TAHİR ƏLƏKBƏRLİ

Komandan İlham gəlir

Bu Kəlbəcər, bu Laçın,
Yolları geniş açın,
Yoluna işıq saçın,
Komandan İlham gəlir.

Çox dedik ayıl, oyan
Əməlindən bir utan.
Rəzil oldun, Paşinyan
Komandan İlham gəlir.

Yallı gedirdin necə,
Oxşayırsan bir gicə.
Arzun qaranlıq-gecə
Komandan İlham gəlir.

İpə-sapa yatmadı,
Dediklərim çatmadı,
Ağlına heç batmadı,
Komandan İlham gəlir.

Gündə girib bir dona,
Qalıbsan yana-yana,
Axırın çatıb sona,
Komandan İlham gəlir.

Bir-bir boşalt kəndləri,
Kəndləri, şəhərləri,
Ordum gedir irəli,
Komandan İlham gəlir.

17.10.2020-ci il

Ömrümüzə bir bəzəkdir, bu torpaq

Müqəddəsdir vətənimin torpağı
İstəməm əksilsin bircə yarpağı
İstərəm xoş olsun, vətən növrağı
Ömrümüzə bir bəzəkdir, bu torpaq.

Hər qarışı bizə doğma, əzizdir
Yetirdiyi nemətlər ilə əzizdir
Suyu safdır, birincidir, təmizdir
Ömrümüzə bir bəzəkdir, bu torpaq.

Yer altında, yer üstündə qızıl var
Vətən darda, ürəyimi sızıldar
Bu torpağı mən istədim bəxtiyar
Ömrümüzə bir bəzəkdir, bu torpaq.

Bu torpaqlar bizə qalib babadan
Arxa olsun bu torpağa, Yaradan
Hamılıqla biz hayqıraq ucadan
Ömrümüzə bir bəzəkdir, bu torpaq.

22.09.2020-ci il

Çünki Vətən müqəddəsdir, əzizdir

Yer üzündə gəzsən bütün qitəni,
Göz oxşasa yeri, göyü, çəməni,
Cani-dildən sevəcəyik Vətəni,
Çünki Vətən müqəddəsdir, əzizdir.

Vətənimin göz oxşayan çölü var,
Dənizi var, meşəsi var, gölü var,
Bu Vətəndə biz olarıq bəxtiyar,
Çünki Vətən müqəddəsdir, əzizdir.

Hər qarışı göz oxşayır Vətənin,
Cənnətidir bu ölkəmiz qitənin,
Göz dağıdır Azərbaycan düşmənin,
Çünki Vətən müqəddəsdir, əzizdir.

Bu ölkəyə oğulları dayaqdır,
Gecə-gündüz səngərdədir, oyaqdır,
Düşmənimiz qısa vaxta qonaqdır,
Çünki Vətən müqəddəsdir, əzizdir.

Millətimdir yer üzünün incisi
İnsanlarıin canların incisi
Azərbaycan bu dünyanın incisi
Çünki Vətən müqəddəsdir, əzizdir

22.09.2020-ci il

Belə sevdim, mən Vətəni

Vətən mənim ürəyimdə
Belə sevdim, mən Vətəni
Əməlimdə, diləyimdə
Belə sevdim, mən Vətəni.

Göy Gölü var, Xəzəri var
Xəbislərin nəzəri var
Vətənimin qədəri var
Belə sevdim, mən Vətəni.

Göz oxşayan guşəsi çox
Dənizi bir, meşəsi çox
Bu dünyanın işvəsi çox
Belə sevdim, məm Vətəni.

Vətən bizim ürəyimiz
O, suyumuz, çörəyimiz
Ölsək belə, gərəyimiz
Belə sevdim, mən Vətəni.

Sevgisi var ürəyimdə
Dadı, duzu çörəyimdə
Ömür boyu gərəyimdə
Belə sevdim, mən Vətəni.

Bu dünyanın düzəni var
Sevəni var, bezəni var
Haqq, ədalət gəzəni var
Belə vevdim, mən Vətəni.

Var öləni, vari təni
Var sökəni, var tikəni
Sevməmək olmaz Vətəni
Belə sevdim, mən Vətəni.

Vətən mənim canımdadır
Damarımda, qanımdadır
Ürəyimdə, ruhumdadır
Belə sevdim, mənvətəni.

24.09.2020-ci il

Gözün aydın, ey Vətən.

Ortadadır həqiqət
Yurdum azad nəhayət
Sevinəcək bu millət
Gözün aydın, ey Vətən.

