Vüsal yanğısiyla çırpınır ürək,
Dodaq vətən deyir, dil vətən deyir.
Otuz illik həsrət sona varmada,
Ayaq vətən deyir, əl vətən deyir.

Dəniz dalğalanır, torpaq sivrilir,
Külək qanadlanır, bulud qıvrılır.
İşıq zəfər çalır, zülmət devrilir,
Şimşək vətən deyir, sel vətən deyir.

Söykənib dağ- dağa, kürək- kürəyə,
bağlanıb can- cana, ürək- ürəyə.
And içib xalqımız duza, çörəyə,
Oba vətən deyir, el vətən deyir.

Şairin qələmi, hər yaratdıği,
Əsgərin tüfəngi, hər bir atdıği.
Adaxlı gənclərin əldə tutduğu-
çiçək vətən deyir, gül vətən deyir.

Haqqı qorumaqda utanma Əlyar,
Qoşul bu kərvana, yubanma Əlyar.
İrəli addımla, dayanma Əlyar,
Cığır vətən deyir, yol vətən deyir.

Təbrizli şair, tərcüməçi Əkbər Əlyar Həmidi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...