətə, gəlinə yaxından baxaq, - deyən Mədinə anasına sığındı. Qızının səsi Cəmiləni xəyallarından ayırdı. O, Mədinənin alnından öpərək, "burdan hər şey görünür də", - deyib, qızının saçlarını tumarladı. Qadınlar həzin “Vağzalı” rəqsinin sədaları altında süzərək, ağ paltarlı gəlini maşına mindirdilər. Maşın karvanı siqnal verə-verə həyətdən çıxdıqdan sonra Mədinə anası ilə birgə otağa keçdi. Divanda əyləşərək televizora tamaşa edən Cəmilənin qabağında oturub, onun dizlərini qucaqlayan Mədinənin sualı anasını çaşdırdı.
- Ana, bəs mənim toyum nə vaxt olacaq? Atam gələndə?
Cəmilə qızının bu sözündən diksinsə də, özünü itirmədi:
- Hə, qızım, sən öz toyunda oynayanda atan gələcək. Mən də atanla birgə sənin toyunda rəqs edəcəm.
...Bazar günü yuxudan erkən oyanan Cəmilə qızının yatmasından istifadə edib, evləri yığışdırmağa başladı. Çirkli paltarları maşına atıb, onu işə saldı. Sonra mətbəxdə axşamdan yığılıb qalan bulaşıqlı qabları yumaqla məşğul oldu. Anası da işsiz durmur, nəvəsinə səhər yeməyi hazırlayır, masanın üzərinə yağ-pendir düzürdü. Qaynayan çaydanın səsinə yuxudan oyanıb mətbəxə gələn Mədinə nənəsinin qucağına atıldı. Nənəsi mehribancasına onu qucaqlayıb üzündən öpərək:
- Bu gün baxça yoxdur ki… niyə belə tez durdun, yatardın da, a quzum, - dedi. Mədinə çiyinlərini çəkərək dilləndi:
- Birdən ana toya gedər, yatıb qalaram, məni aparmaz.
Anasının sual dolu nəzərlərinin ona dikildiyini görən Cəmilə qızının sözünə düzəliş verdi:
- Nə toy, a qızım? Toy deyil ey, yubileydir. Ana, bu gün bizim baş həkimin şadlıq sarayında təntənəli şəkildə 60 illik yubileyi keçiriləcək. Məni də dəvət edib, axşam ora gedəcəm.
- Məni də, məni də apar, özün söz vermişdin axı, - deyərək, Mədinə anasına dil tökdü.
-Yaxşı, səni də aparar, ağlama, - deyərək, nənə nəvəsinin başını sığalladı, sonra üzünü qızına tutub, - siz birlikdə gedin, mən də evə baş çəkim, kişiyə bir dəyim. Gəlin deyir ki, kişi bir az nasazdır. Allah öldürsün mənim kimi arvadı, qalmışam iki evin arasında, kişi də qalıb yiyəsiz.
Mədinə nənəsinin üzündən öpüb, onun qucağından yerə düşərək, yataq otağına qaçdı. Bir-neçə dəqiqədən sonra baxçada keçirilən yeni il bayramında geydiyi ağ rəngli “Qar qız” paltarını gətirib anasına göstərdi:
- Ana, bax, mən bu donumu geyinəcəm.
Cəmilə qızının gətirdiyi dona baxıb gülümsündü:
- Onu niyə, gəlinsən?
- Hə, gəlinəm, toyda oynayacam.
Onlar şadlıq sarayının qarşısında taksidən düşüb, içəri daxil oldular. Eyni foyedə yerləşən böyük zalla banket zalının qapısı arasında dayanmış şadlıq sarayının işçisi Cəmilənin əlində tutduğu böyük gül buketindən yubiley mərasiminə gəldiklərini anlayıb, onları banket zalına ötürdü. Lakin banket zalından fərqli olaraq böyük zaldan gələn musiqi səsini eşidən Mədinə anasının əlindən çəkib, onu toy olan zala tərəf dartaraq:
- Ana, gəl ora gedək, toy ordadır, bax orda hamı oynayır, - dedikdə, Cəmilə əsəbi halda qızının əlini özünə sarı çəkdi. Onlar banket zalına girib ətrafa nəzər saldılar, Cəmilə əlindəki gül buketini yubilyara təqdim edərək, onu təbrik etdikdən sonra göstərilən masanın arxasında oturdu. Mədinə də anasının yanındakı stulda əyləşdi. Yubiley mərasimi idarənin həmkarlar təşkilatı sədrinin uzun-uzadı təbrik nitqi ilə başladı. 10 dəqiqə çəkən çıxışdan sonra yubileyə dəvət olunmuş qonaqlar növbə ilə bir-birinin ardınca çıxış etdilər. Qonşu zaldan gələn musiqi səsi banket zalında da aydın eşidilirdi. Yubiley tədbirinin rəsmi hissəsi başa çatmamış Mədinə ehmalca stuldan düşüb qapıya tərəf addımladı. Qızının zaldan çıxdığını hiss eləməyən Cəmilə isə diqqətlə təbrik söyləyən qonaqlara qulaq asır, arabir yanında oturan iş yoldaşı Gülbaharla nə barədəsə söhbətləşirdi.
Mədinə banket zalından çıxıb şıdırğı musiqi səsi gələn toy gedən zala daxil oldu. O, heç kimə məhəl qoymadan ortalıqda oynayan qonaqlara qoşulub rəqs etməyə başladı. Az sonra musiqi bitdi, tamada rəqs edənləri öz yerlərində oturmağa dəvət etdi. Hamı keçib öz yerində əyləşdi, ortalıqda tək qalan Mədinə isə heç kimə fikir vermir, üzünü bəylə gəlinə tutaraq gülümsünürdü. Gəlin ortalıqda dayanan bu balaca qızcığaza əl eləyib, onu yanına çağırdı. Mədinə həvəslə onların yanına gəlib, gəlinin qabağında dayandı. Gəlin əlini Mədinənin yanağına toxunduraraq soruşdu:
- Sən kimin qızısan?
- Anamın.
- Bəs adın nədir?
- Mədinə.
Bəy də bu balaca şirin qızdan nəsə soruşmaq istəyirdi ki, tamada onları rəqsə dəvət etdi. Buna görə də o, qızın başını sadəcə sığallamaqla kifayətləndi. Bəy, gəlinin əlindən tutaraq onu rəqs etmək üçün zalın ortasına çəkdi. Mədinə də onlara qoşularaq rəqs etməyə başladı.
Cəmilə qızı Mədinəni yanında görməyəndə həyəcanla ətrafa göz gəzdirdi. O, qızını nəzərləri ilə digər masalarda axtardısa da, tapa bilmədi. Narahat-narahat ayağa qalxıb, foyeyə çıxdı. Toy şənliyi keçirilən zalın qapıları taybatay açıq olduğundan, ortalıqda oynayan qızını görüb gülümsəyərək, ona tərəf yaxınlaşdı. Qızının əlindən tutaraq, zaldan çıxmaq istəyirdi ki, gözü bəylə gəlinə sataşdı, üzündəki gülüşü bir anın içində donub qaldı.
- Ana, sən də oyna, sən də oyna ki, ata gəlsin.
Cəmilə qızını qucağına alıb, zaldan çıxdı və birbaşa həyətdə dayanan taksilərə tərəf addımladı.
Bəy onların dalınca baxaraq, sakitcə "Cəmilə!" desə də, onun səsini özündən başqa eşidən olmadı...

Bütün xəbərlər Facebook səhifəmizdə