Bu işə giriş, tələs
Açılacaqdır qəfəs
Şuşa alacaq nəfəs
Gözün aydın, ey Vətən.

Bu torpaqdan güc aldıq
Düşməni dərdə saldıq
Belə qələbə çaldıq
Gözün aydın, ey Vətən.

Bir olubdur bu millət
Çox çəkdik biz əziyyət
Sonda tapdıq qətiyyət
Gözün aydın, ey Vətən.

Bu gün millət sevinir
Ordusuyla öyünür
Ürəklər bir döyünür
Gözün aydın, ey Vətən.

Millətim şən, əzimdir
Torpağımda izimdir
İndi zəfər bizimdir
Gözün aydın, ey Vətən.

Dünya heyran orduma
Mən vurğunam yurduma
Ehtiyac yox yardıma
Gözün aydın, ey Vətən.

03.11.2020-ci il

Vətən torpağını geri almağa

Müzəffər ordumuz gedir irəli
Vətən torpağını geri almağa.
Qorxmaz, cəsur o döyüşə girəli
Vətən torpağını geri almağa.

Uzaq deyil, qələbəni çalacaq
Ermənidən qisasını alacaq
Yağıları bir it kimi qovacaq
Vətən torpağını geri almağa.

Komandandır ilham verən orduma
Kəm baxmasın yağı düşmən yurduma
Dünya susdu mənim haqlı sorğuma
Vətən torpağını geri almağa.

Pərən-pərən salmışıq biz düşməni
Bunu bizdən gözləmirdi erməni
Ermənidir millətimin düşməni
Vətən torpağını geri almağa.

Başı qaçıb bu millətin deyəsən
İstəyirsən bu torpaqda öləsən?
İndi vaxtdır qüdrətimi görəsən
Vətən torpağını geri almağa.

Düşmənin bağrını biz yaracağıq
Qarabağı ordumla alacağıq
Bayrağımı Şuşada taxacağıq
Vətən torpağını azad etməyə.

29.10. 2020-ci il

Bu torpağın qiymətini bilməli

Bu torpağa çoxdur bizim borcumuz
Bu torpaqdır şərəfimiz, şanımız
Qurban olsun qarışına canımız
Bu torpağın qiymətini bilməli.

Bu torpaqdır babalardan yadigar
Dünyanı gəzsək də biz diyar-diyar
Torpağında insan olar bəxtuyar
Bu torpağın qiymətini bilməli.

Hər qarışında vardır şəhid qanı
Torpaq uğrunda getdi onun canı
Mərd oğlunu axtar, ara, sən tanı
Bu torpağın qiymətini bilməli.

Əkib, becər bu torpağı sevindir
Özgənin yox, bu torpaq bil sənindir
Bu torpaqda nəyim varsa mənimdir
Bu torpağın qiymətini bilməli.

Bu torpaqdır gözümüzün bəbəyi
Azad, xürrəm vətənimin diləyi
Torpaq ilə sızıldayır ürəyi
Bu torpağın qiymətini bilməli.

27.10.2020-ci il

Qoy var olsun məğrur, şanlı ordumuz

Azad olur yağılardan yurdumuz
Qoy var olsun məğrur, şanlı ordumuz
Düşmən gördü necə mərddir oğlumuz
Qoy var olsun məğrur, şanlı ordumuz.

Qarış-qarış torpaqlar alınacaq
Sabahlarım işıqlı doğulacaq
Orada bayrağım ucaldılacaq
Qoy var olsun məğrur, şanlı ordumuz.

Görün necə yağı düşmən əzilir?
Şəhidlərçün anam, bacım üzülür
Çox ağırdır, bu ağrıya dözülür
Qoy var olsun məğrur, şanlı ordumuz.

Yer üzündə münaribə olmasın
Anaların ürəkləri yanmasın
Gül balalar yetim-yesir qalmasın
Qoy var olsun məğrur, şanlı ordumuz.

Vətən səndən qisasını alacaq
Hər sahədə ordum zəfər çalacaq
Ermənini yaman günə salacaq
Qoy var olsun məğrur, şanlı ordumuz.

Dünya sənin iç üzünü anlayıb
Putin səni uşaq kimi danlayıb
Paşinyan da zırramadır qanmayıb
Qoy var olsun məğrur, şanlı ordumuz.

25.10.2020-ci il

Qarabağda Vətən üçün

Yurdu azad edəcəyik
Qarabağa gedəcəyik
Lazım olsa öləcəyik
Qarabağda Vətən üçün.

Geci, tezi alınacaq
Bir gün zəfər çalınacaq
Şəhidlərim anılacaq
Qarabağda Vətən üçün.

