NƏRİMAN HƏSƏNZADƏ
Xalq şairi
EY VƏTƏN!..
Qoca tarix, daha susma, millət qalxıb ayağa,
And içibdi uluların yaşadığı torpağa.
Mən yazıram bu günləri, sinəmdəki varağa,
Daha “qaçqın”, daha “köçkün” olmayacaq, ey Vətən!
Gəl, gəl deyir burda Ağdam, orda Laçın, Kəlbəcər,
Bizim qalib ordumuzu alqışlasın qoy bəşər.
Sevinəndə bir ürəyə bütün dünya yerləşər,
Hər meydanda alovlanır bir od-ocaq, ey Vətən!
Tufanlara sinə gərir neçə igid, nər cavan,
Hərəsi bir el gücüdür, mətin, cəsur, qəhrəman,
Dədə Qorqud ərlərinin sədasıdır bu dastan,
“Bir millətik, iki dövlət”,-deyib bu xalq,ey Vətən!
Yerin qədir-qiymətlidir şəhidlərin məzarı,
Bir qaladır, səninkidir, qoru bu şah hasarı.
Yadellinin, erməninin burda nədir azarı?!
Yaxın qoyma, yaxın gəlsə, yaxın uzaq, ey Vətən!
Kəsə bilməz qabağını nə bir qorxu, nə hədə,
Hünər göstər igid əsgər, yanındayıq-cəbhədə.
Nəsil-nəsil biz and içdik bu müqəddəs Məbədə,
Azərbaycan, ey üşrəngli şanlı bayraq, ey Vətən!
Mənim igid əsgərlərim
Dünya susur.
Allah!
Allah!
Dünya laldı,
Dunya kardı.
Düşmənimiz
Bir yalquzaq
canavardı.
Uladıqca dünya susur.
Qərbin
insan hüquqları
hanı belə?
niyə susur?!
Gəncə yanır,
Bərdə yanır.
Göydəkilər
göydə yanır
yerdəkilər,
yerdə yanır.
Paşinyanın
bombaları,
ulayırdı.
Ya biriydi
Ya ikiydi
Gecə yarı,
ulayırdı.
Erməninin zuy tutanı
havadarı,
ulayırdı.
Bu xarabə
bayquşları,
ulayırdı.
Yer-
qisasa
çağırırdı,
yer üzünü.
Bir görmüşdük,
birdə gördük
ermənin
şər üzünü.
Şaumyan da
istəyirdi,
yüz il qabaq,-
bombalasın
Gəncə, səni !
Cümhuriyyət vətənimsən,
öncə səni.
O uğursuz,
kor yapalaq!
Filankəsin
Silahdaşı,
“Əziz dostu”
Bakıda milləti qıran.
İstəyirdi...
Gec uçmuşdu
təyyarələr,
Moskvadan !
İgidlərim,
oğullarım,
sizinkidir
Bu hisslərim,
duyğularım.
Bu hecalı,
qafiyəli
dualarım!
Şah İsmayil
səngərindən
Tanıdığım
gənc ərlərim !
Zabitlərim,
gizirlərim,
əsgərlərim!
Dağ yanında
bir dağsınız.
Yer tərpənsə,
uçmazsınız,
dayaqsınız.
Top dalında,
tank içində,
Yatmazsınız
oyaqsınız.
Torpaqsınız,
Vətənsiniz,
Bayraqsınız.
Sizi görən
zəlil düşmən
Atəş açır: Səngərimə
Sinəmdəki
mənim
şeir
dəftərimə.
Heydərlərim,
Ramillərim,
Racularım,
Mənim başıucalarım!
comərtlərim !
Təbrizlərim,
Elmanlarım,
Namiklərim.
Hərəniz bir
arxamsınız,
hərəniz bir
şah əsərim.
Noyabr 2020- ci il
HEYDƏR
“Qələbə bizimdi, Nəriman
müəllim. Gələndə Şuşadan sizə
“Xarı bülbül” gətirəcəm!
Heydər Quliyev
/ Səngərdən zəng/
Gələndə, ən əvvəl, bir cansağlığı,
bir də açıq alın, könül paklığı.
Qalib bir əsgərin ilk qonaqlığı
mənim bayramımdı, töhfəmdi, Heydər!
Vətən yarasıdı mənim də yaram,
cəbhədə bu inam, xalqda bu inam!
Sənin hünərinə mən inanıram,
çəkdiyin hər qiyyə nəğməmdi, Heydər!
Gəncə bombalanır, bu dünya susur,
ev yanır, çöl yanır, bu dünya susur,
erməni hey danır, bu dünya susur,
bir cəza gərəkdi, bir tədbir, Heydər!
Uçulub, sökülüb, dağılıb evlər.
Kəndi – kənd olacaq, şəhəri-şəhər!
Tez açıl ey gecə, tez gəl, ey səhər!
qızlar igidləri gözləyir, Heydər!
Payızda – Ağdamda bitən “Ağgül”ü,
Şuşadan – dediyin “Xarı bülbül”ü,
Laçında çiçək var, adı “Küsülü”,
İsa bulağından su gətir, Heydər!
Vətəndən-vətənə bu hərbi yürüş,
Asan görünsə də, asan döyülmüş.
O odun içində zarafat, gülüş,
əsl möcüzədir, ya nədir, Heydər!
Namus davasıdı, bizim davamız,
bəllidi sözümüz, etibarımız.
Gərək azad olsun torpaqlarımız, -
Ali Baş Komandan əmr edir, Heydər!
18. 10. 2020-ci il
GƏNCƏDƏN
11 oktyabr mülki şəxslərə
Qarşı törədilən terror aktı
Zamanı həlak olan gəncəlilərin
əziz xatirəsinə.
Müəllif
Cəllad !
Sənin oğlun-qızın mələr qalsın, mələsin, mələyənlər indi burda kimə desin, nə desin?!
Gərək toplar qıyıya çəksin, güllələr dad eləsin,
alov töksün yağış kimi başınıza, Gəncədən.
Bir canımız cəbhədədi, bir canımız ordadı,
Cümhuriyyət tariximiz, ünvanımız ordadı.
Əsgər gedən igidimiz, cavanımız ordadı,
ər oğlu-ər çıxacaqdı qarşınıza, Gəncədən.
Göy-göl Gəncə göylərinə güzgü tutur nə vaxtdı,
o torpaqda Nizaminin ruhu hələ oyaqdı.
Qızıl Arslan Atabəyin çadırında qonaqdı,
Taleyin bir töhfəsidi Zaman bizə, Gəncədən.
Cavad Xanın qoruduğu, vətəniydi, ey Vətən!
Sisyanovu itlər qovdu sonra qədim Gəncədən .
Sən onda da məğrur çıxdın o məkrli hiylədən,
Qovulanda o kor bayquş, o yarasa, Gəncədən.
Bu dünyanın Putini var, Makronu var, Trampı var,
bizim də var: Heydəroğlu İlhamımız- Xilaskar!
Ərdoğanla, İmran Xanla qardaşdılar, dostdular,
lənət deyir, qisas deyir bu qisasa, Gəncədən.
Soraqlayıb hardan tapım mən Dmitri Qordonu ,
bir “Merzaves!” dediyi var, yenə söysün qoy onu.
Topa salıb erməninin yeddibaşlı oyunu,
Ekranlarda böhtan deyir o da rusa, Gəncədən.
“Sözümüz də imzamız tək düzdü bizim”, susaqmı?
sənin adın gələn yerdə, “Xəbərlər”dən pozaqmı?
Yenə silah göndərirsən, hamısını yazaqmı?
Mən Bakıya dönəmmərəm, susa-susa, Gəncədən!
İrəvanın mərkəzində Nejdenin tunc heykəli
Hökm eləyir orda faşist toxumunu əkəli
dünəni də ləkəlidi bu günü də ləkəli.
İstəyir ki, səni-məni tutub asa Gəncədən.
Məni Gəncə çinarları, moruq kolu tanıyır,
İmamzadə ziyarəti, Kəhriz yolu tanıyır,
o yolların altı-üstü, sağı-solu tanıyır,
gələcəyəm,
mən “Qələbə!” yaza-yaza Gəncədən.
12-13 oktyabr, 2020- ci il
Bütün xəbərlər Facebook səhifəmizdə