Duman, çəndir dağın başı
Bunu görməz düşmən, naşı
Bizə əziz torpaq, daşı
Qarabağda Vətən üçün.

Orda neçə şəhid ölüb
Göz yaşımız selə dönüb
Neçə-neçə ocaq sönüb
Qarabağda Vətən üçün.

Hər bir dərdə dözəcəyik
Düşmənləri əzəcəyik
Əldə bayraq gedəcəyik
Qarabağda Vətən üçün.

İlham qoyub nidasını
Çoxdan alıb qisasını
Şuşa kimi sonasını
Qarabağda Vətən üçün.

25.10.2020-ci il

Kimə lazım bu dünya?

Dərdimi bilmədilər
Halımı görmədilər
Hayıma gəlmədilər
Kimə lazım bu dünya?

Biz idik dözdük belə
İllərdir getdi yelə
İndi gəlmişik dilə
Kimə lazım bu dünya?

Çox axıtdıq göz yaşı
Dünyanı tutub naşı
Oğulsan həzm et, daşı
Kimə lazım bu dünya?

Yalan keçibdir başa
Arzular dəyib daşa
Dünya düşüb çaş-başa
Kimə lazım bu dünya?

Otuz ildi biz dözən
Başı aşagı gəzən
Bəlkə düzələ düzən?
Kimə lazım bu dünya?

Dünyada neçə sifət?
Sanki özü bir afət
Belə getməz bu həyat
Kimə lazım bu dünya?

Paşinyan olub rəzil
Özünə dayday gəzir
Dünya bu gicdən bezir
Kimə lazım bu dünya?

24.10.2020-ci il

Bilmədim bu dünya niyə belədir?

İllər idi səsimiz duyulmadı
Millətim millət kimi sayılmadı
Bütün dünya göz yumdu ayılmadı
Bilmədim bu düny niyə belədir?

Bölünmüş yurdumu bir də böldülər
Mən haqlıykən üstümə çox gəldilər
Qarabağ bizimdir hey dirəndilər
Bilmirəm bu dünya niyə belədir?

Başqasının torpağını almadıq
İnsanlığa biz biganə qalmadıq
Dərdimizi içimizdə saxladıq
Bilmədim bu dünya niyə belədir?

Bu haqsızlıq uzun zaman sürüdü
Sevinənlər sıraya da düzüldü
Başbilənlər, hamı bunu görürdü
Bilmədim bu dünya niyə belədir?

Mərd oğullar torpağa sarıldılar
Savaşaraq torpağları aldılar
Buna görə düşmənlər darıldılar
Bilmədim bu dünya niyə belədir?

Sayılmadı nə qətnamə, nə qərar
Haqq-ədalət indi olur bərqərar
Biz görəni söylə görüm, kim görər?
Bilmədim bu dünya niyə belədir?

23.10.2020-ci il

Ay erməni

Tarixini bir varağla
Hardan gəlib, kim olmusan?
Qohumunu gəl sorağla
Hardan gəlib, kim olmusan?

İllərlədir dilənisran
Hara gəldi sülənirsən
Kimə belə güvənirsən?
Hardan gəlib, kim olmusan?

Girirsən sən dondan-dona
Millətləri yığıb cana
Qalacaqsan yana-yana
Hardan gəlib, kim olmusan?

Şərəfsizin biri sənsən
Ölüsən sən, dirisən sən
Görüm heç vaxt gülməyəsən
Hardan gəlib, kim olmusan?

Bu fikirdən siz daşının
Təmizlənin, bir aşının
Bu torpaqdan tez daşının
Hardan gəlib, kim olmusan?

Sonra peşman olacaqsan
Arxasız, tək qalacaqsan
Boynu bükük düracaqsan
Hardan gəlib, kim olmusan?

26.09.2020-ci il

Sən ömrümə xoş gəldin

İlk nəvəm Nəzrinə ithaf olunur.

Tanrı göndərib səni
Sən ömrümə xoş gəldin.
Tək qoymayasan məni
Sən ömrümə xoş gəldin.

Bu gün dəyişib durum
İndi yaradım, qurum
Məni ayırar ölüm
Sən ömrümə xoş gəldin.

Dəyişdin sən düzəni
Gündüzü, həm gecəni
Yada salma dünəni
Sən ömrümə xoş gəldin.

Yatan ruhum oyanar
Həyat nura boyanar
Sənsiz həyat dayanar
Sən ömrümə xoş gəldin.

Uzatdın sən ömrümü
Oxşayaraq könlümü
Sevindirib ruhumu
Sən ömrümə xoş gəldin

04.11.2020-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə